Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

GENERALLARIMIZ




Səməd bəy Mehmandarov (1855-1931) - artilleriya generalı


Səməd bəy Mehmandarov  Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir ki, bu da general-polkovnik rütbəsinə bərabərdir.
General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə
30 minlik ordusunu yaratmağa nail olmuşdur. 





         Əli ağa Şıxlinski (1865-1943) artilleriya generalı 



Əli ağa Şıxlinski 1883-cü ildən orduda xidmət etmiş, Peterburqda Artilleriya Məktəbini bitirmişdir (1886). Rus-yapon müharibəsində (1904-05) batareya komandiri olmuş, Port-Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılmışdır. Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə işləmiş, 1908-ci ildə polkovnik, 1912-ci ildə isə general-mayor rütbəsi almışdır. 1906-13-cü illərdə Çarskoe Soldatı Artilleriya Zabitləri Məktəbində rəis müavini, 1913-14-cü illərdə isə rəis əvəzi işləmişdir. 
Tam artilleriya generalı Əli ağa Şıxlinski hərbi-elmi əsərlərin və artilleriyaya aid dərsliklərin də müəllifi olmuşdur. Onun “Divizion miqyasında topçu manevrlərinin təşkili üçün təlimat”, “Dağ və səhra artilleriyası üçün məsəllər və misallar məcmuəsi” (1913-16-cı illər arasında 3 dəfə nəşr olunmuşdur), “Səhra toplarının cəbhədə işlədilməsi” (1910) və “Topçu zabitləri məktəbində polkovnik Şıxlinski tərəfindən oxunmuş mühazirələrin xülasəsi” kimi sanballı kitabları Peterburq və Luqa şəhərlərində çap olunmuşdur. 
Hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən “Şıxlinski formulu”, “Şıxlinski üçbucağı” adlı hərbi kəşfləri hələ əsrin əvvəllərində təkcə Rusiyada deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin artilleriya məktəblərində topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilmişdir. “Şıxlinski üçbucağı”nda artilleriya tarixində ilk dəfə topların gözlə görünməyən hədəfə atəş açmaq texnikası işlənib hazırlanmış və topların təkmilləşdirilməsi işinə bir sıra dəyərli yeniliklər gətirilmişdir. 
1918-20-ci illərdə Ə. Şıxlinski Azərbaycan Demokratik Respublikası (ADR) dövründə silahlı qüvvələrimizin təşkilində müstəsna xidmət göstərmiş, 1918-ci ilin oktyabrında Gəncədə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ona həvalə olunmuşdur. Bundan başqa, 1918-ci il mayın 28-də yeni dövlətin ordusunun və Hərb Nazirliyinin layihəsini də Milli Korpusun komandiri general Əli ağa Şıxlinski hazırlamışdır. Dekabrın 29-da hərb nazirinin müavini təyin edilmişdir.  1929-cu ildə istefaya çıxmışdır. 
General-leytenant Əli ağa Şıxlinskinin rus hərb sənətinin inkişafında, eləcə də Azərbaycanda hərbi quruculuq sahəsində, hərb elminin inkişafında mühüm xidmətləri olmuşdur.



Xosrov bəy Sultanov (1879-1947) -  Qarabağın general-qubernatoru




Xosrov bəy Sultanov  Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. 1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmış,1947-ci ildə vəfat etmişdir.






Həzi Əhəd oğlu Aslanov(1910-1945)–general-mayor



Həzi Aslanov komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilmişdir. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sora Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.
İkinci Dünya müharibəsinin əfasnəvi qəhrəmanına çevrilən Həzi Aslanov 1944-cü il 13 martda tank qoşunları general mayoru rütbəsi ilə təltif olunmuşdur. 
Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır. General Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 2 Sovet İttifaqı Qəhrəmanı, 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.


Cəmşid Cəfərqulu oğlu  Naxçıvanski (1895-1938) -general, briqada komandiri


Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir (1915). Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdu. Avstriya-Rumıniyacəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli Anna, 2-ci, 3-cü dərəcəli Stanislav ordenləri ilə təltif olunmuşdur.
Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmış, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C.Naxçıvanski inamla vuruşmuşdur.
C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.
C. Naxçıvanski 26 avqust 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum olunmuşdur və hökm dərhal icra edilmişdir.
1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət aldı. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.





Ərəblinski Balakişi bəy Əli bəy oğlu (1828-1902) — çar ordusunun general-leytenantı.


Balakişi bəy Ərəblinski 1828-ci ildə Zaqatala mahalının Tala kəndində anadan olmuşdur. Mahal naibi Əli bəyin ailəsində böyüyən Balakişi bəy Sankt-Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdır.

Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşarında podpolkovnik rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir.
General-leytenant B. Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi. 1896-cı ildə istefaya çıxan general-leytenant Balskişi Ərəblinski Dərbəndə qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq etmişdir. Yerli əhali arasındakı gözəl insani keyfiyyətləri ilə hədsiz hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı kənd və stansya indi də onun adını daşıyır. O, 1902-ci ilin yanvarında vəfat etmiş və Dərbəndin qədim müsəlman qəbiristanlığında dəfn olunmuşdur.