Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

QARNİZON VƏ QARAVUL XİDMƏT NİZAMNAMƏSİ

Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi təsdiq edilsin və 1995-ci il yanvarın 1-dən qüvvəyə minsin.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.

Bakı şəhəri, 23 sentyabr 1994-cü il.
№ 886.
Azərbaycan Respublikasının 1994-cü il
23 sentyabr tarixli, 886 saylı Qanunu ilə
        TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi

Bu Nizamnamədə qarnizon və qarovul xidmətlərinin təşkili və həyata keçirilməsi qaydaları izah edilir, həmçinin qarnizonun vəzifəli şəxslərinin, bu xidmətləri yerinə yetirən hərbi qulluqçuların hüquqları və vəzifələri müəyyən olunur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunların bütün hərbi hissələri, hərbi məktəbləri, qərargahları, idarə, müəssisə və təşkilatları bu Nizamnaməni rəhbər tutmağa borcludurlar.

Birinci bölmə:
Qarnizon xidmətinin təşkili və yerinə yetirilməsi

I fəsil.
Ümumi müddəalar

1. Qarnizon yaşayış məntəqəsində və ya ondan kənarda daimi və yaxud müvəqqəti yerləşən hərbi hissələr, hərbi məktəblər və müəssisələrdən təşkil edilir.
Adətən daha böyük qarnizon tərkibinə ona ən yaxın yaşayış məntəqələrində yerləşən bütün hərbi hissələr, hərbi məktəblər və müəssisələr daxil edilir.
2. Hər bir qarnizonda qarnizon və qarovul xidmətləri təşkil edilir.
Qarnizon xidməti qarnizonun şəxsi heyəti arasında yüksək hərbi intizamı təmin etmək, qoşunların gündəlik həyat və hazırlığı üçün lazımi şərait yaratmaq, onların iştirakı ilə qarnizon tədbirlərini keçirmək məqsədini güdür.
Qarovul xidməti döyüş bayraqlarının, silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının, partlayıcı maddələrin, başqa əmlakın saxlandığı yerləri, digər hərbi və dövlət obyektlərini etibarlı mühafizə və müdafiə etmək üçün, həmçinin hauptvaxtda və intizam xarakterli hərbi hissədə saxlanan həbs edilənləri və məhkumları mühafizə etmək üçün nəzərdə tutulur.
3. Qarnizon xidmətinin təşkil edildiyi ərazinin sərhədləri Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı (bundan sonra — Baş qərargah adlandırılacaqdır) rəisinin əmri ilə müəyyən edilir. Bu sərhədlərə qoşun hissələrinin yerləşdiyi məntəqələrdən əlavə, qarnizon hərbi hissələrinə təsərrüfat və mədəni xidmət üçün yaxınlıqdakı mühüm əhəmiyyətli bəzi yaşayış məntəqələri də daxil edilə bilər.
Qarnizonun sərhədləri onun bütün şəxsi heyətinə yaxşı məlum olmalıdır.
4. Qarnizon ərazisində qarnizon və qarovul xidmətlərinə qarnizon rəisi rəhbərlik edir.
Daxili və sərhəd qoşunlarında qarovul xidmətinə bu qoşunların rəisləri rəhbərlik edirlər.
Tabeliklərində olan qoşunlarda qarnizon və qarovul xidmətlərinin vəziyyətinə cavabdehlik bütün birbaşa rəislərə həvalə edilir.
Bütün birbaşa rəisləri tabeliklərində olan qoşunlarda qarnizon və qarovul xidmətlərinin vəziyyətini müntəzəm yoxlamalı, həmçinin qarnizonların rəisləri və komendantları ilə qarnizonda hərbi intizamın və qayda-qanunun hərtərəfli yaxşılaşdırılmasına yönəldilən zəruri tədbirlər görməlidirlər.
Qarnizon rəisinin bu xidmətlər üzrə sərəncamlarını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon ərazisində (qarnizonun sərhədləri daxilində) yerləşən hərbi hissələri, hərbi məktəbləri, müəssisələri, komandaları və ayrı-ayrı hərbi qulluqçuları dəqiq yerinə yetirməlidirlər.
Hərbi Dəniz Qüvvələri hissələrinin, idarələrinin və müəssisələrinin üstünlük təşkil etdiyi qarnizonlarda qarnizon və qarovul xidmətlərinə Hərbi Dəniz Qüvvələrinin komandanı rəhbərlik edir.
5. Müharibə dövründə hərbi birləşmə hüdudunda (ərazisində) yerləşən qarnizonlarda qarnizon və qarovul xidmətlərinə hərbi birləşmə komandiri rəhbərlik edir.
6. Qoşunlar təlim mərkəzlərində və düşərgələrində yerləşdirilərkən, hərbi intizamın gözlənilməsi, təlim mərkəzlərinin və ümumdüşərgə obyektlərinin mühafizəsi tədbirləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsinin və bu Nizamnamənin müddəalarına uyğun surətdə həyata keçirilir.
7. Qarnizon və qarovul xidmətlərinə qarnizon tərkibinə daxil olan hərbi hissələr cəlb edilirlər.
Qarnizonda qarnizon və qarovul xidmətlərinə cəlb edilməyən hərbi hissələrin siyahısını Baş Qərargah rəisi müəyyənləşdirir.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələri qarnizonlarda qarovul xidmətinə cəlb edilmirlər.
Qarnizondakı hərbi hissələr arasında qarnizon və qarovul xidmətlərinin yerinə yetirilməsi növbəsini qarnizon rəisi onların tərkibindən və təyinatından asılı olaraq müəyyənləşdirir.
Hərbi məktəblər qarnizonda qarnizon və qarovul xidmətlərinə tədris planında bu məqsəd üçün nəzərdə tutulan müddətdə cəlb edilir.
8. Hər bir hərbi qulluqçu qarnizon və yaxud qarovul xidməti yerinə yetirən şəxslərə kömək etməyə borcludur. Patrul yaxud qarovul heyətində kiminsə xidməti pozduğunu görən hərbi qulluqçu bu barədə qarnizon komendantına, qarovullar (hərbi hissə, gəmi, təlim mərkəzi, düşərgə toplanışı) növbətçisinə, yaxud qarovul rəisinə və özünün bilavasitə rəisinə dərhal məlumat verməlidir.


II fəsil.
Qarnizonun vəzifəli şəxsləri və onların vəzifələri

9. Hər bir qarnizonda qarnizon rəisi, onun tərbiyə işləri üzrə müavini və qarnizon hərbi komendantı təyin edilir və bu, qarnizon üzrə əmrlə elan olunur.
10. Qarnizon rəisi Baş Qərargah rəisinin əmri ilə təyin edilir. Əmri alana qədər onun vəzifəsini vəzifəcə böyük olan, vəzifələr bərabərdirsə, hərbi rütbəcə böyük olan komandir (rəis) yerinə yetirməlidir.
Qarnizon rəisi öz vəzifəsinin icrasına başlamasını qarnizon üzrə əmrlə elan edir, özünün bilavasitə rəisinə məlumat verir, həmçinin yerli hakimiyyət orqanlarına bu barədə xəbər verir.
11. Bakı qarnizonunun rəisi vəzifəsini Baş Qərargah rəisinin müavini icra edir.
12. Qarnizon rəisinin tərbiyə işləri üzrə müavini vəzifəsini həmin qarnizonun rəisi vəzifəsini yerinə yetirən komandirin (rəisin) tərbiyə işləri üzrə müavini icra edir.
13. Ştatda hərbi komendantlıq olmayan qarnizonlarda hərbi komendant vəzifəsini icra etmək üçün zabit, onun köməkçiləri vəzifələrini icra etmək üçün isə bu qarnizonun hərbi hissələrindən olan zabitlər və gizirlər (miçmanlar) təyin edilirlər.
14. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir neçə növünün, milli təhlükəsizlik, daxili işlər nazirlikləri qoşunlarının hərbi hissələri qarnizonda birlikdə yerləşdikdə, bu qoşunların hər biri üzrə hərbi komendantın köməkçiləri təyin edilir.
Hərbi Dəniz Qüvvələri hissələrinin (gəmilərinin) yerləşdiyi qarnizonlarda Hərbi Dəniz Qüvvələri komandanının əmri ilə böyük dəniz rəisi təyin edilir. Öz fəaliyyətində o, bu Nizamnamənin 18-ci maddəsini və qarnizon rəisinin göstərişlərini rəhbər tutur.
15. Qarnizonların tərkibində bir neçə birləşmə (hərbi hissə) olduqda müvafiq vəzifəli şəxslərdən vəzifəcə böyük olanlar qarnizon rəisinin əmri ilə aşağıdakı vəzifələrə təyin edilirlər:
qarnizon rəisinin arxa xidmət üzrə müavini;
qarnizon hərbi avtomobil müfəttişliyi (HAM) rəisi;
qarnizon rabitə rəisi;
qarnizonun radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti rəisi;
qarnizon tibb xidməti rəisi;
qarnizonun baytar həkimi;
qarnizon maliyyə xidmətinin baş rəisi;
qarnizon yanğından mühafizə xidmətinin rəisi;
qarnizonun hərbi dirijoru.
Hərbi şəhərcikdə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növlərinin müxtəlif birləşmələrinin, eləcə də xüsusi qoşunların tərkibinə daxil olan bir neçə hərbi hissə yerləşdikdə, qarnizon rəisinin əmri ilə hərbi hissə komandirlərindən hərbi şəhərciyə böyük təyin edilir.
Qarnizon hauptvaxtının rəisi vəzifəsinə zabit təyin edilir. O, eyni zamanda qarnizon hərbi komendantının köməkçisidir. Bu vəzifə ştatda nəzərdə tutulmadığı yerlərdə qarnizon hauptvaxtının rəisi vəzifəsini qarnizon hərbi komendantının köməkçilərindən biri (zabit) icra edir.
Qarnizonda bütün vəzifəli şəxslər bilavasitə qarnizon rəisinə, qarnizon vaxtının rəisi və hərbi dirijoru isə qarnizon hərbi komendantına tabedirlər.
16. Qarnizon hərbi komendantından başqa, qarnizonun bütün vəzifəli şəxsləri öz vəzifələrini əvəzlik üzrə yerinə yetirirlər.


Qarnizon rəisi

17. Qarnizon rəisi qarnizonda yüksək hərbi intizamın saxlanmasına, qarovul xidmətinin təşkilinə və yerinə yetirilməsinə, yerli müdafiə tədbirlərinin təşkilinə və keçirilməsinə, qoşun hissələrinin gündəlik məişəti və hazırlığı üçün lazımi şəraitin təmin edilməsinə, yanğından mühafizənin vəziyyətinə, qoşun hissələrinin iştirakı ilə qarnizon tədbirlərinin keçirilməsinə cavabdehdir. Onun, ehtiyac olduqda, özünə həvalə edilmiş məsələlərin həlli üçün qarnizon hərbi hissələrinin şəxsi heyətini və nəqliyyat vasitələrini işə cəlb etmək hüququ vardır.
Qarnizon rəisi qarnizon və qarovul xidmətləri məsələləri üzrə Baş Qərargah rəisinə tabedir və bu məsələlərin icrasında qarnizonun tərkibinə daxil olan birləşmələrin və hərbi hissələrin komandirləri (hərbi məktəb və müəssisə rəisləri də daxil olmaqla) qarnizonun bütün hərbi qulluqçularının birbaşa rəisidir.
18. Qarnizon rəisinin vəzifəsidir:
qarnizonun vəzifəli şəxslərinin fəaliyyətinə daim rəhbərlik etmək;
qarnizon naryadının maksimum ixtisarına nail olmaqla qarnizon obyektlərinin mühafizə və müdafiəsini təşkil etmək;
qarnizon qarovullarının cədvəlini Baş Qərargah rəisinin təsdiqinə vermək və qarnizonun sərhədləri haqqında mülahizələrini ona bildirmək;
qarnizon qarovullarının cədvəlini Baş Qərargah rəisinin təsdiqinə vermək və qarnizonun sərhədləri haqqında mülahizələrini ona bildirmək;
qarnizonda hərbi intizamın və qarovul xidmətinin vəziyyətini müntəzəm təhlil etmək, bunları yaxşılaşdırmaqdan və baş vermiş hadisələrin qarşısını almaqdan ötrü vaxtında tədbirlər görmək, sayıqlığı artırmaq, hərbi və dövlət sirlərini qorumaq üçün iş aparmaq;
yerli hakimiyyət orqanları ilə sıx əlaqə saxlamaq, qarnizon xidməti və birgə tədbirlərin keçirilməsi ilə bağlı məsələləri onlarla birlikdə həll etmək;
Baş Qərargah rəisinin göstərişi ilə səfərbərlik elan olunması halı üçün qarnizonun tədbirlər planını, həmçinin qarnizon hissələrinin həyəcan siqnalı ilə qaldırılması və fəaliyyəti planını işləyib hazırlamaq;
qarnizonda hava hücumundan müdafiəni və qoşunların kütləvi qırğın silahlarından müdafiəsini, həmçinin yanğından mühafizəni təşkil etmək, onların vəziyyətini nəzarətdə saxlamaq;
qarnizonun yerli müdafiə və yanğından mühafizə, həmçinin mülki müdafiə ilə qarşılıqlı əlaqə planlarını işləyib hazırlamaq və Baş Qərargah rəisinin təsdiqinə vermək;
qarnizon qarovullarının mühafizə etdikləri saxlanclara (anbarlara) buraxılma qaydalarını müəyyən etmək;
qarnizon və daxili qarovulların xidməti yerinə yetirməsini, həmçinin həbs edilənlərin qarnizon hauptvaxtında düzgün saxlanmasını ayda bir dəfədən az olmayaraq şəxsən yoxlamaq;
qarnizona gələn hərbi hissələri (bölmələri, komandaları) Baş Qərargah rəisinin göstərişi ilə yerləşdirmək;
qarnizonun hərbi hissələri üçün təlim çöllərindən, atəş meydanlarından, poliqonlardan, tankodromlardan və başqa təlim obyektlərindən istifadə qaydalarını müəyyən etmək, həmçinin orada təhlükəsizlik tədbirlərinin təşkilini yoxlamaq;
yerli hakimiyyət orqanları ilə razılaşaraq açıq su hövzələrindən qoşunların su təchizatı üçün istifadə qaydasını, şəxsi heyətin çimməsi yerlərini, vaxtını və qaydasını müəyyən etmək, çimmə vaxtı təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək;
ümumqarnizon ictimai-siyasi, mədəni-maarif və idman tədbirlərini, həmçinin mədəni-maarif idarələrinin qarnizon hissələrinə xidmətetmə planını nəzərdən keçirib təsdiq etmək;
qarnizon hərbi avtomobil müfəttişliyinin (HAM) işinə rəhbərlik etmək;
rayon (qarnizon) mənzil-istismar hissəsinin hərbi hissələrin yerləşdirilməsi işinə rəhbərlik etmək və qarnizonda yaşayış sahəsi bölgüsünü təsdiq etmək;
binaların, hərbi şəhərciklərin ərazisinin və ümumqarnizon istifadəsindəki tikililərin hərbi hissələr tərəfindən saxlanmasını yoxlamaq, onlar boşaldıqda isə mühafizəsini təşkil etmək;
qarnizon qoşunlarının paradını və qoşunların iştirakı ilə başqa tədbirləri keçirmək, zəruri hallarda fəxri qarovullar təyin etmək;
yanğınları söndürmək və təbii fəlakətlərə qarşı mübarizə aparmaq, yaxud yanğından və təbii fəlakətlərdən zərər çəkmiş mülki əhaliyə kömək göstərmək üçün bölmələr (hərbi hissələr) ayırmaq (360-cı maddə);
qarnizon hərbi hissələrinin qış və yay geyim formalarına keçməsi vaxtını təyin etmək;
qarnizon hərbi hissələrində və idarələrində binaların qızdırılma vaxtının başlanğıcını və sonunu elan etmək;
ümumqarnizon tədbirlərinin, Şəhidlər xiyabanlarında, döyüş şöhrəti abidələrinin və qardaşlıq məzarlarının önündə təntənəli və hərbi mərasimlərin keçirilməsini təşkil etmək, eyni zamanda əsgəri qəbirstanların, qardaşlıq məzarlarının və əsgəri abidələrin lazımi qaydada saxlanmasına qayğı göstərmək;
qarnizondakı hərbi hissələrdə xidmət etməyən hərbi qulluqçuların nalayiq hərəkətlərinə görə inzibati təhqiqat təyin etmək, onları intizam məsuliyyətinə cəlb etmək; cinayət törətdikləri hallarda isə bu barədə dərhal hərbi prokurora xəbər vermək, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət işi qaldıraraq təhqiqat aparmaq. [1]
Səfərbərlik elan olunması, qarnizon hərbi hissələrinin həyəcan siqnalı ilə qaldırılması və hərəkəti, qarnizonda yanğından mühafizə halları üçün tədbirlər planlarının işlənib hazırlanmasını, eni zamanda həyəcan elan olunması, yanğın və təbii fəlakət baş verməsi halları üçün təlimatların, həmçinin yerli müdafiə planının tərtib olunmasını qarnizon rəisi ştatda tutduğu vəzifəyə görə komandiri olduğu birləşmənin (hərbi hissənin), qərargahının qüvvələri ilə həyata keçirir.
19. Qarnizon rəisi qarnizona gələn Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli Məclisinin sədrini, Azərbaycan Respublikasının Baş nazirini, Azərbaycan Respublikasının müdafiə nazirini qarşılayır, onlara raport verir və onları müşayiət edir. Bu şəxslərin qarşılanması üçün fəxri qarovul düzülür.
20. Qarnizon rəisi 19-cu maddədə göstərilən şəxslərdən əlavə, özünün bütün birbaşa rəislərini qarşılayır, onlara raport verir və onları müşayiət edir.
Qarnizon və qarovul xidmətləri məsələləri üzrə birbaşa rəislərin xidməti tapşırıqlarını yerinə yetirmək üçün zabitlər (generallar, admirallar) qarnizona gəldikdə, qarnizon rəisi ancaq rütbəcə ondan böyük olanlara özünü təqdim edir.
21. Bakı qarnizonunun rəisi 19 və 20-ci maddələrdə qeyd edilənlərdən əlavə, xüsusi göstərişləri də yerinə yetirir.
22. Qarnizon rəisi müvəqqəti olaraq qarnizondan (məzuniyyətə, uzunmüddətli ezamiyyətə) gedirsə, öz vəzifəsinin icrasını onun ştat vəzifəsini müvəqqəti icra edən şəxsə həvalə edir, bunu qarnizon üzrə əmrlə elan edir və Baş Qərargah rəisinə məlumat verir.

Qarnizon rəisinin tərbiyə işləri üzrə müavini

23. Qarnizon rəisinin tərbiyə işləri üzrə müavini qarnizonda hərbi intizamın möhkəmləndirilməsi üçün tərbiyə işinin təşkilinə və ümumqarnizon ictimai-siyasi və mədəni-maarif tədbirlərinin keçirilməsinə cavabdehdir.
Qarnizon rəisinin tərbiyə işləri üzrə müavininin vəzifəsidir:
qarnizonda baş verə biləcək hadisələrin qarşısını almaq, hərbi intizamı möhkəmləndirmək, qayda-qanunu və mütəşəkkilliyi saxlamaq üçün iş aparmaq;
təsdiq edilmiş plana əsasən ümumqarnizon ictimai-siyasi və mədəni-maarif tədbirlərini təşkil etmək və həyata keçirmək;
yerli hakimiyyət orqanları ilə, müəssisələrlə, idarələrlə və təşkilatlarla sıx əlaqə yaratmaq və saxlamaq, həmçinin qarnizon hərbi hissələri şəxsi heyətinin hakimiyyət orqanlarının həyata keçirdikləri ictimai-siyasi tədbirlərdə iştirakını təmin etmək;
qarnizon mədəni-maarif müəssisələrinin işinə rəhbərlik etmək; yerli və qarnizon mədəni-maarif müəssisələri tərəfindən qarnizon hərbi hissələrinə xidmət planını işləyib hazırlamaq və qarnizon rəisinin təsdiqinə vermək;
səfərbərlik elan olunması halı üçün qarnizonun tədbirlər planının, qarnizon hərbi hissələrinin həyəcan siqnalı ilə qaldırılması və fəaliyyəti, həmçinin qarnizon qoşunlarının və obyektlərinin hava hücumundan və kütləvi qırğın silahlarından mühafizəsi üzrə tədbirlər planlarının işlənib hazırlanmasında iştirak etmək;
qarnizonda hərbi və dövlət sirlərinin saxlanmasına daim diqqət yetirmək, sayıqlığı artırmaq üçün iş aparmaq;
qarnizon qoşunlarının məişətinə və yerləşdirilməsinə, onların kazarma fondu ilə, hərbi qulluqçuların və onların ailələrinin isə mənzillə təmin edilməsinə daim qayğı göstərmək;
qarnizon və daxili qarovulların xidmət çəkmələrini, həbs edilənlərin qarnizon hauptvaxtında saxlanmasını vaxtaşırı yoxlamaq, həmçinin qarovulun şəxsi heyəti və həbs edilənlər arasında tərbiyə işini təşkil etmək və həyata keçirmək;
qarnizon qoşunlarının ictimai-siyasi, mənəvi və hərbi intizamın vəziyyəti, həmçinin ümumqarnizon tərbiyə tədbirlərinin keçirilməsi haqqında qarnizon rəisinə və yuxarı tərbiyə işləri üzrə orqana vaxtaşırı məlumat vermək.

Qarnizon rəisinin arxa xidmət üzrə müavini

24. Qarnizon rəisinin arxa xidmət üzrə müavini qarnizon hərbi hissələrinin arxa xidmət üzrə təminatı tədbirlərinin vaxtında görülməsinə cavabdehdir.
Qarnizon rəisinin arxa xidmət üzrə müavininin vəzifəsidir:
qarnizon hərbi hissələrinin çörəkbişirmə müəssisələrindən, soyuduculardan, sallaqxanalardan, hamamlardan, camaşırxanalardan, tikiş emalatxanalarından və s. istifadə etməsi, hərbi yüklərin avtomobil nəqliyyatı ilə mərkəzləşdirilmiş qaydada gətirilməsi planlarını, hərbi hissələrdən avtomobil nəqliyyatının və ekspeditorların ayrılması qrafikini, həmçinin müəyyən edilmiş qaydada otlaqlar, biçənəklər və yardımçı (mətbəxyanı) təsərrüfatlar üçün müvəqqəti istifadə edilməsinə icazə verilmiş torpaq sahələrinin qarnizon hərbi hissələri arasında bölüşdürülməsi planını qarnizon rəisinin təsdiqinə vermək;
qarnizon hərbi hissələri üçün maddi vəsaitlərin mərkəzləşdirilmiş qaydada gətirilməsini təşkil etmək;
qarnizon hərbi hissələri üçün gəlmiş dəmiryol vaqonlarının və gəmilərin (barjların) vaxtında boşaldılmasına nəzarət etmək, zərurət olduqda isə onun sürətləndirilməsi üçün tədbirlər görmək;
səfərbərlik və qarnizonda həyəcan elan olunması halları üçün təsərrüfat tədbirləri planlarını işləyib hazırlamaq;
hərbi ticarət orqanlarını qarnizonun ticarət-məişət xidməti müəssisələri üçün bina ilə, yeməkxanalar üçün mebellə və qeyri-istehsal təyinatlı mexaniki avadanlıqla təmin etmək, həmçinin onların qızdırılmasını, işıqlandırılmasını və su təchizatını təmin etmək; malların gətirilməsi üçün lazımi nəqliyyat ayırmaq;
qarnizonda yanğından mühafizə xidmətinin təşkilinə və qarnizon hərbi hissələrinin yanğından mühafizə komandalarının daimi hazırlığına nəzarət etmək;
hərbi qulluqçulara və onların ailələrinə daha yaxşı xidmət etmək üçün qarnizon ticarət-məişət xidməti müəssisələrinin işinə nəzarət təşkil etmək, həmçinin qarnizonun tikiş emalatxanalarında rəsmi geyimlərin və ayaqqabıların tikilməsinin təşkilinə və keyfiyyətinə nəzarət etmək;
qarnizon hərbi hissələrini çörəklə təmin edən qarnizon və mülki çörəkbişirmə müəssisələrində bişirilən çörəyin keyfiyyətinə nəzarət etmək;
arxa xidmətin və qarnizonun nümunəvi hərbi hissələrinin hərbi təsərrüfatının iş təcrübəsini öyrənmək üçün qarnizon hərbi hissələrinin arxa xidmət zabitləri ilə iş aparmaq;
yerli ehtiyatlardan səmərəli istifadə edilməsi üçün qarnizon hərbi hissələrinin yerləşdiyi rayonun iqtisadi vəziyyətini öyrənmək.

Qarnizon hərbi komendantı

25. Qarnizon hərbi komendantı hərbi qulluqçuların ictimai yerlərdə və küçələrdə yüksək hərbi intizamına, qarnizon qarovullarının və patrullarının düzgün və sayıq xidmətinə, həmçinin həbs edilənlərin qarnizon hauptvaxtında lazımi qaydada saxlanmasına bilavasitə cavabdehdir. Qarnizon rəisinin qərarlarını həyata keçirərkən, qarnizon hərbi komendantının qarnizon rəisi adından sərəncamlar (əmrlər) vermək hüququ vardır; bu zaman o, ən vacib sərəncamları (əmrləri) barədə qarnizon rəisinə məlumat verir.
26. Qarnizon hərbi komendantının vəzifəsidir:
hərbi qulluqçular tərəfindən hərbi intizama, müəyyən edilmiş paltar formasının geyilməsi və əsgəri salamlaşma qaydalarına riayət olunmasına nəzarət etmək; qarnizonda hərbi intizamın vəziyyətini müntəzəm öyrənib onu yaxşılaşdırmağa, həmçinin intizamın pozulması səbəblərini aradan qaldırmağa dair təkliflərini qarnizon rəisinə bildirmək;
qarnizon rəisinin göstərişi ilə qarnizon qarovulları siyahısını və naryadının cədvəlini, patrul naryadını və qarnizon hərbi hissələrindən növbətçi bölmələrin naryadını və həmçinin postlar tabellərini (1, 2 və 3 saylı əlavələr), postların yerləşməsi sxemlərini, qarovul rəisləri və qarnizon qarovulları növbətçisi üçün təlimatları, patrul xidməti sxemini və patrullar üçün təlimatı tərtib etmək;
qarnizonda qarovullar siyahısına əsasən ümumqarnizon obyektlərinin mühafizəsi və müdafiəsi üzrə qarovul xidmətini, həmçinin patrul xidmətini təşkil etmək;
qarnizon naryadı sayının ixtisarına və onların xidmət etmə qaydasının yaxşılaşdırılmasına dair təkliflərini qarnizon rəisinə bildirmək;
qarnizonun vəzifəli şəxsləri tərəfindən qarovulların yoxlanması qrafikini tərtib etmək və onun yerinə yetirilməsinə nəzarət etmək;
şəxsən və köməkçiləri vasitəsilə qarnizon qarovullarının xidmətini, mühafizə olunan obyektlərin xarici vəziyyətini, postların və qarovul otaqlarının vəziyyətini, qarovul otaqlarında və postlardakı avadanlığın və inventarın yerində olmasını və sazlığını ayda iki dəfədən az olmayaraq yoxlamaq;
hərbi hissələrdə qarnizon naryadına təyin olunan bölmələrin və şəxslərin xidmətə hazırlanmasını və qarnizonun növbətçi bölməsinin hazırlığını yoxlamaq;
qarnizon rəisinin göstərişi ilə qarnizon hərbi hissələrinin həyəcan siqnalı ilə qaldırılması və hərəkəti, qarnizonda yanğından mühafizə planlarının, həmçinin qarnizonda həyəcan elan olunması, yanğın və təbii fəlakətlərin baş verəcəyi hallar üçün təlimatların işlənib hazırlanmasında iştirak etmək;
qarnizonun yerli müdafiə qüvvələrinin və vasitələrinin hazırlığına nəzarət etmək;
qarnizon qarovulları ilə rabitə vasitələrini, qarovul rəislərinə əmrlərin ötürülməsi və onların məlumat verməsi qaydalarını qarnizon rabitə rəisi ilə birlikdə müəyyən etmək; rabitə vasitələrindən istifadə zamanı nəzərdə tutulmuş qaydaların yerinə yetirilməsini yoxlamaq;
hərbi hissələrin orkestrlərinin naryad cədvəlinə baxmaq və onu təsdiq edilməsi üçün qarnizon rəisinə təqdim etmək;
qarovul növbətçilərinə və onların köməkçilərinə naryada başlamazdan qabaq təlimat vermək; qarovul nöbətçilərinə parollar yazılmış kağızları vermək;
qarnizon qarovullarının dəyişməsinin gedişini yoxlamaq;
patrullar naryadına təlimat vermək; patrul rəislərinə lazımi sənədlər vermək və qarnizonda patrul xidmətinə nəzarət etmək;
polis orqanları ilə sıx əlaqə saxlamaq və ictimai qaydanın qorunub saxlanmasında onlara zəruri kömək göstərmək;
hər gün qarnizon qarovullarının postlar cədvəllərinə baxmaq və aşkar olunmuş çatışmazlıqları təxirə salmadan aradan qaldırmaq;
qarnizon hauptvaxtının sazlığına və həbs edilənlərin orada saxlanmasına nəzarət etmək; həbs edilənlərin işləməyə, hamama və cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, istintaq, prokurorluq orqanlarının və ya məhkəmənin) tələbi ilə prosessual hərəkətlərin həyata keçirilməsi məqsədilə, həmçinin xəstələnmiş həbs edilənlərin müalicə müəssisələrinə göndərilməsi üçün hauptvaxt rəisinə yazılı sərəncamlar vermək (4 saylı əlavə);
qarnizon şəxsi heyəti tərəfindən hərbi intizamın pozulmasını və baş vermiş hadisələri vaxtında aşkar etmək, onların uçotunu aparmaq, onlar haqqında və görülən tədbirlər barəsində qarnizon rəisinə baş vermiş cinayətlər və hadisələr haqqında isə qarnizon hərbi prokuroruna məlumat vermək;
qoşunların su təchizatı üçün açıq su hövzələrini və adamların çimməsi üçün yerləri qarnizon rəisinin göstərişi ilə hərbi hissələr arasında bölüşdürmək;
hərbi hissələrin sahələrində adamların çimmə yerlərinin hazırlanmasını, həmçinin növbətçi üzgüçü komandalarının və növbətçi feldşerlərin (sanitar təlimatçılarının) xidmətinin təşkilini və aparılmasını yoxlamaq;
qarnizonun bütün hərbi hissələrinin, əlahiddə bölmələrin (komandaların), həmçinin ezamiyyətə və ya məzuniyyətə gələn hərbi qulluqçuların uçotunu aparmaq və onların öz xidməti yerlərinə vaxtında qayıtmalarına nəzarət etmək (5 saylı əlavə);
tutulmuş hərbi qulluqçulardan alınan silahların və döyüş sursatlarının uçotunu aparmaq;
qarnizondan keçib gedən bölmələri (komandaları) və ayrı-yarı hərbi qulluqçuları yerləşdirmək, onları, həmçinin hərbi nəqliyyatı müşayiət edən qarovulları attestatlarına uyğun ərzaqla təmin etmək;
qarnizon ərazisində ezamiyyətdə və məzuniyyətdə olarkən, xəstələnmiş hərbi qulluqçulara tibbi yardım göstərmək üçün tədbirlər görmək;
təlim mərkəzlərinə və düşərgələrə getmiş, yaxud qarnizonun tərkibindən çıxıb getmiş hərbi hissələrin kazarma binalarının mühafizəsini yoxlamaq;
hərbi hissələrin kolonlarının, həmçinin təkərli və tırtıllı maşınların hərəkətinin tənzim olunmasını Dövlət yol polisinin yerli orqanları ilə qarşılıqlı əlaqədə təşkil etmək;
qarnizon qoşunlarının paradlara hazırlanmasına nəzarət etmək və yerli hakimiyyət orqanları ilə razılaşdırılaraq qoşunların iştirakı ilə keçirilən paradlar, nümayişlər, mitinqlər və dəfn mərasimləri zamanı qayda-qanunu təmin etmək;
qarnizon rəisinin göstərişi ilə qarnizon hərbi hissələrindən fəxri qarovullar təyin etmək və hazırlamaq;
qarnizon rəisinin göstərişi ilə vəfat etmiş hərbi qulluqçuların dəfnini təşkil etmək;
qarnizon sərhədləri daxilində olan əsgəri qəbiristanlıqların, qardaşlıq məzarlarının və əsgəri abidələrin uçotunu aparmaq, onların lazımi qaydada saxlanmasına nəzarət etmək.
27. Qarnizon hərbi komendantı şəxsən və tabeliyində olanlar vasitəsilə hərbi qulluqçulardan ictimai yerlərdə və küçələrdə hərbi intizama, eləcə də qayda-qanuna ciddi surətdə riayət etmələrini cəsarətlə və qətiyyətlə tələb etməli, onların heç bir nalayiq hərəkətini cəzasız qoymamalıdır.
Qarnizon hərbi komendantının hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulması hallarında hərbi rütbəcə özündən kiçik və özünə bərabər olanlara xəbərdarlıq etmək, yaxud Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə əsasən onları tutub cəzalandırmaq, onlar sərxoş halda hərbi intizamı pozduqda, ayılana qədər bir sutkalığa hauptvaxtda (müvəqqəti həbs edilmişlər kamerasında) saxlamaq, sonra isə bu hərbi qulluqçuların məsuliyyətləri haqqında qərar qəbul etmək hüququ vardır.
Qarnizon hərbi komendantı hərbi rütbəcə ondan böyük olan hərbi qulluqçular hərbi intizamı pozduqları hallarda onlara müraciət edir və intizam pozuntusuna son qoymasını qarnizon rəisi adından tələb edir. Belə hərbi qulluqçu tərəfindən hərbi intizamın pozulmasına son qoymaq üçün daha qəti tədbirlər görmək zəruri olduğu hallarda qarnizon hərbi komendantı bu barədə dərhal qarnizon rəisinə məlumat verir və onun göstərişi ilə hərəkət edir.
Zərurət olduqda, qarnizon hərbi komendantı hərbi intizamı pozan hərbi qulluqçudan şəxsiyyətini müəyyənləşdirən sənədləri təqdim etməyi tələb edir, belə sənədlər olmadıqda və ya düzgün tərtib edilmədikdə, hərbi qulluqçunu tutub müvəqqəti həbs edilənlər kamerasında yerləşdirir.
Qarnizon hərbi komendantı müqəssir barəsində görülən bütün tədbirlər haqqında onun hərbi hissə komandirinə xəbər və qarnizon rəisinə məlumat verir.
28. İntizam qaydasında tutulmuş hərbi qulluqçunun sənədlərinin yoxluğuna görə onun şəxsiyyətini tezliklə müəyyən etmək mümkün olmadıqda, qarnizon hərbi komendantı hərbi qulluqçunun tutulub saxlanıldığı andan bir sutka ərzində onun şəxsiyyətinin müəyyən edilməsi üçün tədbir görməlidir. Bütün belə şəxslər haqqında qarnizon hərbi komendantı qarnizon rəisinə və hərbi prokurora dərhal məlumat verir. Bu şəxslər barəsində qərar onların tutulduğu andan üç sutkadan gec olmayaraq qəbul edilməlidir.
29. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş hərbi qulluqçular Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada saxlanılırlar və onlar barəsində həmin qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.
Belə şəxslərin uçotu qarnizon hərbi komendantlığında tutulmuş hərbi qulluqçuların uçotu kitabında (6 saylı əlavə), hauptvaxtda isə hauptvaxtda saxlananların kitabında (4 saylı əlavə) aparılır.
30. Qarnizon hissələrində, yaxud obyektlərində yanğın və təbii fəlakət, həmçinin qarnizon qarovullarında hər hansı bir hadisə baş verdikdə, qarnizon hərbi komendantı bu barədə dərhal qarnizon rəisinə məlumat verməli və hadisə yerinə gələrək lazımi tədbirlər görməlidir.
31. Məzuniyyətdə və ya ezamiyyətdə olduğu zaman hərbi qulluqçu, nəqliyyatdakı nasazlıq və ya xəstəliklə əlaqədar öz xidmət yerinə vaxtında gəlib çıxa bilmirsə, qarnizon hərbi komendantı hərbi qulluqçunun ləngiməsi səbəbini onun gəldiyi hərbi hissə komandirinə xəbər verir. Hərbi qulluqçu xəstələndikdə qarnizon hərbi komendantının sərəncamı ilə o, həkim müayinəsindən keçirilir.
Başqa qarnizondan məzuniyyətə gəlmiş hərbi qulluqçunun ailə üzvləri (atası, anası, arvadı, uşaqları, qardaşları və ya bacıları) vəfat etdikdə və ya ağır xəstələndikdə, həmçinin hərbi qulluqçunun ailəsinin başına hər hansı bir fəlakət gəldikdə, qarnizon hərbi komendantı hərbi qulluqçunun gəldiyi hərbi hissə komandirini dərhal xəbərdar etməklə, onun məzuniyyətini yeddi sutkadan çox olmayaraq artıra bilər.
Qarnizon hərbi komendantı hərbi qulluqçunun xidmət yerinə yola düşməsi vaxtı, onun ləngiməsi müddəti və səbəbi haqqında hərbi qulluqçunun sənədlərində və uçot kitabında (5 saylı əlavə) müvafiq qeydlər edir.
Müddətli xidmət hərbi qulluqçusu məzuniyyətdə və ya ezamiyyətdə olarkən, hərbi intizamı pozarsa, bütün hərbi komendantlara, həmçinin hərbi qulluqçunun məzuniyyətdə və ezamiyyətdə olduğu yerlərin hərbi komissarlarına belə hərbi qulluqçunun məzuniyyətini (ezamiyyətini) dayandırmaq və onu öz hərbi hissəsinə qaytarmaq hüququ verilir. Eyni zamanda məzuniyyətin (ezamiyyətin) dayandırılması səbəbləri barədə hərbi hissə komandirinə xəbər verilir.
32. Qarnizon hərbi komendantlığının yeri qarnizonun bütün hərbi hissələrinə, idarələrinə və müəssisələrinə yaxşı məlum olmalı və onun qapısı bütün şəxslərin üzünə açıq olmalıdır. Qarnizon hərbi komendantlığı yerli inzibati idarələrdə və ictimai yerlərdə (teatrlarda, mədəniyyət evlərində, kinoteatrlarda, klublarda, mehmanxanalarda) öz telefon nömrələri və ünvanının olmasını təmin etməlidir.
Qarnizon hərbi komendantlığının yerləşdirilməsi və avadanlığı haqqında göstərişlər 7 saylı əlavədə şərh edilmişdir.
Qarnizon hərbi komendantlığı, ştat üzrə nəqliyyat vasitələri olmadıqda, nəqliyyatla qarnizon rəisinin təsdiq etdiyi plana əsasən hərbi hissələrin (təşkilatların, idarələrin) hesabına təmin olunur.

Qarnizon hərbi komendantının köməkçisi

33. Qarnizon hərbi komendantının köməkçisi qarnizon komendantına tabedir və onun qarnizon və qarovul xidmətlərinə aid bütün tapşırıqlarını yerinə yetirir.
34. Qarnizon hərbi komendantının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növləri, həmçinin Sərhəd Qoşunları və Daxili Qoşunlar üzrə köməkçiləri öz fəaliyyətində bu Nizamnamənin 26-cı maddəsini və qarnizon hərbi komendantının göstərişlərini rəhbər tuturlar.

Qarnizon hərbi avtomobil müfəttişliyi (HAM) rəisi

35. Qarnizon hərbi avtomobil müfəttişliyi rəisi qarnizonda və qarnizona bitişik yollarda hərbi hissələrin avtonəqliyyat vasitələri ilə bağlı hadisələrin qarşısını almaq üçün tədbirlərin təşkilinə və həyata keçirilməsinə cavabdehdir.
Qarnizon hərbi avtomobil müfəttişliyi rəisinin vəzifəsidir:
qarnizon hərbi hissələrinin avtonəqliyyat vasitələri ilə bağlı hadisələrin səbəblərini müntəzəm təhlil etmək, onların qarşısının alınması üzrə tədbirlər planını hazırlayıb qarnizon rəisinə təqdim etmək və Dövlət yol polisinin yerli orqanları ilə sıx əlaqə saxlayaraq onun yerinə yetirilməsinə nail olmaq;
sürücülər tərəfindən yol hərəkəti qaydalarına əməl edilməsinə, hərəkət təhlükəsizliyinin təmin olunmasına dair əmrlərin tələblərinə, həmçinin qarnizon hərbi hissələrinin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanmasına, onlardan öz təyinatı üzrə istifadə edilməsinə, yol sənədlərinin olmasına və düzgün tərtib edilməsinə, sürücülərin vəziyyətinə və xarici görkəminə müntəzəm nəzarəti təşkil etmək;
tabeliyindən asılı olmayaraq, qarnizon rəisi tərəfindən təsdiq edilmiş plan üzrə qarnizon hərbi hissələrinin texniki nəzarət məntəqələrinin işini yoxlamaq;
hər ay HAM-nin müfəttişi kimi növbətçiliyə cəlb edilən zabitlərin və gizirlərin (miçmanların), qarnizon hərbi hissələrindən patrulların və nəqliyyatın ayrılması qrafiklərini tərtib etmək və onu qarnizon rəisinin təsdiqinə vermək;
HAM-nin növbətçi müfəttişlərinə təlimat vermək, onları nəzarət postlarına paylaşdırmaq, xidmət aparmalarını yoxlamaq, onlardan yazılı raportlar qəbul etmək, tutulub saxlanmış avtonəqliyyat vasitələrinin və alınmış sənədlərin uçotunu aparmaq, onlar barəsində müvafiq hərbi hissə komandirlərinə xəbər vermək;
texniki cəhətdən nasaz və ya qulluq olunmamış avtonəqliyyat vasitələrini istismardan çıxarıb hərbi hissələrə, zərurət olduqda isə tutulub saxlanmış avtonəqliyyat vasitələrini toplanış məntəqəsinə göndərmək;
hərbi hissələrin avtonəqliyyat vasitələri ilə bağlı hadisələrin uçotunu aparmaq, lazımi tədbirlər görmək üçün tutulub saxlanmış avtonəqliyyat vasitələri, sürücülər və baş verən hadisələr haqqında vaxtında qərar qəbul olunması üçün qarnizon rəisinə məlumat və qarnizon hərbi komendantına xəbər vermək;
yol hərəkəti qaydalarının pozulması və ya hərbi hissələrdə avtonəqliyyat vasitələrinin istismarı zamanı adamların həlak və ya şikəst olmaları ilə nəticələnmiş, yaxud digər ağır nəticələrə gətirib çıxaran hallarda dərhal qarnizon rəisinə məlumat və qarnizon hərbi komendantına, həmçinin hərbi prokurora xəbər vermək, hadisə yerlərində onların törədilmə səbəblərini və şəraitini şəxsən müəyyən etmək;
hərbi hissələrin avtonəqliyyat vasitələrinin sürücülərini sürücülük vəsiqəsindən məhrum etmək üçün Dövlət yol polisinin yerli orqanlarına material təqdim etmək;
qarnizon hərbi hissələrinin avtonəqliyyat vasitələri sürücülərinin ixtisasının artırılması üzrə işi təşkil etmək və onların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Dövlət yol polisinin yerli orqanları nəzdində ixtisas komissiyası imtahanlarında iştirak etməsi üçün zəruri şərait yaratmaq;
hərbi hissələrin avtonəqliyyat vasitələrinin hərəkəti üçün ayrılmış yollara nəzarət qoymaq, hərəkət sürətinin məhdudlaşdırılması üçün zonaları müəyyən etmək və Dövlət yol polisinin yerli orqanlarının icazəsi ilə müvafiq nişanlarla işarə etmək;
öz texniki nəzarət məntəqələri olmayan hərbi hissələrin avtonəqliyyat vasitələrini yoxlamaqdan ötrü qarnizon texniki nəzarət məntəqələrinin təşkili barədə qarnizon rəisinə təkliflər vermək və onların işinə nəzarət etmək;
başqa qarnizonların hərbi hissələrinin avtonəqliyyat vasitələrinin sürücüləri tərəfindən törədilmiş pozuntular haqqında sənədləri müvafiq qarnizonun HAM rəisinə göndərməklə bu barədə həmin hərbi hissələrin komandirlərinə xəbər vermək.
36. HAM-nin müfəttişləri və patrulları növbədə olduqları zaman qarnizon HAM rəisinə tabedirlər və öz xidmətlərini onun göstərişlərinə uyğun olaraq yerinə yetirirlər.
HAM-nin növbətçi müfəttişlərinin müəyyən edilmiş sənədləri, geyim forması və fərdi nömrəli tanınma döş nişanları, əlində jezl (gecə qırmızı siqnalı disk və ya işıq əksetdirən) olmalıdır.
HAM-nin patrullarının müəyyən edilmiş geyim forması və qol sarğısı olmalıdır.

