Gənclərin ibtidai hərbi
hazırlıq Əsasnaməsinin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Gənclərin ibtidai hərbi hazırlıq” Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə
Bakı şəhəri, 29 may 1998-ci il
№ 119.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR.
1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR.
Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsİ.
I. Ümumİ müddəalar
Gənclərin ibtidai hərbi hazırlığı Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Təhsil haqqında, Azərbaycan Respublikasında “Hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ hüquq aktlarına əsasən həyata keçirilir.[1]
İbtidai hərbi hazırlıq (İHH) gənclərin silahlı qüvvələrdə xidmətə çağırışaqədərki
hazırlığının tərkib hissəsidir. [2]
Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənir.
İHH tabeçiliyindən və mülkiyyətindən asılı olmayaraq bütün ümumi
təhsil, ilk peşə-ixtisas təhsili və orta ixtisas təhsili müəssisələrində* dövlət əhəmiyyətli bir fənn kimi hərbi rəhbər tərəfindən tədris olunur. [3]
Əsgəri xidməti başa vurmuş, həmçinin bir təhsil
müəssisəsində İHH proqramını tam bitirmiş şəxslər, başqa bir təhsil
müəssisəsinə keçdikdə İHH dərslərinə cəlb olunmurlar. Bu şəxslərdən hərbi rəhbər köməkçisi kimi istifadə edilə bilər. [4]
II. Gənclərİn İbtİdaİ hərbİ hazırlığına rəhbərlİk
İHH Azərbaycan Respublikası Təhsil Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən rəhbərlik və nəzarət edilir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən gənclərin İHH və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkilinə rəhbərliyin təmin edilməsi baxımından mərkəzi aparatın strukturuna İHH üzrə mütəxəssislər daxil edilir.
Rayon (şəhər) təhsil şöbələri strukturunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qaydada təsdiq etdiyi təhsil sistemində olan rayon və şəhər (rayon bölgüsü olmayan şəhər) metodkabinetlərinin nümunəvi ştatlarına uyğun olaraq norma üzrə müəyyən olunmuş metodist ştatları dairəsində metodist ştatı ayrıla bilər.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurası (KHVTİC);
[5]
təhsil müəssisələri üçün İHH və hərbi vətənpərvərliyə aid normativ sənədləri, tədris planlarını, proqramlarını, dərslikləri, tövsiyələri hazırlayır, onları texniki, tədris və əyani vasitələrlə təchiz edir; [6]
gənclərin hərbi bilikləri dərindən öyrənmələri və təcrübədə möhkəmləndirmələri məqsədilə hərbi-idman oyunlarının keçirilməsini təşkil edir və keçirir;
gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin forma və metodlarını, bu barədə şagirdlərlə aparılan sinifdənxaric, məktəbdənkənar hərbi vətənpərvərlik və kütləvi müdafiə işlərini təşkil edir və keçirir.
Təhsil Nazirliyi və Müdafiə Nazirliyi İHH fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkili üzrə hərbi rəhbərlərin qabaqcıl təcrübəsini öyrənir və tədris müəssisələri arasında yayır.
KHVTİC Respublika Şurası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birlikdə cəmiyyətin tədris bazalarından səmərəli istifadə edilməklə, ictimai əsaslarla təhsil müəssisələrində texniki və hərbi-tətbiqi idman növləri üzrə, xüsusilə aviamodelizm, radio, hərbi-tətbiqi çoxnövçülük və atıcılıq idman növləri üzrə dərnək və məşğələlər təşkil edir.
Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə şagird və tələbələrin tibbi-sanitar təliminin, təcrübə dərslərinin poliklinikalarda, xəstəxanalarda keçirilməsini və bununla əlaqədar tövsiyələr, proqramlar hazırlanmasını təmin edir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi yeni təyin olunmuş və ya bir ildən az işləyən hərbi rəhbərlərin tədris ili ərzində bir aylıq istiqamətverici toplanışının hərbi hissələrin birində keçirilməsini təşkil edir, təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, metodistlərə, inspektorlara və mütəxəssislərə hərbi rütbələrin verilməsini təmin edir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, “Azərkinovideo” İstehsalat Birliyi ilə birlikdə təhsil müəssisələri üçün İHH aid tədris filmlərinin çəkilməsini və yayılmasını təmin edirlər.
Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, yaradıcılıq ittifaqları hərbi vətənpərvərlik mövzusunda bədii əsərlərin, televiziya filmlərinin yaradılmasını və göstərilməsini, mətbuat səhifələrində bu mövzuda ardıcıl olaraq materialların dərc edilməsini təmin edirlər.
Respublikanın rayon və şəhərlərində İHH rəhbərlik rayon (şəhər) təhsil şöbələrinə və hərbi komissarlıqlara həvalə edilir.
Rayon (şəhər) hərbi komissarlığı təhsil şöbələri ilə birlikdə tədris ili ərzində plan əsasında təhsil müəssisələrində ibtidai hərbi hazırlığın vəziyyətini yoxlayır.
Rayon (şəhər) hərbi komissarlıqları təhsil şöbələri ilə birlikdə İHH fənninin tədrisinin yekun mərhələsində şagirdlərlə 3 günlük çöl-təlim məşğələlərinin hərbi hissələrdə keçirilməsini təşkil edir, atəş təlimini yerinə yetirmək üçün avtomat silahları və boş (gülləsiz) patronlarla onları təchiz edir. İHH üzrə metodistlə, təhsil müəssisələrini isə hərbi rəhbərlərlə təmin edir.
III. Təhsİl müəssİsələrİndə dİrektor və hərbİ rəhbərlərİn vəzİfələrİ
Təhsil müəssisəsinin direktoru İHH fənninin tədrisinin, hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkili və gedişinin düzgün aparılmasına, tədris silahlarının, kiçik çaplı tüfənglərin və onlara aid patronların saxlanmasına məsuliyyət daşıyır.
Direktorun vəzifələri:
tədris prosesini vaxtında planlaşdırır və təşkil edir, İHH proqramının tam keyfiyyətlə yerinə yetirilməsini təmin edir;
İHH dərslərinin səmərəli və keyfiyyətli keçirilməsi üçün yer (hərbi kabinet, sinif otağı, hərbi dərslərin praktiki aparılması üçün meydançalar və s.) ayırır;
İHH dərslərinin mənimsənilməsində gənclərin şəxsi məsuliyyətini artırır, onları İHH maddi-tədris bazasının yaradılması və təkmilləşdirilməsinə cəlb edir;
tədris silahlarının, kiçik çaplı tüfənglərin və onlara aid olan sursatların saxlanılması üçün xüsusi avadanlıqla təchiz edilmiş və mühafizə olunmuş otaqla təmin edir, tədris silahlarının, kiçik çaplı tüfənglərin lazım olduqda təmirini təşkil edir və üç ayda bir dəfə şəxsən onların qeydiyyatının düzgünlüyünü və sazlığını yoxlayır;
hərbi rəhbərə təlim prosesində metodiki kömək göstərir, İHH fənni ilə başqa fənlər arasında əlaqə yaradır, dərnək və maraq kurslarının keçirilməsini təşkil edir;
hərbi rəhbərin dərslərinin gedişinə, gənclərin proqram üzrə aldıqları biliklərin obyektivliyinə nəzarət edir və ildə iki dəfədən az olmayaraq İHH fənninin tədrisini, hərbi vətənpərvərlik tərbiyəsi işlərini və maddi-tədris bazasının vəziyyəti və təkmilləşdirilməsi məsələlərinin pedaqoji şuralarda və direktoryanı müşavirələrdə baxılmasını təşkil edir;
yeni dərs ilinin başlanması və qurtarması, manqa, tağım komandirlərinin təyin edilməsi və kiçik çaplı tüfənglərdən atəşin açılması haqqında əmrlər verir;
üç günlük çöl-təlim məşğələlərinin keçirilməsini təşkil edir;
dərs ilinin sonunda rayon (şəhər) təhsil şöbələrinə və hərbi komissarlığa İHH yekunu haqqında yazılı hesabat verir.
Hərbi rəhbər təhsil müəssisəsinin direktoruna tabedir və gənclərin İHH üçün məsuliyyət daşıyır. Tədris silahlarının saxlanılmasına, qeydiyyatına, verilməsinə və dərslər aparılarkən təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə cavabdehdir.
