Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

VƏTƏNPƏRVƏRLİK NƏDİR ?


 Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. 
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. 
Bu hiss insanda anadangəlmə olsa da, digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.Bəziləri hisslərini belə ifadə edir :
- “Ulu öndərimiz Heydər Əliyevin həmişə kəlamı bela olub ki: “Müstəqillik qazanmaq olar, amma onu saxlamaq çox çətindir”. Onu saxlamaq üçün isə bizim gənclərimiz öz səylərini bu yolda əsirgəməməlidirlər”.
-“Vətənpərvərlik insanın canından, qanından gəlməlidir. İstər- istəməz hər kəs bu vətənin övladıdır və hər kəs bu Vətənə borcludur”.
 -“Məncə Azərbaycanın, bu Vətənin suyunu içiriksə, havasını içimizə çəkiriksə, məncə biz də bu Vətənə borcluyuq. Yeri gəlmişkən, mən öz vətənpərvərlik hissimi mahnılarda əks etdirirəm”.
Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.

Vətənpərvərlik tərbiyəsi və fiziki tərbiyə



Ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli mənlik şüurunun inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə tədbirlər respublikamızın bütün bölgələrini əhatə edir. Bölgələrdə fəaliyyət göstərən gənclər və idman idarələri bu işdə daha fəallıq göstərirlər.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi gənclərin çoxluq təşkil etdiyi bu şəhərdə vətənpərvərlik mövzusuna geniş yer ayırır. Şəhərin yeniyetmə və gənclərinin milli ruhda yetişdirilməsi bu idarənin fəaliyyət proqramının əsasını təşkil edir. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlər şəhərdə fəaliyyət göstərən müxtəlif dövlət qurumları, ictimai təşkilatlarla birgə həyata keçilir. "Şahinlər” hərbi-idman və "Cəsurlar” hərbi-idman və turizm oyunları, "Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü məktəbli yeniyetmələr tərəfindən həvəslə qarşılanır. Sumqayıtlı gənclərin N saylı hərbi hissələrlə əməkdaşlığı da ildən-ilə gücləndirilir. Bütün bunlar isə, şübhəsiz ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır.Çünki torpaqlarımızın 20 faizdən çoxu erməni qəsbkarlarının işğalı altındadır. 1 milyondan çox qaçqın və məcburi köçkünlərimiz var. Belə bir vəziyyətdə qarşıda duran əsas vəzifələrimizdən biri gənclərimizi düzgün istiqamətləndirmək və onların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə xüsusi önəm verməkdir.
Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də bu işə xüsusi diqqətlə yanaşılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, digər sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də çoxsaylı dövlət proqramları qəbul olunub və həyata keçirilir. Dövlət proqramlarında hərbi-vətənpərvərlik tərbiyəsi işinə xüsusi yer ayrılıb.

Azərbaycan dövlətinin rəmzləri



Maddə 23. Azərbaycan dövlətinin rəmzləri(Konstitusiya maddəsi)
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

ŞANLI HƏRB TARİXİMİZ

Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda hərbi qəhrəmanlığının qədim və zəngin tarixi vardır. Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan, Cavanşir və Babək, Uzun Həsən və Şah İsmayıl Xətai kimi hərbi sərkərdələr müstəqilliyimiz uğrunda mübarizələrdə xalqa xidmət etmişlər.
Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828-1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman azərbaycanlılar orduda xidmət əvəzinə müxtəlif cür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan və ziyalı zümrəsi içərisindən ayrı-ayrı şəxslər öz övladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmişlər və bu hesabdan göstərilən dövrdə müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır ki, onlar döyüş cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmişlər. Vitse-admiral rütbəsinə qədər yüksəlmiş İbrahim bəy Allahverdi oğlu Aslanbəyov (1822-1900) Peterburqda Hərbi Dəniz Korpusunu bitirmiş, Qara və Baltik dənizlərində hərbi gəmilərdə komandir olmuş, 1878-ci ildə kontr-admiral rütbəsi aldıqdan sonra Rusiyanın 8-ci Hərbi-Dəniz Donanmasının (HDD) rəisi təyin edilmişdir. Admiral İ. Aslanbəyov 1879-1882-ci illərdə rəhbərlik etdiyi gəmi heyəti ilə dövr-aləm səyahətində olmuş, Sakit okeanda iti sürətlə üzən gəmilərin hərbi heyətinə komandanlıq etmiş və 1887-ci ildə vitse-admiral rütbəsinə yüksəlmişdir. Mayor İskəndərbəy Məmmədkərim oğlu Hacınski (1809-1878) 1835-ci ildən rus ordusunda qulluqda olmuş, Krım müharibəsində (1853-56) iştirak etmişdir. O, Rusiyanın 3-cü dərəcəli Anna və 2-ci dərəcəli Stanislav ordenləri, İranın 2-ci dərəcəli “Şir-i Xurşid” ordeni ilə təltif edilmişdir. Rusiya-Yaponiya müharibəsinin gedişində Yaponiya donanması Rusiyanın Uzaq Şərqdə olan Port-Artur qalasını mühasirəyə aldığı dövrdə (mühasirə 5 aydan çox davam etmişdir) bu əməliyyatlarda polkovnik S. Mehmandarov və kapitan Ə.Şıxlinski,