Qarnizon rabitə rəisi

37. Qarnizon rabitə rəisi qarnizonda rabitənin təşkilinə və vəziyyətinə cavabdehdir.
Qarnizon rabitə rəisinin vəzifəsidir:
qarnizondaxili rabitənin təşkili və təmin edilməsi planını qarnizon rəisinə təsdiq üçün təqdim etmək və rabitənin vəziyyətinə nəzarət etmək;
qarnizonda səfərbərlik və həyəcan elan edilməsi halları üçün rabitənin təmin edilməsi tədbirləri planını işləyib hazırlamaq;
düşmənin basqın təhlükəsi barədə qarnizonun hərbi obyektlərinə xəbərdarlıq edilməsi sistemlərinin təşkilinə və daimi hazırlığına nəzarət etmək;
Rabitə Nazirliyinin, digər nazirliklərin və idarələrin yerli orqanları ilə onların rabitə vasitələrindən qarnizon hərbi hissələrinin mənafeyi üçün istifadə olunması məsələlərini həll etmək;
qarnizondaxili və qarnizonlararası rabitəni təmin etməkdən ötrü lazımi rabitə vasitələri və istismar materialları barəsində tələbnamələri yuxarı rabitə rəisinə təqdim etmək;
rabitə vasitələrinin vaxtında təmir olunması üçün tədbirlər görmək;
rabitə vasitələri ilə danışıq aparmaq qaydalarına riayət olunması tədbirlərini işləyib hazırlamaq və onların yerinə yetirilməsinə nəzarət etmək.

Qarnizonun radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti rəisi

38. Qarnizonun radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti rəisi qarnizon rəisinin göstərişlərinə əsasən radioaktiv və zəhərləyici maddələrdən mühafizə sahəsində qarnizon tədbirlərinin təşkilinə və yerinə yetirilməsinə cavabdehdir.
Qarnizon radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti rəisinin vəzifəsidir:
qarnizon hərbi hissələrinin və idarələrinin radioaktiv və zəhərləyici maddələrdən mühafizə olunması məsələlərinə dair qarnizon tədbirlərinin işlənib hazırlanmasında iştirak etmək və bu məsələlər üzrə zəruri tədbirlərin görülməsinə rəhbərlik etmək;
qarnizonda radiasiya, kimyəvi və bakterioloji mühafizə xidməti məsələləri üzrə yerli müdafiə tədbirlərinin keçirilməsini təşkil etmək və yoxlamaq;
radioaktiv və zəhərləyici maddələrdən mühafizə məsələləri üzrə yerli əhali arasında iş aparmaq üçün təlimatçılar hazırlamaqda mülki müdafiə qərargahına yardım göstərmək.

Qarnizon tibb xidməti rəisi

39. Qarnizon tibb xidməti rəisi müalicə-profilaktika və epidemiya əleyhinə tədbirlərin təşkilinə və həyata keçirilməsinə cavabdehdir, həmçinin qarnizonda sanitariya-gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
Qarnizon tibb xidməti rəisinin vəzifəsidir:
bütün qarnizon üçün ümumi olan sanitariya-gigiyena, müalicə-profilaktika və epidemiya əleyhinə tədbirlər işləyib hazırlamaq və həyata keçirmək;
qarnizon hərbi hissələrinin sanitariya vəziyyətini və onlarda şəxsi heyətin xəstələnməsini öyrənmək, həmçinin zəruri tədbirlərin həyata keçirilməsi üçün qarnizon rəisinə vaxtında təkliflər vermək;
qarnizonun sanitariya-epidemioloji vəziyyətini, hərbi hissələrin yerləşdiyi ərazinin saxlanma şəraitini, suyun içmək və təsərrüfat məqsədləri üçün yararlılığını, qarnizon yeməkxanalarının, çörəkbişirmə müəssisələrinin, sallaqxanalarının, soyuducularının (buzxanalarının), ticarət-məişət müəssisələrinin, hamamlarının, camaşırxanalarının, dezinfeksiya kameralarının və qarnizon hərbi hissələrinin şəxsi heyətinin çimmək yerlərinin sanitariya vəziyyətini yoxlamaq, aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
tərkibində tibbi heyət olmayan qarnizon hərbi hissələrinin, qarnizonda müvəqqəti yerləşən bölmələrin (komandaların) və ayrı-ayrı hərbi qulluqçuların, həmçinin qarnizon hərbi qulluqçularının ailə üzvlərinin tibbi təminatını təşkil etmək;
qarnizon rəisinin icazəsi ilə qarnizon hərbi hissələrinin tibb xidməti işçilərinin qarnizonda müalicə-profilaktika və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsinə cəlb etmək;
paradlara, nümayişlərə, idman yarışlarına, həmçinin yanğın və təbii fəlakətə qarşı mübarizəyə cəlb edilən hərbi hissələrin tibbi təminatını təşkil etmək;
qarnizonda səfərbərlik və həyəcan elan olunması halları üçün tibbi təminat planını, həmçinin düşmən tərəfindən kütləvi qırğın silahı tətbiqinin nəticələrini aradan qaldırmaq üçün tibbi xidmət tədbirlərini işləyib hazırlamaq;
qarnizonda yerli müdafiənin tibbi təminat tədbirlərini işləyib hazırlamaq və onların yerinə yetirilməsinə nəzarət etmək;
kütləvi qırğın silahından əhalinin mühafizəsi üçün tibbi tədbirlər görülməsində mülki müdafiə qərargahına zəruri yardım göstərmək;
qarnizon hərbi hissələrinin yerləşdiyi rayonların sanitariya vəziyyətini yaxşılaşdırmaq üçün yerli səhiyyə orqanları ilə birlikdə tədbirlər işlənib hazırlanmasında iştirak etmək;
qarnizon qospitallarında xəstələrin vəziyyətinə diqqət yetirmək və vaxtaşırı onlara baxış keçirmək;
mülki idarələrin və müəssisələrin, ambulatoriyaların, xəstəxanaların, çörəkbişirmə müəssisələrinin, sallaqxanaların və s. qarnizon hərbi hissələrinə göstərdikləri xidmətlərə, həmçinin mülki müalicə müəssisələrində yerləşdirilmiş xəstə hərbi qulluqçuların vəziyyətlərinə və onların vaxtında sağalıb çıxmasına nəzarət etmək;
qarnizon hərbi-tibbi idarələrinin işinə nəzarət etmək və qarnizon hərbi-həkim komissiyasının fəaliyyətinə rəhbərlik etmək;
qarnizon qarovullarının və hauptvaxt binalarının sanitar vəziyyətini ayda bir dəfədən az olmayaraq yoxlamaq; qarnizon hauptvaxtında saxlanan həbs edilənlərin tibbi müayinəsini və onlara tibbi yardım göstərilməsini təşkil etmək;
növbəti çağırışların tibbi təminat tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
ötüb keçən hərbi eşelonların sanitariya vəziyyətinin yoxlanmasını qarnizon rəisinin göstərişi ilə təşkil etmək, həmçinin vağzallarda hərbi qulluqçuların gözləmə salonlarının sanitariya vəziyyətini vaxtaşırı yoxlamaq;
qarnizon hərbi hissələrinin və idarələrinin tibbi heyətinin təcrübə mübadiləsi və əlavə təhsili tədbirlərini qarnizon rəisinin təsdiq etdiyi plan üzrə həyata keçirmək; [2]
qarnizonda ehtiyat tibbi heyətin hazırlanmasına nəzarət etmək;
hərbi qulluqçuların xəsarət (yaralanma, travma, kontuziya) almasına və ya həlak olmasına (ölməsinə)səbəb olan hadisələr, qarnizon hərbi hissələrində və yerli əhali arasında yoluxucu xəstəliklərə tutulma halları və bu xəstəliklərin qarşısını almaq üçün görülən tədbirlər haqqında dərhal qarnizon rəisinə məlumat vermək. [3]

Qarnizonun baytar həkimi

40. Qarnizonun baytar həkimi şəxsi heyətin insan və heyvanlar üçün ümumi xəstəliklərdən qorunmasına kömək edən tədbirlərin, qoşunların heyvan və bitki mənşəli ərzaqla təminatı üzərində baytar nəzarətinin, qarnizon hərbi hissələrində (birləşmələrində, hərbi məktəblərində və idarələrində) və onlara təhkim edilmiş başqa hərbi hissələrdə baytarlıq-profilaktika, epizootiya əleyhinə və müalicə tədbirlərinin təşkilinə və həyata keçirilməsinə cavabdehdir.
Hərbi baytar heyətinin olmadığı qarnizonlarda hərbi hissələrə baytarlıq xidməti Müdafiə Nazirliyi qoşunlarının baytarlıq təminatı planına əsasən həyata keçirilir.
Qarnizon baytar həkiminin vəzifəsidir:
qoşunların şəxsi heyətinin insan və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən, həmçinin kütləvi qırğın silahının təsirinə məruz qalmış ərzaqdan istifadə edilərkən, baş verə bilən xəstəliklərdən və zədələrdən qorunması tədbirlərini tibb xidməti ilə birlikdə təşkil etmək;
qoşunları ət, süd və balıq məhsulları ilə təchiz edən sənaye müəssisələrinin baytar-sanitariya vəziyyətinə nəzarət etmək, anbarlarda (bazalarda) saxlandıqda və nəql edildikdə ərzaq məhsullarının ekspertizasını keçirmək;
zərurət olduqda, hərbi hissələrdə baytarlıq-sağlamlaşdırma tədbirləri keçirilməsini təşkil etmək;
hərbi hissələrin, həmçinin yardımçı (mətbəxyanı) təsərrüfatların heyvanlarına və ətlik-südlük mal-qaraya baytarlıq xidmətini həyata keçirmək;
hərbi hissələrdə heyvanların çıxdaş edilməsinə və kəsilməsinə rəy vermək;
baytarlıq-profilaktika, epizootiya əleyhinə və müalicə tədbirlərini hazırlayıb həyata keçirmək, hərbi hissələrin və yerli müdafiə obyektlərinin epizootik vəziyyətini yoxlamaq, bu məqsədlə qarnizon rəisinin icazəsi ilə hərbi hissələrin baytar heyətini cəlb etmək;
qarnizonun hərbi baytarlıq müəssisələrinin işinə nəzarət etmək;
hərbi hissələrin yerləşdiyi rayonda baytarlıq-sanitariya və epizootik vəziyyətin yaxşılaşdırılması üçün yerli mülki baytarlıq orqanları ilə birlikdə tədbirlərin hazırlanmasında iştirak etmək;
qarnizonda səfərbərlik və həyəcan elan olunması halları üçün baytarlıq təminatı planını, həmçinin düşmən tərəfindən kütləvi qırğın silahının tətbiqinin nəticələrini aradan qaldırmaq üçün baytarlıq xidməti tədbirlərini işləyib hazırlamaq;
kütləvi qırğın silahından heyvanları mühafizə etmək üçün tədbirlər görməkdə mülki müdafiə qərargahına zəruri yardım göstərmək;
ötüb keçən hərbi eşelonların baytarlıq-sanitariya vəziyyətini qarnizon rəisinin göstərişi ilə yoxlamaq;
qarnizon rəisinin təsdiq etdiyi plana əsasən qarnizon hərbi hissələri və müəssisələrinin baytar heyətləri ilə iş təcrübəsi mübadiləsi və əlavə təhsil  sahəsində tədbirlər həyata keçirmək; [4]
qarnizonun baytarlıq-sanitariya vəziyyəti və onun yaxşılaşdırılması üçün zəruri tədbirlər haqqında qarnizon rəisinə məlumat vermək;
hərbi hissələrə məxsus olan və mülki baytarlıq müəssisələrində müalicə edilən heyvanlara necə xidmət göstərildiyinə nəzarət etmək;
qarnizon hərbi hissələrinə və yerli əhaliyə məxsus heyvanlar arasında yoluxucu xəstəliklər baş verməsi və bu xəstəliklərin qarşısının alınması üçün görülən tədbirlər haqqında qarnizon rəisinə dərhal məlumat vermək, xidmət edilən hərbi hissələrin komandirlərinə xəbər vermək.

Qarnizon maliyyə xidmətinin baş rəisi

41. Qarnizon maliyyə xidmətinin baş rəisi qarnizon hərbi hissələrinin pul vəsaiti ilə vaxtında təmin olunmasına və qarnizon rəisinin, həmçinin Müdafiə Nazirliyi maliyyə idarəsi rəisinin maliyyə məsələlərinə dair göstərişlərinin vaxtında yerinə yetirilməsinə cavabdehdir.
Qarnizon maliyyə xidməti baş rəisinin vəzifəsidir:
qarnizon hərbi hissələrinin pul vəsaiti üçün sifarişlərin, tələbnamələrin və müəyyən edilmiş hesabatın vaxtında təqdim edilməsinə nəzarət etmək;
hərbi hissələrin şəxsi heyəti üçün Dövlət bankının yerli idarələrindən pul vəsaitinin alınması müddətləri barəsində qarnizon rəisinə məlumat vermək;
Müdafiə Nazirliyi maliyyə idarəsinin göstərişi ilə qarnizon hərbi hissələrinin şəxsi heyətinə pul paylama cədvəllərini qabaqcadan yoxlamaq;
qarnizon rəisinin təsdiq etdiyi plana uyğun olaraq maliyyə məsələlərinə dair əmrlərin və göstərişlərin öyrənilməsi üçün qarnizon hərbi hissələri maliyyə xidmətinin şəxsi heyəti ilə məşğələlər aparmaq;
qarnizon hərbi hissələrinin daxili yoxlama komissiyalarına təlimat vermək;
qarnizon rəisinin təsdiq etdiyi planlar üzrə qarnizon hərbi hissələri kassalarının gözlənilməz yoxlamalarını keçirmək və qarnizon hərbi hissələrinin maliyyə təsərrüfatlarında aşkar edilmiş nöqsanlar haqqında ona, eləcə də Müdafiə Nazirliyi maliyyə idarəsinin rəisinə məlumat vermək;
Müdafiə Nazirliyi maliyyə idarəsinin göstərişi ilə qarnizon hərbi hissələrinin təftiş aktlarında göstərilən təkliflərin yerinə yetirilməsini yoxlamaq;
qarnizon hərbi hissələrinin şəxsi heyəti arasında hərbi qulluqçuların pul və pensiya təminatı məsələləri haqqında izahat işi aparmaq. [5]

Qarnizon yanğından mühafizə xidmətinin rəisi

42. Qarnizon yanğından mühafizə xidmətinin rəisi qarnizonda yanğından mühafizə xidmətinin vəziyyətinə və qarnizon hərbi hissələrinin yanğınsöndürmə komandalarının daimi hazırlığına bilavasitə cavabdehdir.
Qarnizon yanğından mühafizə xidməti rəisinin vəzifəsidir:
qarnizonun yanğından mühafizə planını işləyib hazırlamaq, yerli yanğından mühafizə orqanları ilə razılaşdırmaq, həmçinin yerli müdafiə planının işlənib hazırlanmasında iştirak etmək;
yanğından mühafizənin vəziyyətinə və hərbi hissələrin yanğınsöndürmə komandalarının xidmətinə nəzarət etmək;
qarnizon hərbi hissələrində və obyektlərində yanğınsöndürmə vasitələrinin saz saxlanmasına diqqət yetirmək;
yaşayış və köməkçi binaların, anbarların, parkların və başqa obyektlərin yanğından mühafizəsindəki çatışmazlıqları tezliklə aradan qaldırmaq üçün tədbirlər görmək; nasaz istilik və işıq cihazlarından, həmçinin yanğından mühafizə avadanlığı ilə təchiz edilməmiş tamaşa salonlarından və başqa binalardan istifadə olunmasını qadağan etmək;
təlim mərkəzlərinə və düşərgələrə getmiş, yaxud qarnizonun tərkibindən çıxmış hərbi hissələrin kazarma binalarının, həmçinin qarnizonun hərbi şəhərciklərində zabitlərin yaşayış evlərinin yanğından mühafizə vəziyyətini yoxlamaq;
qarnizon hərbi hissələrinin yanğından mühafizə xidməti rəislərinə təlimat vermək və vaxtaşırı onlarla xüsusi məşğələlər keçirmək;
qarnizon rəisinin təsdiq etdiyi plan üzrə qarnizon hərbi hissələrinin yanğınsöndürmə komandalarının təlim məşğələlərini və qarnizon qarovullarının mühafizə etdikləri obyektlərdə təlim-yanğın həyəcanları keçirmək;
obyektlərin yerli müdafiəsi üzrə yanğınsöndürmə dəstələrinin xüsusi hazırlığını təşkil etmək və nəzarətdə saxlamaq, onların yanğınsöndürmə vasitələri ilə təmin olunmasına nəzarət etmək;
qarnizon rəisinin icazəsi ilə qarnizonda yanğından mühafizə xidmətinin vəziyyətini yoxlamaq üçün hərbi hissələrin yanğından mühafizə xidmətindən şəxslər cəlb etmək;
qarnizonda yanğın baş verdikdə, hərbi hissələrin və yerli yanğınsöndürmə komandalarını çağırmaq, yanğının söndürülməsində onların işinə rəhbərlik etmək;
qarnizonda yanğın baş verməsi və onun söndürülməsi üçün görülən tədbirlər haqqında dərhad qarnizon rəisinə, o olmadıqda isə qarnizon hərbi komendantına məlumat vermək, yanğının başvermə səbəblərini yerində araşdırmaq;
qarnizonun yanğından mühafizəsindəki nöqsanlar və onların aradan qaldırılması üzrə öz mülahizələri haqqında qarnizon rəisinə vaxtında məlumat vermək.
Qarnizonun hərbi dirijoru

43. Qarnizonun hərbi dirijoru qarnizon üçün ümumi olan tədbirlərə hərbi hissələrin orkestrləri tərəfindən xidmət göstərilməsinə və qarnizonun birləşmiş orkestrinin hazırlığına cavabdehdir.
Qarnizon hərbi dirijorunun vəzifəsidir:
qarnizonda öz orkestrləri olmayan hərbi hissələrə başqa hərbi hissələrin orkestrləri tərəfindən xidmət göstərilməsini təşkil etmək və bu hərbi hissələrin komandirlərinə bölük təbilçiləri hazırlamaqda yardım göstərmək;
qarnizon qarovullarının dəyişməsi və başqa qarnizon tədbirlərinin keçirilməsi üçün hərbi hissələrin orkestrlərinin naryad cədvəllərini tərtib etmək;
qarnizon rəisinin təsdiq etdiyi plana əsasən qarnizon hərbi hissələri orkestrlərinin ixtisas hazırlığına nəzarət etmək; qarnizonun birləşmiş orkestrinin sıra və ixtisas hazırlığını keçirmək və ona rəhbərlik etmək.

Qarnizonun mənzil-istismar hissəsi rəisi

44. Qarnizonun mənzil-istismar hissəsi rəisi kazarma-mənzil fondunun istismarının, vaxtında təmir edilməsinin və uçotunun təşkilinə, həmçinin mənzil-istismar hissəsində uçotda olan hərbi hissələrin mənzil təminatının təşkilinə cavabdehdir. O, Müdafiə Nazirliyinin mənzil-istismar idarəsi rəisinə tabedir. Kazarma fondundan istifadə olunması, yaşayış sahəsinin bölüşdürülməsi və qoşunların məişət şəraitinin yaxşılaşdırılması məsələləri üzrə o, mənzil-istismar hissəsinin xidmət etdiyi qarnizon rəislərinin göstərişlərini yerinə yetirməlidir.
45. Qarnizonun mənzil-istismar hissəsi rəisinin vəzifəsidir:
qarnizon rəislərinə qarnizon kazarma-mənzil fondundan istifadə olunmasına aid təkliflər və hesablamalar, çatışmayan fondun ayrılması üçün yerli hakimiyyət orqanlarına göndərilən tələbnamələr haqqında məlumat vermək;
qarnizonlarda yaşayış sahələrinin bölüşdürülməsi planlarını qarnizon rəislərinin təsdiqinə vermək, qarnizonlara təhkim olunmuş bütün yaşayış sahəsinin uçotunu aparmaq;
hərbi hissələr tərəfindən binalardan, kommunal qurğulardan, kazarma inventarından və mebeldən istismarın düzgünlüyünü yoxlamaq, onların qorunub saxlanması və vaxtında təmiri üçün tədbirlər görmək;
qarnizonların hərbi şəhərciklərinin ərazisinin abadlaşdırılması, yaşıllaşdırılması, hasarlanması və təmizlənməsi planlarını hazırlayıb qarnizon rəislərinin təsdiqinə vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
kazarma-mənzil fondunun, məişət müəssisələrinin və digər hərbi binaların təmir işlərinə rəhbərlik etmək və bilavasitə hərbi hissələrin gördüyü təmir-tikinti işlərinə nəzarət etmək;
hərbi hissələri mənzil təminatının bütün növləri ilə təmin etmək və ondan düzgün istifadə olunmasını yoxlamaq;
hərbi hissələrin elektrik enerjisi, su və yerli inşaat materialları ilə təmin olunmasını təşkil etmək və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
mənzil təminatı ilə əlaqədar materiallar və pul vəsaiti üçün hərbi hissələrin tələbnamələrinin düzgünlüyünü yoxlamaq, ümumi tələbnamələr tərtib edib yuxarı təminat orqanlarına təqdim etmək;
mənzil-istismar hissəsinin xidmət etdiyi hərbi hissələrdə texniki məsələlər üzrə mənzil-istismar xidmətinə rəhbərlik etmək;
hərbi şəhərciklərin, binaların, kommunal avadanlığın, mənzil təminatının bütün növlərinin və mənzil təminatına buraxılan pul vəsaitinin uçotunu aparmaq;
qarnizonlarda obyektlərin yerli müdafiə planlarının işlənib hazırlanmasında və müvafiq tədbirlərin keçirilməsində iştirak etmək; qarnizonlarda yerli müdafiənin mühafizə və xüsusi qurğularının uçotunu aparmaq, onların düzgün istismarına və qorunub saxlanmasına nəzarət etmək;
qarnizonlarda səfərbərlik və həyəcan elan olunması halları üçün mənzil-istismar xidməti üzrə tədbirlər planlarını işləyib hazırlamaq.

Dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun hərbi komendantı

46. Dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun hərbi komendantı öz sahəsinin və stansiyasının (limanının), aeroportunun ərazisi hüdudlarında hərbi qulluqçular arasında yüksək hərbi intizamın saxlanması üzrə qarnizon hərbi komendantının vəzifələrini yerinə yetirir. Bu vəzifələri yerinə yetirərkən, dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun hərbi komendantı qarnizon rəisinə tabedir. Hərbi yükdaşıyan nəqliyyatları müşayiət edən qarovullar isə ona tabedir.
47. Dəmiryol (su yolu) sahəsi və stansiyası (limanı), aeroport hərbi komendantının vəzifəsidir:
dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun ərazisində hərbi qulluqçular tərəfindən hərbi intizamın saxlanmasına və müəyyən edilmiş geyim forması qaydalarına riayət edilməsinə diqqət yetirmək;
stansiyaya (limana, aeroporta) gələn sərnişin qatarlarını (gəmilərini, hava gəmilərini), qarovulların müşayiət etdiyi hərbi eşelonları və hərbi yüklü nəqliyyatları qarşılamaq və ya bu məqsədlə öz köməkçilərini göndərmək; hərbi intizamın vəziyyətini, hərbi qulluqçuların maddi-məişət təminatını, yüklərin, eləcə də material hissənin bərkidilməsini yoxlamaq;
hərbi intizamı kobudcasına pozan və ya cinayət törətmiş hərbi qulluqçuları saxlamaq, zərurət olduqda isə qatarlardan, dəniz (çay) və hava gəmilərindən düşürmək;
hərbi gözləmə salonlarında və hərbi kassalarda qayda-qanunu müəyyənləşdirmək və saxlamaq, hərbi qulluqçuların və onların ailələrinin hərbi bilet almaq növbəsini təyin etmək;
yükləri almağa və onları yolda qorumağa gedən və ya öz hərbi hissələrinə qayıdan qarovulları ləngimədən yola salmaq;
onun sərəncamına ayrılmış patrullara təlimat vermək və onların nöqsansız xidmət etmələrinə diqqət yetirmək;
minikdəyişmə məntəqələrində tək və ya komanda tərkibində gedən hərbi qulluqçuların mədəni-məişət xidmətini və istirahətini təşkil etmək;
dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun ərazisində yerləşən qarnizon qarovullarının, həmçinin hərbi yüklü nəqliyyatı müşayiət edən qarovulların xidmətini yoxlamaq;
keçib gedən hərbi eşelonlarda və hərbi yüklü nəqliyyatlarda yanğından mühafizə qaydalarının yerinə yetirilməsini yoxlamaq;
vağzalda hərbi gözləmə salonlarının və keçib gedən hərbi eşelonların, qarovulların mindiyi vaqonların sanitariya vəziyyətinə diqqət yetirmək, həmçinin yolda xəstələnmiş və ya zərər çəkmiş hərbi qulluqçulara tibbi yardım göstərilməsi üçün tədbirlər görmək;
baş vermiş bütün hadisələr, hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulması və görülən tədbirlər haqqında qarnizon rəisinə məlumat vermək;
hərbi qulluqçular tərəfindən törədilmiş və ya onlara qarşı, həmçinin dövlət və ya hərbi mülkiyyət əleyhinə edilmiş cinayətlər və fövqəladə hadisələr barəsində qarnizon hərbi prokuroruna xəbər vermək.
48. Hərbi qulluqçular hərbi intizamı pozduqda, dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun hərbi komendantı bu Nizamnamənin 27-ci maddəsinin göstərişlərini rəhbər tutmalıdır. O, intizamı pozduğuna görə tutulmuş hərbi qulluqçunu, lazım gəldikdə, patrul və nəqliyyat çağıraraq qarnizon hərbi komendantının yanına göndərməlidir.

Hərbi şəhərciyin böyüyü

49. Hərbi şəhərciyin böyüyü hərbi şəhərcik ərazisində hərbi qulluqçular arasında yüksək hərbi intizamın qaydada saxlanmasına cavabdehdir.
Hərbi şəhərcik böyüyünün vəzifəsidir:
hərbi şəhərcikdə daxili qayda-qanunu müəyyənləşdirmək və saxlamaq; zərurət olduqda hərbi qulluqçuların rəftarına nəzarət etmək üçün hərbi şəhərciyin hüdudları daxilində daxili patrullar təyin etmək;
hərbi şəhərciyin mühafizəsini təşkil etmək, nəzarət-buraxılış məntəqələrində naryad xidmətini şəxsən və öz qərargahı vasitəsilə yoxlamaq;
hərbi hissələrə təhkim edilmiş ərazilərin qaydada saxlanmasına nəzarət etmək.
Bu məsələlər üzrə hərbi şəhərcik böyüyünün göstərişləri hərbi şəhərciyin ərazisində yerləşən bütün hərbi hissələrin və bölmələrin komandirləri üçün məcburidir.
50. Daxili patrullar qarnizon patrulları üçün nəzərdə tutulmuş qaydaya uyğun olaraq xidmət edirlər.
Daxili patrul rəisi, komandiri hərbi şəhərciyin böyüyü olan hərbi hissə növbətçisinə tabedir.

Qarnizon hauptvaxtı rəisi

51. Qarnizon hauptvaxtı rəisi hauptvaxtda qayda-qanuna əməl olunmasına, həbs edilənlərin düzgün saxlanmasına, həmçinin hauptvaxt əmlakının və avadanlığının qorunub saxlanmasına cavabdehdir.
Hauptvaxtdakı qarovul rəisi ona tabedir.
52. Qarnizon hauptvaxtı rəisinin vəzifəsidir:
həbs edilənlərin müvafiq sənədlərinin olmasını və düzgün tərtib edilməsini yoxlayıb onları hauptvaxta qəbul etmək, həmçinin həbs edilənlərin siyahısını tutmaq, onların saxlanması qaydalarına dəqiq əməl olunmasına nəzarət etmək (4-cü əlavə);
həbs haqqında sənədləri (cinayət prosesini həyata keçirən orqanın qərarını) saxlamaq, həbs edilənlərin sənədlərinin və şəxsi əşyalarının saxlanmasını təmin etmək;
hauptvaxt nəzdindəki qarovul rəisinə qarovul xidmət yerinə gələndə təlimat vermək;
qarovulun yeni rəisinə hauptvaxtda saxlanan həbs edilənlərin, ayrıca əsgərlərin (matrosların) və çavuşların, ayrıca gizirlərin (miçmanların) və ayrıca zabitlərin ad siyahılarını təqdim etmək; həbs edilənlərin siyahısında vaxtında zəruri dəyişikliklər etmək;
kameralar üzrə həbs edilənlərin səhər baxışlarının və axşam yoxlamalarının keçirilməsini vaxtaşırı yoxlamaq;
həbs edilənlərin əl-üz yuması, təbii ehtiyaclarını yerinə yetirməsi və gəzintiyə çıxarılması, həmçinin bu zaman onların mühafizəsi qaydasını müəyyən etmək;
həbs edilənlərin həbs müddəti qurtardıqdan sonra qauptvaxtdan azad etmək barədə, həmçinin həbs edilənləri qarnizon hərbi komendantının göstərişi ilə işə, hamama və cinayət prosesini həyata keçirən orqanın tələbi ilə prosessual hərəkətlərin həyata keçirilməsi məqsədilə göndərmək barədə qarovul rəisinə yazılı sərəncamlar vermək; həbs edilənlərin iş vaxtını, yerini və növünü göstərməklə işinin uçotunu aparmaq;
intizam qaydasında hauptvaxtda saxlanan zabitlər, gizirlər (miçmanlar) və çavuşlar, həmçinin əsgərlər (matroslar) işə cəlb olunmadıqları vaxt onlarla sıra təliminə və nizamnamələrin öyrənilməsinə aid məşğələlər təşkil etmək və keçirmək; hauptvaxtda saxlanan həbs edilənlərlə ictimai-siyasi və tərbiyə işi aparmaq;
hauptvaxtın və qarovul otağının sanitariya və yanğından mühafizə vəziyyətinə, onların vaxtında təmizlənməsinə, işıqlandırılmasına və qızdırılmasına diqqət yetirmək;
xəstələnmiş həbs edilənlər haqqında qarnizon tibb xidməti rəisinə xəbər vermək; xəstəni müalicə müəssisəsinə göndərmək zərurəti haqqında həkimin rəyi olduqda, bu barədə qarnizon hərbi komendantına məlumat vermək;
həbs edilənlərin kameralarının, hauptvaxtın avadanlığının və inventarının, qarovul otağının və postların saz saxlanmasına, həmçinin onların vaxtında təmir edilməsinə diqqət yetirmək;
həbs edilənlərdən şikayətləri (ərizələri), təklifləri qəbul etmək və komanda üzrə ötürmək;
hauptvaxt nəzdindəki qarovulların xidməti düzgün yerinə yetirmələrini hər gün yoxlamaq və bu barədə postlar cədvəlində müvafiq qeydlər etmək;
qarnizon hərbi komendantına hauptvaxtda hərbi intizamın vəziyyəti, gün ərzində qəbul olunan və hauptvaxtda saxlanan həbs edilənlərin sayı və boş yer olması haqqında hər gün, hadisələr haqqında isə dərhal məlumat vermək;
nizamnamələrin, hərbi ədəbiyyatın uçotunu aparmaq, onları saxlamaq və həbs edilənlərə vermək;
qarnizon rəisini, onun birbaşa rəislərini, qarnizon rəisi müavinlərini və qarnizon hərbi komendantını, həmçinin qoşunlarda təftiş (yoxlama) aparılmasına rəhbərlik etmək üçün gələnləri və onların göstərişi ilə təftiş (yoxlama) aparılmasına rəhbərlik etmək üçün gələnləri və onların göstərişi ilə təftiş (yoxlama) qrupu üzvlərindən olan zabitləri (generalları, admiralları) qarşılamaq, özünü onlara təqdim etmək və hauptvaxtda onları müşayiət etmək;

III fəsil.
Qarnizon qarovulları növbətçisi və onun köməkçisi

53. Qarnizon qarovullarına bilavasitə rəhbərlik etmək üçün qarnizon hərbi hissələrinin nizami zabitlərindən vəzifəcə bölük (batareya) komandirindən kiçik olmayan qarovullar növbətçisi və kiçik zabitlərindən isə onun köməkçisi təyin olunur. Qarovulların sayı az, yaxud onlar bir-birinə yaxın olduqda, qarovullar növbətçisinin köməkçisi təyin edilməyə bilər.
Ancaq bir qarnizon qarovulu təyin olunduğu qarnizonlarda qarnizon rəisinin əmri ilə qarovullar növbətçisinin vəzifəsi qarovul təyin edilən hərbi hissənin növbətçisinə həvalə edilə bilər.
Qarnizon qarovullarının sayı çox olduqda və onlar bir-birindən xeyli aralı yerləşdikdə onlar bölmələrə bölünə bilər. Bu halda hər bölməyə qarovullar növbətçisi, zərurət olduqda isə onun köməkçisi təyin edilir.
54. Qarovullar növbətçisi qarnizon qarovullarının düzgün xidmət etmələrinə cavabdehdir. O, qarnizon rəisinə və hərbi komendanta tabedir.
Qarovullar növbətçisinin vəzifəsidir:
növbəyə başlamazdan qabaq hərbi hissə qərargahından onun qarovullar növbətçisi təyin olunması haqqında yazılı göstəriş almaq;
təyin edilmiş vaxtda qarnizon hərbi komendantının yanına gəlmək, qarovullar növbətçisi təyin olunması haqqında yazılı göstərişi ona təqdim etmək, köhnə və təzə parollar yazılmış kağızları və lazımi göstərişləri almaq;
köhnə qarovullar növbətçisinə özünü təqdim etmək və ona köhnə parolları bildirmək;
qarovullar naryadı cədvəlini, postların yerləşmə sxemlərini, postlar tabellərini, qarovul rəisləri üçün təlimatları və qarovul növbətçisi üçün təlimatı öyrənmək;
qarnizon qarovullarının dəyişməsini keçirmək;
onun üçün ayrılmış otaqda olmaq; xidməti işlə əlaqədar başqa yerə gedərkən, köməkçisini otaqda öz yerinə qoymaq, haraya və hansı müddətə getdiyini ona bildirmək;
qarnizon qarovullarının xidmətini, hasarların, qarovul otaqlarında və postlarda rabitə vasitələrinin, siqnalizasiyanın, yanğınsöndürmə vasitələrinin sazlığını gündə azı iki dəfə (bir dəfə gecə) şəxsən yoxlamaq, nöqsanların aradan qaldırılması üçün dərhal tədbirlər görmək;
gecə vaxtı döyüş texnikası dayanacaqlarını və yerləşdikləri zonaları, hava tutqun olduqda isə gündüz də yoxlamaq və yoxlamanın nəticəsini postlar cədvəlində qeyd etmək;
hava şəraitindən asılı olaraq qarovulların postda dayanma müddətinin dəyişdirilməsi barədə göstərişlər vermək;
qarnizon rəisini və öz birbaşa rəislərini, həmçinin qarnizon hərbi komendantını qarşılamaq, onlara raport vermək, məsələn: «Yoldaş polkovnik. Qarovullarda növbətçiliyim zamanı hadisə baş verməyib (yaxud baş verib filan-filan). Qarovullar növbətçisi kapitan Həsənov»;
qarovulları yoxlamaq üçün gəlmiş şəxslərin qabaqcadan şəxsi vəsiqələrini və qarovulları yoxlamaq hüququ barədə birdəfəlik vəsiqəsini yoxlayaraq, onları müşayiət etmək, yaxud bunun üçün öz köməkçisini göndərmək (244-cü maddə);
qarnizonun növbətçi bölməsinin həyəcan və ya çağırış üzrə hərəkətə hazırlığını yoxlamaq.
55. Dəyişmə qurtarandan sonra yeni qarovullar növbətçisi köhnə növbətçidən siyahıda göstərilən sənədləri qəbul edir.
Qarovul rəisləri növbənin dəyişdirilməsi haqqında məlumat verdikdən sonra qarovul növbətçiləri qarnizon rəisinə, o olmadıqda isə qarnizon hərbi komendantına növbətçiliyin təhvil-təslimi haqqında məlumat verirlər, məsələn: «Yoldaş general-mayor. Kapitan Həsənov qarovul növbətçiliyini təhvil verdi»; «Yoldaş general-mayor. Kapitan Xəlilov qarovul növbətçiliyini qəbul etdi». Sonra yeni növbətçi yeni növbəni qəbul edərkən aşkar edilmiş bütün çatışmazlıqlar haqqında, köhnə növbətçi isə qarovulların xidməti zamanı aşkar edilmiş çatışmazlıqlar və onların aradan qaldırılması tədbirləri, həmçinin keçən sutka ərzində baş vermiş hadisələr haqqında məlumat verirlər. Məlumatdan sonra yeni növbətçi bu qeydlərlə növbətçilərin təhvil-təslim kitabını baxmaq üçün qarnizon hərbi komendantına təqdim edir.
56. Qarnizon qarovullarının birində hadisə baş verdikdə, qarovullar növbətçisi dərhal hadisə yerinə gedir, zərurət olduqda, qarnizon rəisinin və ya hərbi komendantın icazəsi ilə növbətçi bölməni və ya onun bir hissəsini, yanğın zamanı isə ondan əlavə, yanğınsöndürmə komandasını çağırır.
Qarovullarda baş vermiş hadisələr və görülmüş tədbirlər haqqında qarovullar növbətçisi qarnizon hərbi komendantına, yaxud qarnizon rəisinə dərhal məlumat verir, qarovulun təyin olunduğu hərbi hissə komandirinə xəbər verir.
57. Qarovullar növbətçisi qəflətən xəstələnərsə, vəzifəsinin icrasını müvəqqəti olaraq öz köməkçisinə həvalə edir, bu barədə qarnizon hərbi komendantına məlumat verir, sonra isə onun göstərişlərinə əsasən hərəkət edir.
58. Qarovul rəisi qəflətən xəstələndikdə, qarovullar növbətçisi onu hərbi hissəyə, təcili tibbi yardım tələb olunduqda isə yaxındakı müalicə müəssisəsinə göndərir. Qarovullar növbətçisi qarovul rəisi vəzifəsinin icrasını qarovul rəisinin köməkçisinə (dəyişdiriciyə) həvalə edir və ya xəstələnəni əvəz etmək üçün hərbi hissədən yeni qarovul rəisi çağırır, onunla birlikdə qarovul otağına gedir və qarovulun qəbuluna rəhbərlik edir. Qarovullar növbətçisi yeni qarovul rəisinə qüvvədə olan parolu bildirir və bu hadisə haqqında qarnizon hərbi komendantına dərhal məlumat verir.
59. Ştat üzrə hərbi komendantın növbətçi köməkçiləri vəzifəsinin nəzərdə tutulmadığı qarnizonlarda qarnizon patrullarının xidmətinə rəhbərlik üzrə onların vəzifələri qarnizon rəisinin əmri ilə qarovullar növbətçisinə həvalə edilir.
60. Qarovullar növbətçisinin köməkçisi qarovullar növbətçisinə tabedir.
Qarovullar növbətçisi köməkçisinin vəzifəsidir:
qarnizon hərbi komendantından göstərişlər almaq üçün təyin olunan vaxtda onun yanına gəlmək;
qarovullar naryadı cədvəlini, postların yerləşmə sxemlərini, postlar tabelini, qarovulun rəisləri və qarovullar növbətçisi üçün təlimatları öyrənmək;
qarovulları dəyişmə üçün vaxtında sıraya düzmək və onların tərkibini yoxlamaq, qarovul rəislərinin hərbi rütbələrini və soyadlarını yazmaq, qarovulların şəxsi heyətinə qarovullar növbətçisinin hərbi rütbəsini və soyadını, eləcə də öz soyadını elan etmək;
qarovullar növbətçisinin otağında olan əmlakı və avadanlığı siyahı ilə qəbul etmək;
qarovullar növbətçisinin əmri ilə qarovulların xidmətlərini yoxlamaq, nöqsanların aradan qaldırılması üçün tədbirlər görmək və bu barədə qarovullar növbətçisinə məlumat vermək;
qarovullar növbətçisi olmadıqda onun vəzifələrini yerinə yetirmək.
61. Qarovullar növbətçisi və onun köməkçisi qarnizon hərbi komendantlığında, bölmə qarovulları növbətçisi və onun köməkçisi isə qarnizon hərbi komendantının göstərişi ilə öz bölməsinin qarovullarından birində olmalıdır.
Qarovullar (bölmə qarovulları) növbətçisi və onun köməkçisi onların təyin olunduqları hərbi hissənin nəqliyyat vasitələri ilə təmin edilirlər.
Qarovullar növbətçisi və onun köməkçisi tapança ilə silahlanırlar.
62. Qarovullar növbətçisinə və onun köməkçisinə növbətçilik zamanı qarnizon rəisinin təyin etdiyi vaxtda bir-birini əvəz etməklə 4 saatdan çox olmayaraq silahını çıxarmadan və soyunmadan uzanıb dincəlməyə (yatmağa) icazə verilir.
63. Daxili qarovullara (gəmi qarovullarına) aid olan qarovullar növbətçisi vəzifəsini hərbi hissə (gəmi) növbətçisi, qarovullar növbətçisinin köməkçisi vəzifəsini isə hərbi hissə növbətçisinin köməkçisi yerinə yetirir.
Düşərgə qarovullarına aid olan qarovullar növbətçisi vəzifəsini düşərgə toplanışı növbətçisi yerinə yetirir.