Hərbi rəhbərin vəzifələri:
İHH dərslərini vaxtında şəxsən təşkil edir, maraq üzrə kurslara və dərnəklərə rəhbərlik edir;
daimi olaraq özünün hərbi və pedaqoji biliklərini artırır;
hərbi kabinetə, silah saxlanılan otağa, atıcılıq tirinə nəzarət edir, İHH maddi-tədris bazasını təkmilləşdirir və yenidən qurur;
tədris silahları və patronların ayda bir dəfədən az olmayaraq qeydiyyat kitabı üzrə olmalarını və sazlığını yoxlayır;
pedaqoji
kollektivlə birlikdə hərbi vətənpərvərlik tərbiyəsi işlərinin gedişini, hərbi vətənpərvərlik hisslərinin qüvvətləndirilməsi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması gününün qeyd edilməsini, milli qəhrəmanlarla, müharibə veteranları ilə görüşləri, kinofilmlərin baxışını təşkil edir, hərbi idman oyunlarının keçirilməsinə rəhbərlik edir və metodiki kömək göstərir, bədən tərbiyəsi müəllimi ilə birlikdə atıcılıqdan, qumbara atmaqdan və mülki müdafiədən normativləri qəbul edir;
İHH və hərbi vətənpərvərlik üzrə rayon (şəhər) yarışlarında və oyunlarında gənclərin iştirakını təşkil və təmin edir;
gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər, tələbələr arasında hərbi ixtisasların əhəmiyyəti haqqında geniş təbliği, eləcə də hərbi ali, mülki ali təhsil müəssisələrində təhsilini davam etdirəcək və “İbtidai hərbi hazırlıq müəllimi” ixtisasına yiyələnmək üçün gələcək hərbi xidmətə hazırlıq ilə əlaqədar iş aparır;
hərbi hissələri, ali hərbi məktəbləri, rayon (şəhər) gənclər və idman idarələri, mülki müdafiə qərargahları, KHVTİC şuraları və başqa ictimai təşkilatlar ilə sıx əlaqə saxlayır, onların köməyindən istifadə edir;
hərbi rəhbərin iş vaxtı, dərs cədvəli, dərsdənkənar tədbirlər planı, onun direktor tərəfindən təsdiq edilmiş şəxsi iş planı ilə müəyyən olunur;
hərbi rəhbərlər təhsil müəssisələrində başqa vəzifəyə və sinif rəhbərliyinə təyin edilmirlər.
IV. Gənclərİn İbtİdaİ hərbİ hazırlığının təşkİlİ və keçİrİlməsİ
Ümumi təhsil və orta ixtisas təhsili
müəssisələrində İHH fənninin tədrisinə 140 saat, ilk-peşə
ixtisas təhsili müəssisələrində2 – 3 il təhsil alanlara 127 saat, 1 – 1,5 il təhsil alanlar üçün 85 saat vaxt ayrılır.[7]
Tam orta ümumtəhsil məktəblərinin,
gimnaziyaların, liseylərin yuxarı siniflərində, ilk peşə-ixtisas və orta
ixtisas təhsili müəssisələrinin sonuncu kurslarında İHH dərsləri oğlanlar və qızlar üçün birlikdə keçirilir. Tibbi-sanitariya dərslərinin 35 saatı qızlarla, qalan 6 saatı oğlanlarla birlikdə keçirilir. [8]
Tibbi-sanitariya
fənnini tədris edən müəllimləri yerli səhiyyə orqanları məktəb rəhbərliyi ilə birlikdə hazırlıqlı tibb işçilərindən, yaxud mülki müdafiə üçün tibb bacıları proqramı üzrə təlim keçmiş müəllimlərdən seçir.
Təhsil müəssisələrinin XI siniflərində və sonuncu kurslarında İHH fənninin yekun mərhələsində oğlanlar çöl məşğələlərini hərbi hissələrdə, qızlar isə poliklinikalarda və ya xəstəxanalarda keçirlər.
İHH fənnindən yekun qiyməti “qeyri-kafi” olan şagird və tələbələrə təhsili başa vurmaq haqqında müvafiq sənəd verilmir.
Dərs ilinin başlanğıcında İHH fənni üzrə həftəlik dərs yükü təhsil müəssisəsinin ümumi dərs cədvəlinə daxil edilir.
Təhsil müəssisələri direktorlarının əmri ilə yaxşı və ya əla oxuyan, intizamlı gənclərdən tağım və manqa komandirləri təyin edilir.
Şagird və tələbələr İHH dərsinə təhsil müəssisələrinin qəbul etdiyi geyim formasında gəlirlər.
Gənclərə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi formasını və fərqlənmə nişanlarını gəzdirməyə icazə verilmir.