 20 Yanvar 1990-cı il xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misligörünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
 Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.

Avtomatdan atəş zamanı mexanizmlərin işləmə prinsipi



HƏRBİ RÜTBƏLƏR



Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
Azərbaycanda ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 
Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələrin verilməsi bir qayda olaraq, növbəlik qaydasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun olaraq həyata keçirilir
Qoşun növləri və xüsusi qoşun generallarının hərbi rütbələrinə mənsub olduqları qoşunların adları əlavə edilir. Tibb xidməti, ədliyyə zabitlərinin və generallarının hərbi rütbələrinə mənsub olduqları xidmətlərin  adları əlavə edilir.
Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir.

İstiqlal-qürurumuz!


İstiqlal (İST-14,5 Anti-Material Rifle) — Azərbaycan istehsalı olub, əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxemi əsasında hazırlanmış irikalibrli snayper tüfəngi. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir. Bu silahın əsas təyinatı düşmənin texniki və material vasitələrinin orta və uzaq məsafədən vurulmasıdır.

Taktiki-texniki xüsusiyyətləri

Yerli mütəxəssislər tərəfindən hazırlanan "İstiqlal" snayperi MDB və NATO ölkələrində istehsal olunan analoqlarını öz göstəricilərinə görə geridə qoyur.
Çəkisi 20 kiloqram olan bu snayper tüfəng çox ağır olmasına baxmayaraq, dəzgah üzərində tətbiq olunur.
Bu silahın optik nişangahı özəlliyi ilə analoqlarından fərqlənir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan "İstiqlal" -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir. Darağın tutumu 5 patron. 2 min metr məsafədə dəqiq vuruş və beton hasarı dəlib keçmə qabiliyyətinə malikdir. Həmçinin zireh deşən və yandıran patronları da bu tüfəng üçün nəzərdə tutulmuşdur. Kalibri 14.5 mm dir. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqla çantada daşımaq mümkündür.

İstifadə edən ölkələr


Qarabağ müharibəsindən canlı kadrlar



Qarabağımız

Qarabağ münaqişəsi 1988-ci ildə başlamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan 220 000-dən çox azərbaycanlı tarixi torpaqlarından qovuldu. Amma ermənilər bununla kifayətlənmədilər. Onlar Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, artıq bizim ərazimizdə müharibəyə başladılar. Qəddar düşmən dinc əhaliyə qarşı amansız idi. Təkcə Xocalı faciəsini xatırlamaq kifayətdir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Ermənistanın 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ, eləcə də ona bitişik 7 rayonun ərazisi işğal olundu. 1988-1994-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Müharibə nəticəsində 1 milyondan artıq soydaşımız öz torpaqlarından qovulmuş və qaçqın vəziyyətinə düşmüş, Azərbaycan irimiqyaslı humanitar fəlakət təhlükəsi ilə üzləşmişdi. Onların arasında uşaqlar da var idi. İnsanlar uzun illər çadırlarda yaşadı, həyatın bütün ağrı-acısını öz çiyinlərində daşıdı.
1994-cü ildən başlayaraq əvvəlcə ölkə Prezidenti Heydər Əliyev sülh danışıqları aparmışdır. 2003-cü ildən Prezident İlham Əliyev danışıqları davam etdirir. Azərbaycan dövləti müharibə istəmir, uşaqların sülh şəraitində yaşamağını arzulayır. Ancaq hər bir vətəndaş hər zaman öz Vətənini qorumağa, onun uğrunda döyüşməyə hazır olmalıdır. Bunun üçün uşaqlar yaxşı oxumalı və vətənpərvər ruhda tərbiyə olunmalıdır.