IV fəsil.
Qarnizonda patrulluqetmə

64. Hər bir qarnizonda hərbi qulluqçular arasında qayda-qanunu və yüksək hərbi intizamı saxlamaq üçün qarnizon rəisinin əmri ilə küçələrdə və ictimai yerlərdə, dəmiryol stansiyalarında, vağzallarda, limanlarda, aeroportlarda, həmçinin qarnizona bitişik yaşayış məntəqələrində patrulluqetmə təşkil olunur, bundan ötrü qarnizon hərbi hissələrinin, hərbi məktəblərinin və müəssisələrinin tərkibindən patrullar təyin edilirlər.
Patrullar piyada, motosikllərdə, yaxud avtomaşınlarda ola bilərlər.
65. Qarnizonda patrulluq etmə qarnizon rəisinin təyin etdiyi günlərdə və saatlarda həyata keçirilir.
Patrullar sutkalıq, yaxud günün və ya gecənin müəyyən vaxtı üçün təyin edilə bilərlər.
Sutkalıq təyin edilən patrullar hər 4 saatdan bir hərbi komendantlıqda iki saat dincələrək növbə ilə patrulluq edirlər.
66. Qarnizon patrulları qarnizon hərbi komendantına və hərbi komendantın növbətçi köməkçisinə (hərbi komendantın növbətçi köməkçisi olmayan yerlərdə qarovullar növbətçisinə) tabedirlər. Dəmiryol stansiyalarında, dəniz (çay) limanlarında və aeroportlarda patrulluq etməyə təyin olunan patrullar onlardan əlavə, dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun hərbi komendantına tabedirlər.
67. Patrul patrul rəisindən və iki-üç patrul nəfərindən ibarətdir.
Patrula həvalə edilən vəzifələrdən asılı olaraq, ona zabitlərdən, gizirlərdən (miçmanlardan) və ya çavuşlardan rəis təyin edilir.
Bakı qarnizonunda, həmçinin dəmiryol stansiyası (liman, aeroport) rayonunda patrulluqetmə üçün təyin edilən patrulun rəisi zabitlərdən təyin edilir.
Patrul nəfərləri əsgərlərdən (matroslardan) və ya çavuşlardan təyin olunurlar.
68. Patrul naryadı şəraitdən asılı olaraq silahlı və ya silahsız ola bilər. Zabitlərdən və gizirlərdən (miçmanlardan) təyin edilmiş patrul rəisləri bütün hallarda iki dolu maqazini olan tapança ilə silahlanırlar. Patrulun qalan şəxsi heyətinin silahlanmasını qarnizon rəisi qarnizon üzrə əmrlə müəyyən edir.
69. Patrulun şəxsi heyətinin sol qolunda qırmızı materialdan sarğı olmalıdır. Bu sarğıya ağ boya ilə «PATRUL» sözü yazılır, yaxud ağ materialdan tikilir. Sarğının uzunluğu 30-40 sm, eni 10 sm olmalıdır.
Bakı qarnizonu patrullarının geyim formasını Azərbaycan Respublikasının müdafiə naziri müəyyən edir.
70. Patrul naryadı cədvəlini, patrulluqetmə sxemini və patrullar üçün təlimatı qarnizon hərbi komendantı tərtib edir və qarnizon rəisi təsdiq edir.
Patrul naryadı cədvəlində patrulların sayı, tərkibi, silahları, geyim forması, xidmət tarixi və patrul təyin olunan hərbi hissə (bölmə) göstərilir.
Patrul xidməti sxemində patrul nəfərlərinin hərəkət marşrutları, ictimai yerlər (teatrlar, mədəniyyət evləri, kinoteatrlar, klublar və s.) kütləvi gəzinti yerləri, hərbi komendantlıqla əlaqə saxlamaq üçün telefonlar, həmçinin polis şöbələrinin, sahə polis müvəkkillərinin yerləşdikləri yerlər göstərilir.
Patrullar üçün təlimatda patrulların vəzifələri, onların hər bir hərəkət marşrutunda xidmət xüsusiyyətləri, qarnizon hərbi komendantlığı, yaxınlıqdakı polis şöbələri, sahə polis müvəkkilləri ilə əlaqə üsulları göstərilir.
Qarnizonun patrul naryadı cədvəlindən çıxarışlar, yeni ayın başlanmasına 10 gün qalmış patrul xidmətinə cəlb edilən bütün hərbi hissələrə göndərilir.
71. Patrul heyəti naryadın başlanmasına ən geci bir gün qalmış bir qayda olaraq ancaq eyni bölmədən təyin edilir.
Patrul heyətinə intizamlı, tələbkar, yaxşı sıra hazırlığı olan, fiziki cəhətdən sağlam və yaxşı xidmət edən hərbi qulluqçular təyin edilirlər.
Qarnizon patrullarının təyin olunduğu hərbi hissə komandirləri patrulların şəxsi heyətinin seçilməsi, onun xidmətə hazırlanması və vaxtında qarnizon hərbi komendantının yanına təlimata göndərilməsi üçün məsuliyyət daşıyırlar.
72. Qarnizon patrulu rəisinə növbəyə başlaması ərəfəsində hərbi hissə qərargahı tərəfindən yazılı göstəriş verilir, bu göstəriş əsasında qarnizon hərbi komendantı ona patrulluqetmə hüququ haqqında vəsiqə təqdim edir. Vəsiqədə hərəkət marşrutu, patrul xidmətinin vaxtı və xüsusi tapşırıqlar göstərilir.
73. Patrul rəisinin vəzifəsidir:
təyin olunmuş vaxtda qarnizon hərbi komendantının yanına təlimata gəlmək və zəruri sənədləri öyrənmək;
patrulun vəzifələrini bilmək və patrul nəfərlərinin xidmətinə rəhbərlik etmək;
hərbi qulluqçular tərəfindən hərbi intizam tələblərinin yerinə yetirilməsinə və müəyyən edilmiş geyim forması qaydalarına əməl edilməsinə diqqət yetirmək;
hərbi rütbəcə özünə bərabər və özündən kiçik olan hərbi qulluqçular hərbi intizamı pozduqda, onlara xəbərdarlıq etmək, zəruri hallarda onların sənədlərini yoxlamaq, ehtiyac olarsa onları qarnizon hərbi komendantlığına göndərmək;
qayda-qanunu bərpa etməklə rəislərə və böyüklərə yardım göstərmək və hərbi intizamı pozan hərbi qulluqçuları onların tələbi ilə qarnizon hərbi komendantlığına göndərmək;
qarnizon hərbi komendantlığı (qarovullar növbətçisi), həmçinin polis postları ilə əlaqə yaratmaq üçün öz marşrutunda telefon olan yerləri bilmək və patrulluqetmə haqqında hərbi komendanta və ya onun köməkçisinə (qarovullar növbətçisinə) vaxtaşırı məlumat vermək;
küçələrdə və ictimai yerlərdə mülki şəxslər arasında qayda-qanunun saxlanmasında polis işçilərinə zəruri yardım göstərmək;
tutulub saxlanan və qarnizon hərbi komendantlığına göndərilən hərbi qulluqçuların siyahısını tərtib etmək (6 saylı əlavə); patrul xidməti qurtardıqdan sonra siyahını qarnizon hərbi komendantına təqdim etmək, patrul şəxsi heyəti ilə birlikdə öz hərbi hissəsinə qayıtmaq və tapşırığın yerinə yetirilməsi haqqında hərbi hissə növbətçisinə məlumat vermək.
Hərbi qulluqçu sərxoş halda tutulub saxlandıqda, patrul rəisi ondan heç bir izahat tələb etməməlidir.
74. Patrul nəfərinin vəzifəsidir:
sayıq xidmət etmək, hərbi qulluqçuların davranışına nəzarət etmək, onlar tərəfindən hərbi intizamın və ictimai qaydanın pozulması hallarını gördükdə, bu barədə patrul rəisinə məlumat vermək;
patrul rəisinin əmrlərini tez və düzgün yerinə yetirmək, onun icazəsi olmadan heç yerə getməmək;
tutulub saxlananlardan patrul rəisinin əmri olmadan heç bir şey qəbul etməmək və onlara heç nə verməmək;
tutulub saxlananların xahişləri barəsində patrul rəisinə məlumat vermək;
patrul növbətçiliyini qurtarandan sonra öz bölməsinə qayıtmaq və gəlməsi haqqında növbətçiyə məlumat vermək.
75. Patrul şəxsi heyəti xidmət vəzifələrini yerinə yetirərkən, hərbi intizamın saxlanmasında, geyim forması, hərbi nəzakət və əsgəri salamlaşma qaydalarının yerinə yetirilməsində nümunəvi olmalıdır. Xidmət vaxtı ona kənar şəxslərlə danışmaq və başqa yollarla öz vəzifəsini yerinə yetirməkdən yayınmaq qadağandır.
76. Hərbi rütbəcə özünə bərabər və ya özündən kiçik olan hərbi qulluqçulara müraciət etdikdə patrul rəisi onun hərbi rütbəsini və öz vəzifəsini deyərək, zəruri tələbləri irəli sürür, məsələn: «Yoldaş çavuş. Mən patrul rəisiyəm. Siz geyim formasını pozmusunuz. Filan-filanı yerinə yetirin».
77. Müddətli xidmət hərbi qulluqçuları buraxılmada olduqları zaman müəyyən edilmiş geyim forması, əsgəri salamlaşma qaydalarını kobudcasına pozarlarsa, bu və ya başqa şəkildə intizamsızlıq göstərərlərsə, patrul rəisi tədbir görülməsi üçün belə hərbi qulluqçuların buraxılmasını dayandırıb onları patrulların müşayiəti ilə hərbi komendantlığa göndərmək və ya öz hərbi hissələrinə qaytarmaq hüququna malikdir. Buraxılma vərəqələri ilə başqa qarnizondan gəlmiş hərbi qulluqçular da tutulub saxlanır və hərbi komendantlığa göndərilirlər. Tutulmanın vaxtı və səbəbi barəsində patrul rəisi hərbi qulluqçunun buraxılma vərəqəsində müvafiq qeydlər edir.
Hərbi qulluqçu tutularkən tabe olmadıqda və ya müqavimət göstərdikdə, patrul rəisinin ona qarşı güc tətbiq etmək hüququ vardır.
Tutulub saxlanmış hərbi qulluqçuların soyuq və odlu silahları, döyüş sursatı, həmçinin şəxsiyyətini təsdiq edən sənədləri alınaraq patrul rəisi tərəfindən qarnizon hərbi komendantına və ya onun köməkçisinə (qarovullar növbətçisinə) təhvil verilir.
78. Hərbi rütbəcə böyük hərbi qulluqçu hərbi intizamı pozduqda patrul rəisi ona müraciətlə xahiş edir ki, intizamın pozulmasına son qoysun. Xahiş yerinə yetirilmədikdə patrul rəisi dərhal bu barədə qarnizon hərbi komendantına və ya onun köməkçisinə (qarovullar növbətçisinə) məlumat verməli və onların göstərişləri ilə hərəkət etməlidir.
79. Silah işlətmək son tədbirdir və ancaq müstəsna hallarda, yəni təxirə salınması heç cür mümkün olmadıqda, bütün başqa görülmüş tədbirlər nəticə vermədikdə və ya şəraitə görə başqa tədbirlərin görülməsi mümkün olmadıqda buna yol verilir.
Patrul rəisi şəxsən, yaxud onun əmri ilə patrul nəfərləri ancaq aşağıda göstərilən hallarda silah işlədə bilərlər:
hərbi qulluqçuları, zərurət olduqda isə mülki şəxsləri onların həyatı üçün təhlükə yaradan basqından başqa yolla müdafiə etmək mümkün olmadıqda;
patrula basqın nəticəsində patrul rəisinin və ya patrul nəfərlərinin həyatı bilavasitə təhlükəyə məruz qaldıqda, habelə onların silahını almaq cəhdlərini aradan qaldırmaq lazım gəldikdə;
silahlı müqavimət göstərən cinayətkarı tutarkən.
Silah işlətməzdən əvvəl, şərait imkan verirsə, patrul rəisi səslə və ya havaya atəş açmaqla silah işlədiləcək şəxsə xəbərdarlıq etməlidir. Silah işlədilməsi haqqında patrul rəisi qarnizon hərbi komendantına və ya onun köməkçisinə (qarovullar növbətçisinə) dərhal məlumat verməlidir.
İzdihamlı küçələrdə, meydanlarda və ictimai yerlərdə odlu silah işlədilməsindən kənar şəxslərin zərər çəkə biləcəyi bütün hallarda patrul heyətinin silah işlətməsi qəti qadağandır.
Bu Nizamnamədə göstərilən hallar istisna olmaqla, patrul heyətindən heç kimin qayda-qanun yaratmaq məqsədilə silahla hədələmək, xəbərdarlıq atəşi açmaq hüququ yoxdur.
80. Hərbi intizamı və ictimai qaydanı pozduğuna görə qarnizon hərbi komendantlığına gətirilən hərbi qulluqçular hərbi komendantın köməkçisi (qarovullar növbətçisi) tərəfindən qəbul edilir, adları tutulub saxlananların uçotu kitabına (6 saylı əlavə) yazılır və qarnizon hərbi komendantı qərar qəbul edənədək bir sutkaya qədər müvəqqəti tutulub saxlananlar kameralarına salınırlar.
81. Hərbi komendantın köməkçisi (qarovullar növbətçisi) tutulub saxlanmış hərbi qulluqçuları qəbul edərkən, onların üst-başını axtarır, bel qayışlarını, kamerada saxlanmasına icazə verilməyən qiymətli əşyalarını, həmçinin bütün xidməti sənədlərini alır. Silahın və döyüş sursatının, sənədlərin və qiymətli əşyaların alınması haqqında protokol tərtib olunur. Protokolu hərbi komendantın köməkçisi (qarovullar növbətçisi), tutulanı gətirmiş şəxslər və tutulanın özü imzalayırlar.
Qarnizon hərbi komendantlığına sərxoş halda gətirilmiş hərbi qulluqçular protokolu ayılandan sonra imzalayırlar.
82. Müvəqqəti tutulub saxlananlar kameralarında saxlanan hərbi qulluqçuları qarnizon hauptvaxtının qarovulları mühafizə edirlər. Qarnizon hauptvaxtı qarnizon hərbi komendantlığından uzaqda yerləşirsə, tutulmuş hərbi qulluqçular xüsusi təyin olunmuş və bu Nizamnamənin 183-cü maddəsinə uyğun xidmət edən silahlı patrullar tərəfindən mühafizə edilə bilərlər.
83. Patrul xidməti qurtardıqdan sonra qarnizon hərbi komendantı tərəfindən zəruri qeydlər edilmiş göstəriş hərbi hissə qərargahına verilmək üçün patrul rəisinə qaytarılır.

V fəsil.
Qarnizonun növbətçi bölməsi

84. Qarnizonun növbətçi bölməsi qarnizon qarovullarının gücləndirilməsi və ya qarnizonda yanğın, təbii fəlakət və başqa hadisələr baş verdikdə, təcili çağırılma halları üçün qarnizon rəisinin əmri ilə təyin olunur.
Böyük qarnizonlarda qarnizonun bir neçə qarnizon növbətçi bölməsi təyin oluna bilər.
85. Növbətçi bölmə, bir qayda olaraq, hər sutka üçün qarnizon qarovullarının təyin edildiyi hərbi hissələrdən təyin olunur və qarnizon rəisinə, qarnizon hərbi komendantına və qarovullar növbətçisinə tabe olur.
Qarnizon növbətçi bölməsinin təyin edilməsi barədə əmrdə onun tərkibi, silahı, döyüş sursatı, geyim forması və nəqliyyat vasitələri göstərilir.
86. Növbətçi bölmə qarnizon rəisi, qarnizon hərbi komendantı və ya onların icazəsi ilə qarovullar növbətçisi tərəfindən çağırılır.
Növbətçi bölmə çağırılarkən onun haraya, hansı vaxta və kimin sərəncamına gəlməsi, həmçinin döyüş sursatının miqdarı və verilmə qaydası göstərilir.
Növbətçi bölməyə döyüş sursatı hərbi hissə komandirinin (qərargah rəisinin) və ya hərbi hissə növbətçisinin göstərişi ilə verilir.
Növbətçi bölmənin çağırılması ilə bir vaxtda əgər zərurət olarsa, qarnizon rəisinin sərəncamı ilə yeni növbətçi bölmə təyin edilir.
87. Hərbi hissə komandiri növbətçi bölmənin daimi hazırlığı, həmçinin təyin edilmiş yerə vaxtında getməsi üçün məsuliyyət daşıyır.
88. Növbətçi bölmə öz hərbi hissəsinin yerləşdiyi yerin yaxınlığında məşğələ keçir. Növbətçi bölmənin yeri hərbi hissə növbətçisinə və qarovullar növbətçisinə dəqiq məlum olmalıdır.
89. Növbətçi bölmə təyinat yerinə gəldikdə, qarnizon hərbi komendantının, qarovullar növbətçisinin və ya sərəncamına gəldiyi şəxsin göstərişi ilə hərəkət edir.

VI fəsil.
Parol

90. Parol məxfi sözdür: o qarovul rəisi üçün dəyişməyə gəlmiş qarovulun doğrudan da bu məqsəd üçün təyin olunmasını təsdiq edən bir vasitədir.
Bundan əlavə, parol qarnizon rəisinin (hərbi hissə komandirinin), qarnizon hərbi komendantının və ya qarovullar (hərbi hissə) növbətçisinin əmri ilə gəlmiş şəxsinə həqiqətən müvafiq rəis tərəfindən nəyə isə səlahiyyət verildiyini təsdiq etmək vasitəsidir.
91. Parol Azərbaycan Respublikasının hər hansı bir şəhərinin və ya rayonunun adı ilə ifadə edilir və qarnizon qarovulları üçün qarnizon hərbi komendantı tərəfindən, daxili qarovullar üçün isə hərbi hissə qərargahı rəisi tərəfindən hər gün üçün müəyyən edilir. Hər qarovul üçün ayrı parol təyin edilir.
92. Parol 10 gündən artıq olmayaraq qabaqcadan müəyyən edilir və qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) seyfində möhürlənmiş qovluqda saxlanan parol kitabına yazılır.
93. Təzə və köhnə parollar yazılmış kağızlar yeni qarovullar (hərbi hissə) növbətçisinə qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) və ya onun köməkçisi tərəfindən təyin olunmuş vaxtda qarovulların dəyişməsindən əvvəl verilir.
Qarovullar (hərbi hissə) növbətçisi parolların alınması haqqında parolvermə jurnalında qol çəkir və öz köməkçisini (əgər qarovul ona tabedirsə, hərbi hissə üzrə növbətçinin köməkçisini) parollarla tanış edir.
Qarnizon rəisinin (hərbi hissə komandirinin), qarnizon hərbi komendantının və ya qarovullar (hərbi hissə) növbətçisinin qarovul rəislərinə sərəncamlarını aparan şəxslərə də parol elə bu qaydada verilir.
94. Parolu bilən bütün şəxslər, onu məxfi saxlamağa borcludurlar. Sorğu zamanı parol kağıza yazılmaqla, onu ucadan elan etmədən xəbər verilir, sonra isə kağız dərhal yandırılır. [6]
Parol yazılan kağız itirildikdə və ya parol başqa yollarla açıldıqda, qarovul rəisi və yaxud qarovullar (hərbi hissə) növbətçisi tərəfindən parolun qüvvəsi dərhal dayandırılır, bu barədə dərhal qarnizon hərbi komendantına (hərbi hissə qərargahı rəisinə) məlumat verilir. Qarovullar (hərbi hissə) növbətçisi və ya onun köməkçisi təzə parolu qarovul rəisinə qarovul otağında şəxsən təqdim edir.

İkinci bölmə.
Qarovul xidmətinin təşkili və yerinə yetirilməsi

VII fəsil.
Ümumi müddəalar

95. Qarovul xidmətini yerinə yetirmək döyüş vəzifəsini yerinə yetirmək deməkdir və şəxsi heyətdən bu Nizamnamənin bütün müddəalarına dəqiq əməl etməyi, yüksək sayıqlıq, sarsılmaz qətiyyət və təşəbbüskarlıq göstərməyi tələb edir.
Qarovul xidməti tələblərinin pozulmasında təqsirkarlar intizam və cinayət məsuliyyəti daşıyırlar.
96. Qarovul xidmətini yerinə yetirmək üçün qarovullar təyin edilir.
Döyüş bayraqlarının, hərbi və dövlət obyektlərinin mühafizəsi və müdafiəsi, həmçinin hauptvaxtda və intizam taborunda saxlanan şəxslərin mühafizəsi üzrə döyüş tapşırığını yerinə yetirməkdən ötrü təyin edilmiş silahlı bölmə qarovul adlanır.
Hərbi and qəbul etməmiş, gənc əsgərin hazırlıq proqramını mənimsəməmiş, xəstələnmiş, nalayiq hərəkətlərinə görə barələrində təhqiqat aparılan, həmçinin intizam cəzası çəkməkdən ötrü hərbi qulluqçuların qarovula təyin olunmaları qadağandır.
97. Qarnizon (düşərgə) və daxili (gəmi) qarovulları olur: hər ikisi daimi və müvəqqəti ola bilər.
Qarnizon (düşərgə) qarovulları özünün mühafizə bölmələri olmayan mərkəzi tabelikdəki ordu obyektlərini, ümumqarnizon (ümumdüşərgə) əhəmiyyətli obyektləri, birləşmələrin və ya bir-birinə yaxın məsafədə yerləşən bir neçə hərbi hissənin obyektlərini mühafizə və müdafiə etmək, həmçinin qarnizon hauptvaxtında saxlanan şəxsləri mühafizə etmək üçün təyin edilir.
Daxili (gəmi) qarovulu bir hərbi hissənin (gəminin) obyektlərini mühafizə və müdafiə etmək üçün təyin edilir.
Daimi qarovullar qarovullar cədvəlində nəzərdə tutulur. Müvəqqəti qarovullar qarovullar cədvəlinə daxil edilmir; onlar hərbi əmlak dəmiryol stansiyalarında (limanda, aeroportda) yüklənib boşaldılarkən, yaxud başqa yerlərdə müvəqqəti anbara yığılarkən, yanğın və ya təbii fəlakət zamanı həmin əmlakı mühafizə və müdafiə etmək, müxtəlif nəqliyyat növləri ilə daşınan xüsusi yükləri, həmçinin həbs edilənləri və məhkumları mühafizə və konvoy müşayiəti üçün qarnizon (düşərgə toplanışı) rəisinin və ya hərbi hissə (gəmi) komandirinin əmri ilə təyin olunurlar.
98. Qarnizon (düşərgə) qarovulları qarnizon (düşərgə toplanışı) rəisinə, qarnizon hərbi komendantına, qarovullar (düşərgə toplanışı) növbətçisinə və onun köməkçisinə tabedir; qarnizon (düşərgə) hauptvaxtındakı qarovul onlardan əlavə, hauptvaxt rəisinə tabedir.
Daxili (gəmi) qarovulları hərbi hissə (gəmi) komandirinə, hərbi hissə (gəmi) növbətçisinə və hərbi hissə növbətçisinin köməkçisi zabitdirsə, ona tabedirlər. Hərbi hissə növbətçisinin gizirlərdən təyin edilən köməkçisinə rəisləri zabit olmayan qarovullar, hərbi hissə növbətçisinin çavuşlardan təyin edilən köməkçisinə isə rəisləri çavuş olan qarovullar tabedir.
Qarovullar dəyişmə zamanı qarovullar (düşərgə toplanışı, hərbi hissə, gəmi) növbətçisini qarşılamaq üçün «Farağat» komandasının verildiyi andan bu şəxslərin tabeliyinə keçirlər.
Qarovullar növbədən sonra öz hərbi hissəsinə (bölməsinə) qayıtmaq üçün qarovul rəisinin «Addımla marş» komandasını verdiyi andan göstərilən şəxslərin tabeliyindən çıxırlar.
99. Qarovulun tərkibinə qarovul rəisi, postların və növbələrin sayına görə qarovul nəfərləri, dəyişdiricilər, zərurət olduqda isə qarovul rəisinin köməkçisi və nəqliyyat vasitələrinin sürücüləri təyin edilirlər.
Hauptvaxtdakı qarovulların tərkibinə göstərilənlərdən əlavə, əsgərlərdən (matroslardan) çıxarıcılar da təyin edilirlər.
100. Obyektlərin bilavasitə mühafizəsi və müdafiəsi üçün qarovulun tərkibindən saatdarlar qoyulur.
Saatdar ona tapşırılmış postu mühafizə və müdafiə etmək üçün döyüş tapşırığını yerinə yetirən silahlı qarovul nəfəridir.
Mühafizə və müdafiə edilməsi saatdara tapşırılmış bütün obyektlər, həmçinin onun öz vəzifəsini icra etdiyi yer və ya sahə post adlanır.
Saatdarlar obyektlərin mühafizəsini onun ətrafındakı bayır və daxili hasarlar arasında və ya bir hasarı olan obyektin hasarı boyunca daxili tərəfdən patrulluq etmək, hasarı olmayan anbarların, saxlancların və i.a. ətrafında dolanmaq, həmçinin müşahidə qülləsindən müşahidə etmək yolu ilə həyata keçirirlər. Ayrıca obyektlər hərəkət etməyən saatdarlar tərəfindən mühafizə edilə bilər.
101. Qarnizon rəisləri, birləşmə və hərbi hissə komandirləri, hərbi obyekt rəisləri, həmçinin onların bütün birbaşa rəisləri obyektlərin mühafizəsi və müdafiəsi üçün lazım olan şəxsi heyətin sayının daim səmərəli azaldılmasına çalışmalıdırlar. Bu, aşağıdakı vasitələrlə əldə edilir:
bir-birinə yaxın yerləşən və müxtəlif hərbi hissələrə məxsus olan bütün anbar, saxlanc, park və başqa mühafizə olunan obyektlərin bir qarovulun mühafizəsi altında birləşdirilməsi;
texniki mühafizə və siqnalizasiya vasitələrindən, müşahidə qüllələrindən, həmçinin qarovul itlərindən istifadə etməklə bu obyektlərin ümumi hasara alınması;
hərəkət etməyən saatdarların dayandığı postların sayının azaldılması, piyada və nəqliyyat vasitələrində patrulluqetmə qaydası ilə obyektlərin mühafizəsinin təşkili.
102. Patrulluqetmə ilə obyektlərin mühafizəsi təşkil edilərkən, obyektin hasarlanmasından və yerin şəraitindən asılı olaraq, göstərilən vaxt ərzində saatdara mühafizə və müdafiə üçün gündüz 2 km-dək, gecə 1 km-dək zolaq təyin edilir. Pis hava şəraitində (güclü dumanda, yağış, qar yağanda) obyektlərin mühafizəsini gücləndirməkdən ötrü qarnizon rəisinin (hərbi hissə komandirinin) sərəncamı ilə əlavə qarovul nəfərləri və ya nəqliyyat vasitələrində patrul nəfərləri təyin oluna bilər. Bu halda əlavə qarovul nəfərlərinin xidmət etməsi və patrulluqetmə qaydası qarnizon rəisi (hərbi hissə komandiri) tərəfindən təyin edilir.
Saatdarlar hərəkət marşrutları üzrə obyektlərin etibarlı mühafizəsini təmin edən sürətlə piyada hərəkət edir, ərazini və hasarları gözdən keçirmək, xidmət çəkməsi barədə qarovul rəisinə rabitə vasitələri ilə məlumat vermək və siqnalizasiya məntəqələrindən keçərkən, müəyyən edilmiş siqnalı vermək üçün qısa müddətə dayanırlar. Qış vaxtı onlar xizəklə hərəkət edə bilərlər.
Ətraf yaxşı görünəndə ərazi şəraiti imkan verirsə, saatdarlar mühafizə olunan obyektləri və onların giriş yollarını xüsusi hazırlanmış qüllələrdən müşahidə edə bilərlər.
103. Saatdarlara kömək məqsədilə bütün qarovul otaqlarında oyaq və istirahət edən növbələrin qarovul nəfərlərindən ehtiyat qrupları təşkil edilir. Döyüş həyəcanı siqnalı zamanı onlar qarovul rəisinin, onun köməkçisinin və ya dəyişdiricinin komandası altında qayda pozulan yerə gəlib şəraitə görə hərəkət edirlər. Ehtiyac olduqda, bu qrupları qayda pozulan yerə tez aparmaq üçün qarovullar nəqliyyatla təchiz edilirlər.
104. Qarovulun tərkibinə daxil olan şəxslər xidmət zamanı nalayiq hərəkət etdikdə, onlara inzibati cəza qarovul növbəsindən və ya onlar başqa hərbi qulluqçularla əvəz edildikdən sonra verilir.
Hərbi qulluqçunu nalayiq hərəkətinə görə xidməti davam etdirməyə buraxmaq qeyri-mümkün olduqda, o, qarovul (hərbi hissə, gəmi) növbətçisinin sərəncamına əsasən başqa hərbi qulluqçu ilə əvəz edilmək üçün silahsız və döyüş sursatsız hərbi hissəyə (bölməyə) göndərilir. Onu qarovul rəisinin köməkçisi (dəyişdirici) və ya hərbi hissədən (bölmədən) bu məqsəd üçün çağırılmış şəxs müşayiət edir.
105. Qarovulun şəxsi heyəti qarovul geyim formasında olmalıdır (8 saylı əlavə). Onlar sərrast atəş üçün sazlanmış avtomat və ya süngülü karabinlə silahlanmalıdırlar. Qarovul rəisləri özlərinin ştat silahları ilə silahlanırlar.
Qarovul döyüş patronları ilə aşağıdakı hesabla təchiz olunur: hər avtomata və tapançaya — iki dolu maqazin, hər karabinə — daraqlarda 30 patron.
Bundan əlavə, qarnizon rəisinin (hərbi hissə komandirinin) xüsusi sərəncamına əsasən qarovullar hərəsi 3 dolu maqazinli pulemyotla və qarovulun bütün heyətinin hər bir nəfəri 2 əl qumbarası ilə silahlana bilər.
106. Silahlar postlara getməzdən əvvəl, məhkəmədə, istintaqda olanların və ya məhkumların konvoy müşayiəti və qarovulları yoxlayan şəxsləri müşayiət üçün doldurulur, qarovul otaqlarına qayıdan kimi dərhal boşaldılır və yoxlanılır.
Silahlar qarovul otağının qabağında xüsusi hazırlanmış və işıqlandırılmış, güllətutanı olan yerdə, növbə maşınla postlara getdiyi halda isə qarovul rəisi üçün təlimatda göstərilən, zərurət olduqda bu cür hazırlanmış yerlərdə və qarovul rəisinin və ya onun köməkçisinin (dəyişdiricilərin) komandaları ilə və onların bilavasitə nəzarəti altında doldurulur və boşaldılır. Silah doldurularkən və boşaldılarkən, onun lüləsi 45-60 dərəcəli bucaq altında yuxarıya, ətrafdakı yaşayış binalarından və mühafizə olunan obyektlərdən yana yönəldilir. Qarovul otağının yaxınlığında və ətrafında yaşayış və köməkçi binalar olduqda silah qarovul otağında güllətutan olan yerdə doldurulur və boşaldılır.
Silah gəmilərdə yuxarı göyərtədə — xüsusi müəyyən edilmiş yerdə doldurulur və boşaldılır.
Tapançalar patronlar alınandan sonra bölmədə doldurulur və qarovul növbəni qurtarıb bölməyə qayıdandan sonra orada boşaldılır.
107. Silah müvafiq silahlar üçün atıcılıq işi üzrə təlimatlarda göstərilən qaydalara uyğun olaraq doldurulur və bu halda patron patron yuvasına yeridilmir.
Avtomat dolu maqazinlə doldurulur. O, doldurulmazdan əvvəl yoxlanılır (bu halda çaxmaq dabanı buraxılır) və qoruyucuya qoyulur. Maqazini birləşdirəndən sonra çıxmaq çərçivəsi geri çəkilməməlidir.
Karabinin maqazini tamamilə doldurulur. Karabin doldurulduqdan sonra çaxmaq yavaşca bağlanır (bu zaman patron patron yuvasına yeridilmir), qoruyucudan çıxarılır, çaxmaq dabanı buraxılır və karabin qoruyucuya qoyulur.
Tapança dolu maqazinlə doldurulur, doldurulan zaman çaxmaq geri çəkilmir. Tapança doldurulmazdan qabaq qoruyucuya qoyulur.
Pulemyotlar və əl qumbaraları bilavasitə istifadə edilməzdən qabaq doldurulur.
108. Qarnizon rəisinin (hərbi hissə komandirinin) sərəncamı ilə qarovul otağında döyüş patronları ehtiyatı yaradılır: hər avtomat və ya karabin üçün — 150 patron, hər tapança üçün — 16 patron.
Ehtiyat döyüş patronları xüsusi dəmir və ya dəmir üzlüklü yeşikdə sink qutuda saxlanılır.
Qarovullar əl qumbaraları ilə silahlandıqda, onlar və onların partladıcıları ayrıca xüsusi yeşiklərdə saxlanılır, bu halda partladıcılar əl qumbaralarından ayrı, sukeçirməyən qablarda saxlanılır.
Döyüş patronlarının uçotu kitabı (9 saylı əlavə), əl qumbaralarının və onların partladıcılarının uçotu kitabı, həmçinin sink qutuları açmaq üçün açar həmin yeşiklərdə saxlanılır. Yeşiklər qıfıllanır, qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) tərəfindən möhürlənir və qarovul otağında olan qarovulun əmlak və avadanlıq siyahısına daxil edilir.
Döyüş sursatı olan yeşiklərin açarı və ona vurulmuş möhürün surğuc surəti qarovul rəisində saxlanılır. Açarları başqa şəxslərə vermək qadağandır.
109. Qarovul rəisi ehtiyat döyüş patronları, əl qumbaraları və onların partladıcıları olan yeşiklərin mühafizəsi üçün şəxsən məsuliyyət daşıyır.
Ehtiyat döyüş sursatının yerində olması və vəziyyəti ayda bir dəfədən az olmayaraq, qarnizon qarovullarında qarnizon hərbi komendantı, daxili qarovullarda isə hərbi hissə qərargahı rəisi tərəfindən yoxlanılır.
Yoxlamanın nəticələri ehtiyat döyüş sursatının uçotu kitabına və postlar cədvəlinə yazılır.
110. Qarovul otaqlarının və postların avadanlıqla, siqnalizasiya və rabitə vasitələrilə təmin edilməsi, həmçinin mühafizə olunan obyektlərin hasarlanması (10 və 11 saylı əlavələr) və bu Nizamnamədə nəzərdə tutulmuş inventarla təmin edilməsi hərbi obyekt rəisinə (hərbi hissə komandirinə) həvalə edilir.
Hərbi obyekt rəisi (hərbi hissə komandiri) qarovul otağının işıqlandırılması, yanacaqla və qarovulun post geyimi ilə təmin olunması üçün məsuliyyət daşıyır.
111. Anbarların (bazaların, arsenalların) texniki ərazilərinə, həmçinin tezalışan və xüsusi əhəmiyyətli obyektlərə buraxılış qaydaları xüsusi əsasnamələrə (təlimatlara) əsasən müvafiq mərkəzi idarələrin (şöbələrin) rəisləri tərəfindən müəyyən edilir.
112. Qarovulun mühafizə etdiyi saxlancların (anbarların, parkların) açılmasına və maşınların (təyyarələrin topların, ya da döyüş texnikasının) dayanacaq yerlərinə buraxılmasına qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) tərəfindən imzalanmış və gerbli möhürlə təsdiq edilmiş daimi və ya birdəfəlik icazə vərəqəsinə (12 saylı əlavə) əsasən icazə verilir.
Bu və ya başqa saxlancları (anbarları, parkları) açmağa və yaxud dayanacaqlarda olan maşınları (təyyarələri, topları ya da digər döyüş texnikasını) qarovuldan qəbul etməyə icazəsi olan şəxslərin siyahısı qarnizon (hərbi hissə) üzrə əmrlə elan edilir.
Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) tərəfindən təsdiq edilmiş və üstündə imzaların əsli olan icazə vərəqələrinin nümunələri, bu və ya digər saxlancları (anbarları, parkları) açmağa və ya bunlara buraxılmağa ixtiyarı olan vəzifəli şəxslərin siyahısı və möhürlərin surğuc surətləri (plombların izləri) olan nümunələr qarovul otaqlarında saxlanılmalıdır (11 saylı əlavə).
113. Xüsusi şəraitdə hərbi obyektlərin mühafizəsi və müdafiəsi üçün qarovul xidməti Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən əlavə qaydalarla müəyyən edilir.

VIII fəsil.
Qarovulların təyin edilməsi və hazırlanması

Qarovulların təyin edilməsi

114. Qarovullar cədvəlinə əsasən (1 saylı əlavə) qarnizon qarovulları qarnizon hərbi komendantı, daxili qarovullar isə hərbi hissə qərargahı rəisi tərəfindən təyin edilir.
Qarovullar hər sutkada dəyişdirilməlidir. Bir qayda olaraq eyni hərbi qulluqçular ən çoxu iki sutkadan bir qarovula təyin edilirlər.
115. Obyektlərin vacibliyini, hasarlanmasını və mümkün qədər az saylı saatdarlarla etibarlı mühafizəsini nəzərə alaraq, onların mühafizəsini və müdafiəsini təşkil etməkdən ötrü qarnizon rəisinin (hərbi hissə komandirinin) göstərişinə əsasən qarnizon qarovulları cədvəlini qarnizon hərbi komendantı, daxili qarovullar cədvəlini isə hərbi hissə qərargahı rəisi tərtib edir. Qarovullar cədvəlini tərtib etməzdən qabaq ərazidə obyektlərin yerləşmə şəraitini öyrənmək lazımdır.
Ordu və mərkəz tabeliyində və öz mühafizə bölmələri olan obyektlərin mühafizəsi üçün qarovullar cədvəlini hərbi obyektin (anbarın, bazanın) rəisi tərtib edir.
Azərbaycan Respublikasının Daxili Qoşunlarından olan qarovullar qarnizon qarovulları cədvəlinə daxil edilmir.
116. Qarovullar cədvəli ilə eyni vaxtda hər bir qarovul üçün postların yerləşmə sxemi, postlar tabeli (3 saylı əlavə) və qarovul rəisi üçün təlimat tərtib edilir.
Postların yerləşmə sxemində postların və qadağan zonalarının sərhədləri, hasarın növü, növbələrin və patrulların postlara minik vasitələrində hərəkət marşrutları, saatdarların gündüz və gecə vaxtı hərəkət marşrutları, səngərlərin, müşahidə qüllələrinin, siqnalizasiya və yanğınsöndürmə vasitələrinin, qarovul itləri postlarının yerləri, postlara gələn daha çox təhlükəli yollar göstərilir.
Postlar tabelində hər postda nəyin mühafizə və müdafiə olunması göstərilir. Tabeldə postun xüsusiyyətini və postda xidmət aparılmasının konkret şəraitini nəzərə almaqla, saatdarların vəzifələri, onlara qüllədən müşahidə aparmasına icazə verilən vaxt, kənar şəxslərin posta buraxılması qadağan edilmiş ən yaxın məsafə, posta, yaxud qonşu postlara basqın və postdan yanğın vaxtı saatdarların hərəkətləri, onların hansı hallarda silah işlətməsinə icazə verildiyi göstərilir.
Təlimatda qarovula tapşırılmış obyektlərin mühafizəsi və müdafiəsi üzrə qarovul rəisinin xüsusi vəzifələri, gecə vaxtı və pis hava şəraitində mühafizənin gücləndirilməsi barədə, mühafizə olunan obyektlərə basqın edildikdə, yanğın və təbii fəlakət baş verdikdə, döyüş həyəcanı siqnalları üzrə qarovulun hərəkətləri barədə göstərişlər, həmçinin döyüş sursatı saxlanan yeşiklərin açılması qaydası göstərilir.
Postların yerləşmə sxemi, postlar tabeli və qarovul rəisi üçün təlimat qarnizon rəisi (hərbi hissə komandiri) tərəfindən təsdiq edilir.
117. Qarnizon qarovullarının, həmçinin hərbi məktəblərin daxili qarovullarının cədvəlləri Baş Qərargah rəisinin, hərbi hissələrin daxili qarovullarının cədvəli isə birləşmə komandirinin təsdiqinə verilir.
Hərbi ali məktəblərin daxili qarovullarının cədvəlləri onların rəisləri tərəfindən təsdiq edilir.
Birlik və yaxud mərkəz tabeliyində olan hərbi hissələrin daxili qarovullar cədvəli, həmçinin belə tabelikdə olmaqla öz mühafizə bölmələri olan obyektlərin mühafizəsi və müdafiəsi üçün təyin edilən daxili qarovullar cədvəlləri bilavasitə müvafiq rəislərin təsdiqinə verilir.
Cədvələ qarovul postlarının yerləşmə sxemi əlavə olunur.
118. Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) qarovullar cədvəlinə əsasən hər ay üçün qarovullar naryadı cədvəlini (2 saylı əlavə) tərtib edir və o, qarnizon rəisi (hərbi hissə komandiri) tərəfindən təsdiq edilir.
Qarovullar naryadı cədvəlindən çıxarışlar, həmçinin postların yerləşmə sxemləri, postlar tabelləri və qarovul rəisləri üçün təlimatlar qarnizon xidməti aparmağa cəlb edilən bütün qarnizon hərbi hissələrinə təzə ayın başlanmasına ən geci 10 sutka qalmış göndərilir.
Hərbi hissə qərargahı təzə ayın başlanmasına 5-6 sutka qalmış qarovulların təyin edildiyi bölmələrin komandirlərinə onların naryada getmə günlərini və qarovulların tərkibini bildirir.
Qarovullar naryadı cədvəlində, postların yerləşmə sxemində və postlar tabelində edilən hər hansı bir dəyişikliyi qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) vaxtında hərbi hissələrə (bölmələrə) bildirir.
119. Qarovul rəisi obyektdə beş və daha artıq post olduqda zabitlərdən, yaxud gizirlərdən (miçmanlardan), ondan az post olduqda isə, çavuşlardan təyin edilir.
Xüsusi əhəmiyyətli obyekti mühafizə edən qarovul rəisi postların sayından asılı olmayaraq, zabitlərdən və ya gizirlərdən (miçmanlardan) təyin edilir.
Hərbi məktəblərdə postların sayından asılı olmayaraq, qarovul rəisi yuxarı kurs kursantlarından təyin edilə bilər.
Qarnizon hauptvaxtında qarovul rəisi həmişə zabitlərdən təyin edilir.
Qarnizon rəisinin (hərbi hissə komandirinin) qərarı ilə qarovula çavuşlardan qarovul rəisi köməkçisi təyin oluna bilər. Qarovul rəisi köməkçisinin təyin edilmədiyi halda onun vəzifəsini birinci dəyişdirici yerinə yetirir.
Qarovulun tərkibində qarovul itləri postları olduqda it bələdçilərinin başçılarından qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisi təyin edilir (13 saylı əlavə).
120. Qarovulun heyətinə çavuşlardan, baş əsgərlərdən (baş matroslardan) və ya yaxşı hazırlıqlı əsgərlərdən (matroslardan) dəyişdiricilər təyin edilir.
Postalrın sayından və yerindən asılı olaraq dəyişdiricilərin miqdarı elə hesablanır ki, hər bir dəyişdirici postlara beş nəfərdən çox saatdar qoymasın, postlara getməyə, saatdarların dəyişdirilməsinə və qarovul otağına qayıtmasına bir saatdan çox vaxt sərf edilməsin.
Qarovula bir neçə dəyişdirici təyin edildikdə, onlar birinci dəyişdirici, ikinci dəyişdirici və s. adlanırlar.
Qarovul ancaq bir postu mühafizə edirsə, dəyişdirici təyin edilmir, onun vəzifəsini qarovul rəisi yerinə yetirir.
121. Qarovul nəfərləri əsgərlərdən (matroslardan) təyin edilirlər. Əsgərlər (matroslar) çatışmadıqda müddətli xidmət çavuşları qarovul nəfəri təyin oluna bilərlər. Bu halda postun (postların) bütün növbələri onlardan təşkil edilir və hərbi rütbəsi qarovul nəfərinin hərbi rütbəsindən aşağı olmayan hərbi qulluqçu dəyişdirici təyin edilir.
Qarovul nəfərlərinin sayı həmin qarovul üçün təyin edilmiş postların sayından asılıdır. Postların sutka ərzində mühafizəsi üçün üç növbəli, postlar ancaq gecə (qaranlıq başlanandan işıqlanana qədər) və ya bu postun anbarlarının, saxlanclarının bağlanmasından açılmasına qədər mühafizə olunduqda isə iki növbəli saatdarlar təyin edilirlər.
Çıxarıcılar həbs edilənlərin sayından və hauptvaxtdakı ümumi istifadə yerlərinin harada yerləşməsindən asılı olaraq 10-15 həbs edilənə bir çıxarıcı təyin edilir.
122. Qarovul heyəti, o cümlədən qarovul rəisi naryadın başlanmasına ən geci bir sutka qalmış, bir qayda olaraq, eyni bölmədən, nadir hallarda isə eyni hərbi hissədən təyin edilir.
Bütün qarnizon qarovulları, bir qayda olaraq, eyni hərbi hissədən təyin edilirlər.