Şagird və tələbələrin avtomatdan döyüş patronları ilə atəş açmalarını rayon (şəhər) hərbi komissarlıqları hərbi hissələrin komandirləri və ali hərbi məktəblərin rəisləri ilə yerini və vaxtını razılaşdıraraq təşkil edir.
Hərbi hissələrin komandirləri, ali hərbi məktəblərin rəisləri şagird və tələbələrin avtomatdan döyüş patronları ilə atəş açmalarının təşkili üçün hərbi qulluqçular ayırır və döyüş patronları ilə təmin edirlər.
İHH fənni üzrə qiymətlər başqa fənlər kimi “5” bal sistemi ilə qiymətləndirilir. İllik və yoxlama məhgələlərindən yekun qiyməti çıxarılır və müvafiq təhsil müəssisələrini bitirmək haqqında sənədə yazılır.
Təhsil müəssisələrində dərsdənkənar vaxtlarda hərbi işin öyrənilməsinə xüsusi maraq göstərən şagirdlər (tələbələr) üçün maraq üzrə kurslar təşkil edilir.
Təhsil müəssisələrində şagird və tələbələrin hərbi vətənpərvərlik tərbiyəsi, bu istiqamətdə sinifdənxaric və məktəbdənkənar işlərin təşkili və aparılması xüsusi əhəmiyyət kəsb edir.
Gənclərə Azərbaycan Respublikasının Konstitusiyası, himni, bayrağı, gerbi, vətənin və milli ordunun tarixi öyrədilir, xalqın adət-ənənələrinə hörmət, ölkənin müdafiəsində iştirak etmək və hərbi psixoloji hazırlıqlar aşılanır.
Təhsil müəssisələrində milli qəhrəmanlara, şəhidlərə, müharibə iştirakçılarına aid stendlər, guşələr, muzeylər təşkil olunmalıdır. Təhsil müəssisələri öz məzunlarının qulluq etdiyi hərbi hissələrlə sıx əlaqə saxlamalı, onlarla görüşlər təşkil etməli, gənclər arasında hərbi qulluğa sevgi və rəğbət hissini qüvvətləndirməlidirlər.
Təhsil müəssisələrində İHH dərslərinin tədrisinin başa çatması münasibətilə hərbi idman bayramı keçirilir və yekun haqqında məktəb direktorunun əmri elan edilir. Bayramda sıra təlimi və proqram həcmində praktik elementlər nümayiş etdirilir.
V. Hərbİ rəhbərlərİn hazırlanması və təhsİl müəssİsələrİndə yerləşdİrİlməsİ
Hərbi rəhbərlər rayon (şəhər) hərbi komissarlıqları tərəfindən seçilərək təqdim edilir və təhsil müəssisələri direktorları tərəfindən vəzifəyə təyin və azad edilirlər. Hərbi rəhbər vəzifəsində ali və ya orta
ixtisas hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər işləyə bilər.
Yuxarıda adları çəkilən ixtisaslı mütəxəssislər olmadıqda, istisna olmaqla, kənd rayonlarında hazırlıqlı və təcrübəli tam orta
ümumi təhsilli, orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlərin və çavuşların hərbi rəhbər işləməsinə icazə verilir. Hərbi rəhbərlərin pedaqoji dərs yükü mövcud qaydada nəzərdə tutulduğundan artıq olduğu halda, təhsil müəssisələrinə ehtiyatda (istefada) olan zabitlərin müəllim kimi dəvət olunması mümkündür. Onların məvacibləri saatların sayına görə mövcud stavkalara müvafiq iş stajı nəzərə alınmaqla hesablanır.
Tibbi-sanitariya
müəllimləri rayon (şəhər) təhsil, səhiyyə şöbələri və yerli hərbi komissarlıqlar tərəfindən hazırlıqlı tibb işçiləri və mülki müdafiədə “Tibbi biliklərin əsasları” kursunu bitirmiş müəllimlərdən təyin edilirlər.
İbtidai hərbi hazırlıq müəllimi hazırlayan ali təhsil
müəssisələrinə müddətli xidməti başa vurmuş hərbi mükəlləfiyətlilər qəbul edilməlidirlər. Gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə edə bilməsi və onları hərbi xidmətə düzgün hazırlaması üçün hərbi rəhbərlərin özləri silahlı qüvvələrdə əsgərin həyatını, hüquq və vəzifələrini yaxından bilməlidir. Ali təhsil müəssisələrini ibtidai hərbi hazırlıq ixtisası üzrə bitirənlər Təhsil Nazirliyinin göndərişi ilə həmin il təhsil müəssisələrində hərbi rəhbər vəzifəsinə təyin olmalı və bu vəzifədə ən azı üç il işləməlidirlər.[9]
VI. Təhsİl müəssİsələrİnİn hərbİ rəhbərlərİ və tİbbİ hazırlıq müəllİmlərİnİn İxtİsaslarının artırılması
Azərbaycan Respublikası Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birlikdə tədris prosesinin təşkilini və İHH fənninin keyfiyyətinin yüksəldilməsi, pedaqoji və hərbi biliklərin artırılması, gənclərin təlim-tərbiyəsində tələb olunan professionallığın, metodiki ustalığın və hərbi vətənpərvərlik tərbiyəsi işinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə hərbi rəhbərlərin ixtisasının artırılmasını təmin edirlər.
Hərbi rəhbər fəaliyyətə başlamazdan əvvəl hərbi hissədə bir aylıq istiqamətverici toplanış keçməlidir;
İstiqamətverici toplanış Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram üzrə keçirilir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi istiqamətverici toplanışın səmərəli keçməsi üçün hərbi rəhbərləri silahla, hərbi texnika ilə təmin edir, təcrübəli zabitlər, pedaqogika, psixologiya fənlərini tədris edən müəllimlər dəvət edir.
Toplanışda hərbi rəhbərlər hərbi hissənin kazarmasında yerləşdirilir və yeməklə təmin olunurlar.
Rayon (şəhər) təhsil şöbələrinin İHH üzrə metodistləri və təhsil müəssisələrinin hərbi rəhbərləri 5 ildən bir, bir aylıq təkmilləşdirmə institutlarında ixtisaslarını artırırlar.
Rayon (şəhər) təhsil şöbələri təhsil müəssisələrinin hərbi rəhbərlərinin, metodistlərin bir aylıq istiqamətverici toplanışında, ixtisasartırma kurslarında iştirakını təmin edir və onların ezamiyyə xərclərini mövcud qanunvericiliyə uyğun ödəyir.
Rayon (şəhər) Hərbi komissarlıqları təhsil şöbələri ilə birlikdə Azərbaycan Respublikası Hərbi Komissarlığının Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə təsdiq etdiyi proqram üzrə hər tədris ilinin başlanğıcına qədər hərbi rəhbərlərlə beş günlük tədris-metodiki toplanış keçirir. Toplanışda dərs ilinə yekun vurulur, yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilir, normativ sənədlər, hərbi rəhbərlərin qabaqcıl iş təcrübələri öyrənilir və praktik dərslər keçirilir.
Rayon (şəhər) Hərbi komissarlıqları ilə birlikdə təhsil şöbələri hərbi rəhbərlər üçün hər ayın axırıncı həftəsinin beşinci günü məşğələlər, qış tətili günlərində isə 3 günlük metodiki seminar təşkil edirlər.
Hərbi rəhbərlərə həftədə bir gün onun metodiki hazırlığı (xüsusi tapşırıqların yerinə yetirilməsi, qabaqcıl iş təcrübəsinin öyrənilməsi, tövsiyələrin hazırlanması, maddi-tədris bazasının təkmilləşdirilməsi və s.) üçün verilir.
Rayon (şəhər) təhsil şöbəsi, təhsil müəssisələri, yerli səhiyyə şöbəsi və Hərbi komissarlıqları tibbi hazırlıq keçən müəllim və tibb işçiləri üçün dərs ilinin başlanğıcında və qış tətili günlərində metodiki məşğələlər təşkil edir və keçirir.
VII. Gənclərİn İbtİdaİ hərbİ hazırlığının maddİ-texnİkİ təchİzatı
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İHH fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işinin təşkili və keçirilməsi üçün təhsil müəssisələrini tədris avtomatları, kiçik çaplı tüfənglər və patronları, tədris texnikası, fərdi mühafizə vasitələri, kimyəvi və radiasiya kəşfiyyatı cihazları ilə tabel üzrə təmin edir.