Qarovulların hazırlanması
123. Qarovullar təyin edilən hərbi hissələrin və bölmələrin komandirləri qarovulların şəxsi heyətinin seçilməsi və xidmətə hazırlanması, silahlarının və döyüş patronlarının saz olması, həmçinin qarovulların vaxtında dəyişməyə göndərilməsi üçün məsuliyyət daşıyırlar.
124. Bölükdən (batareyadan) təyin olunmuş qarovullar şəxsi heyətinin hazırlanmasını bölük (batareya) komandiri şəxsən özü, tabordan (diviziondan) təyin olunmuş qarovullar şəxsi heyətinin hazırlanmasını şəxsən tabor (divizion) komandiri, hərbi hissədən təyin olunmuş qarovullar şəxsi heyətinin hazırlanmasını isə hərbi hissə komandirinin göstərişi ilə qarovullar təyin olunan bölmələrin birinin komandiri təşkil edir.
Hər bir mühafizə olunan obyektin xüsusiyyətlərini nəzərə alaraq qarovulun şəxsi heyəti ilə praktiki məşğələlər xüsusi hazırlanmış yerlərdə aparılır.
125. Hərbi hissələrin qərargah rəisləri qarnizon və daxili qarovulların naryada getmələrinə üç sutka qalmış qarovullar təyin olunacaq bölmələrin komandirlərinə postların yerləşmə sxemlərini, postların tabellərini və qarovul rəisi üçün təlimatı qarovulların şəxsi heyətinin öyrənməsi üçün verməyə borcludurlar. Öyrənildikdən sonra göstərilən sənədlər hərbi hissə qərargahına qaytarılır.
126. Qarovula təyin olunan hərbi qulluqçular naryada gedəsi gündən qabaqkı gecə heç bir xidmət yerinə yetirməməli, yaxud da məşğələyə və işə cəlb edilməməlidirlər.
Qarovulun şəxsi heyətinə naryada getdiyi gün, günün nizam qaydasında göstərilən vaxtda xidməti yerinə yetirməyə hazırlaşmaq, vəzifələrini bilməsini, silahla rəftar bacarığını yoxlamaq və istirahət (yuxu) üçün üç saatdan az olmayaraq vaxt verilməlidir.
127. Qarovullar təyin olunan bölük (batareya) və yaxud tabor (divizion) komandirinin vəzifəsidir:
naryada getmə ərəfəsində postlar tabelinə əsasən qarovulun şəxsi heyətinin seçilib yerləşdirilməsini yoxlamaq;
qarovulun şəxsi heyətinin hazırlanması üzrə məşğələ aparmaq və onların öz vəzifələrini bilməsini yoxlamaq;
qarovulun şəxsi heyətinin dəyişməyə göndərilməsindən əvvəl silahlarının və döyüş patronlarının vəziyyətini, hər bir hərbi qulluqçunun zahiri görkəmini yoxlamaq, həmçinin postlar cədvəlini (4 saylı əlavə) doldurmaq və imzalamaq;
qarovulun vaxtında dəyişməyə göndərilməsini təmin etmək;
bölükdən (batareyadan) və yaxud tabordan (diviziondan) təyin edilmiş qarovulun xidmətini yoxlamaq;
qarovul növbəsini qurtardıqdan sonra tapşırığın yerinə yetirilməsi haqqında qarovul rəisinin məlumatını dinləmək, postlar cədvəlində yazılmış bütün qeydlərlə tanış olmaq, ertəsi gündən gec olmayaraq bütün bölüyün (batareyanın) tərkibi ilə xidmətin yerinə yetirilməsini təhlil etmək və iradlar üzrə görülən tədbirləri qeyd edib, postlar cədvəlini hərbi hissə qərargahına göndərmək.
128. Qarovullar dəyişməyə getməzdən 15 dəqiqə qabaq xidməti yerinə yetirməyə hazır olmalı və qarovul rəislərinin tabeliyinə qəbul edilməlidirlər. O vaxta qədər qarovul rəislərinin vəzifəsidir:
döyüş patronlarını alıb şəxsi heyətə paylamaq və maqazinlərin (daraqların) düzgün doldurulmasını yoxlamaq;
postlar cədvəli üzrə qarovulun tərkibini yoxlamaq;
silahları yoxlamaq;
geyimin və ləvazimatın sazlığını yoxlamaq;
qarovulun hazırlığı haqqında bölük (batareya) və yaxud tabor (divizion) komandirinə məlumat vermək.
Qarovullar (tapança ilə silahlanmış qarovul rəislərindən başqa) bölmədən doldurulmamış silahla, maqazinləri (daraqları) çantalara qoyaraq getməlidirlər.
129. Hərbi hissələrdən bütün qarnizon qarovullarını hərbi hissə növbətçisi yola salır. Qarovulların yola salınması haqqında o, hərbi hissə komandirinə (qərargah rəisinə) və qarnizon hərbi komendantına məlumat verməlidir.

IX fəsil.
Qarovul nəfərlərinin hüquqları və vəzifələri

Qarovul rəisi
Ümumi vəzifələr

130. Qarovul rəisi qarovula tapşırılmış obyektlərin mühafizəsinə və müdafiəsinə, qarovulun şəxsi heyətinin döyüşə hazırlığına, onların düzgün xidmət etməsinə, hasarların, avadanlığın və aparatların, nəqliyyat vasitələrinin, postlarda və qarovul otağında rabitə, siqnalizasiya və yanğınsöndürmə vasitələrinin, həmçinin siyahıya uyğun qarovul otağında olan döyüş sursatının və digər əmlakın saxlanmasına və sazlığına cavabdehdir.
131. Qarovul rəisinin şəxsən və ya qarovul heyəti ilə birlikdə mühafizə olunan obyektlərə, saatdarlara, yaxud qarovul otağına aşkar basqın edildiyi hallarda xəbərdarlıq etmədən silah işlətmək hüququ vardır.
Bundan əlavə, qarovul rəisinin həbs edilənlər arasında iğtişaşın qarşısını almaqdan ötrü və ya qaçan həbs edilənə qarşı silah işlətmək hüququ vardır. Belə hallarda o, silah işlətməzdən qabaq səslə və ya havaya atəş açmaqla əleyhinə silah işlədəcəyi şəxsləri xəbərdar etməlidir.
132. Qarovul rəisinin vəzifəsidir:
qarovulun məqsədini, qarovul rəisi üçün təlimatı və qarovulun bütün nəfərlərinin vəzifələrini bilmək;
qarovulun şəxsi heyətindən öz vəzifələrini yaxşı bilməyi və dəqiq yerinə yetirməyi, yüksək sayıqlıq və intizam tələb etmək;
qarovulun köhnə rəisindən postlar tabelini, postların yerləşmə sxemini, qarovul rəisi üçün təlimatı və başqa sənədləri, döyüş sursatı olan yeşikləri, onların möhürlərini və açarlarını, həmçinin rabitə, siqnalizasiya və yanğınsöndürmə vasitələrini siyahı ilə qəbul etmək;
qarovulun köhnə rəisi ilə birlikdə təlimatda göstərilən mühafizə olunan ən mühüm əhəmiyyətli obyektləri xaricdən nəzərdən keçirməklə onların işıqlandırılmasını, hasarlarının və səngərlərinin saz olmasını, həmçinin qarovul otağını və hauptvaxtın vəziyyətini şəxsən, mühafizə olunan başqa obyektlərin vəziyyətini isə dəyişdiricilər və ya öz köməkçisi vasitəsilə yoxlamaq;
postlarda, mühafizə olunan obyektlərin hasarlarında, texniki mühafizə və siqnalizasiya vasitələrində aşkar edilmiş bütün nasazlıqlar haqqında postlar cədvəlində qeydlər etmək;
müəyyən edilmiş vaxtda növbəni postlara göndərmək, dəyişdiricilərin və qarovul nəfərlərinin öz vəzifələrini bilməsini yoxlamaq və onlara hər postda xidmət yerinə yetirmənin xüsusiyyətlərini xatırlatmaq;
ehtiyat qrupların döyüşə daim hazır olmasına, nəqliyyat, mühafizə, siqnalizasiya və rabitə vasitələrinin, qarovulun şəxsi heyətinin silahlarının və döyüş patronlarının sazlığına, təhlükəsizliyi gözləməklə silahların doldurulması və boşaldılması qaydalarına riayət edilməsinə, həmçinin qarovulun postlara gedən bütün nəfərlərində olan yandırıcı və papirosçəkmə ləvazimatının qarovul otağına qoyulmasına diqqət yetirmək;
qarovul otağında müəyyən edilmiş qayda-qanunu saxlamaq (229-240-cı maddələr);
hər dəfə növbə postlardan qayıtdıqdan sonra qarovulun şəxsi heyətini ehtiyat qruplarına ayırmaq və təlimatın göstərişlərinə uyğun onlara mühafizə olunan obyektlərə və ya qarovul otağına basqını dəf etmək və yanğınsöndürmə halları üçün tapşırıqlar vermək;
sutkada iki dəfədən az olmayaraq (bir dəfə gecə) saatdarların xidmət yerinə yetirmələrini, mühafizə olunan obyektlərin və hasarların vəziyyətini, rabitə, siqnalizasiya və yanğınsöndürmə vasitələrinin sazlığını postlar cədvəlində müvafiq qeydlər etməklə şəxsən yoxlamaq;
saatdarların xidmət yerinə yetirmələrini yoxlamaq üçün öz köməkçisini və dəyişdiriciləri vaxtaşırı göndərmək;
saatdar çağırdıqda və ya ondan müəyyən olunmuş vaxtda xidməti yerinə yetirməsi haqqında məlumat (siqnal) alınmadıqda, dərhal dəyişdiricini (öz köməkçisini) göndərmək və ya şəxsən posta getmək;
bu Nizamnamənin 140 və 141-ci maddələrini rəhbər tutaraq qarovul otağına icazəsi olan şəxslərdən başqa heç kimi buraxmamaq;
tutulub saxlanan şübhəli şəxslərlə qısa sorğu keçirmək, zərurət olduqda isə axtarış aparmaq və onlar haqqında qarovullar (hərbi hissə) növbətçisinə dərhal məlumat vermək;
qarovul heyətindən xəstələnənləri qarovullar (hərbi hissə) növbətçisinin və ya onun köməkçisinin icazəsi ilə hərbi hissəyə, yaxud yaxınlıqda yerləşən müalicə müəssisəsinə göndərmək, qarovullar (hərbi hissə) növbətçisi vasitəsilə onların dəyişdirilməsini tələb etmək;
qışda şəxsi heyətin donmasının qarşısını almaqdan ötrü tədbirlər görmək;
saatdarın silah işlətdiyi hər bir halı yerindəcə araşdırmaq və bu barədə qarovullar (hərbi hissə) növbətçisinə dərhal məlumat vermək;
qarovulun dəyişdirilməsi haqqında və dəyişdirilmə zamanı gözəçarpan bütün nasazlıqlar barəsində qarovullar (hərbi hissə) növbətçisinə telefon vasitəsilə məlumat vermək.
133. Postda saatdar dəyişdirildiyi zaman hər hansı bir nasazlıq aşkar edilərsə, qarovul rəisi çağırışla posta gəlməli, nasazlığın səbəbini və xarakterini müəyyən edərək, saatdarın dəyişdirilməsi üçün əmr verməli, postda aşkar edilmiş nasazlıq barəsində qarovullar (hərbi hissə) növbətçisinə dərhal məlumat verməlidir.
134. Qarovul heyətindən hər hansı şəxs tərəfindən vəzifə borcu yerinə yetirilmədikdə, yaxud o, başqa nalayiq hərəkət etdikdə, qarovul rəisi zəruri tədbir görməli və bu barədə qarovullar (hərbi hissə) növbətçisinə məlumat verməlidir. Nalayiq hərəkət bölmədə təhlil edilir.
135. Qarovul rəisi qəflətən xəstələndikdə bu barədə qarovullar (hərbi hissə) növbətçisinə məlumat verməli sonra onun göstərişi ilə hərəkət etməlidir.
Dəyişdiricilərdən biri qəflətən xəstələndikdə qarovul rəisi onun vəzifəsini öz köməkçisinə həvalə etməli, yaxud özü şəxsən icra etməli və bu barədə qarovullar (hərbi hissə) növbətçisinə məlumat verməlidir.
136. Qarovul rəisi qarovulu «Silaha» aşağıdakı hallarda çağırmağa borcludur:
mühafizə olunan obyektlərə, saatdarlara, qarovul otağına basqın və ya texniki mühafizə vasitələri ilə müvafiq siqnallar daxil olduqda;
həbs edilənlər arasında iğtişaş baş verdikdə və onların qaçmasının qarşısını almaqdan ötrü;
mühafizə olunan obyektlərdə və ya qarovul otağında yanğın, ya da təbii fəlakət təhlükəsi baş verdikdə;
qarnizonda (düşərgədə, hərbi hissədə) həyəcan elan edildikdə;
qarovulu yoxlayan şəxslər əmr etdikdə (241 və 242-ci maddələr).
Daxili qarovul ümumalay (ümumbriqada) axşam yoxlanışı zamanı da «Silaha» çağırılır.
Qarovulu «Silaha» çağırmaq üçün qarovul rəisi «Qarovul-Silaha» komandası verir. Bu komanda ilə şəxsi heyət 235-ci maddədə göstərildiyi kimi hərəkət edir.
137. Saatdarlara, saatdarların mühafizə etdikləri obyektlərə və ya qarovul otağına basqın edildikdə, qarovul rəisi təlimata görə hərəkət etməli və şəraitdən asılı olaraq, basqını dəf etmək üçün tədbir görməli, basqın haqqında qarovullar (hərbi hissə) növbətçisinə dərhal məlumat verməlidir.
Qarovul rəisi zərurət olduqda ehtiyat döyüş patronları, qumbaralar və onların partladıcıları olan yeşikləri açır. Yeşiklərdən götürülən döyüş sursatı haqqında akt tərtib edilir. Akt blankları əvvəlcədən hazırlanır və yeşiklərdə ehtiyat döyüş sursatı ilə birlikdə saxlanılır.
138. Əgər mühafizə olunan obyektlərin və ya qarovul otağının yaxınlığında ictimai asayiş pozularsa, qarovul rəisi onun bərpa olunmasından ötrü qarovulun qüvvəsindən istifadə etməli və bu barədə qarovullar (hərbi hissə) növbətçisinə dərhal məlumat verməlidir.
139. Mühafizə olunan obyektdə və ya qarovul otağında yanğını söndürmək üçün qarovul rəisi qarovulun qüvvəsindən istifadə etməli, eyni vaxtda yanğınsöndürmə komandasını çağırmalı və əmlakı xilas etmək üçün tədbir görməli, baş vermiş hadisələr haqqında qarovullar (hərbi hissə) növbətçisinə dərhal məlumat verməlidir.
Texniki ərazidə və ya mühafizə olunan obyektin yaxınlığında yanğın baş verdikdə, qarovul rəisi bu barədə qarovullar (hərbi hissə) növbətçisinə məlumat verməli və onun göstərişi ilə hərəkət etməlidir.
Mühafizə olunan obyektdə təbii fəlakət təhlükəsi gözlənilən hallarda qarovul rəisi dərhal qarovullar (hərbi hissə) növbətçisinə və mühafizə olunan obyektin rəisinə məlumat verməli, mühafizə olunan əmlakı xilas etməkdən ötrü tədbir görməlidir.
Saatdarların həyatı yanğın və ya daşqın təhlükəsinə məruz qaldıqda, qarovul rəisi onlara elə təhlükəsiz yerlərə keçməyi əmr edir ki, onlar oradan mühafizə olunan obyektə nəzarəti davam etdirə bilsinlər, təhlükə sovuşandan sonra isə onları əvvəlki yerlərinə qaytarır.
140. Qarovul rəisi ancaq tabe olduğu (98-ci maddə) və onların müşayiət etdikləri şəxsləri, həmçinin qarovul təyin olunan bölük (batareya) komandirinin bütün birbaşa rəislərini, əgər onları üzdən tanıyırsa, qarovul otağına maneəsiz buraxır.
Bu şəxslərin qarovul otağına gəlməsi haqqında qarovul rəisi qarovullar (hərbi hissə) növbətçisinə məlumat verməlidir.
Qarovul rəisi başqa şəxsləri qarovul otağına onların gəlişinin məqsədini, müvafiq sənədlərə əsasən gələnin şəxsiyyətini və onların buraxılış vərəqəsi olmasını müəyyən edəndən sonra buraxa bilər.
242-ci maddədə adları çəkilmiş rəislərin göstərişi ilə qarovulu yoxlamaq üçün gəlmiş şəxslər qarovul otağına ancaq qarovullar (hərbi hissə) növbətçisinin və ya onun köməkçisinin (əgər qarovul ona tabedirsə, hərbi hissə növbətçisi köməkçisinin) müşayiəti ilə buraxıla bilər.
Qarovulu yoxlamaqdan ötrü gəlmiş öz hərbi hissəsinin zabitləri qarovul rəisi tərəfindən daxili qarovulun qarovul otağına onların şəxsi vəsiqəsinə və qarovulu yoxlamağa hüquq verən birdəfəlik vəsiqəyə əsasən buraxılırlar.
Qarovul rəisi düzgün tərtib olunmamış sənədlərlə gəlmiş şəxsləri saxlamalı, dərhal onlar haqqında qarovullar (hərbi hissə) növbətçisinə məlumat verməli və sonra onun göstərişi ilə hərəkət etməlidir.
Qarovul rəisi qarovul otağına qarovulu yoxlamaq məqsədilə gəlmiş şəxslərin gəlişindən başqa, hər bir buraxılış haqqında postlar cədvəlinə qeyd etməlidir.
Qarovullar dəyişildiyi zaman qarovul otağına və mühafizə olunan obyektlərə qarovulu yoxlamaq məqsədilə gəlmiş şəxslərdən başqa heç kəs buraxılmır.
141. Qarovula qarovul rəisinin tabe olduğu şəxslər və ya onların birbaşa rəisləri, qarnizon qarovuluna isə həmçinin öz hərbi hissəsinin komandiri gəldikdə, qarovul rəisi onlara raport verir, məsələn:«Yoldaş general-mayor. Qarovulda xidmətim zamanı heç bir hadisə baş verməmişdir (və ya baş verib filan-filan). Qarovul rəisi leytenant Məmmədov». Qarovul rəisi raport verdiyi zaman qarovul otağında qarovulun oyaq növbəsi silahları götürmədən və xüsusi komanda olmadan «farağat» vəziyyəti alır.
Qarovul otağına hərbi rütbəcə qarovul rəisinə bərabər, yaxud ondan böyük başqa şəxslər gəldikdə, qarovul rəisi gələnə yaxınlaşır və özünü təqdim edir, məsələn: «Yoldaş mayor. Qarovul rəisi leytenant Mirzəyev», sonra 140-cı maddədə göstərildiyi kimi hərəkət edir.
142. Qarovul rəisi qarovulun tabe olduğu rəislər adından başqaları vasitəsilə sərəncam aldıqda, onlardan parolu soruşmalıdır. Aldığı sərəncamın düzgünlüyünə şübhə etdikdə, qarovul rəisinin hüququ var ki, onun düzgünlüyünü özünün əlverişli hesab etdiyi hər hansı vasitə ilə yoxlasın.
143. Ümumalay (ümumbriqada) axşam yoxlanışı keçirilərkən, qarovul rəisi göstərilən vaxtda qarovulu «Silaha» çağırır və onu qarovul otağının qarşısında sıraya düzür.
Orkestr «Şəfəq» ifa etməyə başladığı zaman qarovul rəisi «Farağat» komandası verib sırada öz yerində dayanır. Tapança ilə silahlanmış qarovul rəisi sıraya durduqdan sonra sağ əlini baş geyiminə yapışdırır və orkestr Azərbaycan Respublikasının Dövlət himnini ifa edib qurtardıqdan sonra onu aşağı salır.
Orkestr himni ifa edib qurtardıqdan sonra qarovul rəisi qarovulu qarovul otağına aparır.
144. Qarovul rəisinə qadağan edilir:
saatdarları dəyişmək, onların xidmətini yoxlamaq üçün və ya saatdarlar çağırdıqda, həmçinin mühafizə olunan obyekt rayonunda hər hansı hadisə və ya təbii fəlakət baş verdiyi hallar istisna olmaqla, qarovul otağından çıxıb getmək (qarovul otağından çıxıb getdikdə, öz əvəzinə köməkçisini, o da olmadıqda, dəyişdiricini və ya qarovul nəfərlərindən birini qoymalıdır);
telefonla şəxsi danışıq aparmaq;
qarovullar (hərbi hissə) növbətçisinin icazəsi olmadan qarovul heyətindən kimisə buraxmaq;
saatdarların dəyişilməsi üçün postlar cədvəlində nəzərdə tutulmuş qaydanı qarovullar (hərbi hissə) növbətçisinin icazəsi olmadan pozmaq;
qarovulun təminatı üçün ayrılmış nəqliyyat vasitələrindən təyinatına uyğun olmayaraq istifadə etmək.

Hərbi hissənin (birləşmənin) Döyüş bayrağının mühafizəsi üzrə qarovul rəisinin xüsusi vəzifələri

145. Qarovul rəisi hərbi hissənin (birləşmənin) Döyüş Bayrağının mühafizəsi üçün xüsusi məsuliyyət daşıyır.
Qarovul dəyişdirildikdə, o, köhnə qarovul rəisindən möhürlənmiş çexolda və ya şüşəli şkafda saxlanan Döyüş Bayrağını şəxsən qəbul etməli və bu zaman çexolun (şkafın) və möhürün sazlığını, eləcə də möhürü onun özündə olan izi ilə tutuşdurmaqla yoxlamalıdır. Çexolun (şkafın) və möhürün sazlığına əmin olduqdan sonra o, dəyişdiriciyə və saatdara Döyüş Bayrağını mühafizə etmək üçün qəbul etməyi əmr edir.
146. Qarovul rəisi Döyüş Bayrağını çıxarmaqdan ötrü ona hər dəfə hərbi hissə (birləşmə) komandirinin imzaladığı icazə vərəqəsi təqdim edildikdə, Döyüş Bayrağını ancaq hərbi hissə (birləşmə) qərargahı rəisinə və ya onun köməkçisinə (müavininə) verir.
Qərargah rəisi və ya onun köməkçisi (müavini) Döyüş Bayrağını qəbul edib çexolu açır. Döyüş Bayrağını çıxarır və qarovul rəisinin iştirakı ilə postlar tabelinə uyğun ordenlərin, orden lentlərinin, qumaşın, ucluğun və ağacın yerində olmasını və vəziyyətini yoxlayır. Bundan sonra qarovul rəisi postlar cədvəlində qeyd edir, məsələn: «Hərbi hissənin Döyüş Bayrağı filan ildə, ayda, gündə, saatda, filan ordenlərlə və orden lentləri ilə - №-li icazə vərəqəsinə əsasən verildi».
Döyüş Bayrağını qəbul etmiş zabit və qarovul rəisi bu qeydin altında imza edirlər. Yazılı icazə vərəqəsini qarovul rəisi özündə saxlayır.
Döyüş Bayrağı mühafizə edilmək üçün qarovula qaytarıldıqda, qarovul rəisi postlar tabelinə uyğun ordenlərin, orden lentlərinin, qumaşın, ucluğun və ağacın yerində olmasını və vəziyyətini yoxlayır, Bayrağın bayraqdar və ya assistentlər tərəfindən düzgün yığılmasına nəzarət edir. Çexol Döyüş Bayrağına geydirildikdən (Bayraq şkafa qoyulduqdan) və çexol (şkaf) gerbli möhürlə möhürləndikdən sonra qarovul rəisi möhürü onun özündə olan izi ilə tutuşdurub dəyişdiriciyə və saatdara Döyüş Bayrağını mühafizə etmək üçün qəbul etmək haqqında əmr verir. Döyüş Bayrağını mühafizə etmək üçün qəbul edəndən sonra qarovul rəisi postlar cədvəlində hansı ordenləri, orden lentlərini və hansı sayda qəbul etdiyi haqqında müvafiq qeyd edir; bundan sonra qarovul rəisi və Döyüş Bayrağını təhvil vermiş zabit həmin qeydin altında imza edirlər.
Qarovul dəyişiləndən sonra yazılı icazə vərəqəsi postlar cədvəli ilə birlikdə təhvil verilir.
Döyüş Bayrağı verildikdən sonra saatdar postdan çıxarılarsa, onun postdan çıxarılması və yenidən bu posta qaytarılması haqqında postlar tabelində müvafiq qeyd edilir.
147. Döyüş Bayrağının yanındakı post üçün təhlükə (yanğın və təbii fəlakət) yarandıqda qarovul rəisi şəxsən Döyüş Bayrağını xilas etməkdən ötrü tədbirlər görməlidir.
Qarovul rəisi hərbi hissənin Döyüş Bayrağı üçün yaranmış təhlükə və onun xilas edilməsi üzrə gördüyü tədbirlər haqqında hərbi hissə komandirinə dərhal məlumat verir və sonra onun sərəncamı üzrə hərəkət edir.

Saxlanclara (anbarlara) və parklara buraxılış zamanı qarovul rəisinin xüsusi vəzifələri

148. Qarovulun mühafizə etdiyi saxlanclara (anbarlara) buraxılış zamanı qarovul rəisinin vəzifəsidir:
təqdim edilmiş buraxılış vərəqəsini qarovul otağında olan müvafiq nümunə ilə tutuşdurmaq və gələnin şəxsiyyətini təsdiq edən sənədi yoxlamaq;
gələnin soyadının və vəzifəsinin qarovul otağında olan siyahıya uyğunluğunu yoxlamaq (112-ci maddə);
təqdim olunmuş möhürü (plombiri) qarovul otağında olan möhürün (plombirin) izi ilə tutuşdurmaq.
149. Təqdim edilmiş bütün sənədlər, həmçinin möhür (plombir) düzgün olduqda, qarovul rəisi gələnin saxlancları (anbarları) açmaqdan ötrü buraxılmasını dəyişdiriciyə əmr edir; təqdim edilmiş buraxılış vərəqəsini özündə saxlayır.
Qarovul dəyişildikdən sonra birdəfəlik buraxılış vərəqəsi postlar cədvəli ilə birlikdə təhvil verilir, həmişəlik buraxılış vərəqəsi isə mühafizə edilən obyektlər bağlanandan sonra təqdim edənə qaytarılır.
Qarovul rəisi postlar cədvəlində göstərilən tələblərə dəqiq əməl etməklə saxlanclara (anbarlara) daxil olmağa icazə verir. Qarovul rəisi tezalışan saxlanclara (anbarlara) ancaq postlar cədvəlində göstərilən ayaqqabılarla, neft lampası, odlu və soyuq silahları, ya da yandırıcı ləvazimatları olmayan şəxslərin buraxılmasına icazə verir. Bu, postlar cədvəlində də göstərilir.
150. Qarovul rəisi saxlancları (anbarları) açdıqda və ya bağladıqda bu barədə postlar cədvəlində qeyd edir, məsələn: «Filan ildə, ayda, gündə, saatda -- №-li buraxılış vərəqəsinə əsasən saxlanc (anbar, pul yeşiyi) açıldı (bağlandı)», bu qeydin altında saxlancı (anbarı) açmağa (bağlamağa) gəlmiş şəxslə birlikdə imza edir.
Hər hansı bir saxlanc (anbar) qarovulun dəyişilməsinə qədər mühafizə olunmaq üçün təhvil verilməyibsə, bu barədə təzə postlar cədvəlində qeydlər edilir və altında köhnə və təzə qarovul rəisləri imza edirlər, buraxılış vərəqəsi isə təzə qarovul rəisinə verilir.
151. Saxlanc (anbar) bir saatdan çox olmayan müddətə açılırsa, qarovul rəisi saatdarı postda saxlayır. Saxlanc (anbar) bir saatdan çox müddətə açılırsa, qarovul rəisi postlar tabelində göstərilən tələblərə uyğun hərəkət edir.
Saxlancın (anbarın) açıldığı müddət ərzində saatdarın postdan çıxarılması və onun yenidən həmin posta qaytarılması haqqında qarovul rəisi postlar cədvəlində müvafiq qeydlər edir.
152. Qarovul rəisi saxlanca (anbara) buraxılışa aşağıdakı hallarda icazə vermir:
buraxılış vərəqəsində göstərilən şəxs göstərilmiş gündə və saatda gəlmədikdə və ya müvafiq sənədləri olmadıqda;
siyahıda və ya buraxılış vərəqəsində göstərilən şəxsin əvəzinə başqası gəldikdə;
buraxılış vərəqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd düzgün tərtib edilmədikdə, möhürün izi ilə (plombirdə isə plombun izi ilə) və ya buraxılış vərəqəsi onun qarovul otağında saxlanan nümunəsi ilə uyğun gəlmədikdə.
Bütün göstərilən hallarda qarovul rəisi gələn şəxsi saxlayır, bu barədə postlar cədvəlində qeyd edir, qarovullar (hərbi hissə) növbətçisinə məlumat verir, sonra isə onun göstərişinə əsasən hərəkət edir.
153. Qarovulların mühafizə etdikləri parklarda və ya maşınların (təyyarələrin, topların və digər döyüş texnikasının) dayandığı yerlərə 148-152-ci maddələrin göstərişlərinə əsasən buraxılmağa icazə verilir.

Hauptvaxt qarovulu rəisinin xüsusi vəzifələri

154. Hauptvaxt qarovulu rəisinin vəzifəsidir:
hauptvaxt rəisinin (hərbi hissə növbətçisinin) göstərişi ilə həbs kağızına, cinayət prosesini həyata keçirən orqanın qərarına əsasən hərbi qulluqçuları qəbul etmək, həbs edilənləri və tutulanları müvafiq kameralarda yerləşdirmək (4 saylı əlavə);
həbs edilənlərin kameralarının açarlarını özündə saxlamaq;
zərurət olduqda oyaq qarovul nəfərlərindən çıxarıcıya köməkçilər təyin etmək;
hərbi komendantın (qarovullar, hərbi hissə növbətçisinin) göstərişi ilə sərxoş halda hərbi intizamı pozduqlarına görə, həmçinin şəxsiyyətini təsdiq edən sənədləri olmadığına və ya düzgün tərtib edilmədiyinə görə tutulub müvəqqəti saxlananlar kamerasında yerləşdirilmiş hərbi qulluqçuları mühafizə üçün qəbul etmək;
köhnə qarovul dəyişilərkən kameralar üzrə həbs edilənləri hauptvaxt rəisinin (hərbi hissə növbətçisinin) imzaladığı adlar siyahısı üzrə şəxsən qəbul etmək;
qarovulun dəyişildiyi və xidməti zamanı divarların, tavanın, döşəmənin, pəncərələrin metal barmaqlıqların və s. bütövlüyünə diqqət verməklə həbs edilənlərin kameralarının vəziyyətini yoxlamaq;
həbs edilənlərin kameralarda hər gün səhər baxışını və axşam yoxlanışını keçirmək, onlarda icazə verilməyən əşyaların olub-olmamasını yoxlamaq; xəstələnənlər barəsində hauptvaxt rəisinə (hərbi hissə növbətçisinə) məlumat vermək; həbs edilənlər üçün müəyyən edilmiş gün nizam qaydalarına və onların saxlanması qaydasına dəqiq əməl edilməsinə diqqət yetirmək;
həbs edilənləri yalnız hauptvaxt rəisinin (hərbi hissə növbətçisinin) sərəncamı ilə işə, hamama və i.a. göndərmək; həbs edilənlər qayıtdıqdan sonra onlarda icazə verilməmiş əşyaların olub-olmamasını yoxlamaq; intizam qaydasında həbs edilmişlərin doldurulmamış silahla müşayiət olunmasını həyata keçirmək; cinayət prosesini həyata keçirən orqan tərəfindən həbs edilmiş şəxslər silahla müşayiət olunarkən konvoy nəfərinin silahı doldurmasını şəxsən yoxlamaq;
həbs edilənlər arasında baş vermiş iğtişaşın və onların qaçmasının qarşısını almaq məqsədilə qarovulu «Silaha» çağırmaq; zərurət olduqda qarovullar (hərbi hissə) növbətçisindən əlavə naryad göndərilməsini xahiş etmək;
xörəyin vaxtında gətirilməsinə və həbs edilənlərə paylanmasına diqqət yetirmək;
həbs edilənlərin xahişlərini, şikayətlərini (ərizələrini) və təkliflərini qəbul etmək və hauptvaxt rəisinə (hərbi hissə növbətçisinə) çatdırmaq;
qarovulda olan bütün çatışmazlıqlar və onların aradan qaldırılması üçün görülən tədbirlər barəsində hauptvaxt rəisinə və qarovullar (hərbi hissə) növbətçisinə məlumat vermək; baş vermiş hadisələr haqqında isə dərhal məlumat vermək.
155. Hauptvaxtda yanğın və ya hauptvaxtın yerləşdiyi rayonda təbii fəlakət baş verdikdə, qarovul rəisi qarovulu «Silaha» çağırmağa borcludur; dərhal yanğınsöndürmə komandasını çağırmalıdır, cinayət prosesini həyata keçirən orqan tərəfindən həbs edilmiş şəxsləri təhlükəsiz yerə çıxarmalı, onların mühafizəsini təşkil etməlidir, intizam qaydasında həbs edilənləri və tutulub saxlananları yanğın söndürülməsinə (təbii fəlakətlə mübarizəyə) və əmlakın xilas edilməsinə cəlb etməlidir; baş vermiş hadisələr haqqında qarovullar (hərbi hissə) növbətçisinə və hauptvaxt rəisinə məlumat verməlidir.