Təhsil müəssisələrinə kiçik çaplı tüfənglər, tədris avtomatları, fərdi vasitələr, radiasiya və kimyəvi cihazlar rayon (şəhər) Hərbi komissarlıqları tərəfindən, kiçik çaplı tüfənglər üçün patronlar isə KHVTİC rayon (şəhər) şurası tərəfindən verilir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, KHVTİC Respublika Şurası yerli icra hakimiyyətləri hesabına təhsil müəssisələrinin hərbi hazırlıq kabinetlərini lazımi vəsait və avadanlıqlarla təchiz edir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, KHVTİC Respublika Şurası atıcılıq tirlərindən, poliqonlardan İHH məşğələlərinin səmərəli keçirilməsi məqsədilə təhsil müəssisələrinin pulsuz istifadə etməsinə icazə verilir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yerli icra hakimiyyətləri hesabına təhsil müəssisələrini tibbi hazırlıq üzrə tələb olunan bütün ləvazimatlarla, sanitar çantaları, xərəkləri və s. ilə təchiz edir.
Yerli icra
hakimiyyətləri şəhər və rayonlarda atıcılıq öyrənən gənclərin təhlükəsizliyinə təminat verən tirlərin tikilməsini təmin edir.
Təhsil müəssisələrində İHH fənninin və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin düzgün və keyfiyyətli tədrisi və təşkili üçün İHH maddi-tədris bazası yaradılır və təkmilləşdirilir.
Maddi-tədris bazasına daxildir:
hərbi kabinet;
tədris silahlarının (avtomat, kiçik çaplı və pnevmatik tüfənglər), patron və hərbi sursatların saxlanması otağı;
atıcılıq tiri (25,50 m . az olmayan);
sıra təlimi meydançası;
nişan almanı praktiki öyrənmək üçün yer;
saatdarın və növbətçinin vəzifələrini praktiki öyrənmək üçün yer;
silahları təmizləmək və yağlamaq üçün yer, dərs avadanlıqlarını və ləvazimatlarını, tibbi-sanitariya avadanlıqlarını və tədrisin texniki vasitələrini saxlamaq üçün yer.
Hərbi kabinetlərdə İHH fənnindən başqa digər fənlərin tədrisinə icazə verilmir.
İHH rəhbərlərinə, hərbi hazırlıq üzrə mütəxəssislərə və metodistlərə hərbi geyimdə (formada) gəzmək hüququ verilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, mütəxəssislərə və metodistlərə 5 ildən bir dəfə dəyərinin 50 faizi həmin şəxslər tərəfindən ödənilməklə hərbi geyim dəsti verilməsini təmin edir.
Göstərilən şəxslərə verilən hərbi geyim forması dəyərinin qalan hissəsi tabeliyində müvafiq təhsil müəssisələri olan nazirlik, baş idarə və yerli icra hakimiyyəti tərəfindən ödənilir.
VIII. Hərbİ rəhbər metodİst və mütəxəssİslərİn əmək haqqının hesablanması
Təhsil müəssisələrində İHH rəhbərlərinin vəzifə maaşları Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
Bütün tipdən olan ümumi
təhsil, ilk peşə-ixtisas və orta ixtisas müəssisələrində hərbi
rəhbərlərin vəzifə maaşlarına həftədə 8 saat (ildə 360 saat) tədris etdiyi İHH dərslərinin haqqı daxil edilir.[10]
Təhsil müəssisəsində İHH dərs saatları həftədə 8 saatdan (ildə 360 saatdan) az olduqda hərbi rəhbər tam vəzifə maaşını alır, həftədə 8 saatdan (ildə 360 saatdan) artıq tədris edilən saatların əmək haqqı əlavə ödənilir.
Hərbi rəhbərlərə proqramın xüsusi təchizatlı hərbi kabinetə verilən tələbləri ödəyən tədris silahlarının saxlanması otağına və atıcılıq tirinə görə qüvvədə olan qanunvericiliyə əsasən başqa fənn kabinetləri kimi məvacib verilir.
Hərbi rəhbərlər başqa fənlərdən də (ixtisaslar üzrə) dərs apara bilərlər.
Təhsil müəssisələrində İHH fənni dərs deməyə dəvət olunan mütəxəssislərin əmək haqları müəllimlər kimi saat hesabı ilə ödənilir.
İHH və hərbi vətənpərvərlik tərbiyəsi işinə metodiki köməklik göstərmək məqsədilə Respublika Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəzin strukturunda mövcud qaydada metodist ştatları nəzərdə tutulur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurmuş, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi sistemində, keçmiş sovet ordusunda qulluq etmiş hərbi rəhbərlərin (mütəxəssislərin, metodistlərin və müəllimlərin) hərbi qulluq stajları pedaqoji iş stajlarına daxil edilir.