Qarovul rəisinin köməkçisi

156. Qarovul rəisinin köməkçisi qarovul rəisinə tabedir. Qarovul rəisi köməkçisinin vəzifəsidir:
qarovulun vəzifəsini, qarovul rəisi üçün təlimatı və bütün qarovul nəfərlərinin vəzifələrini bilmək;
qarovul dəyişdirilərkən qarovul otağını, həmçinin orada olan avadanlığı və əmlakı siyahı ilə qəbul etmək;
qarovul rəisi olmaqdıqda və ya istirahət etdikdə onun vəzifələrini yerinə yetirmək;
qarovul rəisinin sərəncamı ilə növbələri postlara göndərmək və saatdarların xidmətini yoxlamaq;
qarovul otağının girəcəyindəki saatdarların dəyişdirilməsi qrafikini tərtib etmək və onları dəyişdirmək;
qarovulun şəxsi heyətinin vaxtında qidalanmasına, avadanlığın, inventarın və əmlakın saz saxlanmasına, qarovul otağında və ona yaxın ərazidə təmizliyə və qayda-qanuna həmçinin vaxtında sobaların qalanmasına və işıqlandırmaya diqqət yetirmək;
qarovul rəisinin sərəncamı ilə saatdarların xidmətini yoxlamağa gedən şəxsləri müşayiət etmək.
157. Hauptvaxt qarovul rəisinin köməkçisi gündə dörd dəfədən az olmayaraq (onun iki dəfəsi gecələr) kameraların vəziyyətini və həbs edilənlərin onlar üçün qəbul olunmuş qaydalara riayət etməsini yoxlamağa borcludur (4 saylı əlavə).
158. Qarovul rəisi ağır xəstələndikdə , ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda və ya həlak olduqda (öldükdə), qarovul rəisinin köməkçisi onun vəzifəsini icra etməyə başlayır və bu barədə qarovullar (hərbi hissə) növbətçisinə məlumat verir. [7]

Dəyişdirici
159. Dəyişdirici onun tabeliyində olan saatdarların düzgün və sayıq xidmət etmələrinə, vaxtında dəyişdirilmələrinə və postlara qoyulmalarına, postları düzgün qəbul etmələrinə və təhvil vermələrinə cavabdehdir. O, qarovul rəisinə və onun köməkçisinə tabedir və ancaq onların əmrlərini yerinə yetirir.
160. Dəyişdirici saatdara, mühafizə olunan obyektə, qarovulu dəyişmək üçün postlara və ya qarovul otağına qayıdarkən qarovul növbəsinə basqını dəf etməkdən ötrü şəxsən və qarovul növbəsi ilə birlikdə bu Nizamnamənin 173-174-cü maddələrində nəzərdə tutulmuş qaydada silah işlədə bilər.
161. Dəyişdiricinin ümumi vəzifəsidir:
öz postlarının sayını, onların yerlərini, onlara gedən hərəkət marşrutlarını, mühafizə və müdafiə (müşahidə, atəşaçma və hasarlama) şəraitini və hər bir postda saatdarın xüsusi vəzifələrini bilmək;
köhnə qarovulun dəyişdiricisindən möhürlərin (plombların) izlərini, saatdarları postlara qoyduqda isə mühafizə olunan obyektləri postlar tabelinə uyğun qəbul etmək, bu barədə qarovul rəisinə məlumat vermək;
qarovul nəfərlərini postlara aparmazdan əvvəl onların öz vəzifələrini bilmələrini, həmçinin papirosçəkmə və yandırıcı ləvazimatlarını qarovul otağında qoyub-qoymadıqlarını yoxlamaq;
qarovul nəfərlərini postlara aparmazdan əvvəl silahların düzgün doldurulmasına, postlardan qayıtdıqdan sonra isə düzgün boşaldılmasına diqqət yetirmək (106 və 107-ci maddələr);
hər növbə qayıtdıqdan sonra qarovul rəisinə növbənin dəyişilməsi, postların vəziyyəti, bütün nöqsanlar və onların aradan qaldırılması tədbirləri haqqında məlumat vermək;
ona tabe olan saatdarların xidmətini qarovul rəisinin icazəsilə yoxlamaq.
Hauptvaxtda qarovulun dəyişdiricisi bundan əlavə, ona tabe olan saatdarların mühafizə etdikləri həbs edilənlərin sayını bilməlidir.
162. Saatdarların postlara qoyulması və ya dəyişilməsi zamanı dəyişdiricinin vəzifəsidir:
köhnə qarovul dəyişdiricisi ilə birlikdə mühafizə olunan obyektin vəziyyətini, işıqlandırmanın, hasarların və səngərlərin sazlığını yoxlamaq;
saatdarın və postu qəbul edən qarovul nəfərinin postun təhvilinə və qəbuluna düzgün əməl etməsinə diqqət yetirmək, saxlanc (anbar, park) qıfıllarının, möhürlərinin (plomblarının), qaytanlarının mövcudluğu və vəziyyətini, pəncərələrin, metal barmaqlıqların, qapıların və divarların vəziyyətini mühafizə olunan hərbi texnikanın sayını, həmçinin rabitə, işıqlanma, siqnalizasiya, yanğınsöndürmə vasitələrini və post geyimini şəxsən yoxlamaq;
möhürü və plombu onların izləri ilə tutuşdurmaq;
dəyişilən saatdardan postda olduğu zaman bütün gördüklərini soruşmaq;
postu qəbul edən saatdara onun nəyə xüsusi diqqət yetirməsi barədə göstəriş vermək, qonşu postların harada yerləşməsini və mühafizə olunan postlara daha təhlükəli giriş yerlərini başa salmaq; yer sahəsində postun sərhədini və kənar şəxsləri hansı məsafədən posta yaxın buraxmaq qadağan olduğunu saatdara göstərmək; saatdarın ona, mühafizə etdiyi obyektə və ya qonşu posta basqın edildikdə, həmçinin yanğın və həyəcan zamanı nə edəcəyini bilib-bilmədiyini yoxlamaq;
saatdarların qarovul otağı ilə əlaqə saxlaması üçün təyin olunmuş siqnalları bilməsini yoxlamaq.
Postu qəbul edərkən (təhvil verərkən) möhürün (plombun) onların izləri ilə və ya mühafizə olunan maşınların (təyyarələrin, topların və ya digər döyüş texnikasının) miqdarı postlar tabelində göstərilən sayla uyğun gəlmədikdə, həmçinin hər hansı başqa nöqsanlar aşkar edildikdə, dəyişdirici 221-ci maddənin göstərişlərinə uyğun hərəkət edir.
163. Döyüş Bayrağı yanındakı postda saatdarı dəyişdirərkən, dəyişdirici çexolun (şkafın) sazlığını, onlardakı möhürləri yoxlamalı və möhürü özündə olan izi ilə tutuşdurmalıdır. Çexolun (şkafın) və ya möhürün nasazlığı aşkar edildikdə, qarovul rəisini çağırmalı və ona bu barədə dərhal məlumat verməlidir.
164. Dəyişdirici saxlancları (anbarları, parkları) açmaq üçün gəlmiş şəxslərlə birlikdə parka gəlir, möhürlərin (plombların) izlərini nəzərdən keçirir. Saatdar postlar tabelinə uyğun postda qalmalı olduqda, dəyişdirici postlar tabelində bu vaxt üçün nəzərdə tutulmuş xüsusi vəzifələri onun yadına salır.
Dəyişdirici saxlanclara (anbarlara) girməyə postlar tabelində göstərilən tələblərə dəqiq əməl etməklə icazə verir.
165. Açılmış saxlanclarda saatdar dəyişilərsə, dəyişdirici posta girmiş saatdara saxlancın kim tərəfindən açıldığını və ya maşınların dayandıqları yerlərə buraxıldığını bildirir.
Saxlanclar (anbarlar, parklar) bağlandıqdan sonra dəyişdirici möhürlərin (plombların) izləri ilə posta gəlir ki, şəxsən saatdarın iştirakı ilə saxlancı (anbarı, parkı) mühafizə üçün təhvil verənlə birlikdə möhürlərin (plombların) və pəncərələrin, metal barmaqlıqların, qapıların, divarların vəziyyətini yoxlasın; dayanacaqlardakı döyüş texnikasını mühafizə üçün qəbul etdikdə maşınların, təyyarələrin, topların sayını yoxlasın, onlarda möhürlər (plomblar) olduqda isə onların izləri ilə tutuşdursun.
166. Qarovul rəisi və onun köməkçisi ağır xəstələndikdə , ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda və ya həlak olduqda (öldükdə), qarovul rəisi vəzifəsini birinci dəyişdirici müvəqqəti icra etməyə başlayır. O, baş vermiş hadisə haqqında qarovullar (hərbi hissə) növbətçisinə məlumat verməlidir. [8]

Saatdar

167. Saatdar toxunulmaz şəxsdir. Saatdarın toxunulmazlığı aşağıdakılardan ibarətdir:
hüququnu və şəxsi ləyaqətinin qanunla xüsusi qorunmasından;
ancaq müəyyən şəxslərə — qarovul rəisinə, qarovul rəisinin köməkçisinə və öz dəyişdiricisinə tabe olmasından;
vəzifəsi ilə müəyyən edilmiş tələblərin bütün şəxslər tərəfindən sözsüz yerinə yetirilməsindən;
bu Nizamnamədə göstərilən hallarda və qaydada ona silah işlətmək hüququ verilməsindən.
168. Ancaq qarovul rəisinin, qarovul rəisi köməkçisinin və tabe olduğu dəyişdiricinin saatdarı dəyişməyə və postdan çıxarmağa hüququ vardır.
Qarovul rəisi, onun köməkçisi və dəyişdirici həlak(öldükdə) olduqda və ya onların öz vəzifələrini yerinə yetirməyə fiziki cəhətdən imkanları olmadıqda, saatdarlar qarovullar (hərbi hissə) növbətçisi tərəfindən öz bölük (batareya) və yaxud tabor (divizion) komandirinin iştirakı ilə postdan çıxarılır, yaxud dəyişdirilir. [9]
169. Qarovul nəfəri postu qəbul edərkən dəyişdiricinin (qarovul rəisinin və ya onun köməkçisinin) və dəyişilən saatdarın iştirakı ilə şəxsən postlar tabelinə uyğun mühafizə üçün bütün qəbul olunanları nəzərdən keçirib onların mövcudluğunu və sazlığını yoxlamalıdır; həbs edilənləri mühafizə üçün postu qəbul edərkən siyirmələrin, metal barmaqlıqların sazlığını və kamerada saxlanan həbs edilənlərin sayını yoxlamalıdır.
170. Saatdarın vəzifəsidir:
öz postunu sayıq mühafizə və mətanətlə müdafiə etmək;
ayıq xidmət etmək, fikrini yayındırmamaq, silahını əlindən buraxmamaq və onu tabe olduğu şəxslər də daxil olmaqla, heç kimə verməmək;
təyin olunmuş marşrutla hərəkət edərək, postun yaxınlığındakı girəcəkləri və hasarları nəzərdən keçirmək, həmçinin siqnalizasiya vasitələrinin sazlığını yoxlamaq;
həyatı təhlükədə olsa belə, dəyişilməyincə və postdan çıxarılmayınca onu tərk etməmək; (özbaşına postu tərk etmək qarovul xidmətinin nizamnamə qaydalarını pozduğuna görə hərbi cinayəti ağırlaşdıran haldır);
postda tapşırığı yerinə yetirərkən 107-ci maddədə göstərilən qayda üzrə dolu və həmişə atışa hazır silahı olmaq;
postlar tabelində göstərilən və yer sahəsində işarə qoyulmuş yerdən posta yaxın məsafəyə qarovul rəisindən, qarovul rəisinin köməkçisindən, özünün dəyişdiricisindən və onların müşayiət etdikləri şəxslərdən, həmçinin 168-ci maddədə göstərilən hallarda qarovullar (hərbi hissə) növbətçisindən başqa heç kəsi buraxmamaq;
qarovulun nəqliyyat vasitələrinin marşrutunu, hərəkət qrafikini, həmçinin onların fərqlənmə nişanlarını və siqnallarını bildirmək;
postdakı yanğınsöndürmə vasitələrindən istifadə etməyi bacarmaq;
180-ci maddədə göstərildiyi kimi əsgəri salam vermək;
obyektin hasarında (postda) hər hansı bir nasazlığı və öz postu, yaxud qonşu postun yaxınlığında hər hansı qayda-qanun pozuntusunu gördükdə, qarovul rəisini çağırmaq;
qarovul itinin hürməsini eşitdikdə, dərhal müəyyən edilmiş siqnalla qarovul otağına xəbər vermək.
171. Saatdar postda süngüsü taxılmış silahla (süngü-bıçaqsız qundağı qatlanmış avtomatla, bel qayışından qında olan süngü-bıçaqla) olmalıdır; gecə vaxtı ayaqüstə atış üçün hazırlıq vəziyyətində, gündüz vaxtı «qayışda» vəziyyətində və ya ayaqüstə atış üçün hazırlıq vəziyyətində (15 saylı əlavə); daxili postlarda və Döyüş Bayrağının yanındakı postda taxta qundaqlı avtomat «qayışda», qatlanan qundaqlı avtomat «döşdə», karabin isə «ayaqda» vəziyyətində; dolu maqazinlər (daraqlar) olan çanta bağlı olmalıdır.
Saatdara yanğın söndürdüyü və ya təbii fəlakətlə mübarizə apardığı vaxtlar silahı «arxada» vəziyyətində saxlamağa icazə verilir.
172. Saatdara yatmaq, oturmaq, nəyə isə söykənmək, yazmaq, kitab oxumaq, mahnı oxumaq, danışmaq, yemək, içmək, papiros çəkmək, təbii ehtiyaclarını yerinə yetirmək, kimdənsə şey almaq və kiməsə şey vermək, zərurət olmadıqda patronu yuvasına yeritmək qadağandır.
Saatdar ancaq qarovul rəisinin, onun köməkçisinin, öz dəyişdiricisinin və yoxlamağa gəlmiş şəxslərin suallarına cavab verməlidir.
173. Saatdar özünə və ya mühafizə etdiyi obyektə aşkar basqın olduğu hallarda xəbərdarlıq etmədən silah işlətməlidir.
174. Saatdar qarovul rəisindən, qarovul rəisinin köməkçisindən, öz dəyişdiricisindən və onların müşayiət etdikləri şəxslərdən başqa postlara, yaxud göstəricilərlə işarə qoyulan qadağan edilmiş sərhədə yaxınlaşan bütün şəxsləri ucadan «Dayan, geriyə» və ya «Dayan, sağdan (soldan) keç» deyib saxlayır.
Posta və ya qadağan olunmuş sərhədə yaxınlaşan şəxs bu tələbi yerinə yetirmədikdə, saatdar onu ucadan «Dayan, atacağam» deyib xəbərdar edir və dərhal qarovul rəisini, yaxud dəyişdiricini çağırır.
Qaydanı pozan şəxs bu tələbi yerinə yetirmədikdə, saatdar patronu yuvaya yeridir və havaya xəbərdarlıq atəşi açır. Qaydanı pozan şəxs bu tələbi də yerinə yetirmədikdə və posta (qadağan edilmiş sərhədi) keçməyə cəhd göstərdikdə, yaxud belə cəhddən sonra qaçmağa üz qoyduqda, saatdar ona qarşı silah işlədir.
175. Pis görmə şəraitində postlar tabelində göstərilən məsafədən posta və ya qadağan olunmuş sərhədə yaxınlaşanları görmək mümkün deyilsə, saatdar onu ucadan «Dayan, kim gəlir» deyib saxlayır. Cavab almadıqda, saatdar «Dayan atacağam» — deyə xəbərdar edir və qaydanı pozanı yerə uzanmağa məcbur edərək tutub saxlayır. Saatdar qaydanı pozduğuna görə tutulan barəsində müəyyən edilmiş siqnalla qarovul otağına xəbər verir və diqqətini zəiflətməyərək ona tapşırılmış obyekti mühafizə etməkdə davam edir, qaydanı pozanın davranışına diqqət yetirir.
Qaydanı pozan dayanmadıqda və mühafizə edilən obyektə (posta) soxulmağa cəhd göstərdikdə və ya belə cəhddən sonra qaçmağa üz qoyduqda, saatdar havaya xəbərdarlıq atəşi açır. Qaydanı pozan bu tələbi də yerinə yetirmədikdə, saatdar ona qarşı silah işlədir.
Saatdarın səsinə «Qarovul rəisi (qarovul rəisinin köməkçisi, dəyişdirici) gəlir» cavabı verildikdə, saatdar əmr edir:
«Qarovul rəisi (qarovul rəisinin köməkçisi, dəyişdirici) yanıma, qalanları yerində»; zərurət olduqda isə saatdar yaxınlaşan şəxsin öz üzünü işıqlandırmasını tələb edir. Adı çəkilən şəxsin doğrudan da qarovul rəisi (qarovul rəisinin köməkçisi, dəyişdirici) olduğuna əmin olandan sonra saatdar bütün gələn şəxsləri yanına buraxır.
Özünü qarovul rəisi (qarovul rəisinin köməkçisi, dəyişdirici) adlandıran naməlum şəxs olduqda və ya onunla olan şəxslər saatdarın öz yerində qalmaq tələbini yerinə yetirmədikdə, saatdar qaydanı pozanlara ucadan «Dayan, atacağam» deyib xəbərdarlıq etməlidir.
Qaydanı pozan şəxslər bu tələbi də yerinə yetirmədikdə, saatdar onlara qarşı silah işlədir.
176. Zərurət olduqda saatdar özünü və ya mühafizə etdiyi obyekti müdafiə etməkdən ötrü əlbəyaxa döyüşə girərək süngü, yaxud qundaqla cəsarətlə vuruşmalıdır.
177. Postda yanğın baş verdikdə, saatdar bu barədə müəyyən edilmiş siqnalla qarovul otağına dərhal xəbər verməli və mühafizə etdiyi obyektdən müşahidəsini yayındırmadan yanğının söndürülməsindən ötrü tədbir görməlidir. Mühafizə etdiyi obyektin texniki ərazisində, yaxud daxili və xarici hasarları olan obyektdə, həmçinin postun yaxınlığında yanğın baş verdikdə, postda öz xidmətini davam etdirərək, bu barədə qarovul otağına xəbər verməlidir.
178. Saatdar qəflətən xəstələndikdə , xəsarət (yaralanma, travma, kontuziya) aldıqda postda xidmətini davam etdirərək müəyyən edilmiş siqnalla dəyişdiricini və ya qarovul rəisini çağırmalıdır.
179. Müstəsna, təxirəsalınmaz hallarda, yaxud rabitə və siqnalizasiya vasitələri nasaz olduqda, saatdar havaya atəş açmaqla, qarovul rəisini və ya dəyişdiricini posta çağırmalıdır. [10]
180. Saatdar özünün tabe olduğu rəislərinə və onların müşayiəti ilə posta gəlmiş rəislərə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra nizamnaməsində göstərilmiş qayda ilə əsgəri salam verməlidir. Bu zaman əvvəl avtomat ayaqüstə atışa hazırlıq vəziyyətindən «qayışa», karabin isə «ayağa» alınır.
181. Saatdar Döyüş Bayrağının yanındakı postda öz vəzifəsini ayaqüstə «azad» vəziyyətində yerinə yetirir. Hərbi qulluqçular Döyüş Bayrağına əsgəri salam verdikdə, saatdar «farağat» vəziyyəti almalıdır.
Döyüş Bayrağını mühafizəyə qəbul edəndə saatdar onun çexolunun (şkafın) və ondakı möhürün izinin sazlığını yoxlamalıdır. O, Döyüş Bayrağını ancaq qarovul rəisinin şəxsi əmri ilə və onun iştirakı ilə postdan verə bilər.
Döyüş Bayrağının yanındakı posta təhlükə qorxusu (yanğın, daşqın, yaxud başqa təbii fəlakət) yarandıqda, saatdar Döyüş Bayrağını təhlükəsiz yerə çıxarmalı və qarovul rəisini dərhal çağırmalıdır.
182. Saatdar açılmış saxlancda (anbarda, parkda), yaxud maşınların (təyyarələrin, topların və ya digər döyüş texnikasının) dayandığı yerdə iş görüldüyü hallarda öz vəzifəsini postlar tabelində göstərilənlərə uyğun yerinə yetirir.
Bunlardan əlavə alışma təhlükəsi olan saxlancları (anbarları) mühafizə edən saatdarın vəzifəsidir:
mühafizə edilən obyektlərin yanında heç kəsin papiros çəkməsinə, od qalamasına, atəş açmasına, həmçinin postlar tabelində göstərilən məsafədən yaxında nəzərdə tutulmayan işıqlandırıcı cihazlardan istifadə etməsinə yol verməmək;
heç kəsi saxlanca (anbara) postlar tabelində nəzərdə tutulmayan ayaqqabı və fənərlə, həmçinin soyuq və odlu silahla buraxmamaq.
183. Həbs edilənləri hauptvaxtda mühafizə edən saatdarın vəzifəsidir:
mühafizə etdiyi həbs edilənlərin sayını bilmək;
kameraların xaricində qapıların qabağında olmaq və nəzarət pəncərəsindən həbs edilənlərin müəyyən edilmiş qaydaları pozmamalarına, onların hərəkətlərinə və davranışlarına diqqət yetirmək, həbs edilənlərin pəncərə çərçivələrini, metal barmaqlıqları, döşəməni və divarları xarab etmələrinə yol verməmək;
həbs edilənlərin kameralarında gecə vaxtı işıq olmasına diqqət yetirmək;
qarovul rəisinin, qarovul rəisi köməkçisinin və öz dəyişdiricisinin şəxsi sərəncamı olmadan həbs edilənləri kameralardan bayıra və onların yanına heç kimi buraxmamaq;
həbs edilənlərlə danışmamaq, onlara heç nə verməmək və onlardan heç nə almamaq;
həbs edilənlərin yoldan keçənlərdən bir şey almalarına, onların pəncərədən küçəyə kağız və başqa şey tullamalarına və kənar adamlarla danışmalarına yol verməmək;
həbsdə olan şəxs çıxarıcını çağırmağı xahiş etdikdə, bu barədə dəyişdiriciyə, qarovul rəisinə və ya onun köməkçisinə məlumat vermək;
həbs edilənlər onun tələblərini yerinə yetirmədikdə, dərhal qarovul rəisini, onun köməkçisini və ya dəyişdiricini çağırmaq;
qaçan həbs edilənə (həbs edilənlərə) ucadan «Dayan, atacağam» deyib xəbərdarlıq etmək, bu tələb yerinə yetirilmədikdə, ona (onlara) qarşı silah işlətmək.
Həbs edilənləri bir məntəqədən başqasına apardıqda, həmçinin hauptvaxtdan kənarda hərəkət etdikdə, həbs edilənləri mühafizə edən saatdarın vəzifəsini konvoy nəfəri yerinə yetirir.
184. Qarovul otağının girəcəyində saatdar qarovul otağını mühafizə etməli və oraya özünün üzdən tanıdığı və qarovulun tabe olduğu, yaxud onların müşayiət etdikləri şəxslərdən başqa heç kimi buraxmamalıdır. Bu şəxslərin yaxınlaşmasını saatdar müəyyən olunmuş siqnalla qarovul rəisinə bildirir və onları maneəsiz qarovul otağına buraxır. Bütün başqa yaxınlaşan şəxsləri saatdar postlar tabelində göstərilən məsafədə saxlamalı və qarovul rəisini, yaxud onun köməkçisini çağırmalıdır.
Pis görmə şəraitində postlar tabelində göstərilən məsafədən qarovul otağına yaxınlaşanları görmək mümkün deyilsə, saatdar onları ucadan «Dayan» deyib yerində saxlamalı və qarovul rəisini, yaxud onun köməkçisini çağırmalıdır.
Qarovul otağının yaxınlığında baş verən bütün hadisələr və qarovulun öz vəzifələrini yerinə yetirməsinə mane ola bilən bütün nəzərə çarpan şeylər, həmçinin postlarda eşitdiyi siqnallar haqqında saatdar qarovul rəisinə, yaxud onun köməkçisinə məlumat verməlidir.
185. Saatdarın xüsusi vəzifəsi hər bir obyektin mühafizə və müdafiə şəraitinə uyğun olaraq postlar tabelində göstərilir.

Avtonəqliyyat vasitələrinin sürücüsü

186. Avtonəqliyyat vasitəsinin sürücüsü qarovul heyətinin daşınmasından ötrü dərhal istifadə olunması üçün avtonəqliyyat vasitəsinin daim hazır olmasına cavabdehdir. O, qarovul rəisinə və onun köməkçisinə tabedir.
Avtonəqliyyat vasitəsi sürücüsünün vəzifəsidir:
avtonəqliyyat vasitəsini işə daim hazır vəziyyətdə saxlamaq;
qarovul rəisinin və ya onun köməkçisinin sərəncamı ilə postların yerləşmə sxemində göstərilən marşrutla növbələri və saatdarların xidmətini yoxlayan şəxsləri postlara aparmaq və postlardan gətirmək;
postlara gedərkən və postlardan qayıdarkən dəyişdiricinin komandalarını yerinə yetirmək.
Sürücüyə avtonəqliyyat vasitəsinin idarə olunmasını özünün tabe olduğu şəxslər də daxil olmaqla, başqa şəxsə verməsi qadağan edilir.

Çıxarıcı

187. Çıxarıcı həbs edilənləri hauptvaxt hüdudlarında müşayiət edərkən onların mühafizəsinə cavabdehdir. O, qarovul rəisinə və onun köməkçisinə tabedir.
Çıxarıcının vəzifəsidir:
qarovul rəisinin və ya onun köməkçisinin sərəncamı ilə həbs edilənlər təbii ehtiyaclarını yerinə yetirməkdən ötrü, səhər və axşam tualetinə, gəzintiyə, həmçinin hauptvaxtın kameralarını və otaqlarını yığışdırmaq üçün çıxarıldıqda, onları müşayiət edib qorumaq;
həbs edilənləri müşayiət edərkən, silahı «qayışda» vəziyyətində saxlamaq;
müşayiət olunan həbs edilənlərin papiros çəkməməsinə və kənar şəxslərlə ünsiyyətdə olmamasına diqqət yetirmək;
qaçan həbs edilənə (həbs edilənlərə) ucadan «Dayan, atacağam» deyib xəbərdarlıq etmək, bu tələb yerinə yetirilmədikdə, ona (onlara) qarşı silah işlətmək.
188. Çıxarıcıya həbs edilənləri müşayiət edərkən onlarla danışığa girmək, onlardan hər hansı bir şey qəbul etmək, yaxud onlara bir şey vermək, həmçinin yemək, içmək, papiros çəkmək, mahnı oxumaq, oturmaq, təbii ehtiyacını yerinə yetirmək və başqa vasitələrlə öz vəzifə borcunu yerinə yetirməkdən yayınmaq qadağan edilir.
Çıxarıcı həbs edilənləri müşayiət etməkdən ötrü onları bir-bir kolona düzür və həbs edilənlərdən (həbs ediləndən) iki-üç addım sağda (solda) geridə hərəkət edir. Bütün komandaları çıxarıcı verir.
Həbs edilənlərin konvoy ilə müşayiətetmə qaydaları və konvoy nəfərlərinin xüsusi vəzifələri 4 saylı əlavədə verilib.

X fəsil.
Qarovulların dəyişməsi və dəyişilməsi

Qarovulların dəyişməsi

189. Qarovulların dəyişməsi, qarovulun xidməti yerinə yetirməyə hazır olmasını yoxlamaqdan, onların 98-ci maddədə göstərilən şəxslərin tabeliyinə keçməsindən və qarovullara köhnə qarovulları dəyişmək hüququnun verilməsindən ibarətdir. Qarovulların dəyişməsi 40 dəqiqədən artıq davam etməməlidir.
190. Qarnizon qarovullarının dəyişmə yerini və vaxtını qarnizon rəisi, daxili qarovullarınkını isə hərbi hissə komandiri müəyyən edir. Qarovulların dəyişmə yerinə və dəyişmə yerindən qarovul otağına getməsinə saat yarımdan artıq vaxt sərf olunmamalıdır.
Böyük qarnizonlarda qarovulların dəyişməsi qarnizon rəisinin sərəncamı ilə ayrı-ayrı yerlərdə aparıla bilər.
191. Dəyişmə yerinə və ya dəyişmə yerindən qarovul otağına piyada getmək üçün 30 dəqiqədən çox vaxt tələb olunarsa, qarnizon rəisinin (hərbi hissə komandirinin) sərəncamı ilə qarovula nəqliyyat vasitəsi verilməlidir.
192. Dəyişməyə qarovulların bütün şəxsi heyəti və orkestr çıxarılır. Onlar dəyişmə yerinə onun başlanmasına 10 dəqiqə qalmışdan gec olmayaraq gəlməlidirlər.
Qarnizonlarda və hərbi hissələrdə orkestr olmadıqda, həmçinin havanın temperaturu -15o S və ondan aşağı olduqda, qarovulların dəyişməsinə iki-üç təbilçi çıxarılır.
193. Qarnizon (düşərgə) qarovullarının dəyişməsi qarovullar növbətçisi (bölmə qarovullar növbətçisi, düşərgə toplanışı növbətçisi) tərəfindən aparılır.
Daxili (gəmi) qarovullarının dəyişməsi hərbi hissə (gəmi) növbətçisi tərəfindən aparılır.
Müvəqqəti qarovulların dəyişməsi daimi qarovullarla birlikdə aparılır. Müvəqqəti qarovullar daimi qarovulların dəyişməsindən sonra təyin olunduqda, onların dəyişməsi ayrıca aparılır.
194. Hər bir qarovul rəisi dəyişmə yerinə gəlib yeni qarovul növbətçisinin köməkçisinə məlumat verir, məsələn: «Yoldaş leytenant. Bir nömrəli qarovul bütün şəxsi heyəti ilə dəyişməyə gəlib. Qarovul rəisi leytenant Səmədov».
195. Yeni qarovul növbətçisinin köməkçisi qarovulları onların nömrələrinin ardıcıllığına görə: avtomatlarla silahlanmışları avtomat «qayışda», karabinlərlə silahlanmışları isə karabin «ayaqda» vəziyyətinə düzür.
Hər qarovulun sağ cinahında qarovul rəisi, sol cinahında isə onun köməkçisi dayanır; dəyişdiricilər öz qarovul nəfərlərindən sağdan birinci cərgədə dayanırlar. Qarovul nəfərləri post nömrələrinin ardıcıllığına görə sağdan sola, növbə ardıcıllığına görə isə bir-birinin ardınca, çıxarıcılar isə onlardan solda dayanırlar. Qarovulların nəqliyyat vasitələri öz sürücüləri ilə onlar üçün ayrılmış yerdə yerləşirlər.
Daxili qarovulların dəyişməsi zamanı qarovullardan solda yerdə qalan sutkalıq naryad Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsində göstərilən qaydada düzülür.
Orkestr (təbilçilər) qarovulların sağ cinahında qarovullar növbətçisi köməkçisindən üç addım sağda dayanır.



Qarovulu dəyişmə üçün düzülüşü

196. Qarovullar növbətçisini qarşılamaq üçün onun köməkçisi növbətçinin sıraya çatmasına 40-50 addım qalmış komanda verir: «Qarovullar — «DÜZLƏN», «FARAĞAT», «DİQQƏT, SAĞA (SOLA, MƏRKƏZƏ)». Qarovullar (QAROVUL) karabinlə silahlanıblarsa, «QAROVULLAR — «DÜZLƏN», FARAĞAT», «sağdan (soldan, qarşıdan) qarşılamaq üçün, qarovula — AL». Hərbi dirijor «DÜZLƏN» komandası üzrə sıra addımları ilə orkestrin sırasının ortasına çıxır və birinci cərgənin iki-üç addımlığında üzü sıraya tərəf dayanır. Tapançalarla silahlanmış qarovul rəisləri birinci komandadan sonra əllərini baş geyimlərinə yapışdırırlar; hamı başını qarovullar növbətçisi tərəfə çevirərək, onu nəzərləri ilə müşayiət etməklə arxasınca başlarını döndərirlər.
İkinci komandada bundan başqa, karabinlər «qarovul» vəziyyətinə alınır. Orkestr «qarşılanma marşı» çalır (təbilçilər «Səfər marşı» çalırlar). Qarovullar növbətçisinin köməkçisi əlini baş geyiminə yapışdıraraq sıra addımları ilə qarovullar növbətçisinə yaxınlaşır, onun iki-üç addımlığında dayanıb raport verir; məsələn: «Yoldaş mayor. Qarovullar dəyişmə üçün düzülüb. Qarovullar növbətçisinin köməkçisi leytenant Xəlilov». Qarovullar növbətçisinin köməkçisi raportu qurtardıqdan sonra əlini baş geyimindən aşağı salmayıb sol (sağ) ayağı ilə yana addım ataraq eyni vaxtda sola (sağa) dönür və qarovullar növbətçisini qabağa buraxaraq, ondan bir-iki addım məsafədə və sıranın xarici tərəfində onun ardınca gedir.
Qarovullar növbətçisinin köməkçisi raport verməkdən ötrü dayandıqda orkestr (təbilçi) çalmağı kəsir.
197. Qarovullar növbətçisi raportu qəbul etdikdən sonra sıranın qarşısında ortada duraraq qarovulun şəxsi heyəti ilə salamlaşır: «Salam, yoldaşlar»; salama cavab aldıqdan sonra komanda verir:«AZAD» və sağ əlini baş geyimindən aşağı salır. Qarovullar növbətçisi köməkçisi «AZAD» komandası verir və əlini baş geyimindən aşağı salır. Qarovul rəisləri əllərini baş geyimlərindən aşağı salırlar.
Qarovullar (qarovul) karabinlə silahlandıqda, qarovullar növbətçisinin köməkçisi «Ayağa — AL» sonra isə «AZAD» komandası verir.
198. Qarovullar növbətçisi köməkçisi təyin olunmadıqda, 195-197-ci maddələrdə göstərilmiş dəyişmədə onun vəzifələrini hərbi rütbəcə böyük olan qarovul rəisi, qarovul rəisləri eyni hərbi rütbədə olduqda isə bir nömrəli qarovulun rəisi yerinə yetirir. «AZAD» komandası verildikdən sonra isə o öz yerində durur.
199. Qarovullar növbətçisi qarovulları yoxlamaq üçün, lazım gələrsə, cərgələri bir-birindən bir addım aralayır və öz köməkçisi ilə birlikdə qarovulun tərkibini, şəxsi heyətin zahiri görkəmini, onların öz vəzifələrini bilmələrini, həmçinin silahlarının sazlığını yoxlayır, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün göstərişlər verir.
Qarovullar növbətçisi qarovula yaxınlaşdıqda, qarovul rəisi sıradan çıxaraq özünü ona təqdim edir, öz qarovulunun şəxsi heyəti yoxlanarkən, qarovullar nöbətçisini müşayiət edir və sonra icazə alıb öz yerində durur.
Hər hansı bir qarovul xidmət etmək üçün hazır deyilsə, qarovullar növbətçisi onun əlavə hazırlanması və ya başqası ilə dəyişdirilməsi üçün təyin olunduğu hərbi hissəyə qaytarır və bu barədə qarnizon rəisinə və hərbi komendanta dərhal məlumat verir. Bu qarovul üçün dəyişmə qarovullar növbətçisi və ya onun köməkçisi tərəfindən ayrıca aparılır.
200. Qarovullar növbətçisi yoxlama qurtardıqdan sonra sıranın ortasına çıxır və qarovulların qarşısında üzü onlara tərəf durur; növbətçinin köməkçisi qarovullar növbətçisinin arxasında ondan sol tərəfdə, bir addımlıqda durur. Qarovullar növbətçisi komanda verir: «Qarovullar, DÜZLƏN», «FARAĞAT», «Orkestr, toplanış ÇAL» («Təbilçilər, toplanış çalın»). «Farağat» komandası ilə qarovullar növbətçisi, onun köməkçisi və tapança ilə silahlanmış hər bir qarovul rəisi sağ əlini baş geyiminə yapışdırır.
201. «Toplanış» çalınıb qurtardıqdan sonra qarovullar növbətçisi, onun köməkçisi və qarovullar rəisləri əllərini baş geyimlərindən aşağı salırlar. Qarovullar növbətçisi «Qarovul rəisləri, yanıma gəl»komandası verir. Qarovul rəisləri sıra addımları ilə qarovullar növbətçisinə yaxınlaşır və ondan iki-üç addımlıqda bir cərgədə (bir addım ara saxlamaqla) durub, qarovulların sıra nömrələrinin ardıcıllığı ilə özlərini təqdim edirlər, məsələn: «Bir nömrəli qarovul rəisi leytenant Xəlilov».
Qarovullar növbətçisi hər bir qarovul rəisinə onun xidmətinin xüsusiyyətini xatırladır və parollar olan kağızları onlara verir.
202. Parollar olan kağızları verib, parolların düzgün başa düşülməsinə əmin olduqdan sonra «Qarovul rəisləri, sıraya dur» komandası verir. Qarovulun rəisləri bu komanda ilə sırada öz yerlərini tuturlar; orkestr (təbilçilər) 10-15 addım qabağa çıxır və üzü qarovullara tərəf dayanırlar. Qarovullar növbətçisi komanda verir: «Orkestr, dəyişmə çal». Orkestr çaldığı vaxt qarovullar növbətçisi, onun köməkçisi və tapança ilə silahlanmış hər bir qarovul rəisi sağ əlini baş geyiminə yapışdırır.
Orkestr çalıb qurtardıqdan sonra qarovullar növbətçisi komanda verir: «Qarovullar, sağa — DÖN», «Addımla — MARŞ». Qarovullar (qarovul) karabinlə silahlanıblarsa, «Qarovullar, sağa — DÖN»komandasından sonra «Qayışa — AL» komandaları verilir.
«Marş» komandasında qarovullar sıra addımları ilə qarovullar növbətçisinin yanından keçərək öz mühafizə edəcəkləri obyektlərə gedirlər; qarovul rəisləri öz qarovullarından iki addım qabaqda, dəyişdiricilər öz postlarının qarovul nəfərlərindən bir addım qabaqda, qarovul rəisinin köməkçiləri öz qarovullarının arxasınca gedirlər. Orkestr (təbilçilər) öz yerində qalaraq marş çalır(lar).
Orkestr (təbilçilər) qarovullar növbətçisinin sərəncamı (siqnalı) ilə çalmağı dayandırır(lar).
203. Qarovulların dəyişməsi zamanı qarnizon rəisi qarnizon hərbi komendantı (daxili qarovullarda hərbi hissə komandiri) və ya onların birbaşa rəisləri, həmçinin qarnizon hərbi hissələrinə (hərbi hissəyə) təftiş və yoxlanış aparılmasına rəhbərlik edən şəxs gəldikdə, onları qarşılamaqdan ötrü qarovul (hərbi hissə) növbətçisi «Qarovullar — DÜZLƏN», «FARAĞAT», «Diqqət — SAĞA (SOLA, MƏRKƏZƏ)» komandaları verir. Qarovullar (qarovul) karabinlə silahlandıqda isə «Qarovullar — DÜZLƏN», «FARAĞAT», «Sağdan (soldan, qarşıdan) qarşılamaq üçün, Qarovula — AL» komandaları verir. Orkestr «Qarşılama marşı» (təbilçilər «Səfər marşı») çalır(lar), qarovullar (hərbi hissə) növbətçisi sağ əlini baş geyiminə yapışdıraraq sıra addımları ilə rəisə yaxınlaşır, ondan iki-üç addımlıqda dayanıb raport verir, məsələn: «Yoldaş polkovnik. Qarovulların (sutkalıq naryadın) dəyişməsi keçirilir. Qarovullar (hərbi hissə) növbətçisi mayor Zamanov». Qarovullar (hərbi hissə) növbətçisi raport vermək üçün dayandıqda orkestr (təbilçilər) çalmağı kəsirlər. Qarovullar (hərbi hissə) növbətçisi rəisin icazəsini aldıqdan sonra: «AZAD», yaxud «Ayağa — AL» və sonra «AZAD» komandaları verir və öz vəzifəsini yerinə yetirməkdə davam edir.
Böyük rəisi qarşılamaqdan ötrü dəyişmədə iştirak edən, lakin onun tərkibinə daxil olmayan şəxslər orkestrin sağında bir və ya iki cərgədə düzülürlər.

Qarovulların dəyişilməsi

204. Yeni qarovul rəisi dəyişmədən sonra dəyişiləcək qarovulun yerləşdiyi yerə gəlib qarovulu mühafizə olunan obyektin girəcəyində və ya qarovul otağının qarşısında qarovul rəisi üçün təlimatda göstərilən məsafədə saxlayır, özünü dəyişiləcək qarovulun rəisinə təqdim edir və ona köhnə parolu bildirir; bundan sonra öz qarovulunu qarovul otağının qarşısındakı meydançada üzü ona tərəf düzür.
205. Köhnə qarovul rəisi ona verilən parolun düzgünlüyünə əmin olduqdan sonra otaqda öz köməkçisini və ya dəyişdiricilərdən birini saxlayaraq öz qarovulunu qarovul otağından çıxarır və qarovulu meydançada yeni qarovulun qarşısında altı-səkkiz addımlıqda düzür. Düzüldükdən sonra qarovul rəisləri yeni qarovul rəisindən başlayaraq növbə ilə «Qarovul — DÜZLƏN», «FARAĞAT»komandaları verirlər.
Tapança ilə silahlanmış hər bir qarovul rəisi komanda verərək, sağ əlini baş geyiminə yapışdırıb, bir-birinə qarşı sıra addımları ilə irəliləyir, bir-birindən iki-üç addımlıqda dayanır və yeni qarovul rəisindən başlayaraq məlumat verirlər, məsələn: «Yoldaş leytenant. Yeni qarovul dəyişməyə gəlib. Qarovul rəisi leytenant İbrahimov», «Yoldaş leytenant. Köhnə qarovul dəyişilməyə hazırdır. Qarovul rəisi leytenant Paşayev». Sonra onlar əllərini baş geyimlərindən aşağı salırlar.
Avtomatlarla və ya karabinlərlə silahlanmış qarovul rəisləri əllərini baş geyimlərinə yapışdırmır və «farağat» komandasından sonra avtomatlar «qayışda», karabinlər isə «ayaqda» vəziyyətində olmaqla bir-birinə qarşı gedirlər.
Qarovul rəisləri məlumatdan sonra qarovul otağının qarşısındakı saatdarı dəyişdirir və bundan sonra öz qarovullarına «Sağa — DÖN, addımla — MARŞ» komandası verirlər.
Qarovulun yeni rəisi öz qarovulunu qarovul otağına salır, köhnə qarovul rəisi isə qarovulu qarovul rəisi üçün təlimatda göstərilən yerə aparıb, öz əvəzinə təyin etdiyi böyüyü qoyub, dəyişdiriciləri ilə birlikdə qarovul otağına qayıdır.
Havanın temperaturu — 150 S və ondan aşağı olduqda, həmçinin hava pis olduqda və bir postu olan qarovullarda qarovulların dəyişilməsi bu maddədə qeyd olunmuş qaydaya riayət olunmadan, qarovul otağında aparılır. Yeni qarovul rəisi köhnə qarovul rəisinə özünü təqdim etdikdən və köhnə parolu ona çatdırdıqdan sonra öz qarovullarını dəyişmək üçün qarovul otağına aparır.
206. Yeni qarovulun şəxsi heyəti otağa daxil olduqda, silahları piramidaya qoyur, bundan sonra yeni və köhnə qarovul rəisləri öz dəyişdiricilərinə möhürlərin (plombların) izlərini təhvil vermək (qəbul etmək) əmri verirlər və təhvil-təslimin düzlüyünə şəxsən nəzarət edirlər. Köhnə qarovul rəisi köməkçisi qarovul otağını və siyahıya əsasən onda olan avadanlığı, inventarı və əmlakı, dəyişdiricilər olmadıqda isə möhürlərin (plombların) izlərini də təhvil verir, yeni qarovul rəisinin köməkçisi isə onları qəbul edir. Qarovul rəisinin köməkçisi olmayan qarovullarda qarovul otağının, avadanlığın, inventarın və əmlakın təhvil-təslimini qarovul rəisi aparır. Köhnə qarovul rəisi yeni qarovul rəisinə köhnə qarovulun aldığı məzəmmət və göstərişlər barədə məlumat verir.
207. Yeni qarovul rəisi möhürlərin (plombların) izlərini qəbul etdikdən sonra «Birinci növbə — DÜZÜL» komandası verir. Bu komanda ilə birinci növbənin dəyişdiriciləri və qarovul nəfərləri öz silahlarını götürərək, postların nömrələrinə görə sağdan-sola bir cərgə düzülürlər. Özlərində möhürlərin (plombların) izləri olan dəyişdiricilər növbələrinin sağ cinahında dayanırlar.
Köhnə qarovul dəyişdiriciləri yeni qarovulun müvafiq dəyişdiricilərinin yanında və sağ tərəfində dururlar.
Yeni qarovul rəisi dəyişdiricilərin və qarovul nəfərlərinin öz vəzifələrini bilməsini yoxlayır, qarovul nəfərlərinin hər postda silah işlətmə qaydasına xüsusi fikir verərək, xidmətin xüsusiyyətlərini onlara başa salır, növbəni qarovul otağından çıxarır və silahları doldurmaq üçün meydançaya düzüb: «Növbə, sağdan bir-bir — DOLDUR» komandası verir. Bu komanda ilə hərbi qulluqçular növbə ilə bir addım qabağa ataraq süngünü taxır və silahı doldururlar, qarovul rəisi silahın düzgün doldurulmasını yoxlayır (107-ci maddə). Silahı dolduraraq onların hər biri məlumat verir: «Silah doldurulub və qoruyucuya qoyulub», onu sərbəst «qayışa» vəziyyətinə götürür və geriyə addım atır.
208. Növbə silahları doldurandan sonra yeni qarovul rəisi «Növbə, sağa — DÖN», «Postlara addımla — MARŞ» komandaları verir. Hər bir dəyişdirici «Növbə, arxamca — MARŞ» komandası verir və növbəni postlara aparır.
Birinci növbə qarovul otağından gedəndən sonra qarovul rəisinin köməkçisi qarovulun şəxsi heyətindən ehtiyat qrupları təşkil edir və mühafizə olunan obyektlərə, yaxud qarovul otağına basqının dəf olunması və yanğın zamanı onun söndürülməsi haqqında onlara tapşırıq verir.
209. Növbələr postlara bir-bir kolonla gedir və qayıdırlar. Dəyişdirici kolonun önündə gedir. Hərbi hissə (birləşmə) Döyüş Bayrağının və abidələrin yanındakı postlara növbələr sıra addımları ilə gedirlər.
Köhnə qarovulun dəyişdiricisi yeni qarovulun dəyişdiricisinin yanında və sol tərəfində gedir.
Bütün yeni komandalar yeni dəyişdirici tərəfindən verilir.
Qarovullarda postların sayı çox olduqda, həmçinin onlar bir-birindən və qarovul otağından çox uzaqda yerləşdikdə, növbələr postlara qarnizon rəisinin (hərbi hissə komandirinin) bu məqsəd üçün ayırdığı maşınlarla aparılıb-gətirilə bilərlər.
210. Yeni qarovulun birinci növbəsinin axırıncı qarovul nəfəri posta qoyulduqdan sonra köhnə qarovul dəyişdiricisi özü kolonun önündə olmaqla dəyişdirilmiş qarovul nəfərlərini qarovul otağına aparır. Yeni qarovul dəyişdiricisi köhnə qarovul dəyişdiricisindən solda yeriyir.
Bütün komandalar köhnə qarovul dəyişdiricisi tərəfindən verilir.
211. Qarovul növbələri postlara gedərkən və postlardan gələrkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra nizamnaməsinə müvafiq əsgəri qaydada salamlaşırlar.
212. Qarovul dəyişdirildiyi zaman yeni qarovul rəisi köhnə qarovul rəisi ilə birlikdə qarovul rəisi üçün təlimatda göstərilən, mühafizə olunan daha vacib obyektlərin vəziyyətini, onların işıqlandırılmasını, hasarların, səngərlərin sazlığını, qarovul otağının və hauptvaxtın vəziyyətini gəzib gözdən keçirməklə yoxlayır. Bundan sonra ondan siyahı ilə sənədləri, möhürləri və açarları ilə birlikdə döyüş sursatı saxlanan yeşikləri, mühafizə olunan obyektləri açmaq üçün icazə vərəqələrinin nümunələrini, həmçinin rabitə və siqnalizasiya vasitələrini qəbul edir.
213. Postlardan qayıdan kimi silahlar 106-cı maddədə göstərilən qaydada boşaldılır. Silahları əvvəlcə hər iki qarovulun dəyişdiriciləri boşaldırlar, sonra köhnə qarovul dəyişdiricisi «Sağdan, bir-bir BOŞALT» komandası verir.
Bu komanda ilə qarovul nəfərləri növbə ilə qabağa bir addım ataraq, dəyişdiricinin nəzarəti altında öz silahlarını boşaldırlar. Maqazinləri çantaya qoyaraq «Silah boşaldılıb» deyə məlumat verirlər; çaxmaq çərçivəsini (çaxmağı) dala çəkərək silahı yoxlamağa təqdim edirlər. Dəyişdirici qarovul nəfərlərinin silahlarını yoxlayır, bundan sonra qarovul nəfərləri çaxmaq çərçivəsini (çaxmağı) qabaq vəziyyətə verib, çaxmaq dabanını buraxır, silahı qoruyucuya qoyur, süngünü çıxardır (qatlayır), silahı «qayışa» vəziyyətinə götürür və geriyə bir addım ataraq öz yerlərində dayanırlar. Sonra qarovul nəfərləri böyüyün komandası altında köhnə qarovul olan yerə, dəyişdiricilər isə qarovul otağına gedirlər.
214. Köhnə və yeni qarovulların dəyişdiriciləri dəyişilmə haqqında növbə ilə öz qarovul rəislərinə məlumat verirlər, məsələn: «Yoldaş leytenant. Dəyişmə (dəyişilmə) yerinə yetirilib. Postlar saz vəziyyətdə təhvil verilib (qəbul edilib). Birinci dəyişdirici çavuş İsmayılov». Qarovul rəisləri məlumatları qəbul edərək, köhnə qarovul rəisindən başlayıb, köhnə qarovulun postlar cədvəlini imzalayırlar və bu zaman yeni qarovul rəisi dəyişilmə zamanı aşkar edilmiş bütün çatışmazlıqlar haqqında ora əlavələr edir.
Qarovulun dəyişilməsi zamanı onu yoxlamaq üçün gəlmiş şəxs iştirak edirsə, dəyişdiricilər ondan icazə alaraq, qarovul rəislərinə növbənin dəyişilməsi haqqında məlumat verirlər. Yeni qarovul rəisi dəyişdiricidən məlumatı qəbul etdikdən sonra «FARAĞAT» komandası verir və qarovul rəisləri yoxlamağa gəlmiş şəxsə dəyişilmə haqqında növbə ilə məlumat verirlər.
Bütün hallarda qarovul rəisləri dəyişilmə haqqında öz qarovullar (hərbi hissə) növbətçisinə telefon vasitəsilə, şəxsən raportla, yaxud yazılı surətdə qarovul nəfərləri vasitəsilə məlumat verirlər.
215. Qarovul dəyişildikdən sonra köhnə qarovul rəisi qarovulu öz hərbi hissəsinə (bölməsinə) aparır.
Qarovul rəisi qarovul dəyişildikdən sonra bölməyə gəlib, qarovulun şəxsi heyətini sıraya düzərək bölmə komandirinə tapşırığın yerinə yetirilməsi haqqında məlumat verir, məsələn: «Yoldaş kapitan. Qarovul tam heyətdə gəlib. Xidmətim zamanı heç bir hadisə baş verməmişdir (və yaxud filan-filan baş vermişdir). Leytenant İsmayılov». Bundan sonra postlar tabelində qeyd edilmiş yoxlama nəticələri haqqında məlumat verir və postlar tabelini başqa sənədlərlə birlikdə ona təhvil verir. Daha sonra qarovul rəisinin şəxsi nəzarəti altında qarovul heyəti silahlarını və döyüş patronlarını təhvil verir.
Obyektləri ancaq gecə mühafizə edən qarovul nəfərləri obyektlərin mühafizəsi vaxtı qurtardıqdan sonra qarovulların dəyişilməsini gözləmədən qarovul rəisi tərəfindən təyin edilmiş böyüyün komandası altında öz hərbi hissəsinə (bölməsinə) göndərilirlər, bu barədə qarovul rəisi postlar cədvəlində qeyd edir və qarovullar (hərbi hissə) növbətçisinə məlumat verir. Böyük bölməyə gəlmələri haqqında bölmə başçavuşuna məlumat verməli, qarovul nəfərlərinin silahlarını və döyüş sursatını təhvil vermələrinə nəzarət etməlidir.
216. Dəyişilmiş qarovul heyəti dəyişildiyi gün məşğələlərdən və işdən azad edilir; obyektləri ancaq gecə mühafizə edən qarovul nəfərləri bölməyə gələndən sonra məşğələlərdən və işdən 4 saat müddətində azad edilirlər.
217. Mühafizə olunan obyektdən qarovulu götürmək qarnizon rəisinin (hərbi hissə komandirinin) möhürlə təsdiq edilmiş yazılı sərəncamına əsasən qarovullar (hərbi hissə) növbətçisi tərəfindən mühafizə olunan obyekt rəisinin iştirakı ilə yerinə yetirilir. Qarovulun götürülməsi barədə qarovullar (hərbi hissə) növbətçisinin, qarovul rəisinin və mühafizə olunan obyekt rəisinin iştirakı ilə akt tərtib edilir. Aktda mühafizə olunan obyektin, qarovul otağının və postlarda olan avadanlığın və inventarın təhvil verilməsi göstərilir.
Daimi qarnizon qarovulunu götürmək barəsində qarnizon rəisi Baş Qərargah rəisinə, daimi daxili qarovulu götürmək barəsində isə hərbi hissə komandiri qarovullar cədvəlini təsdiq etmiş rəisə məlumat təqdim edir.

Saatdarların dəyişilməsi

218. Saatdarlar hər 2 saatdan bir, cüt yaxud tək saatların başlanğıcında dəyişilirlər.
Havanın temperaturu -20oS və daha aşağı şaxtada, habelə külək vaxtı, bayır postlarda, eləcə də qızdırılmayan binalarda duran saatdarlar bir saatdan bir dəyişilirlər. Havanın temperaturu kölgədə +30oS və ondan yuxarı olduqda da saatdarlar bir saatdan bir dəyişilirlər. Bu hallarda saatdarların bir saatdan bir dəyişilməsi haqqında göstərişi qarovullar (hərbi hissə) növbətçisi verir.
Saatdarlar bir saatdan bir dəyişildikdə qarovul rəisi postlar cədvəlində qeyd edir ki, saatdarlar filan saatdan sonra bir saatdan bir və filan saatdan filan növbəyə qədər isə iki saatdan bir dəyişilmişlər.
Qarovul otağının girəcəyində saatdarlar hər 30 dəqiqədən bir qarovul rəisi tərəfindən dəyişilirlər.
219. Növbə saatdara 10-15 addımlığa qədər yaxınlaşdıqda yeni qarovul dəyişdiricisi «Növbə — DAYAN» komandası verir və qarovul nəfərlərinin birinə posta və onun giriş yerlərinə nəzarət etmək (növbə maşınla gəldikdə isə silahı doldurmaq və nəzarət etmək) əmri verir.
Növbə yaxınlaşarkən saatdar üzü gələnlərə tərəf durur və müstəqil surətdə avtomatı «qayışa» (karabini «ayağa») vəziyyətinə alır. Köhnə qarovulun dəyişdiricisi saatdara yaxınlaşaraq ona«FARAĞAT» komandası verir. Sonra yeni qarovulun dəyişdiricisi «Əsgər Vəliyev, posta addımla — MARŞ» komandası verdikdə saatdar bir addım sağa çəkilir və qarovul nəfəri saatdara yaxınlaşır, karabin ayağının yanında olmaqla üzü saatdara tərəf onun yerində dayanır.
Köhnə və yeni qarovulların dəyişdiriciləri saatdarın və qarovul nəfərinin hər iki tərəfində bir-iki addımlıqda üz-üzə dayanırlar.
Köhnə qarovul dəyişdiricisinin «Saatdar, postu təhvil ver» komandası ilə saatdar postu təhvil verir. Bu zaman saatdar və qarovul nəfəri başlarını bir-birinə tərəf çevirirlər. Saatdar postunun nömrəsini deyib, postu qəbul edən qarovul nəfərinə postlar tabelinə əsasən bütün mühafizə edilən şeyləri sadalayır və eyni zamanda növbə çəkərkən post yaxınlığında gördüklərini söyləyir.
Post təhvil verildikdən sonra qarovul nəfəri öz dəyişdiricisinin «Qarovul nəfəri, postu qəbul et» komandası ilə qarovul dəyişdiricisi ilə birlikdə saatdarın və köhnə qarovul dəyişdiricisinin iştirakı ilə mühafizə olunan obyekti dolanaraq onun hasarlarının, qapılarının (darvazalarının), saxlancların (anbarların, parkların) pəncərə və divarlarının sazlığını, yeşiklərin miqdarını və vəziyyətini, maşınların, təyyarələrin, topların və ya döyüş texnikasının sayını yoxlamağa borcludur. Təhvil verilənlər arasında qıfıllar, plomblar və möhürlər olduqda, onların bütövlüyünü və qaytanların sazlığını baxmaqla yoxlayır.
Həbs edilənlər olan kameraların yanındakı postu qəbul etdikdə qarovul nəfəri bundan əlavə, orada olan həbs edilənlərin sayını da yoxlamalıdır.
Zərurət olduqda, postu qəbul edən qarovul nəfəri dəyişdiricinin köməyi ilə post paltarını geyinir (8 saylı əlavə).
220. Saatdarların birinci növbəsini postlara qoyarkən hər iki dəyişdirici dəyişilən saatdarın postu qəbul edən qarovul nəfərinə düzgün təhvil verməsinə və onu hasarların, siqnalizasiyanın və postun giriş yerləri, eləcə də başqa xüsusiyyətləri ilə tanış etməsinə nəzarət edir; post paltarını qəbul etdikdə isə onun sazlığını yoxlayır.
221. Postun təhvil-təslimi zamanı hər hansı bir nasazlıq (hasarların, yaxud möhürlərin, plombların, qıfılların, qaytanların, qapıların, pəncərələrin zədələnməsi) və ya möhürlərin (plombların) onların izlərinə, postlar tabelində göstərilən saylarına uyğunsuzluq, həmçinin mühafizə olunan döyüş texnikasının sayının uyğunsuzluğu aşkar edilərsə dəyişdirici postun təhvilini dayandırır və qarovul rəisini çağırır; postları yeni qarovul qəbul etdiyi zaman belə hallar baş verdikdə, köhnə və yeni qarovul rəisləri çağırılırlar.
222. Postun təhvil-təslimi qurtardıqdan sonra saatdar və postu qəbul etmiş qarovul nəfəri mühafizə olunan obyektin əks tərəfinə üzlərini tutaraq dayanır və növbə ilə məlumat verirlər, məsələn:«Yoldaş çavuş. Əsgər Piriyev filan nömrəli postu təhvil verdi»;
«Yoldaş başçavuş. Əsgər Vəliyev filan nömrəli postu qəbul etdi». Məlumat verib dəyişdiricidən göstəriş aldıqdan sonra saatdar silahını 171-ci maddədə göstərildiyi kimi götürür və postda vəzifəsini yerinə yetirməyə başlayır.
223. Qarovul nəfərinin saatdar (saatdarın qarovul nəfəri) vəziyyətinə keçməsi onun postun qəbulu (təhvili) haqqında məlumatı ilə müəyyən edilir.
224. Köhnə qarovul dəyişdiricisinin komandası ilə məsələn: «Əsgər Piriyev, postdan addımla — MARŞ» dəyişilmiş qarovul nəfəri növbənin arxasında dayanır və sərbəst olaraq karabini «qayışa» vəziyyətinə götürür. Bundan sonra yeni qarovulun dəyişdiricisi «Növbə, ardımca addımla — MARŞ» komandası verir və növbəni o biri posta aparır.
225. Daxili postlarda saatdarlar dəyişildikdə, dəyişdirici növbəni binanın girişinə gətirir və «Növbə — DAYAN» komandası verir, qarovul nəfərlərindən birini böyük qoyur və komanda verir, məsələn: «Əsgər Səmədov və Mikayılov, ardımca — MARŞ».
Dəyişdirici qarovul nəfərləri ilə binaya daxil olduqdan sonra 219-224-cü maddələrdə göstərilənlərə əsasən saatdarları dəyişdirir.
226. Postlar qarovul otağının hər iki tərəfində yerləşdikdə, dəyişdirici əvvəl qarovul otağının bir tərəfindəki postların saatdarlarını dəyişdirir və sonra dəyişilənləri qarovul otağında saxlayır, bu növbənin qalan qarovul nəfərlərini sıraya düzür və postlara aparır.
Növbə postlardan qayıtdıqdan sonra dəyişdirici onlara silahları piramidaya qoymağı əmr edir.
227. Yeni qarovulun ikinci və sonrakı növbələrinin sıraya düzülüb postlara göndərilməsi və saatdarların dəyişilməsi, həmçinin silahların doldurulması və boşaldılması birinci növbə üçün göstərilən qaydada yerinə yetirilir.
228. Saatdarların yeni postlara qoyulması, həmçinin ləğv edilmiş postlardan saatdarların çıxarılması qarnizon rəisinin (hərbi hissə komandirinin) möhürlə təsdiq edilmiş yazılı sərəncamına əsasən, qarovul rəisi tərəfindən qarovullar (hərbi hissə) növbətçisinin və mühafizə olunan obyekt rəisinin iştirakı ilə həyata keçirilir; saatdarların qoyulması (çıxarılması) haqqında postlar cədvəlində müvafiq qeydlər edilir.

XI fəsil.
Qarovullarda daxili qayda

229. Qarovul heyətindən heç kəsin qarovul rəisinin icazəsi olmadan qarovul otağını tərk etməyə ixtiyarı yoxdur.
230. Qarovul otağında sakitliyə və qayda-qanuna əməl olunmalıdır. Oxumaq və çalğı alətlərində çalmaq qadağandır. Radio verilişlərinə ancaq qulaqlıq vasitəsilə qulaq asmağa, kitab oxumağa, yazmağa, şahmat və dama oynamağa icazə verilir. Papiros çəkməyə və ayaqqabı təmizləməyə bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə icazə verilir.
231. Avtomatlar və pulemyotlar piramidalara çaxmaqları qabağa vəziyyətində olmaqla maqazinsiz qoyulur. Karabinlər doldurulmamış, çaxmağı bağlı və çaxmaq dabanı buraxılmış halda piramidalara qoyulur. Qarovul otağında piramidalar qıfılla bağlanmamalıdır. Pulemyotun maqazinləri piramidanın xüsusi qıfılla bağlı yeşiyində saxlanır, açarı isə qarovul rəisində olur. Doldurulmuş avtomat maqazinləri (karabin daraqları) olan çantalar və bel qayışındakı qınlar çıxarılmır.
Tapança ilə silahlanmış qarovul rəisləri qarovul otağında silahlarını çıxarmırlar.
Piramidalardan silahlar ancaq qarovul rəisinin və yaxud onun köməkçisinin icazəsi ilə götürülür. Silahlar onların rəhbərliyi və bilavasitə nəzarəti altında təmizlənir. Silahı təmizləmək üçün onu sökməyə icazə verilmir.
232. Qarovulun şəxsi heyətinə qarovul otağında başıaçıq və şinelsiz olmağa o şərtlə icazə verilir ki, ləvazimatları üstlərində olsun. Çıxarılan şinellər və baş geyimləri paltarasılandan asılmalıdır.
233. Qarovulun şəxsi heyətinə, qarovul rəisi və onun köməkçisi istisna olmaqla, qarovul otağına gələnlərlə danışığa girmək qadağandır; ancaq qarovulu yoxlayan şəxslərin suallarına cavab verməyə icazə verilir.
234. Ancaq yaxasını açmaqla və bel qayışını boşaltmaqla soyunmadan və ləvazimatı çıxarmadan uzanaraq istirahət etməyə (yatmağa) aşağıdakılara icazə verilir:
qarovul rəisinə — təlimatda müəyyən edilmiş qaydada gündüz (hauptvaxtda gecə) 4 saatdan çox olmayaraq;
qarovul rəisinin köməkçisinə — qarovul rəisinin icazəsi ilə 4 saatdan çox olmayaraq;
dəyişdiricilərə, çıxarıcılara və nəqliyyat vasitələrinin sürücülərinə — qarovul rəisinin icazəsi ilə vəzifələrini icra etmədikləri boş vaxtlarda;
qarovul nəfərlərinin bir növbəsinin tərkibinə — postlara getməzdən qabaq, postlardan dəyişilmiş növbə qarovul otağına gəldikdən və qarovulun döyüş heyəti təyin edildikdən (132-ci maddə) sonra;
ancaq gecələr obyektləri mühafizə edən qarovul nəfərlərinə — qarovul otağına qayıtdıqdan sonra və yenidən postlara gedənə qədər olan vaxtda.
İstirahət edən qarovul nəfərlərinə və dəyişdiricilərə ayaqqabılarını və ayaq dolaqlarını çıxarıb qurutmağa icazə verilir.
235. Qarovulu «silaha» çağırdıqda qarovul otağında olan qarovulun şəxsi heyəti, həmçinin istirahət edən növbə baş geyimlərini geyərək, hər kəs silahını götürüb qarovul otağının içində öz nömrələri ardıcıllığında sıraya düzülürlər.
Şinellər qarovul rəisinin xüsusi göstərişi ilə geyinilir.
Qarovulun qarovul otağından çıxarıldığı bütün hallarda (yanğın və ya təbii fəlakət baş verdiyi hallardan başqa) orada qarovul rəisinin köməkçisi və ya dəyişdiricilərdən biri, onlar olmayan qarovullarda isə qarovul nəfərlərindən biri qalmalıdır.
236. Hərbi hissənin yerləşdiyi yerdə olmayan qarnizon qarovullarına, həmçinin daxili qarovullara xörək onların göndərildiyi bölmələrin komandirlərinin və ya hərbi hissə növbətçisinin göstərişləri ilə gətirilir.
Hərbi hissə daxilində yerləşən qarovulun şəxsi heyətinə xörək qarovul rəisinin göstərişi ilə oyaq növbənin qarovul nəfərləri tərəfindən gətirilir.
237. Qarovul otağında, qarovulu sıraya düzmək üçün meydançada və ayaqyolunda təmizliyi və qaydanı gözləmək, həmçinin sobaları qalamaq və lampalara qulluq etmək qarovul heyətinə həvalə olunur. Qarovulun bu vəzifələri yerinə yetirməsinə, həmçinin avadanlığın, inventarın və əmlakın salamatlığına nəzarət etmək qarovul rəisinin köməkçisinə, o, təyin edilməyən qarovullarda isə qarovul rəisinə həvalə olunur.
238. Gündəlik təmizləmədən əlavə, ayda bir dəfədən az olmayaraq, qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) müəyyən etdiyi gündə qarnizon (hərbi hissə) tibb xidməti rəisinin sərəncamına əsasən qarovul otağında dezinfeksiya aparılır.
239. İlin soyuq vaxtlarında qarovul otağının sutkada dörd dəfədən az olmayaraq havası dəyişdirilir. İsti vaxtlarda nəfəslik və ya pəncərə otağın bir tərəfində açıq saxlanır. Qış vaxtı qarovul otağının temperaturu +18oS-dən az olmamalıdır. Sobaların qızdırılması qarnizon rəisinin müəyyən etdiyi vaxta qədər davam etdirilməlidir. Qarovul heyəti üçün xörək qızdırmaqdan ötrü pilətənin və qurutmaxana sobasının yandırılmasına qarovul rəisi buna ehtiyac olduqda icazə verir. İsti çay bütün sutka ərzində olmalıdır.
Qaranlıq düşərkən, qarovul otağı, koridorlar və ayaqyolu tam işıqlandırılmalı, növbənin istirahət etdiyi otaqda isə növbətçi işıq yanmalıdır.
Hərbi şəhərcikdən kənarda olan qarovul otaqlarının pəncərələri gecə vaxtı içəridən pəncərə qapısı ilə bağlanır.
240. Qarovulların tərkibində beşdən az olmayaraq üçnövbəli post olduqda qarovul otağını mühafizə etməkdən ötrü qarovul otağının girəcəyində oyaq qarovul nəfərlərindən saatdar qoyulur.
Xüsusi əhəmiyyətli obyektləri mühafizə edən və öz tərkibində beşdən az üçnövbəli postu olan qarovullarda qarovul otağını mühafizə etməkdən ötrü xüsusi qarovul nəfərləri təyin edilə bilər.
Qarovul otağı hərbi hissə ərazisində (mühafizə olunan obyektdə) yerləşdikdə adətən qorunmur.
Qarovul otağının girəcəyində saatdar qoyulmadığı hallarda qarovul otağının giriş qapısında nəzarət pəncərəsi düzəldilir və o, daim içəridən bağlı saxlanmalıdır.

XII fəsil.
Qarovulların yoxlanması
241. Tabe olduqları şəxslərdən əlavə (98-ci maddə) qarovulları təyin olunduqları bölüklərin (batareyaların) komandirləri, həmçinin onların müavinləri və bu komandirlərin bütün birbaşa rəisləri yoxlamalıdırlar.
Qarnizonun (hərbi hissənin) vəzifəli şəxsləri tərəfindən qarovulların yoxlanması qarnizon rəisi (hərbi hissə komandiri) tərəfindən təsdiq olunmuş qrafik üzrə aparılır.
Dəmiryol (su yolu) sahəsi və stansiyası (liman), aeroport ərazisində yerləşən, həmçinin hərbi yüklə stansiyalardan (limanlardan), aeroportlardan keçən bütün nəqliyyat vasitələrindəki qarovulları ondan əlavə, dəmiryol (su yolu) sahəsi və stansiyası (liman), aeroport hərbi komendantı və ya onun köməkçisi yoxlamalıdır.
242. Qarovulları həmçinin yoxlayırlar:
Azərbaycan Respublikası müdafiə nazirinin, Baş Qərargah rəisinin, müdafiə nazirinin müavinlərinin və silahlı qüvvələr növlərinin komandanlarının tapşırıq verdiyi şəxslər;
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qoşun növlərinin komandanlarının (xüsusi qoşun rəislərinin) və onların müavinlərinin tapşırıq verdiyi şəxslər — ancaq onlara tabe olan qoşunlardan təyin edilmiş qarovulları;
Müdafiə Nazirliyinin idarə və şöbə rəislərinin tapşırıq verdiyi şəxslər — ancaq bu idarələrin (şöbələrin) rəislərinin sərəncamında olan obyektləri mühafizə edən qarovulları;
birləşmə komandirinin tapşırıq verdiyi şəxslər — ancaq ona tabe olan hərbi hissələrdən təyin edilmiş qarovulları;
hərbi hissə komandirinin tapşırıq verdiyi şəxslər — ancaq ona tabe olan bölmələrdən təyin edilmiş daxili qarovulları;
qarnizon rəisinin tapşırıq verdiyi şəxslər — ancaq bu qarnizonun qarnizon və daxili qarovullarını;
qarovullarda təftiş (yoxlama) aparılmasına rəhbərlik etmək üçün gəlmiş şəxslər və onların tapşırığı ilə təftiş (yoxlama) qrupunun üzvlərindən olan zabitlər (generallar, admirallar) — ancaq onların təftiş apardıqları (yoxladıqları) hərbi hissələrdən təyin edilmiş qarovulları.
Qarovulların yoxlanması böyük rəislər tərəfindən ancaq bu xidməti yaxşı bilən şəxslərə tapşırılır. Qarovulları yoxlamaq üçün təyin edilmiş şəxslərə təlimat verilməlidir.
243. 242-ci maddədə göstərilən şəxslər qarovulları yoxlamaq üçün onları göndərən rəislərin möhürlə təsdiq edilmiş yazılı sərəncamını qarnizon rəisinə (hərbi hissə komandirinə) təqdim etməlidirlər. Bu sərəncamlar əsasında onlara qarovulları yoxlamağa icazə verən, gerbli möhürlə təsdiq edilmiş, qarnizon rəislərinin və ya qarnizon hərbi komendantının (hərbi hissə komandirinin) imzası ilə birdəfəlik vəsiqə verilir. Həmin vəsiqə qarovullar (hərbi hissə) növbətçisinə təqdim olunur. Göstərilən birdəfəlik vəsiqə qarnizon rəisi tərəfindən qarnizon qarovullarını, həmçinin daxili qarovulları yoxlamaq üçün onun təyin etdiyi, hərbi hissə komandiri tərəfindən isə daxili qarovulları yoxlayan şəxslərə verilir.
Birdəfəlik vəsiqədə onun kimə verilməsi, hansı qarovulların yoxlanması və yoxlamanın hansı müddətdə aparılması göstərilir. Vəsiqənin etibarlılıq müddəti qurtardıqdan sonra yoxlayıcı onu qarnizon hərbi komendantlığına (hərbi hissə qərargahına) təhvil verir.
Qarovul təyin edilmiş bölük (batareya) komandirinə, həmçinin onun müavinlərinə və bölük (batareya) komandirinin bütün birbaşa rəislərinə qarovulları yoxlamağa icazə verən vəsiqə verilmir.
Dəmiryol (su yolu) sahəsinin və stansiyasının (limanın), aeroportun hərbi komendantı və onun köməkçiləri dəmiryol (su yolu) sahəsi və stansiyası (liman), aeroport ərazisində yerləşən qarovulları yoxlamağa icazə verən vəsiqəsiz yoxlayırlar, onlar ancaq şəxsiyyət vəsiqələrini təqdim edirlər.
Azərbaycan Respublikası Sərhəd Qoşunlarının və Daxili Qoşunlarının qarovulları bu qoşunların vəzifəli şəxsləri tərəfindən yoxlanılır.
244. 242-ci maddədə göstərilən rəislərin sərəncamı ilə qarovulları yoxlamağa gəlmiş bütün şəxslər yoxlamanı qarovullar (hərbi hissə) növbətçisinin və ya onun köməkçisinin (qarovul ona tabedirsə hərbi hissə növbətçisi köməkçisinin) müşayiəti ilə aparırlar. Qarovullar (hərbi hissə) növbətçisi bu şəxslərin şəxsiyyət vəsiqəsini və yoxlamağa icazə verən birdəfəlik vəsiqəsini yoxlayır.
Öz hərbi hissəsinin zabitləri hərbi hissə növbətçisi və ya onun köməkçisi onları müşayiət etmədən qarovulu yoxlaya bilərlər.
245. Saatdarların xidmətini yoxlayan şəxsləri postlara bir-iki silahlı qarovul nəfəri ilə qarovul rəisi və ya onun köməkçisi müşayiət edir.
Saatdarların xidmətini yoxlayan şəxslər (saatdarların tabe olduqları şəxslər istisna olmaqla) onları məzəmmət etmirlər; bütün müəyyən olunmuş çatışmazlıqlar haqqında onları müşayiət edən şəxslərə göstəriş verirlər. Yoxlamanın nəticələrini və öz göstərişlərini yoxlayıcılar postlar cədvəlində yazırlar.
Saatdarların xidmətini yoxlama zamanı mühafizə olunan obyektə nəzarəti gücləndirməkdən ötrü qarovul rəisi (rəis köməkçisi) onu müşayiət edən qarovul nəfərini bu işə cəlb edir.
246. Saatdarların xidmətini posta gizlin yolla yaxınlaşmaq, saatdardan silahı almağa cəhd etmək vasitəsilə və bədbəxt hadisə törədə biləcək başqa üsullarla yoxlamaq qadağandır.
247. Saatdarların xidmətini yoxlamaq üçün, həmçinin qarovul rəisi və ya onun köməkçisi (dəyişdirici) posta çağırıldıqda o, doldurulmuş silahla və bir-iki silahlı qarovul nəfərinin müşayiəti ilə posta gəlməlidir.
248. Hərbi hissə qərargahı rəisi bir gün əvvəl dəyişilmiş qarovulun postlar tabelini baxmaq və qərar qəbul etmək üçün hərbi hissə komandirinə təqdim edir. Bundan sonra qarnizon qarovulunun postlar cədvəlində qeyd olunmuş çatışmazlıqları aradan qaldırmaq üçün görülməli tədbirlər göstərilməklə hərbi hissə qərargahı rəisi onu iki sutkadan gec olmayaraq qarnizon hərbi komendantına qaytarır.
Qarovulların postlar cədvəli hərbi komendantlıqda (hərbi hissə qərargahında) cari ildən sonrakı bir il ərzində saxlanılır.

XIII fəsil.
Əlahiddə yerləşən radiotexniki və başqa xüsusi bölmələrdə qarovul xidmətinin təşkili və yerinə yetirilməsi xüsusiyyətləri

249. Əlahiddə yerləşən radiotexniki və başqa xüsusi bölmələrin obyektlərinin, döyüş və digər texnikasının, hərbi əmlakının mühafizəsinin və müdafiəsinin təşkili bölmələrin komandirlərinə tapşırılır və bu bölmələrdən təyin edilmiş və ştat silahı ilə silahlanmış patrul nəfərləri tərəfindən həyata keçirilir.
Patrul nəfərləri bölmələrin sutkalıq naryadının tərkibinə daxil olur və bölmə komandirinə, başçavuşuna və növbətçisinə tabe olurlar, xidmətlərini hərbi hissə komandirinin təsdiq etdiyi təlimata əsasən saatdarlar kimi aparırlar.
250. Bölmə növbətçisi və patrul nəfərləri üçün təlimat bölmə komandiri tərəfindən obyektin xüsusiyyəti və yerli şərait nəzərə alınmaqla tərtib edilir.
Təlimatda bölmə növbətçisinin və patrul nəfərlərinin obyektlərin mühafizəsinə və müdafiəsinə aid vəzifələri göstərilir; patrul xidmətinin vaxtı və qaydası, patrulların sayı, marşrutun ayrı-ayrı hissələrində patrul nəfərlərinin vəzifələri, mühafizə olunan obyektə basqın, yanğın, təbii fəlakət və döyüş həyəcanı siqnalı zamanı onların hərəkət qaydası müəyyən olunur; patrul nəfərlərinin silah işlətməsi halları, mühafizə olunan obyektlərə, döyüş və digər texnika, hərbi əmlak saxlanılan yerlərə, həmçinin mühafizə olunan əraziyə buraxılış qaydası göstərilir.
Bölmə növbətçisi üçün təlimata bölmə komandiri tərəfindən təsdiq edilmiş patrulların hərəkət sxemi, saxlancları açmağa icazəsi olan və ya döyüş texnikasını və hərbi əmlakı qəbul etmək üçün buraxılan şəxslərin siyahısı, buraxılış vərəqələrinin nümunələri və möhürlərin (plombların) izləri əlavə olunur.
251. Patrul nəfərlərinin xidməti üçün onların eyni vaxtda eyni hərəkətini istisna edən bir neçə qrafik tərtib olunur.
Patrul xidməti qrafiki bölmə komandiri tərəfindən təsdiq edilir və bağlı yeşikdə (şkafda) bölmə növbətçisində saxlanılır.
Hər bir qrafikin qüvvədə olması müddəti bölmə komandiri tərəfindən müəyyən edilir.
252. Patrul nəfərləri 105-ci maddəyə uyğun olaraq döyüş patronları ilə təmin olunurlar.
Patronlar ayrı dəmir və ya dəmir üzlüklü qıfıllanmış yeşikdə bölmə növbətçisində saxlanılır. Patronlar olan yeşik bölmənin silahları saxlanılan otaqda quraşdırılır.
Patrul nəfərlərinin silahları bölmədə olduqları zaman ayrı piramidada saxlanılır.
253. Patrul nəfərlərinin xidmətə hazırlanması 123-127-ci maddələrə əsasən həyata keçirilir.
254. Patrul nəfəri xidmətini hərəkət sxemində göstərilən marşrut üzrə bölmənin ərazisini gəzməklə yerinə yetirir.
Patrul nəfərlərinin hərəkət marşrutunda patrul xidmətinin gedişi haqqında növbətçiyə məlumat verməkdən ötrü texniki rabitə vasitələri quraşdırılır.
Patrul nəfərləri gündüz mühafizəni əlverişli yerlərdən və texniki rabitə vasitəsi ilə təchiz edilmiş qüllədən müşahidə etməklə apara bilərlər.
255. Patrul nəfərinin vəzifəsidir:
obyektləri, bölmənin döyüş texnikasını və hərbi əmlakını sayıq mühafizə və müdafiə etmək, dəyişilənə və ya çıxarılana qədər qarşısına qoyulmuş tapşırığı yerinə yetirməyi dayandırmamaq;
növbətçi ilə əlaqə saxlamaqdan ötrü müəyyən edilmiş siqnalları bilmək, obyektin hasarlarında hər hansı bir nasazlıq və qaydanın hər hansı tərzdə pozulması aşkar olunduqda, növbətçini çağırmaq;
onun üçün müəyyən olunmuş qrafikə və hərəkət marşrutuna ciddi əməl etmək;
xidmət zamanı 107-ci maddədə göstərildiyi kimi, silahı dolu və həmişə işlətməyə hazır vəziyyətdə saxlamaq (171-ci maddə).
Patrul nəfərinə xidmət zamanı qarşısına qoyulmuş tapşırığın yerinə yetirilməsindən yayınmaq (yatmaq, oturmaq, kitab oxumaq, yazmaq, yemək, içmək, mahnı oxumaq, papiros çəkmək, kənar şəxslərlə danışmaq) qadağandır.
Patrul nəfəri ancaq bölmə komandirinin və başçavuşunun, bölmə növbətçisinin və onunla birlikdə yoxlamağa gəlmiş şəxslərin suallarına cavab verməlidir.
256. Patrul nəfərinə və onun mühafizə etdiyi obyektə basqın edildikdə, həmçinin kənar şəxs mühafizə olunan və göstəricilərlə işarələnmiş obyektin sərhədinə yaxınlaşdıqda, patrul nəfəri 173-176-cı maddələrlə göstərildiyi kimi hərəkət edir.
257. Patrul nəfərlərinin xidmətini bölmə komandiri və onun bütün birbaşa rəisləri, bölmə komandirinin müavinləri və onların tapşırığı ilə başqa şəxslər, həmçinin başçavuş və bölmə növbətçisi yoxlayırlar.
Patrul nəfərlərinin xidmətini yoxlayan şəxsi bölmə növbətçisi növbədə durmayan növbənin bir patrul nəfəri ilə birlikdə müşayiət edir.
Yoxlamanın nəticələri, həmçinin saxlancların (anbarların) açılması və bağlanması vaxtları növbətçiliyin təhvil-təslim kitabına yazılır.
Növbətçi 245-247-ci maddələrin müddəalarını rəhbər tutaraq, patrul nəfərlərinin xidmətini sutkada iki dəfədən az olmayaraq (bir dəfə gecə) yoxlamalıdır.
258. Patrul nəfərlərinin dəyişdirilməsi naryadın dəyişdirilməsi zamanı köhnə növbətçinin iştirakı ilə bölmənin yeni növbətçisi tərəfindən saatdarların dəyişdirilməsinə uyğun (218-222-ci maddələr); sonra isə qrafikə müvafiq surətdə müstəqil şəkildə bölmə növbətçisinin müəyyən etdiyi buraxılış və cavab sözlərinə uyğun həyata keçirilir.
259. Bölmə növbətçisi növbəti patrul nəfərini xidmətə göndərdikdə ona müəyyən olunmuş qaydada silah və patronlar verir, silah işlədilməsinə xüsusi diqqət yetirməklə ona təlimat verir, silahı doldurma və boşaltma üçün meydançaya çıxarır və silahın düzgün doldurulmasını yoxlayır.
260. Patrul nəfəri patrul xidmətindən qayıtdıqda, bölmə növbətçisini silahı boşaltma və doldurma meydançasına çağırır, patrul xidmətinin nəticələri haqqında ona məlumat verir, onun nəzarəti altında silahı boşaldır, sonra isə silahı və dolu maqazinləri (daraqları) növbətçiyə təhvil verir.
Bölmə növbətçisi silahın və patronların qəbulu barəsində silahların və döyüş sursatının verilməsi kitabında müvafiq qeydlər edir.
261. Patrul nəfərlərinin istirahət qaydası və yeri 234-cü maddəyə uyğun olaraq yerləşmə şəraitindən asılı olaraq bölmə rəisi tərəfindən müəyyən edilir.

XIV fəsil.
Qoşunların və hərbi yüklərin daşınması zamanı qarovul xidmətinin təşkili və yerinə yetirilməsi xüsusiyyətləri


Dəmiryol və su nəqliyyatı ilə qoşunların daşınması zamanı hərbi eşelonların, döyüş texnikasının və digər texnikanın, həmçinin başqa maddi vasitələrin mühafizəsi

262. Dəmiryol və su nəqliyyatı hərbi eşelonları ilə daşınan qoşunların döyüş texnikası və digər texnikası, həmçinin başqa maddi vasitələri onlarda daşınan hərbi hissələrdən (bölmələrdən) təyin edilmiş qarovullarla mühafizə olunurlar.
263. Qarovulun heyəti hərbi eşelonun tərkibindən və şəraitindən asılı olaraq müəyyən edilir.
264. Hərbi eşelon qarovulu adam daşınan vaqonlarda (gəmidə yaşayış otaqlarında) və ya sərnişin vaqonlarının ayrı kupelərində yerləşir. Bu vaqonda (gəmidə yaşayış otağında) Döyüş Bayrağına mühafizə postu qoyulur. Döyüş Bayrağı ilə birlikdə pul yeşiyi və məxfi sənədlər yeşiyi də mühafizə oluna bilər.
265. Qarovullar naryadı cədvəli, postlar tabeli və qarovul rəisi üçün təlimat hərbi hissə qərargahı tərəfindən hər bir hərbi eşelondan ötrü ayrıca işlənib hazırlanır, hərbi hissə komandiri tərəfindən təsdiq olunur və daşınmaya hazırlıq zamanı hərbi eşelon rəisinə təqdim edilir.
266. Qarovulların dəyişmə və dəyişilmə qaydası, yeri və vaxtı hərbi eşelon rəisi tərəfindən müəyyən edilir. Saatdarların birinci növbəsinin qoyulması, qarovulun dəyişilməsi və çıxarılması hərbi eşelon növbətçisinin və ya onun köməkçisinin iştirakı ilə həyata keçirilir.
Saatdarların dəyişilməsi dayanmalardan və imkandan asılı olaraq həyata keçirilir: yay vaxtı hər 2 saatdan bir, qış vaxtı isə 1 saatdan bir.
267. Qarovul rəisi hərbi eşelon rəisinə, hərbi eşelon növbətçisinə və onun köməkçisinə tabedir. Bu Nizamnamədə nəzərdə tutulmuş ümumi vəzifələrini yerinə yetirməkdən əlavə, onun vəzifəsidir:
hərbi eşelon növbətçisinin iştirakı ilə mühafizə olunası döyüş texnikasını və digər texnikanı, həmçinin qapıların, lyukların etibarlılığını, vaqonların banlarının sazlığını və plombların bütövlüyünü yoxlayaraq vaqonları (gəmidə yaşayış otaqlarını, göyərtələri) daşınan bölmənin komandirindən və yaxud dəyişilən qarovul rəisindən sayla qəbul etmək;
döyüş texnikasının və digər texnikanın, başqa maddi vasitələrin bərkidilməsinin sazlığını, yerlərin sayını, qablaşmanın sazlığını, texnikanın üstünə örtmək üçün istifadə olunan brezentlərin bağlanmasının etibarlılığını, qapıların və lyukların yaxşı bağlı olmasını, həmçinin plombların bütövlüyünü yoxlamaq;
qatar dayanarkən, hərbi eşelon növbətçisinin göstərişi olduqda saatdarları dəyişmək; dəyişilmiş qarovul nəfərlərini dərhal qarovul otağına göndərmək; qatarın dayanma müddəti saatdarların dəyişilməsinə kifayət etmədikdə, dəyişməni qatarın növbəti dayanacağına qədər saxlamaq;
dayanmalar zamanı hərbi eşelonun mühafizəsini möhkəmləndirməkdən ötrü oyaq qarovul nəfərlərindən əlavə saatdarlar qoymaq;
mühafizə olunan vaqonlarda və tormoz meydançalarında, göyərtələrdə və gəmidə yaşayış otaqlarında nəqliyyatın hərbi eşelon növbətçisi tərəfindən icazəsi olan müvafiq vəzifəli şəxsləri istisna olmaqla, heç kəsin getməsinə yol verməmək;
dəyişdiricinin və ya saatdarın müşahidəsi altında nəqliyyat işçilərini mühafizə olunan vaqonları yoxlamağa, onların işlək hissələrini yağlamağa və təmir etməyə, gəmilərdə isə gəmi yaşayış otaqlarını, göyərtə mexanizmlərini və yüklərin bərkidilməsini yoxlamağa buraxmaq;
yanğın baş verdikdə, hərəkət üçün təhlükə yaradan hər hansı bir səbəb aşkar edildikdə, döyüş texnikası və digər texnika, başqa maddi vasitələr tərpəndikdə (platformalarda sürüşmə, tankların qülləsinin, artilleriya sisteminin lüləsinin dönməsi, taraların nasazlığı, maye yükün sızması və s.), onların saxlanması üçün təhlükə yarandıqda qatarın dərhal dayandırılmasından ötrü tədbirlər görmək (gəmidə kapitanın vaxta üzrə köməkçisinə xəbər vermək) və baş vermiş hadisə haqqında hərbi eşelon növbətçisinə məlumat vermək;
təyinat məntəqəsinə gələn kimi hərbi eşelon növbətçisinin iştirakı ilə mühafizə olunan döyüş texnikasını və digər texnikanı, başqa maddi vasitələri və vaqonları (gəmidə yaşayış otaqlarını və göyərtəni) hərbi eşelonun bölmə komandirinə və ya döyüş texnikası və digər texnikanı və başqa maddi vasitələri qəbuledənə təhvil vermək və sonra hərbi eşelon növbətçisinin göstərişi ilə hərəkət etmək.
268. Saatdarlar postlar tabelinə uyğun olaraq qatarın hərəkəti zamanı mühafizə olunan və onların yaxınlığında olan vaqonların tormoz meydançalarında (tamburlarda), tormoz meydançaları (tamburlar) olmayan hallarda isə xüsusi mühəccəri olan platformalarda, qarovul yerləşən vaqonlarda və ya yaxındakı sərnişin vaqonunda; qatar dayandığı zaman mühafizə olunan vaqonların yanında, hər saatdara qatarın bir tərəfini mühafizə etmək tapşırılmaqla onların hər iki tərəfində yerləşdirilirlər. Gəmilərin hərəkəti zamanı saatdarlar mühafizə olunan döyüş texnikasının və digər texnikanın və digər texnikanın, başqa maddi vasitələrin yanında göyərtələrdə (üst tikilinin üzərində) və ya gəmidə yaşayış otaqlarında, dayanma zamanı isə göyərtənin hər bortunda, traplarda, lazım gəldikdə körpüdə (sahildə) dayanırlar.
269. Saatdar qarovul rəisinə və dəyişdiriciyə (əgər təyin olunubsa) tabedir və 169-180-ci maddələrdə göstərilənlərin yerinə yetirilməsindən əlavə, onun vəzifəsidir:
postu qəbul edərkən xaricdən baxmaqla döyüş texnikasının və digər texnikanın, başqa maddi vasitələrin platformalarda və yarımvaqonlarda (gəmilərin göyərtələrində və otaqlarında) bərkidilməsinin sazlığını, yerlərin sayını, qablaşmanın sazlığını, onların üstünü örtmək üçün istifadə olunan brezentlərin bağlanmasının etibarlılığını, həmçinin bağlı vaqonlarda (gəmi otaqlarında) plombların bütövlüyünü yoxlamaq;
hərəkət zamanı və dayanacaqlarda mühafizə olunan vaqonları (göyərtələri, gəmi otaqlarını) diqqətlə müşahidə etmək;
yanğın baş verdikdə, hərəkət üçün və ya döyüş texnikasının, digər texnikanın, başqa maddi vasitələrin saxlanması üçün təhlükə yaradan hər hansı bir səbəb aşkar edildikdə, qatarın stop-kranla dərhal dayandırılmasından ötrü tədbir görmək, bu mümkün olmadıqda, qırmızı bayraq tutmuş (gecələr qırmızı fənər) əlinin dairəvi hərəkəti ilə və ya havaya atəş açmaqla dayanma siqnalı vermək; gəmidə isə kapitanın vaxta köməkçisinə xəbər vermək;
mühafizə olunan vaqonlarda, tormoz meydançalarında, göyərtələrdə və gəmi otaqlarında, həmçinin daşınan maşınların kabinalarında və banlarında qarovul rəisinin icazəsi olmadan heç kimin getməsinə yol verməmək;
nəqliyyat işçilərini ancaq qarovul rəisinin və ya dəyişdiricinin icazəsi ilə mühafizə olunan vaqonları yoxlamaq, onların işlək hissələrini yağlamaq və təmir etmək, gəmidə isə yaşayış otaqlarını, göyərtə mexanizmlərini və yüklərin bərkidilməsini yoxlamaq üçün buraxmaq, işlərin görülməsi zamanı onlara nəzarət etmək.
270. Qarovul rəisi qatarın (gəminin) hərəkəti zamanı, bir qayda olaraq, dəyişdirici və ya qarovul nəfərlərinin biri ilə dəyişilərək, növbə ilə istirahət edir.
Qarovul nəfərləri qarovul rəisinin icazəsi ilə növbə ilə istirahət edirlər.