* Orta ümumtəhsil məktəblər, gimnazayalar, litseylər, texniki
peşə məktəbləri, peşə litseyləri, orta ixtisas məktəbləri, (texnikum, kollec)
qısa olaraq - “Təhsil müəssisələri” adlandırılacaqdır.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 2 may 2006-cı il tarixli 119
nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)
- 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 mart
2010-cu il tarixli 53 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3,
maddə 264) ilə I bölmədə birinci abzasda «Azərbaycan Respublikasının Təhsil Qanununa» sözləri «Təhsil haqqında» Azərbaycan
Respublikasının Qanununa» sözləri ilə əvəz edilmişdir.
[2] 29 mart
2010-cu il tarixli 53 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3,
maddə 264) ilə I bölmədə ikinci abzasda «çağırış qabağı» sözləri «çağırışaqədərki»
sözü əvəz
edilmişdir.
[3] 29 mart
2010-cu il tarixli 53 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3,
maddə 264) ilə dördüncü abzasda «orta ümumtəhsil məktəblərində, gimnaziyalarda, liseylərdə, texniki peşə
məktəblərində, peşə liseylərində, orta ixtisas məktəblərində (texnikum, kollec)»
sözləri «ümumi təhsil, ilk peşə-ixtisas
təhsili və orta ixtisas təhsili müəssisələrində» sözləri ilə əvəz
edilmişdir və sətiraltı qeyd hissəsi çıxarılmışdır.
[4] 29 mart
2010-cu il tarixli 53 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3,
maddə 264) ilə beşinci abzasın birinci cümləsində «tədris müəssisəsində» sözləri «təhsil müəssisəsində» sözləri ilə, «tədris müəssisəsinə» sözləri «təhsil müəssisəsinə» sözləri ilə əvəz
edilmişdir.
[5]
2
may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin
ibtidai hərbi hazırlıq Əsasnaməsi” nin II bölməsinin dördüncü və doqquzuncu
abzaslarında “Gənclər, İdman və Turizm”
sözləri “Gənclər və İdman” sözləri
ilə əvəz edilmişdir.
[6]
29
mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə II
bölmənin beşinci abzasında «tədris
müəssisələri» sözləri «təhsil
müəssisələri» sözləri ilə əvəz edilmişdir.
[7] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə IV bölmənin birinci abzasda «Orta ümumtəhsil məktəblərində,
gimnaziyalarda, liseylərdə, orta ixtisas məktəblərində (texnikum, kollec)»
sözləri «Ümumi təhsil və orta ixtisas
təhsili müəssisələrində» sözləri ilə, «texniki
peşə məktəblərində, peşə liseylərində» sözləri «ilk-peşə ixtisas təhsili müəssisələrində» sözləri ilə əvəz edilmişdir.
[8] 29
mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə IV
bölmənin ikinci abzasda «Orta ümumtəhsil
məktəblərinin, gimnaziyaların, liseylərin X — XI siniflərində, texniki peşə
məktəblərinin, peşə liseylərinin I — II kurslarında, orta ixtisas
məktəblərinin, kolleclərin yuxarı kurslarında» sözləri «Tam orta ümumtəhsil məktəblərinin,
gimnaziyaların, liseylərin yuxarı siniflərində, ilk peşə-ixtisas və orta
ixtisas təhsili müəssisələrinin sonuncu kurslarında» sözləri ilə əvəz edilmişdir.
[9] 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə V bölmənin
birinci abzasının ikinci cümləsində «orta
hərbi» sözləri «orta ixtisas hərbi»
sözləri ilə, ikinci abzasın birinci cümləsində «ümumi orta» sözləri «tam
orta ümumi təhsilli» sözləri ilə, dördüncü abzasın birinci cümləsində «tədris müəssisələrinə» sözləri «təhsil müəssisələrinə» sözləri ilə əvəz
edilmişdir.
[10] 29
mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264) ilə VIII
bölmənin ikinci abzasında «ümumtəhsil və
internat məktəblərində, peşə məktəbləri və peşə liseylərində, orta ixtisas
məktəbləri və kolleclərdə» sözləri «ümumi
təhsil, ilk peşə-ixtisas və orta ixtisas müəssisələrində» sözləri ilə əvəz
edilmişdir.