Hərbi yüklərin dəmiryol, su, hava və avtomobil nəqliyyatları ilə daşınması zamanı mühafizəsi

271. Hərbi yüklər daşınan nəqliyyatın mühafizəsini və müdafiəsini hərbi yükləri mühafizə və müşayiət edən hərbi hissələrdən və bölmələrdən, yaxud başqa hərbi hissələrdən təyin edilmiş qarovullar həyata keçirirlər.
Qarovul yüklənmə (göndərilmə) məntəqəsindən qarovul rəisinə göstərilən məntəqəyə qədər dəyişilmədən xidmət edir.
272. Daşınma zamanı qarovullar tərəfindən mühafizə olunmalı hərbi yüklərin siyahısı və qarovulların tərkibi müdafiə nazirinin əmrləri ilə müəyyən edilir.
273. Qarovul hazırlanmış üstüörtülü və ya xüsusi müşayiət vaqonlarında (gəmidə yaşayış otaqlarında, hava gəmisi kabinasında) yerləşdirilir. İsti xörək hazırlamaqdan ötrü vaqonda dəmiryol orqanları tərəfindən yanğına qarşı zəruri tədbirlərə riayət edilməklə soba qoyulur.
Dəmiryol (su yolu) sahəsi və stansiyası (liman), aeroport hərbi komendantına eyni istiqamətə gedən bir neçə qarovulu bir vaqonda (gəmidə yaşayış otağında, hava gəmisi kabinasında) yerləşdirməyə icazə verilir. Bu halda o, qarovul rəislərinin birini böyük təyin edir. Zərurət olduqda, yükün müxtəlif istiqamətlərə göndərilməsi üçün hərbi komendantın sərəncamı ilə qarovulları yerləşdirməkdən ötrü lazımi qədər təchiz olunmuş üstüörtülü vaqonlar (gəmidə yaşayış otaqları, hava gəmisi kabinaları) ayrılır.
Qatarın (gəminin) hərəkəti zamanı saatdarların yerləşdirilməsi, dayanacaqlarda mühafizənin gücləndirilməsi və saatdarların dəyişilməsi 266-270-ci maddələrdə göstərilən qaydada həyata keçirilir.
Hava nəqliyyatı ilə daşınan yüklərin mühafizəsi üçün saatdarlar uçuş zamanı kabinalarda, aeroportda (aerodromda) isə hava gəmisinin yanında yerləşdirilirlər.
274. Qarovul rəisi hərbi hissədən aşağıdakıları almalıdır:
ezamiyyət vəsiqəsi;
onun qarovul rəisi təyin olunması, qarovulun şəxsi heyətinin siyahısı, silahın növü və nömrəsi arxasında göstərilməklə hərbi hissə qərargahı rəisi tərəfindən təsdiq edilmiş müəyyən formalı vəsiqə;
silah və onun üçün döyüş sursatı;
hərbi hissənin vəzifəli şəxsinin imzası ilə gerbli möhürlə təsdiq edilmiş postlar tabeli;
ərzaq və ya hər iki tərəfə gedib-gəlməkdən ötrü ərzaq-yol pulu və ərzaq attestatı (hər qarovul nəfəri üçün ayrıca);
hamamda çimmək və yolda qəzet almaq üçün pul;
xörək hazırlamaq və yeməkdən ötrü, həmçinin içməli su saxlamaq üçün qab-qacaq;
əlavə alt paltarı dəsti (hər 7 sutkaya 1 dəst hesabı ilə), post geyimi dəstləri, qarovulun bütün heyəti üçün yataq ləvazimatı (yolda 1 sutkadan çox olduqda);
siqnal üçün qırmızı bayraqcıqlar və fənərlər;
hərbi hissəyə qayıtmaq üçün hərbi daşınma sənədləri.
275. Qarovul hərbi hissədən göndərilməzdən əvvəl hərbi hissə növbətçisi qarovulun tərkibini və təminatını, öz vəzifə borclarını bilmələrini, silahlarının və döyüş sursatının vəziyyətini, hər bir qarovul nəfərinin zahiri görkəmini yoxlayır.
Qarovulun hazır olması haqqında hərbi hissə növbətçisi hərbi hissə qərargahı rəisinə (komandirinə) məlumat verir.
Hərbi hissə komandiri və ya qərargah rəisi qarovula baxış keçirir, onun təminatını yoxlayır, qarovul rəisinə təlimat verir və qarovulun vaxtında yükün qəbul edilmə yerinə getməsini təmin edir, zərurət olduqda nəqliyyat ayırır.
276. Yükgöndərən yükü yolboyu mühafizə etməkdən ötrü gəlmiş qarovulu qarşılamalı və onun şəxsi heyətinin yerləşdirilməsini təmin etməlidir.
277. Qarovul rəisi nəqliyyatın hərəkəti zamanı dəmiryol (su yolu) sahələrinin və stansiyalarının (limanların), aeroportların hərbi komendantlarına və yükü müşayiət edən zabitə (gizirə, miçmana) tabedir. Qarovul rəisi nəqliyyat gəmisində bundan əlavə, gəminin hərbi komendantına, o olmadıqda isə (gəminin daxili nizam qaydası məsələlərinə dair və qəza hallarında) gəmi kapitanına tabedir.
Bu Nizamnamədə nəzərdə tutulmuş ümumi vəzifəsini yerinə yetirməkdən əlavə, qarovul rəisinin vəzifəsidir:
yükgöndərənin yanına qarovul heyəti ilə birlikdə yükləməyə ən geci 3 saat qalmış gəlmək və özünün qarovul rəisi təyin olunması haqqında vəsiqəsini ona təqdim etmək;
yükgöndərəndən vaqonların (gəmi otaqlarının, hava gəmisi kabinalarının), eləcə də platformalarda və yarımvaqonlarda (gəmi göyərtəsində) olan ayrı-ayrı yerlərin siyahısının yükün nəql edilməyə hazır olması haqqında qeyd edilmiş iki nüsxəsini, postlar tabelini, yükün xüsusiyyəti, onun daşınması və təhvil verilməsi haqqında təlimat və göstəriş almaq;
yükgöndərəndən və ya köhnə qarovuldan siyahı ilə vaqonları (gəmi otaqlarını, hava gəmisi kabinalarını), vaqonların (gəmi otaqlarının, hava gəmisi kabinalarının) nömrələrinin və sayının siyahıda göstərilənlərə uyğunluğunu yoxlayaraq qəbul etmək, həmçinin xaricdən baxmaqla vaqonların (gəmi otaqlarının, hava gəmisi kabinalarının) vəziyyətini, lyukların, qapıların, bortların bağlanmasının etibarlılığını, plombların yükgöndərənin postlar tabelində göstərilən kontrol nişanlarına uyğunluğunu yoxlamaq, platformalarda və yarımvaqonlarda (gəmi göyərtəsində, hava gəmisi kabinalarında) daşınan yükləri yerlərin sayına (döyüş texnikasının miqdarına) görə, xaricdən nəzər salmaqla örtüklərin vəziyyətini, qablaşdırmanın və yüklərin bağlanmasının möhkəmliyini yoxlayaraq qəbul etmək;
yüklərin mühafizə olunmasının xüsusiyyətləri və qaydaları, həmçinin yolboyu təhlükəsizlik qaydalarına riayət olunması haqqında qarovulun şəxsi heyətinə təlimat vermək;
saatdarları postlar tabelinə uyğun olaraq postlara qoymaq və onların dəyişdirilməsi qaydasını müəyyən etmək;
qatarın (gəminin) dayanacaqları və hava gəmisinin enməsi zamanı yükün mühafizəsini gücləndirmək;
yükün daşınması üçün müəyyən olunmuş qaydalara riayət edilməsinə diqqət yetirmək;
baş vermiş hadisələr haqqında, daşınma qaydasının pozulması, yollarda ləngimə, ərzağın, yanacağın, işıqlandırma vasitələrinin alınmasının vacibliyi, nəqliyyatın gedəcəyi məntəqəyə çatması və yükün təhvil verilməsi barədə şəxsən və ya telefonla (teleqrafla, radio ilə) dəmiryol (su yolu) sahələrinin və stansiyalarının (limanların), aeroportların hərbi komendantlarına məlumat vermək;
dövlət əmlakının oğurlanmasına yol verməmək, həmçinin postlar tabelində göstərilən yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
mühafizə olunan vaqonlarda, göyərtələrdə, gəmi otaqlarında, hava gəmisi kabinalarında hərbi komendant, o olmayan yerlərdə isə stansiya (liman, aeroport) rəisi və ya onun növbətçisi tərəfindən icazə verilən nəqliyyatın vəzifəli şəxslərindən başqa heç kimin getməsinə yol verməmək;
saatdarın müşahidəsi altında nəqliyyat işçilərini mühafizə olunan vaqonları yoxlamağa, onların işlək hissələrini yağlamağa və təmir etməyə, gəmidə gəmi otaqlarını, göyərtə mexanizmlərini və yüklərin bərkidilməsini, hava gəmisində isə kabinanı, mexanizmləri və yükün bağlanmasını yoxlamağa buraxmaq;
yükalanın yükalma hüququ verən sənədlərini yoxlamaq, siyahı ilə yükgöndərənin plombu olan vaqonları (gəmilərin otaqlarını, hava gəmilərinin kabinalarını), eləcə də platformada və yarımvaqonlarda (gəmi göyərtələrində, hava gəmisi kabinalarında) yükləri yerlərinin sayına görə, döyüş və digər texnikanı isə sayla ona təhvil vermək; yükü qəbuledənin imzası olan və onun gerbli möhürü ilə təsdiq edilmiş siyahının bir nüsxəsini özündə saxlamaq;
qatarın yenidən tərtibi zamanı bütün mühafizə olunan vaqonların qatara qoşulmasına diqqət yetirmək;
çıxarılan hərbi avadanlığı nəqliyyat işçilərindən siyahı ilə və qəbzlə qəbul etmək, daşımanın sonunda isə onlara təhvil vermək;
vaqonda (gəmi otağında, hava gəmisi kabinasında) qarovul üçün qayda-qanunu və təmizliyi gözləmək, yanğın təhlükəsizliyini təmin etmək.
278. Yanğın baş verdikdə, hərəkətin (uçuşun) təhlükəsizliyinə və ya yükün saxlanmasına təhlükə yaradan hər hansı hadisə aşkar edildikdə, yanğının söndürülməsi və təhlükənin aradan qaldırılması üçün qarovul rəisi bütün zəruri tədbirləri görməlidir. Bunları qarovulun və qatar briqadasının (gəmi komandasının, hava gəmisi ekipajının) qüvvəsi ilə etmək mümkün olmadıqda, qarovul rəisi hərbi komendant vasitəsilə, o olmayan yerlərdə isə stansiya (liman, aeroport) rəisi vasitəsilə zəruri yardım çağırmalıdır.
279. Saatdarlar hərbi yüklərin mühafizəsində öz vəzifələrini 269-cu maddəyə uyğun olaraq yerinə yetirirlər.
280. Qarovulun şəxsi heyəti 270-ci maddənin göstərişlərinə uyğun olaraq istirahət edir.
281. Texniki nasazlığa görə vaqon açıldıqda, həmçinin yükün məcburiyyət qarşısında boşaldılması hallarında qarovul rəisinin vəzifəsidir: bu barədə iki nüsxədə akt tərtib etmək və onu hərbi komendanta, yaxud stansiya rəisinə təsdiq etdirmək; açılmış vaqonu və boşaldılmış yükü mühafizə etməkdən ötrü iki qarovul nəfəri təyin etmək, aktın bir nüsxəsini onların böyüyünə vermək, ona yükü mühafizə etmək və təyinat məntəqəsində təhvil vermək, həmçinin qarovul nəfərlərinin hərbi hissəyə qayıtması haqqında təlimat vermək, onları pul və yeməklə təmin etmək.
Qarovul rəisi təyinat məntəqəsinə gələndən sonra açılan vaqonun və ya boşaldılmış yükün aktının ikinci nüsxəsini yükü qəbul edənə təqdim edir.
282. Qarovul rəisinə mühafizə olunan vaqonların (gəmi otaqlarının, hava gəmisi kabinalarının) siyahısını dəmiryol (su yolu) sahələrinin və stansiyalarının (limanların), aeroportların hərbi komendantları istisna olmaqla bir kəsə göstərmək qadağandır.
283. Yükalan hərbi hissə komandirinin vəzifəsidir:
qarovulun şəxsi heyətinin yerləşdirilməsini və istirahətini, zərurət olduqda isə onun sanitariya təmizlənməsini təmin etmək;
zərurət olduqda, qarovulu əlavə ərzaq-yol pulu ilə təmin etmək;
qarovulu dəmiryol stansiyasına (limana, aeroporta) aparmaq və onu öz hərbi hissəsinə yola salmaq.
284. Qarovul rəisinə (müşayiət edən zabitə, gizirə, miçmana) nəqliyyatın mühafizəsi və hərəkəti üzrə hərbi komendantlara məlumat verməkdən ötrü nəqliyyatın rabitə vasitələrindən pulsuz istifadə etmək hüququ verilir. Qarovul rəisi (müşayiət edən zabit, gizir, miçman) teleqramlarında özünün imzasından qabaq ixtisar edilmiş teleqraf ünvanını qoymalıdır: «QR» («Qarovul rəisi»).
285. Qarovulun ayrı-ayrı nəfərlərinin və ya bütün heyətinin dəyişilməsi buna zərurət yarandığı ərazi qarnizon rəisinin sərəncamı ilə edilir.
286. Öz hərbi hissəsinə qayıtdıqda, qarovul rəisinin vəzifəsidir: qarovulun şəxsi heyətinin tapşırığı və xidməti yerinə yetirməsi haqqında hərbi hissə qərargahı rəisinə (komandirinə) məlumat vermək; getməzdən əvvəl (aldıqları silahları, döyüş sursatını və ləvazimatı təhvil vermək, pul vəsaitinin və ərzağın məsrəfi haqqında hesabat vermək; yükün müşayiət edilməsinə aid sənədləri təhvil vermək.
287. Avtomobillərlə daşınan yüklərin mühafizəsi 275-282-ci maddələrdə göstərilənlərə uyğun olaraq həyata keçirilir. Daşınma şəraitindən və yüklərin əhəmiyyətindən asılı olaraq, bir posta 10-a qədər avtomobil daxil edilə bilər.
Qarovul rəisi avtomobil kolonunun böyüyünə və nəqliyyatı müşayiət edən zabitə (gizirə, miçmana), müşayiət edən təyin edilmədikdə isə, yükləri daşımaq üçün təyin olunmuş avtomobil bölməsinin komandirinə tabedir.
288. Hərəkət zamanı saatdarlar postun tərkibinə daxil olan avtomobillərin banlarında: biri qabaqda, o birisi ortada, üçüncüsü isə axırda gedən avtomobildə yerləşirlər.
Dayanacaq zamanı saatdarlar kolonun hər iki tərəfində nəqliyyatı mühafizə edirlər.
Hərəkət zamanı və qısamüddətli dayanacaqlarda saatdarların üçü də bir vaxtda, uzunmüddətli dayanacaqlarda isə növbə ilə xidmət aparırlar.
Saatdarın vəzifəsidir:
daşınan yüklərin saxlanmasına və hərəkət istiqaməti tərəflərinə diqqət yetirmək;
qarovul rəisinin icazəsi olmadan kənar şəxslərin avtomobillərdə getməsinə yol verməmək;
qarovul rəisinə və avtomobil sürücülərinə zəruri hallarda müəyyən olunmuş siqnallar vermək;
kolonun dayanmaları zamanı mühafizə olunan yüklərə daim nəzarət etmək, onların yanına kənar şəxsləri buraxmamaq, postlar tabelində göstərilən məsafədən yaxında od qalamağa və papiros çəkməyə icazə verməmək;
hərbi qulluqçuları qarovul rəisinin icazəsi ilə avtomobillərdə təmir işləri aparmaq üçün buraxmaq.

Üçüncü bölmə.
Qoşunların iştirakı ilə qarnizon tədbirlərinin keçirilməsi

XV fəsil. Qoşunların paradları
Ümumi müddəalar

289. Qarnizon qoşunlarının paradları Azərbaycan Respublikasının dövlət bayramlarını, eləcə də xüsusi göstərişlərlə mühüm dövlət və hərbi əhəmiyyətli hadisələri təntənəli surətdə qeyd etmək üçün keçirilir.
290. Paradda iştirak edəcək qoşunların tərkibi, paradın yeri və vaxtı, geyim forması, hərbi hissələrin hərəkət marşrutları, onların düzülmə və keçmə qaydaları bütün hallarda qarnizon rəisinin əmri ilə müəyyən edilir. Əgər nəzərdə tutulubsa, əmrdə həmçinin artilleriya salyutu haqqında göstərişlər verilir.
291. Paradda iştirak edəcək qoşunlara komanda vermək üçün hər dəfə xüsusi əmrlə paradın komandanı təyin edilir.
292. Paradda iştirak edən hərbi qulluqçuların, bölmələrin və hərbi hissələrin hərəkətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra nizamnaməsində şərh edilmiş qaydalarla icra olunur.
293. Qoşunlarla gələn orkestrlər paradın düzülmə yerinə çatanda çalmağı dayandırır. Birləşmələr (hərbi hissələr) yerlərini düzülüş sxeminə görə tutur. Birləşmə (hərbi hissə) komandirləri və onların müavinləri öz birləşmələrinin (hərbi hissələrinin) sağ cinahında bir cərgə sıraya düzülürlər; bayraqdar və assistentlər birləşmənin (hərbi hissənin) Döyüş Bayrağı ilə müavinlərdən iki addım solda dururlar.
Hərbi hissələrin orkestrləri qarnizon hərbi dirijorunun komandası altında birləşmiş orkestr şəklində paradı qəbul edənin önündə və qoşunların çıxış vəziyyətinə bir qədər yaxın, şeypurçular birləşmiş orkestrin önündə düzülürlər. Təyin edilmiş təbilçilər isə qabaqda gedən bölmənin arxasında bir, yaxud bir neçə cərgədə dururlar.
294. Ordenlərlə təltif edilmiş birləşmələrin (hərbi hissələrin) Döyüş Bayraqları ordenləri və orden lentləri ilə gətirilməlidir.
295. Karabinlərlə silahlanmış hərbi hissələr (bölmələr) parad üçün karabinləri «ayaqda», avtomatlarla silahlanmışlar isə avtomatları «döşdə» vəziyyətində düzülürlər.
Hərbi hissə komandirləri öz hərbi hissələrinin gəlməsi və düzülməsi haqqında paradda iştirak edən birləşmə (hərbi hissə) komandirlərindən ən böyüyünə məlumat verirlər.
296. Hərbi hissələrin düzülmə yerlərini, onların cinahlarını və sıralarının dərinliyini, eləcə də qoşunların təntənəli marşla keçməsi xəttini göstərmək üçün qarnizon hərbi komendantının sərəncamına cızıqdarlar ayrılır. Cızıqdarlar qarnizon hərbi komendantının xüsusi sərəncamı ilə hər bir hərbi hissədən zabit komandası altında gəlirlər.
Qoşun düzüləcəyi yerdə cızıqdarların düzülməsi qoşunlar gələnə kimi qurtarmalıdır. Hərbi hissələrin öz düzülmə yerlərini tutmasından sonra cızıqdarlar öz bölmələrində sıraya dururlar.
297. Parad üçün düzülmə yerində qoşunlar paradı qəbul edənin gəlməsinə qədər ancaq onların düzülmüş sıralarının önündən keçən hərbi hissələrə və parad komandanına əsgəri salam verirlər.
Sıradan kənarda duran hərbi qulluqçular parad komandanına, paradı qəbul edənə raport verilərkən və hərbi hissələr təntənəli marşla keçərkən «farağat» vəziyyəti qəbul edib, əllərini baş geyimlərinə yapışdıraraq, onların döyüş bayraqlarına əsgəri salam verirlər.

Qoşunların parad komandanını və paradı qəbul edəni qarşılaması

298. Parad komandanını qarşılamaq üçün paradda iştirak edən birləşmələrin (hərbi hissələrin) komandirlərindən rütbəsinə görə böyük olanı «DÜZLƏN», «FARAĞAT», «Diqqət — SAĞA (SOLA, MƏRKƏZƏ)» komandaları verib, qoşunların düzüldüyü haqqında məlumat verir. Parad komandanı məlumatı dinləyib «AZAD» komandası verir. Parad komandanını qarşılayanda birləşmiş orkestr çalmır.
299. Paradı qəbul edəni qarşılamaq üçün parad komandanı «DÜZLƏN», «FARAĞAT», «Diqqət, — SAĞA (SOLA, MƏRKƏZƏ)», əgər karabinlərlə silahlanmış hərbi hissələr varsa, onda «DÜZLƏN», «FARAĞAT», «Sağdan (soldan, mərkəzdən) qarşılamaq üçün qarovula — «AL» komandaları verir.
Taqım komandirləri və onlardan yuxarı vəzifəlilər əllərini baş geyimlərinə yapışdırırlar. Birləşmiş orkestr «Qarşılama marşı» çalır.
300. Parad komandanı əlini baş geyiminə yapışdırıb paradı qəbul edənə yaxınlaşaraq raport verir, məsələn, «Yoldaş general-leytenant. Filan qarnizonun qoşunları filan bayrama həsr edilmiş parad üçün düzülüb. Parad komandanı general-mayor Əlizadə».
Parad komandanı raport vermək üçün dayananda birləşmiş orkestr çalmağı kəsir. Raport qurtardıqdan sonra parad komandanı əlini aşağı salmadan paradı qəbul edəni sıranın kənarı ilə ondan bir az geridə yeriyərək müşayiət edir.
301. Paradı qəbul edən qoşunların önü ilə gedərək, onlarla salamlaşır və onları təbrik edir. Birləşmiş orkestr «Qarşılama marşı» çalır və çalmağı ancaq paradı qəbul edənin salamlaşma və təbrik üçün dayandığı vaxtlar kəsir.
Qoşunlar salam və təbrikə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinin göstərişlərinə uyğun cavab verirlər, bu vaxt «ura» sürəkli və gurultulu səslənməlidir.
302. Paradı qəbul edən qoşunları dolanıb, paradı qəbul etmə yerinə qayıtmağa başlayanda qoşunlar yenidən sürəkli və gurultulu «ura» deməyə başlayırlar. Birləşmiş orkestr «Yaşa, Ana Vətən» çalır.
303. Paradı qəbul edənin göstərişi ilə parad komandanı «AZAD» komandası verir. Hərbi hissələrin komandirləri «AZAD» komandasını təkrar edir, yaxud «Ayağa — AL» və sonra «AZAD»komandaları verirlər.
Birləşmiş orkestrin şeypurçuları «Hamı dinləsin» siqnalı çalırlar.
304. «Hamı dinləsin» siqnalı çalındıqdan sonra paradı qəbul edən nitq söyləyir (əmr oxuyur).
Nitq (əmri oxuma) qurtardıqdan sonra qoşunlar üç dəfə «ura» deyirlər, birləşmiş orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir, eyni vaxtda (əgər nəzərdə tutulubsa) toplardan salyut atəşi açılır, taqım komandirləri və onlardan yuxarı vəzifəlilər hamısı əllərini baş geyimlərinə yapışdırır, qoşunlar isə komandasız «farağat» vəziyyəti qəbul edirlər.
Orkestr Dövlət Himnini ifa edib qurtardıqdan sonra şeypurçular «Qutardı» çalır, bütün taqım komandirləri və onlardan yuxarı vəzifəlilər əllərini aşağı salır, qoşunlar «azad» vəziyyəti qəbul edirlər.

Qoşunların təntənəli marşla keçmə qaydası

305. Qoşunlar təntənəli marşla qarnizon üzrə əmrdə göstərilən sıralarla və ardıcıllıqla keçirlər.
306. Təntənəli marşla keçmək üçün parad komandanı «FARAĞAT», «Təntənəli marş üçün bölüklərlə (batareyalarla, yaxud taborlarla, divizionlarla), distansiya bir (iki) cızıqdar, birinci bölük (tabor) düzünə, qalanlar sağa — DÖN», «Çiyinə — AL», «Diqqət SAĞA, addımla — MARŞ» komandaları verir.
Göstərilən komandalar «farağat» komandasından başqa bütün hərbi hissə komandirləri tərəfindən təkrar edilir.
307. «Təntənəli marş üçün» komandasında bütün bölmə komandirləri sıradan çıxıb öz bölmələrinin önündə, hərbi hissələrin (birləşmələrin) komandirləri və onların müavinləri isə qabaqda gedən bölmələrin (hərbi hissələrin) komandirlərinin önündə müəyyən edilmiş distansiyalarda dururlar.
Bayraqdar və assistentlər də irəli çıxır və müəyyən edilmiş distansiyada dururlar.
Təyin edilmiş təbilçilər irəli çıxır və qabaqda gedən birləşmə (hərbi hissə) komandirinin önündə 15-20 addımlıqda dururlar.
Qoşunların təntənəli marşla keçəcəkləri xətti işarə etmək üçün təyin edilmiş cızıqdarlar yüyürərək (sıra addımları ilə) xətt boyunca öz yerlərini bir-birindən 15-20 addımlıqda tuturlar.
Hərbi hissə komandirinin «Çiyinə — AL» komandasında karabinlərlə silahlanmış bölmələr karabinləri «çiyinə» götürürlər (avtomatların «döşdə» vəziyyəti dəyişilmir); bayraqdarlar döyüş bayraqlarını qaldırıb, bayraq dəstəyini aşırma qayışın ucundakı stəkan formalı dəri dayağa qoyur və dəstəyi əlləri ilə tuturlar.
308. Təntənəli marşla keçmək üçün parad komandanı komanda verib, qabaqda gedən birləşmənin (hərbi hissənin) komandirindən 30 addım irəlidə təbilçilərin qabağında durur. Paradı qəbul edənə bir-iki cızıqdar qalmış, əlini baş geyiminə yapışdırıb başını ona tərəf çevirir; paradı qəbul edənin yanından ötən kimi o, maşından düşüb paradı qəbul edəndən sağda və bir az geridə durur.
309. Parad komandanının «Marş» komandasında qabaqda gedən bölmə sıra addımları ilə kiçik təbilçilərin çalğısı ilə yeriyir. Qalan bölmələr qabaqda gedən bölmənin durduğu yerə çatıb öz komandirlərinin komandası ilə sola dönüb düzlənir, distansiya götürür və «DÜZ GET» komandası ilə irəlidə gedən bölmənin arxasınca gedirlər.
Bölmələrin sağ cinahındakılar cızıqdarlarla göstərilən xətt boyunca cızıqdarlardan bir addım aralı gedirlər.
310. Birləşmələr təntənəli marşla keçərkən, qabaqda gedən hərbi hissə bölməsinin önündə ortada birləşmə komandiri, ondan arxada üç addımlıqda onun müavinləri (bircərgə), müavinlərin arxasınca birləşmənin bayraqdarı Bayraq və assistentlərlə; Bayraqdan dörd addım geridə birləşmənin hərbi hissələri (bölmələri) bir-birinin ardınca müəyyən edilmiş distansiyalarda gedirlər.
311. Qabaqda gedən bölmənin paradı qəbul edənə çatmasına dörd-beş cızıqdar qalmış birləşmiş orkestr marş çalmağa başlayır; kolonun qabağında gedən təbilçilər təbil çalmağı dayandırır, göstərilmiş istiqamətdə getməyə davam edirlər.
312. Karabinlərlə «əldə» vəziyyətində təntənəli marşla keçmək üçün karabinlər paradı qəbul edənə üç-dörd cızıqdar qalmış öz komandirlərinin komandası (siqnalı) ilə «ələ» götürülür.
313. Təntənəli marşla keçərkən, paradı qəbul edənə bir-iki cızıqdar qalmış hər birləşmə, hərbi hissə və bölmənin komandiri sağ əlini baş geyiminə yapışdırıb, başlarını paradı qəbul edənə tərəf döndərirlər; sıradakıların hamısı, sağ cinahda gedənlərdən başqa, eyni vaxtda başlarını həmin tərəfə döndərirlər. Keçən bölmənin axırıncı cərgəsi paradı qəbul edənin bərabərindən keçdikdən sonra komandirlər əllərini aşağı salıb, başlarını düzünə döndərirlər; sırada onların hamısı başlarını eyni vaxtda düzünə döndərirlər.
Əgər bölmələr karabinlər «əldə» vəziyyətində keçirlərsə, öz komandirlərinin komandası (siqnalı) ilə onlar silahı «çiyinə» vəziyyətinə keçirirlər.
Bayraqdarlar və assistentlər təntənəli marşla keçərkən, başlarını paradı qəbul edənə tərəf döndərmirlər.
314. Birləşmə (hərbi hissə) komandirləri paradı qəbul edənin bərabərindən keçən kimi sıradan çıxır və parad komandanından beş addım sağda dururlar.
315. Maşınlarda təntənəli marşla keçən hər birləşmə və hərbi hissə komandiri öz birləşmə və hərbi hissələrinin önündə avtomobildə (tankın açılmış üst lyukunda, yaxud özü hərəkət edən artilleriya qurğusunun qülləsində ayaq üstündə) gedirlər və paradı qəbul edənə iki-üç cızıqdar qalmış sağ əlini baş geyiminə yapışdırıb başlarını paradı qəbul edənə tərəf döndərməklə əsgəri salam verirlər.
Qalan tank və özü hərəkət edən artilleriya qurğularının üst lyukları bağlı olmalıdır.
Avtomobillərin (yedəklərin) kabinalarında olan hərbi qulluqçular təntənəli marşla keçərkən əsgəri salam vermirlər.
Maşınların açıq kuzovunda olan hərbi qulluqçular paradı qəbul edənə iki-üç cızıqdar qalmış başlarını ona tərəf döndərməklə əsgəri salam verirlər.
316. Hər bir birləşmə (hərbi hissə) paradı qəbul edənin bərabərindən keçdikdən sonra həmin düzülüşdə göstərilmiş yerə qədər gedir və oradan yenidən düzülmədən sonra yerləşdikləri yerə qayıdırlar.
317. Axırıncı hərbi hissə paradı qəbul edənin bərabərindən keçdikdən sonra birləşmiş orkestr çalmağı dayandırır, sağa dönüb çıxış vəziyyətinə gedir və oradan çala-çala təntənəli marşla keçir.
318. Bakıda paradlar xüsusi göstərişlərə (təlimatlara) əsasən bu fəsildə şərh edilən müddəalara uyğun olaraq keçirilir.

XVI fəsil.
Qoşunların nümayiş və mitinqlərdə iştirakı
319. Qoşunların nümayiş və mitinqlərdə iştirakı hər bir halda qarnizon, birləşmə və əlahiddə hərbi hissə üzrə əmrlə müəyyən edilir.
Hərbi hissələrin, hərbi təhsil müəssisələri və idarələrinin hərbi qulluqçuları ancaq qarnizon hüdudlarında keçirilən mitinq və nümayişlərə bölmələrin tərkibində cəlb edilə bilərlər. [11]
320. Əmrdə aşağıdakılar göstərilir:
nümayişin (mitinqin) məqsədi;
nümayişdə (mitinqdə) iştiraka cəlb edilən qoşunun tərkibi;
geyim forması;
qoşunun yığılma vaxtı və yeri;
qoşunun hərəkət marşrutu, düzülüşü və keçmə qaydaları.
Əmrdə nümayiş (mitinq) vaxtı asayişi qorumaq üçün qarnizon hərbi komendantının sərəncamına ayrılan naryad da göstərilir.
Mitinq və nümayişlərdə iştirak etmək üçün qoşunlar silahsız çıxarılır.

XVII fəsil.
Fəxri qarovullar

321. Əsgəri ehtiram göstərmək üçün ayrılmış bölmə (komanda) fəxri qarovul adlanır.
Fəxri qarovul 19-cu maddədə göstərilən şəxsləri qarşılamaq üçün, eləcə də 353-cü maddədə nəzərdə tutulmuş hallarda təyin edilir.
Bunlardan başqa, fəxri qarovul aşağıdakı hallarda təyin edilə bilər:
təntənəli iclaslara çıxarılan döyüş bayraqlarının yanında durmaq üçün;
dövlət abidələrinin açılışı ilə əlaqədar;
xarici ölkə nümayəndələrinin qarşılanması və yola salınması üçün;
hərbi qulluqçuların və dövlət qarşısında xüsusi xidmətləri olan mülki şəxslərin dəfn mərasimi ilə əlaqədar.
322. Fəxri qarovul qarnizon rəisi, birləşmə yaxud əlahiddə hərbi hissə komandirinin əmri ilə təyin edilir. Xarici ölkə nümayəndələrinin qarşılanması və yola salınması üçün hər bir ayrı halda fəxri qarovul Baş Qərargah rəisinin xüsusi göstərişi ilə ayrılır.
323. Fəxri qarovulun tərkibinə taqımdan bölüyə qədər (yaxud başqa qoşun növünün müvafiq bölməsi piyada sırasında) bölmə və hərbi orkestr təyin edilir. Fəxri qarovul ancaq zabitlərlən, zabit və gizirlərdən (miçmanlardan), yaxud çavuşlardan da təyin edilə bilər.
Fəxri qarovulun geyim forması, şəxsi heyətin silahı, eləcə də saatdarların hər bir hal üçün vəzifələri qarnizon rəisi (birləşmə, hərbi hissə komandiri) tərəfindən müəyyən edilir.
Fəxri qarovula döyüş sursatı verilmir.
324. Saatdarlar qoymaq zərurəti olduqda fəxri qarovulların öz heyətlərindən, bir qayda olaraq, cüt saatdarlar təyin edilir.
325. Fəxri qarovullar qarnizon rəisinə və qarnizon hərbi komendantına (birləşmə, hərbi hissə komandirinə) tabedir.
326. Fəxri qarovulların rəisliyinə zabitlər təyin edilirlər.
327. 19-cü maddədə göstərilmiş şəxsləri qarşılamaq üçün fəxri qarovul Döyüş Bayrağı ilə açıq ikicərgə sıraya düzülür. Bayraqdar və assistentlər qarovulun sağ cinahında iki addımlıqda, orkestr Döyüş Bayrağından sağda üç addımlıqda durur.
Qarşılanan şəxs 40-50 addımlığa çatanda fəxri qarovul rəisi karabinlərlə silahlanmış qarovula «Qarovul — DÜZLƏN», «FARAĞAT», «Sağdan (soldan, öndən) qarşılamaq üçün qarovula — AL», avtomatlarla silahlanmış qarovula isə «Qarovul — DÜZLƏN», «FARAĞAT», «Diqqət — SAĞA (SOLA, MƏRKƏZƏ)» komandaları verir.
Bu komandalar üzrə fəxri qarovul silahı «qarovula» alır, yaxud ancaq başını qarşılanan şəxsə tərəf döndərir; orkestr «Qarşılama marşı» çalır, qarovul rəisi sağ əlini baş geyiminə yapışdırıb sıra addımları ilə qarşılanan şəxsə yaxınlaşır və ona iki-üç addım qalmış dayanıb raport verir, məsələn, «Yoldaş Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı. Sizin gəlməyiniz münasibətilə fəxri qarovul düzülüb. Qarovul rəisi mayor Əliyev».
Qarovul rəisi raport vermək üçün dayandıqda orkestr çalmağı dayandırır.
Qarovul rəisi raportu qurtardıqdan sonra sol (sağ) ayaqla yana bir addım atıb, eyni vaxtda sağa (sola) dönür. Orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir.
Himn ifa edilib qurtardıqdan sonra qarovul rəisi qarşılanan şəxsi onun arxasınca bir-iki addım geridə, sıranın kənar tərəfi ilə gedərək və sağ əlini baş geyimindən aşağı salmadan qarovulun önü ilə müşayiət edir.
Salamlaşmadan və qarovulun önündən keçdikdən sonra qarovul rəisi sağ əlini baş geyimindən aşağı salır, karabinlərlə silahlanmışlara «Ayağa — AL» komandası verir və qarovulu yenidən üç-üç (dörd-dörd) kolona düzür; sonra qarovul qarşılanan şəxsin önündən təntənəli marşla keçir.
328. Döyüşçülərin abidə və məzarlarına əklillər qoymaqla, əsgəri ehtiram göstərmək üçün təyin edilmiş fəxri qarovullar öz vəzifələrini bu Nizamnamənin XVIII fəslinə uyğun yerinə yetirirlər.
329. Abidə açılarkən, fəxri qarovul abidənin önündə üzü abidəyə ikicərgə düzülür. Qarovul rəisi abidənin yanlarına iki cüt saatdar qoyur. Saatdarlar avtomat «döşdə» (karabinlər «ayaqda») «farağat» vəziyyətində durmalıdırlar.
Abidəni açmağa müvəkkil edilmiş şəxs 40-50 addımlığa çatanda qarovul rəisi «Qarovul — DÜZLƏN», «FARAĞAT», «Diqqət — SAĞA (SOLA, MƏRKƏZƏ) komandaları verir, sağ əlini baş geyiminə yapışdırır, sıra addımları ilə ona yaxınlaşır və onun iki-üç addımlığında dayanıb raport verir, məsələn: «Yoldaş general-leytenant (yaxud səlahiyyətli şəxsin vəzifəsini deyir), filankəsə abidənin açılması münasibətilə fəxri qarovul düzülüb. Qarovul rəisi kapitan Hidayətov».
Raportu qurtardıqda qarovul rəisi sağ əlini baş geyimindən aşağı salmadan sol (sağ) ayağı ilə yana bir addım atıb, eyni zamanda sağa (sola) dönür, abidəni açmağa gəlmiş səlahiyyətli şəxsi irəli buraxır və ondan bir-iki addım geridə və sıranın kənar tərəfində gedərək, onu müşayiət edir. Səlahiyyətli şəxsin göstərişi ilə qarovul rəisi «AZAD» komandası verir və sağ əlini baş geyimindən aşağı salıb sırada öz yerində durur.
Əgər abidəni açmağa gəlmiş səlahiyyətli şəxs hərbi qulluqçudursa, onun salamına fəxri qarovul heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinə müvafiq, mülki şəxsdirsə, onda xüsusi göstərişlə cavab verir.
Abidənin örtüyünü açmazdan qabaq qarovul rəisi «Qarovul — FARAĞAT», «Diqqət — MƏRKƏZƏ» əgər qarovul karabinlərlə silahlanıbsa, onda «Qarovul — FARAĞAT», «Diqqət — MƏRKƏZƏ,qarovula — AL» komandaları verir. Karabinlərlə silahlanmış qarovul silahı «qarovula» götürür, orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir.
Orkestr Himni ifa edib qurtardıqdan sonra qarovul rəisi «AZAD» (karabinlərlə silahlanmışlar üçün «Ayağa — AL» və sonra «AZAD») komandaları verir.
Mitinq qurtardıqdan sonra fəxri qarovul rəisinin komandası ilə qarovul yenidən üç-üç (dörd-dörd) kolona düzülür və abidənin yanından təntənəli marşla keçir. Fəxri qarovulun saatdarları xüsusi göstərişlə götürülür.
330. Qarnizon rəisinin (birləşmə, hərbi hissə komandirinin) xüsusi sərəncamına görə Döyüş Bayrağı (bayraqlar) çıxarılan təntənəli iclaslarda Döyüş Bayrağına (bayraqlara) fəxri qarovul və saatdarlar növbəsinin sayından asılı olaraq hər bayrağa iki-üç bayraqdar təyin edilir.
Fəxri qarovulun saatdarları avtomatları «döşdə» (karabinlər «ayaqda») «farağat» vəziyyətində Döyüş Bayrağının (bayraqların) yanında, onun hər iki tərəfində dururlar.
Döyüş Bayrağını iclas keçiriləcəyi yerə və geriyə — hərbi hissəyə müşayiət etmək üçün bayraq taqımı təyin edilir.
Döyüş Bayrağının çıxarılması və qaytarılması Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra nizamnaməsinin göstərişlərinə uyğun olaraq yerinə yetirilir.
331. Dəfn mərasiminə təyin edilmiş fəxri qarovul öz vəzifələrini bu Nizamnamənin XVII fəslinin göstərişlərinə uyğun olaraq yerinə yetirir. Ayrı-ayrı hallarda bu qarovul fəxri mühafizə dəstəsinə çevrilə bilər.
332. Fəxri qarovulların saatdarları və bayraqdarları hər 15 dəqiqədən gec olmayaraq dəyişdirilirlər. Burada dəyişilmə üçün komanda verilmir və post təhvil verilmir.
Fəxri qarovulun saatdarları və bayraqdarları əsgəri salam vermirlər.

XVIII fəsil.
Dəfn mərasimində əsgəri ehtiram göstərilməsi

333. Hərbi qulluqçuların dəfn mərasimi üçün təyin edilmiş qoşunlar fəxri mühafizə dəstəsi adlanır.
Vəfat etmiş (həlak olmuş) hərbi qulluqçular adətən onların axırıncı xidmət yerlərində dəfn edilirlər. Sülh vaxtı əsgəri (mülki) vəzifələrini yerinə yetirərkən həlak olmuş, yaxud ümumi xəstəliklərdən vəfat etmiş hərbi qulluqçuların cənazəsi başqa dəfnetmə (yenidən dəfnetmə) yerinə müstəsna hallarda müdafiə nazirinin qərarı ilə dövlət hesabına aparılır.
334. Fəxri mühafizə dəstəsi həqiqi hərbi xidmət vaxtı vəfat etmiş hərbi qulluqçuların, toplanışda olan əsgərlərin, çavuşların, gizirlərin (miçmanların) və ehtiyatda olan zabitlərin, eləcə də dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin dəfni üçün təyin edilir.
Bunlardan başqa, fəxri mühafizə dəstəsi hərbi geyim forması geymək hüququ ilə buraxılmış, ehtiyatda və istefada olan generalların (admiralların) və baş zabitlərin, habelə zabitlərdən ehtiyatda və istefada olan milli və başqa qəhrəman adına, Şöhrət ordeninin bütün dərəcələrinə layiq görülmüş digər şəxslərin dəfni üçün təyin edilir. Həqiqi hərbi xidmət vaxtı vəfat etmiş hərbi qulluqçuların dəfni onların birbaşa rəislərinə həvalə olunur.
Hərbi forma geymək hüququ ilə buraxılmış, ehtiyatda və istefada olan və vəfat etdiyi günə kimi mülki təşkilatlarda xidmətdə olmayan generalların (admiralların) və baş zabitlərin, habelə ehtiyatda (istefada) olan bütün milli və başqa qəhrəman adına layiq görülmüş zabitlərin, eləcə də mülki və başqa qəhrəman adına və Şöhrət ordeninin bütün dərəcələrinə layiq görülmüş digər şəxslərin dəfninin təşkili qarnizon rəisinə (rayon və şəhər hərbi komissarlarına) həvalə olunur.
335. Fəxri mühafizə dəstəsi aşağıdakı tərkibdə təyin edilir:
əsgər (matros), çavuş və gizirləri (miçmanları) dəfn etmək üçün — manqa, taqım, yaxud bunlara uyğun bölmə;
zabitləri dəfn etmək üçün — taqım, bölük, yaxud bunlara uyğun bölmə;
hərbi hissə və birləşmələrin komandirlərini, generalları (admiralları), eləcə də həqiqi hərbi xidmətdə vəfat etmiş və istefada (ehtiyatda) olan milli və başqa qəhrəman adına layiq görülmüş zabitləri, eləcə də milli və başqa qəhrəman adına və ya Şöhrət ordeninin bütün dərəcələrinə layiq görülmüş digər şəxslərin dəfnində — qarnizon rəisinin (hərbi komissarın) xüsusi sərəncamına görə.
Taqım və ondan böyük bölmə heyətində olan fəxri mühafizə dəstəsi çexolsuz, matəm lentləri taxılmış Döyüş Bayrağı ilə olmalıdır.
336. Dəfn mərasimi üçün fəxri mühafizə dəstəsindən başqa, aşağıdakılar təyin edilir:
orkestr;
cənazəyə fəxri qarovul;
tabutu (cənazəni) məzara qoymaq üçün çavuşun komandası altında 8-10 nəfər silahsız əsgər, yaxud matros.
Tabutu (cənazəni) aparmaq üçün avtomobil, yaxud top lafeti ayrılır.
Orden və medalları aparmağa, hər bir orden və medal sancılmış balışcıq üçün bir adam təyin olunur; həm də nəzərə alınmalıdır ki, bu balışcıqları aparmağa generallar (admirallar) və zabitlər dəfn edildikdə generallar (admirallar) və ya zabitlər təyin edilir, gizirlər (miçmanlar), çavuşlar və əsgərlər (matroslar) dəfn edildikdə isə gizirlər (miçmanlar), çavuşlar və əsgərlər (matroslar) təyin edilirlər.
Azərbaycan Respublikasının hər bir ordeni bir balışcığa sancılır, medallardan hər balışcığa bir neçəsi sancıla bilər.
Tabutun qapağının üstündə mərhumun baş geyimi, Hərbi Dəniz Donanması Hərbi qulluqçularının isə bundan başqa kortiki bərkidilir.
337. Xidmət etdiyi hərbi hissədə vəfat etmiş hərbi qulluqçunun dəfni üçün fəxri mühafizə və dəfn dəstəsini hərbi hissə komandiri təyin edir. Mərhumun cənazəsinin götürülməsi, dəfn yeri və vaxtı haqqında hərbi komendanta məlumat verilir.
Hərbi qulluqçunun öz daimi xidmət yerindən kənarda vəfat etdiyi hallarda fəxri mühafizə və dəfn dəstəsini mərhumun vəfat etdiyi yerin qarnizon rəisi təyin edir.
338. Əgər vəfat etmiş hərbi qulluqçu başqa şəhər, yaxud kənddə dəfn ediləcəksə, mərhumun cənazəsi (tabutu) fəxri mühafizə dəstəsi və orkestrlə şəhərin kənarına (vağzala, aeroporta, limana, körpüyə) qədər müşayiət edilir.
Mərhumun cənazəsi olan tabutu yolda dəfn yerinə qədər müşayiət etmək üçün hərbi hissə komandirinin, yaxud qarnizon rəisinin (hərbi komissarın) əmri ilə iki-dörd nəfər adam ayrılır.
Hərbi qulluqçunun vəfat etdiyi hərbi hissənin komandiri (qarnizon rəisi, hərbi komissar) tabutun dəfn yerinə çatması, eləcə də onun yolda bir nəqliyyat vasitəsindən başqasına yüklənməsi vaxtları haqqında müvafiq qarnizon rəisini (hərbi komissarı) ən geci bir sutka qabaqcadan xəbərdar etməlidir.
Tabutu qarşılamaq və dəfn yerinə qədər müşayiət etmək üçün fəxri mühafizə və dəfn dəstələri bu Nizamnamənin 335 və 336-cı maddələrinə müvafiq təyin edilir.
339. Hərbi qulluqçunun vəfatı haqqında onun yaxın qohumlarını elə o gün xəbərdar etmək hərbi hissə komandirinin (qarnizon hərbi komendantının) vəzifəsidir.
340. Qarnizon hərbi komendantı fəxri mühafizə və dəfn dəstələri təyin edilən hərbi hissə komandirini, bu dəstələrin gəlmə yeri, vaxtı və geyim forması haqqında qabaqcadan xəbərdar edir.
Dəfn mərasimində iştirak edən gizirlər (miçmanlar), zabitlər və generallar (admirallar) gündəlik geyim formasında və hərbi komendantın sərəncamı ilə sol qollarında matəm sarğısı olmalıdır.
341. Cənazə olan tabutun yanına fəxri qarovulun qoyulma vaxtını qarnizon rəisi (hərbi hissə komandiri) təyin edir.
Qarovul öz heyətindən iki cüt saatdar qoyur. Saatdarlar avtomatları «döşdə» (karabinləri «ayaqda») olmaqla «farağat» vəziyyətində dururlar. Saatdarların bir cütü tabutun hər iki tərəfində, ondan iki addım yandı, baş tərəfdə, ikinci cütü ayaq tərəfdə durur. Saatdarların hər bir cütü o biri cütlə üz-üzə durur.
Saatdarların sol qolunda matəm sarğısı olmalıdır.
Tabutun yanında duran saatdarlar 332-ci maddədə göstərildiyi kimi dəyişilirlər.
Mərasim hərəkətdə ikən və tabut məzara qoyulduğu vaxt saatdarlar dəyişilmir.
342. Mərhuma ehtiram göstərmək üçün hərbi hissələrin (müəssisələrin, idarələrin) ictimai təşkilatların nümayəndələrindən ibarət fəxri saatdarlar qoyula bilər. Onlar silahsız, başıaçıq, sol qollarında matəm sarğısı olmaqla saatdarların yanında kənar tərəfdən bir-iki addımlıqda durur və hər 3-5 dəqiqədən bir dəyişilirlər.
343. Fəxri mühafizə dəstəsi cənazənin götürüləcəyi yerə gəldikdə, üzü cənazənin çıxarılacağı qapıya tərəf açıq sırada düzülür.
Orkestr dəstədən üç addım sağda düzülür.
344. Fəxri mühafizə dəstəsi və fəxri qarovul dəfn mərasimi vaxtı əsgəri salam vermir.
345. Tabut binadan çıxarılarkən irəlidə bir-birindən üç-beş addımlıq distansiyada biri o birinin arxasınca əklil aparan hərbi qulluqçular, onların arxasınca həmin distansiyalarda orden və medallar sancılmış balışcıqları aparanlar (orden və medallar böyüklük dərəcəsi ilə), onlardan sonra tabutu aparan hərbi qulluqçular, mərhumu müşayiət edənlər və fəxri qarovul nəfərləri gedirlər.
Tabutun binadan çıxarıldığı məqamda fəxri mühafizə dəstəsinin komandiri sırada yerindən çıxmadan «FARAĞAT» (karabinlərlə silahlanmışlar üçün «FARAĞAT, qarovula — AL») komandası verir və sağ əlini baş geyiminə yapışdırır. Sırada olan hərbi qulluqçuların hamısı başlarını tabuta tərəf döndərirlər. Orkest matəm marşı çalır.
Sırada olmayan hər bir hərbi qulluqçu tabut çıxarılan zaman «farağat» vəziyyəti qəbul edir və sağ əlini baş geyiminə yapışdırır.
346. Mərasim 345-ci maddədə göstərildiyi kimi hərəkət edir. Fəxri qarovul mərhumu müşayiət edənlərin ardınca, onlardan sonra orkestr və sonra isə fəxri mühafizə dəstəsi gedir.
Piyada gedərkən orkestr hərdən tənəffüs etməklə matəm marşı çalır.
Fəxri qarovulun saatdarları tabutun hər iki tərəfi ilə avtomatlar «döşdə», karabinlər «çiyində» vəziyyətində gedirlər, tabut avtomobildə müşayiət edilirsə, saatdarlar oturaraq karabini dizləri arasında, ayaq üstündə isə «ayaqda» vəziyyətində saxlayırlar.
347. Bəzi hallarda qarnizon rəisinin xüsusi göstərişilə tabutun çıxarıldığı və dəfn yerinə yaxınlaşdığı yerlərdə mərasimin geçəcəyi yolun hər iki tərəfində qoşun bölmələri piyada bircərgə, yaxud ikicərgə düzülə bilər.
348. Dəfn yerinə çatanda orkestr çalğını dayandırır. Fəxri mühafizə dəstəsi və fəxri qarovulun saatdarları məzarın yanında yer tuturlar.
349. Tabutu məzara qoymazdan bir qədər əvvəl matəm mitinqi açılır. Tabutu məzara qoyanda Döyüş Bayrağı endirilir, fəxri mühafizə dəstəsi mərhuma tabut çıxarılan zaman göstərdiyi (345-ci maddə) ehtiramı yenidən təkrar edir. Orkestr matəm marşı çalır. Fəxri mühafizə dəstəsinin tərkibindən təyin edilmiş bölmə boş patronlarla üç yaylım atəşi açır, bununla belə əgər sıra tabordursa bir bölük, bölükdürsə bir taqım, sırada taqım, ya manqadırsa, bütün bölmə yaylım atəşi açır.
Ayrı-ayrı hallarda xüsusi göstərişlə toplardan yaylım atəşi açıla bilər.
Birinci yaylım atəşi ilə orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa etməyə başlayır. Himn ifa edilib qurtardıqdan sonra əgər yerin şəraiti buna imkan verirsə, qoşunlar məzarın yanından orkestrin sədaları altında keçir. Saatdarlar Himn ifa edildikdən sonra, yaxud bölmə məzar yanından keçdikdən sonra götürülürlər.
350. Vəfat edənlərin və vəfatından sonra təltif olunanların Azərbaycan Respublikası ordenləri, fəxri adlarının döş nişanları və onların təltif olunma sənədləri saxlanılır, yaxud onların ailələrinə yadigar kimi verilir.
Əgər təltif edilmiş mərhumun ailəsində varisləri yoxdursa, onun mükafatları və təltif sənədləri Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına qaytarılır.

XIX fəsil.
Vətənin azadlığı və müstəqilliyi uğrunda döyüşlərdə həlak olanların məzarlarına və abidələrinə əklillər qoyulması

351. Vətənimizin azadlığı və müstəqilliyi uğrunda döyüşlərdə həlak olanların məzarlarına və abidələrinə Azərbaycan Respublikasının Dövlət bayramları günlərində və Azərbaycan Respublikası müdafiə nazirinin qərarı ilə başqa günlərdə hərbi hissələrin nümayəndə heyəti tərəfindən əklillər qoyulur.
352. Bakı şəhərində və «şəhidlər xiyabanı» olan digər yerlərdə dövlət, hökumət və ya hərbi nümayəndə heyəti tərəfindən əklillər qoyulduqda, qarnizon rəisinin sərəncamı ilə qarnizon hərbi hissələrinin bir və ya bir neçə Döyüş Bayrağı ilə silahlı fəxri qarovul və orkestr təyin edilir.
Fəxri qarovul və orkestr parad, əklil qoymaqda iştirak edən hərbi qulluqçuları isə parad-bayram geyim formasında olurlar.
353. Abidələrə (məzarlara) əklillər qoymazdan qabaq müəyyən edilmiş vaxtda fəxri qarovulun tərkibindən oraya bir-iki cüt saatdar qoyulur. Saatdarlar karabinləri «ayaqda» (avtomatları «döşdə») saxlamaqla «farağat» vəziyyətində dururlar.
Fəxri qarovul (abidənin, yaxud məzarın yerləşməsindən asılı olaraq) abidənin (məzarın) önündə üzü, yaxud sağ cinahı ona çevrilməklə ikicərgə düzülür, döyüş bayraqları fəxri qarovulun sağ cinahında qoyulur. Orkestr bayraqlardan sağda düzülür.
354. Əklillə gəlmiş nümayəndə heyəti müəyyən edilmiş yerdə düzülür və fəxri qarovulun sırası qarşısından keçərək abidəyə (məzara) tərəf gedir. Nümayəndə heyətinin önündə hərbi komendant, yaxud fəxri qarovulun zabiti gedir. Onun arxasınca iki-üç addımlıqda iki adam bir əklil tutmaqla əklili gətirənlər və onların arxasınca həmin distansiyada nümayəndə heyəti üç-üç, dörd-dörd kolonla gedir. Nümayəndə heyətinin fəxri qarovula çatmasına 40-50 addım qalarkən, qarovul rəisi karabinlərlə silahlanmış qarovula «Qarovul, DÜZLƏN», «FARAĞAT», «Sağdan (soldan) qarşılamaq üçün, qarovula — AL», avtomatları «döşdə» vəziyyətində olan qarovula isə «Qarovul — DÜZLƏN», «FARAĞAT», «Diqqət — SAĞA (SOLA)» komandaları verir.
Fəxri qarovul komandanı yerinə yetirib, əklil gətirmiş nümayəndə heyətini başlarını döndərərək, nəzərləri ilə müşayiət edir.
Orkestr təntənəli matəm melodiyaları ifa edir. Döyüş Bayrağı endirilir.
355. Nümayəndə heyəti abidəyə (məzara) çatıb əklilləri qoyur və həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edir. Orkestr musiqini kəsir.
Bir dəqiqəlik sükutdan sonra orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa edir. Himn ifa edilib qurtardıqdan sonra əklil qoymuş nümayəndə heyəti abidədən (məzardan) aralanır və üzü qarovulun keçəcəyi tərəfə düzülür, fəxri qarovul isə qarovul rəisinin komandası ilə yenidən səfər kolonuna düzülür, abidənin (məzarın) və əklil qoymuş nümayəndə heyətinin önündən təntənəli marşla keçir.
356. Əklilləri xarici dövlət və hökumət başçıları, dövlət nümayəndəlikləri, eləcə də müdafiə nazirləri və rəsmi hərbi nümayəndələr qoyduqda 352-355-ci maddələrdə göstərilmiş qaydalara riayət edilir. Bu halda təntənəli matəm melodiyası ancaq nümayəndə heyətinin başçısı ilə razılaşdırılıb ifa olunur.
Bir dəqiqəlik sükutdan sonra əklil qoyan nümayəndə heyətinin dövlət himni və Azərbaycan Respublikasının Dövlət Himni (hərəsindən bir bənd) ifa edilir.
Başqa xarici nümayəndə heyəti tərəfindən abidə və məzarlara əklillər qoyularkən fəxri qarovul və orkestr təyin edilmir. Bu halda abidənin (məzarın) yanına qarnizon rəisinin, yaxud komendantın sərəncamı ilə bir-iki cüt saatdar qoyulur və zərurət olduqda, əklilləri onların qoyulacağı yerə aparmaq üçün bir zabit və iki nəfər hərbi qulluqçu ayrılır.
357. Xarici hərbi nümayəndə heyəti abidə və məzarlara əklil qoyarkən, onları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi və hərbi komendant müşayiət edir.
358. Abidə və məzarlar yanına qoyulmuş saatdarlar əklillər qoyulduqdan sonra qarnizon rəisinin müəyyən etdiyi vaxtda götürülürlər.

XX fəsil.
Qoşunların yanğınlarla və təbii fəlakətlərlə mübarizəyə cəlb edilməsi

359. Qoşunlar yanğınlarla və təbii fəlakətlərlə (daşqınlarla, zəlzələnin nəticələri ilə, uçqunlarla, qar yığınları ilə) mübarizəyə, yaxud yanğından və ya təbii fəlakətdən zərər çəkmiş mülki əhaliyə kömək etmək üçün Müdafiə Nazirinin sərəncamı ilə cəlb olunurlar. Müstəsna hallarda, icazə almağa vaxt olmadıqda, qonşuları qarnizon rəisi öz qərarı ilə cəlb edir və bu barədə müdafiə nazirinə dərhal məlumat verir.
360. Yanğınlarla və təbii fəlakətlərlə mübarizə, yaxud əhaliyə kömək üçün ayrılmış qoşunlara qarnizon rəisi tapşırıq verərkən göstərir:
hansı hərbi hissə (bölmə) hansı komandirin (rəisin) sərəncamına keçir;
hərəkət qaydası;
əlavə verilən texniki vasitələr;
tapşırığın yerinə yetirilməsi müddəti;
silah;
geyim forması;
ərzaqla təminat qaydası.
361. Hərbi hissə (bölmə) komandirləri təyin edilmiş yerə çatdıqda dərhal sərəncamına göndərildikləri şəxsin yanına gəlib məlumat verir və onun sərəncamı ilə verilmiş tapşırığın yerinə yetirilməsini təşkil edirlər. Əgər yanğın, yaxud təbii fəlakət yerində sərəncamına gəldikləri şəxs olmasa, hərbi hissə komandirləri sərbəst surətdə yerli hakimiyyət orqanları və onların sərəncamı ilə ayrılmış qüvvələrlə öz fəaliyyətini uyğunlaşdıraraq verilmiş tapşırığı yerinə yetirməyə başlayırlar.
Verilmiş tapşırığın yerinə yetirilməsi haqqında hərbi hissə (bölmə) komandirləri qarnizon rəisinə və özlərinin bilavasitə rəislərinə məlumat verirlər.
362. Yanğın, yaxud təbii fəlakətlə mübarizə üçün ayrılmış hərbi hissənin (bölmənin) komandirinin sərəncamı ilə əmlakı mühafizə etmək üçün müvəqqəti qarovullar təyin edilir. Bu qarovullar tərkibində olduqları hərbi hissənin komandirinə, qarnizon rəisinə və qarnizon hərbi komendantına, qarovullar (hərbi hissə) növbətçisinə tabe olur və ümumi əsaslarla xidmət edirlər.
363. Hərbi hissələri, bölmələri və komandaları yerli hakimiyyət orqanlarının nümayəndələrinə tabe etmək qadağandır.

Əlavələr
1 saylı əlavə
MƏXFİDİR

«Təsdiq edirəm»
_______________________________________________
(Baş Qərargah rəisinin, birləşmə komandirinin
_______________________________________________
soyadı, adı, hərbi rütbəsi və imzası)
«_____»________________199___il  

________________________________________________qarnizonun
(məntəqənin adı)

Qarovullar siyahısı

Qarovulların nömrələri Mühafizə olunan obyektlərin adı Postların sayı
  saatdarlar üç növbəli saatdarlar iki növbəli postların cəmi qarovul itləri postu
1 2 3 4 5 6
Qarovulların heyəti Qeyd
qarovul rəisi qarovul rəisinin köməkçisi dəyişdiricilər qarovul nəfərləri və s. adamların cəmi
7 8 9 10 11 12 13 14
Qarnizon rəisi_________________________________________________________________________________
(hərbi rütbəsi, imzası)
Qarnizon hərbi komendantı_____________________________________________________________________
(hərbi rütbəsi, imzası)
Qeyd: 7-ci sütunda qarovul rəisliyinə kimi təyin etmək lazım olduğu göstərilir
(zabit, gizir, miçman, çavuş), məsələn: «1z.», «1g.», «1m.», «1ç.».


2 saylı əlavə
MƏXFİDİR

«Təsdiq edirəm»
Qarnizon rəisi (hərbi hissə komandiri)
______________________________________________
( hərbi rütbəsi, imzası)
«______»________________199____il  

____________________________________________qarnizonun (hərbi hissənin)
                 (qarnizonun adı, hərbi hissənin №-si)

199_____ilin _________________________ayı üçün

Qarovullar naryadı cədvəli

Qarovulların nömrələri Mühafizə olunan obyektlərin adları Hansı hissələrdən (bölmələrdən) və hansı tarixdə qarovul göndərilir Postların sayı
saatdarlar üç növbəli saatdarlar iki növbəli postların cəmi qarovul itləri postu
1 2 3 4 5 6 7
Qarovulların heyəti Qeyd
qarovul rəisi qarovul rəisinin köməkçisi dəyişdiricilər qarovul nəfərləri və s. adamların cəmi
8 9 10 11 12 13 14
Qarnizon hərbi komendantı (Hərbi hissə qərargahı rəisi) ____________________________________________
(hərbi rütbəsi, imzası)
Qeyd: 1. 8-ci sütunda qarovul rəisliyinə kimi təyin etmək lazım olduğu göstərilir
(zabit, gizir, miçman, çavuş), məsələn: «1z.», «1g.», «1m.», «1ç.».
2. Cədvəldə qarovullardan sonra növbətçi bölmələr göstərilir.



3 saylı əlavə

«Təsdiq edirəm»
Qarnizon rəisi (hərbi hissə komandiri)
______________________________________________
( hərbi rütbəsi, imzası)
«_______»_______________199_____il  

__________№-li _________________________________________________________qarovulun
(qarnizon, daxili)

Postlar tabeli

qarovulun heyəti və postların sayı dəyişdiricilərin və onların postlarının nömrələri postların nömrələri və mühafizə olunan obyektlər saatdarların xüsusi vəzifələri
1 2 3 4
Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi)
  ______________________________________________
(hərbi rütbəsi, imzası)

Qeydlər: 1. 1-ci sütunda qarovulun bütün heyəti sadalanır, məs: qarovul rəisi (zabit, gizir, miçman, çavuş) — 1, qarovul rəisinin köməkçiləri — 1, dəyişdiricilər — 3 və s. Sonra üçnövbəli, ikinövbəli postların və qarovul itləri postlarının sayı göstərilir.
  2. 3-cü sütunda obyektlərin adı və onların hansı möhürlə möhürləndiyi, neçə möhür və plomb olduğu sadalanır. Əgər post Döyüş Bayrağını mühafizə edirsə, bayraqda neçə orden, hansı ordenlər və orden lentləri olduğu göstərilir.
  3. 4-cü sütunda hər bir postun mühafizə və müdafiə şəraitinə müvafiq saatdarın xüsusi vəzifələri, silah işlətmə və qarovul rəisi ilə rabitə qaydaları göstərilir.

4 saylı əlavə
Hauptvaxt haqqında

Ümumi müddəalar

1. Hərbi qulluqçuları həbsdə saxlamaq üçün xüsusi yer — hauptvaxt hazırlanır. Qarnizon (ümumlager), yaxud hərbi hissə hauptvaxtı ola bilər.
2. Həbsə alınmış matroslar və miçmanlar gəmi karserində, yaxud hauptvaxtda saxlanıla bilərlər.
3. Hauptvaxtda intizam qaydasında və cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular saxlanılırlar (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdən çox olmamaqla).
4. Qarnizon hauptvaxtında boş yer olmadıqda, intizam qaydası ilə həbs edilmiş müddətindən artıq xidmət çavuşları, gizirlər (miçmanlar) və zabitlər qarnizon hərbi komendantlığında (hərbi hissədə) ayrı otaqda, (gəmidə isə ayrı kayutda) hərbi komendantın növbətçi köməkçisinin, yaxud qarovullar (hərbi hissə, gəmi) növbətçisinin nəzarəti altında saxlanıla bilərlər. Belə halda müddətindən artıq xidmət çavuşları həbs edilmiş gizirlərdən (miçmanlardan) və onlar da zabitlərdən ayrı saxlanılırlar.
5. Hərbi hissə hauptvaxtı qarnizon hauptvaxtında lazımi qədər yer olmadıqda və ancaq həbsə alınmış əsgərləri (matrosları) və çavuşları saxlamaq üçün qarnizon hauptvaxtına uyğun olaraq hazırlanır.
Hərbi hissə hauptvaxtı qarnizon rəisinin (birləşmə komandirinin) əmri ilə istifadəyə verilir.

Həbs edilənlərin hauptvaxta göndərilməsi və onların konvoy nəfərləri ilə müşayiət edilməsi

6. İntizam qaydasında həbs edilmiş hərbi qulluqçular hauptvaxta həbs kağızı ilə göndərilirlər.
Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular hauptvaxta həmin orqanın qərarı ilə göndərilirlər.
Hər hansı bir cinayət etməkdə şübhəli olan hərbi qulluqçular hauptvaxta istintaq orqanının, yaxud müstəntiqin qərarı ilə göndərilirlər.
7. İşi məhkəmədə olan, cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular hauptvaxta, prokurorluğa, məhkəməyə və s. ştat silahı ilə silahlanmış konvoy nəfərlərinin müşayiəti ilə göndərilirlər.
8. İntizam qaydasında həbs edilmiş 5 nəfərdən artıq əsgəri (matrosu) piyada sırasında hauptvaxta göndərmək qadağandır. Həbs edilənlər bir-bir kolonla getməlidirlər. Mühafizə üçün bir konvoy nəfəri təyin edilir ki, o, həbs edilənlərdən iki-üç addım geridə sağdan (soldan) gedərək, silahını «qayışda» vəziyyətində aparmalıdır. Silah ancaq mühafizəni təyin etmiş rəisin göstərişi ilə bu Nizamnamənin 106 və 107-ci maddələrinin tələblərinə uyğun doldurulur.
9. Böyük şəhərlərdə və yaşayış məntəqələrində bazarın içi ilə, küçə səkiləri ilə həbs edilənləri müşayiət etmək, eləcə də onları ictimai nəqliyyatda aparmaq qadağandır.
10. İntizam qaydasında həbs edilmiş çavuşları hauptvaxta göndərmək üçün onlardan rütbəsinə görə böyük, yaxud onlara bərabər rütbəli müşayiətçi çavuş təyin edilir. Hər üç, ya daha az həbs edilmişə bir nəfər hesabı ilə silahsız müşayiətçi təyin edilir. Müşayiətçi həbs edilmişin (edilmişlərin) yanında sağdan (soldan) gedir.
İntizam qaydasında həbs edilmiş zabitlər və gizirlər (miçmanlar) hauptvaxta özləri gəlirlər.
Həbs edilmişləri qarnizon hauptvaxtına göndərmək üçün qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) sərəncamı ilə nəqliyyat vasitəsi ayrılır.
Avtomobildə silahlı müşayiət vaxtı həbs edilənləri üzvləri hərəkətə əks istiqamətdə oturdurlar; onlara qalxmaq və hərəkət istiqamətinə tərəf dönmək qadağandır. Silahlı konvoy nəfərləri kuzovun qabaq hissəsində elə yerləşirlər ki, həbs edilənləri daim müşahidə edə bilsinlər.
11. Cinayət prosesini həyata keçirən orqan tərəfindən həbs edilmiş, məhkum olunmuş və şəxsiyyəti müəyyən edilənədək tutulub saxlanmış hərbi qulluqçuların silahlı müşayiətini, eləcə də konvoyun tərkibini və konvoy nəfərlərinin vəzifələrini qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) hər bir hal üçün ayrıca müəyyən edir.
12. Konvoy nəfəri bu Nizamnamənin 183-cü maddəsinin göstərişinə əsasən silah tətbiq etməlidir.

Həbs edilənlərin hauptvaxta qəbulu

13. Həbs edilənlər qarnizon hauptvaxtına hauptvaxt rəisi, o olmadıqda qarovul rəisi tərəfindən, hərbi hissə hauptvaxtına isə hərbi hissə növbətçisi tərəfindən qəbul edilirlər.
14. Hauptvaxt rəisi (hərbi hissə növbətçisi) həbs edilmiş əsgər (matros) və çavuşları qəbul edərkən, onlarda olmalı əşyaların olub-olmadığını yoxlayır, şəxsi axtarış aparır, bel qayışını, kamerada saxlamağa icazə verilməyən əşyalarını və qiymətli şeylərini, eləcə də bütün xidməti sənədlərini saxlamaq üçün alır, həbs kağızında (cinayət prosesini həyata keçirən orqanın qərarında) olan və başqa lazımi məlumatları hauptvaxtda saxlananlar kitabına və həbs edilənlərin ad siyahısına yazır.
Həbs kağızında yazılmış əşyaların qarnizon hauptvaxtına göndərilmiş hərbi qulluqçuların üstündə olub-olmamasını hauptvaxt rəisi şəxsən həbs edilənin qəbulu haqqında qəbzin arxasında qeyd edir və imzalayır.
Tapılmış xidmət sənədləri müvafiq komandirə göndərilmək üçün qarnizon hərbi komendantına (hərbi hissə qərargahı rəisinə) verilir.
İntizam qaydasında həbs edilənlər şəxsi sənədlərini özlərində saxlayırlar, yaxud saxlamaq üçün hauptvaxt rəisinə (hərbi hissə növbətçisinə) təhvil verirlər.
Hauptvaxt rəisi alınmış və qəbul edilmiş əşyaları, sənədləri və pulun məbləğini həbs edilənin yanında hauptvaxtda saxlananlar kitabına yazır və onların qəbulu haqqında ona qəbz verir, bundan sonra həbs edilmiş şəxs həbs kağızı ilə kameraya salınmaq üçün qarovul rəisinin yanına göndərilir.

Hauptvaxtda saxlananlar kitabı

199_____il üçün
Sıra
№-si Vəzifəsi, hərbi rütbəsi, adı, atasının adı və soyadı Hansı hərbi hissədəndir (hərbi hissənin şərti adı) Kim həbs edib Həbsin səbəbi Hansı müddətə və hansı kamerada saxlanmalıdır Qəbul edilmiş əşya, sənəd və pulun məbləti Həbsə qəbul edildiyi vaxt Həbs müddəti nə vaxt qurtarır Tibbi müayinə və hamamda çimmə vaxtı haqqında qeyd Azad edilmə haqqında qeyd Həbs vaxtı qurtarandan sonra əşya, sənəd və pulun alınması haqqında imza
   
  Qeyd: «Kim həbs edib» sütununda cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş şəxslər üçün cinayət prosesini həyata keçirən orqanın adı və müvafiq qərarı qəbul edən şəxsin adı, soyadı və vəzifəsi yazılır.




  Həbs edilənin qəbulu haqqında qəbz

Həbs edilən____________________________________________________________________________________
(hərbi hissəsi, bölməsi, rütbəsi
______________________________________________________________________________________________
adı, atasının adı və soyadı)
_____________sutkalığa __________dan__________________kimi _______________hauptvaxta qəbul edilib,
 ____________________________________________kamerada saxlanmalıdır.

___________________________________________________________199______il
tarix, ay, saat, dəqiqə
hauptvaxt rəisi (hərbi hissə növbətçisi) ___________________________________________________________
                                           (hərbi rütbəsi, imzası)
Qəbzin arxasında yazılır
Həbs edilənin əşyalarının hamısı yerindədir
(filan şey artıqdır, filan şey çatmır)

Hauptvaxt rəisi (hərbi hissə növbətçisi)___________________________________________________________
                                            (hərbi rütbəsi, imzası)
Qarnizon hauptvaxtında həbs ediləni qarovul rəisi qəbul edirsə, o, həbs edilənə əşyalarını qəbul etməsi haqqında qəbz verir. Siyahı ilə əşyaları və həbs kağızını həbsxana rəisinə təqdim edir.

15. İntizam qaydasında həbs edilən zabit və gizirlərin (miçmanların) şəxsi əşyalarına baxılmır, lakin həbs edilənə kamerada nə kimi şeylərin saxlanıla bilməsi haqqında xəbərdarlıq edilir.
16. Qarovul rəisi həbs ediləni qəbul edir, həbs kağızını imzalayır və onu həbsxana rəisinə (hərbi hissə növbətçisinə) qaytarır.
Hauptvaxt rəisi (hərbi hissə növbətçisi) həbs kağızını özündə saxlayıb konvoy nəfərinə (müşayiətçiyə) həbs edilənin qəbulu haqqında qəbz verir ki, bu da həbs ediləni göndərənə təhvil verilir.

İntizam qaydasında həbs edilənlərin hauptvaxtda saxlanması

17. İntizam qaydasında həbs edilmiş əsgərlər (matroslar) və çavuşlar ümumi, yaxud təkadamlıq kameralarda və quru taxtlarda yatırlar.
Çavuşlar hauptvaxtda əsgərlərdən (matroslardan) ayrı, bununla belə müddətli xidmət çavuşları da müddətindən artıq xidmət çavuşlarından ayrı saxlanılırlar.
Həbs edilib hauptvaxta salınan gizirlər (miçmanlar) həbs edilmiş çavuş və əsgərlərdən (matroslardan), zabitlər gizirlərdən (miçmanlardan) və boş zabitlər kiçik zabitlərdən ayrı saxlanılırlar.
Zabitlər və gizirlər (miçmanlar) hauptvaxtda qarovul rəisinin nəzarəti altında olurlar.
İntizam qaydasında hauptvaxtda saxlanmaqla həbs edilmiş hərbi qulluqçular əsas əsgər payı norması ilə azuqə alırlar.
18. Həbs edilənlər hauptvaxtda qoyulmuş qaydaları düzgün yerinə yetirməli, qarovul rəisinin (hərbi hissə növbətçisinin) və qarovulun şəxsi heyətinin tələblərini yerinə yetirməlidirlər.
Qarnizon (hərbi hissə) hauptvaxtlarında daxili intizam qaydalarını yerinə yetirməyən həbs edilənlərə qarnizon hərbi komendantı (hərbi hissə komandiri) tərəfindən əlavə cəza verilir. Bu şəxslərin və hauptvaxt rəisinin (hərbi hissə növbətçisinin) sərəncamı ilə belə şəxslər ümumi kameradan təkadamlıq kameralara keçirilə bilər. Belə hallarda hauptvaxt rəisi (hərbi hissə növbətçisi) həbs kağızında lazımi qeydlər edir.
Hərbi qulluqçulara hauptvaxtda verilmiş əlavə həbs yeni həbs kağızı ilə sənədləşdirilir.
19. Günün nizam qaydalarını qarnizon hauptvaxtı üçün qarnizon komendantı, hərbi hissə hauptvaxtı üçün isə hərbi hissə komandiri müəyyən edir.
İntizam qaydasına hauptvaxtda ümumi kameralarda saxlanan əsgərlər (matroslar) sutkada 10 saat işləməyə cəlb edilirlər.
Ümumi kameralarda saxlanan müddətli və müddətindən artıq xidmət çavuşları işləməyə rəhbər (başçı) kimi cəlb edilirlər.
İntizam qaydasında hauptvaxtda olan zabitlər, çavuşlar, gizirlər (miçmanlar), eləcə də əsgərlər (matroslar) işləməyə cəlb edilməyirlərsə, onlar üçün hər gün 4 saat müddətində sıra hazırlığından və nizamnamələrdən məşğələ təşkil edilir. Məşğələlər vaxtı onlara bel qayışları verilir.
Təkadamlıq kameralarda saxlanan həbs edilənlər məşğələlərə cəlb edilmirlər.
Kameralarda keçirilən səhər baxışı və axşam yoxlanışında qarovul rəisi, yaxud onun köməkçisi həbs edilənlərin yerində olmasını ad siyahısı ilə yoxlayır.
Bütün həbs edilənlərin 7 saat yatması (yuxu) nəzərdə tutulur. Gündüz onların uzanmasına və yatmasına icazə verilmir. Səhər qalxandan sonra taxtlar yığışdırılır, qatlanan taxtlar qatlanıb qıfıllanır.
20. Sutka ərzində, işləməyə və gəzintiyə çıxarılan vaxtdan başqa, həbs edilənlər qıfıllı kameralarda olmalıdırlar. İntizam qaydasında həbs edilən zabit və gizirlərin (miçmanların) kameraları qıfıllanmır. Bütün kameraların qıfılları eyni olmalı və eyni açarla bağlanmalıdır. Bu açarlardan ikisi qarovul rəisinin, biri isə hauptvaxt rəisinin otağında saxlanılır.
21. Həbs edilmiş əsgər (matros) və çavuşların alt paltarı, iş geyimi forması və ayaqqabısı kamerada olmalıdır. Qalan əşyalar kameradan kənarda hauptvaxt üçün müəyyən edilmiş qaydada saxlanılır.

Həbs edilənlərin ad siyahısı

sıra №-si Hərbi rütbəsi Adı, atasının adı və soyadı Hansı kamerada saxlanılır Vaxtı Həbs edilmişin azad edilməsi haqqında hauptvaxt rəisinin (hərbi hissə növbətçisinin) imzası
Həbsə qəbul edilməsi Həbsdən azad edilməsi
1 2 3 4 5 6 7
Hauptvaxt rəisi (hərbi hissə növbətçisi) ___________________________________________________________
                                  (hərbi rütbəsi, imzası)
Qeyd: Yeni qarovul rəisi həbs edilənləri qəbul etdikdən sonra siyahıda qeyd edir: «Filan tarixdə filan vaxt bu siyahı ilə filan qədər həbs edilən qəbul etdim». Bu qeydin altında həm köhnə, həm də yeni qarovul rəisləri imza edirlər.

Həbs edilənlərə yatmazdan qabaq şinel verilir və ayaqqabısını çıxarmağa icazə verilir, kameralarda temperatur +18o S-dən aşağı olanda şinel gündüz də verilə bilər.
Həbs edilmiş zabit və gizirlərə (miçmanlara) kameralarda hərbi kitablarını (əlavənin 31-ci bəndi), pul, yazı və tualet ləvazimatını saxlamağa icazə verilir. Yatmazdan qabaq zabit və gizirlərə (miçmanlara) yataq ləvazimatı (adyal, 2 döşəkağı, balış, balışüzü və döşək) verilir.
22. Ümumi kameralarda həbs edilənlərdən təmizliyə və qaydaya cavabdeh olan kamera böyüyü təyin edilir. O, həbs edilənləri səhər baxışına, qarovulların dəyişilməsi vaxtı adbaad yoxlanışa, axşam yoxlanışına düzür, diqqət yetirir ki, həbs edilənlər vaxtında yatıb-dursunlar, divar və pəncərələri xarab etməsinlər, taxtlarda, divarlarda yazı yazmasınlar və işıqları söndürsünlər.
23. Həbs edilənlər işləmədikləri günlərdə, eləcə də təkadamlıq kameralarda saxlananlar hər gün çıxarıcıların müşayiəti ilə 50 dəqiqəlik gəzintiyə çıxarılırlar.
Həbs edilmiş əsgərlər (matroslar) çavuşlardan ayrı çıxarılırlar.
Həbs edilən əsgər (matros) və çavuşlar səhər və axşam tualeti üçün çıxarıcıların müşayiəti ilə, ümumi kameralarda saxlananlar kameralar üzrə, təkadamlıq kameralarda saxlananlar isə tək-tək növbə ilə çıxarılırlar.
Həbs edilənlər təbii ehtiyaclarını yerinə yetirmək üçün çıxarıcının müşayiəti ilə tək-tək, yaxud beş nəfərə qədər qruplarla, təkadamlıq kameralarda saxlananlar isə tək-tək çıxarılırlar. Çıxarıcılar saatdarlar vasitəsilə çağırılırlar.
24. Həbs edilən zabitlər və gizirlər (miçmanlar) başqa həbs edilənlərdən ayrı olaraq günün nizam qaydaları ilə müəyyən edilmiş vaxtda hər gün 50 dəqiqəlik gəzintiyə — zabitlər gizirlərdən (miçmanlardan) ayrı, kiçik zabitlər də baş zabitlərdən ayrı çıxırlar. Zabitlər və gizirlər (miçmanlar) gəzintiyə və təbii ehtiyaclarını yerinə yetirməyə qarovul rəisinin icazəsilə sərbəst, çıxarıcısız çıxırlar.
25. Əsgər (matros) və çavuşlar hauptvaxt həyətinə çıxarılarkən, onlara bel qayışları verilmir, həbs edilənlər hauptvaxtdan kənara (hamama, işə və s.) getmək üçün forma üzrə geyinməlidirlər.
İntizam qaydasında həbs edilmiş əsgərlər (matroslar) hauptvaxtdan kənarda hərbi hissənin içində sıra ilə, hər qrupda 15 nəfərdən çox olmamaqla, bir konvoy nəfərinin müşayiəti ilə gedirlər.
İntizam qaydasında həbs edilmiş çavuşlar hauptvaxtdan kənarda hərbi hissənin içində qarovul rəisi köməkçisinin müşayiəti ilə sıra ilə gedirlər.
Həbs edilənləri hauptvaxtdan (hərbi hissədən) kənara göndərdikdə, qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) sərəncamı ilə nəqliyyat vasitəsi ayrılır.
Həbs edilmiş gizirləri (miçmanları) və zabitləri qarnizon rəisi, yaxud qarnizon komendantı çağırdıqda, eləcə də onlar tibb müəssisəsinə, yaxud hamama göndərildikdə qarovul rəisinin icazəsi ilə sərbəst gedirlər.
26. Həbs edilənləri hauptvaxtdan kənara (hamama, işləməyə və s.) müşayiət etmək üçün qarovulun heyətindən konvoy nəfərləri ayrılır. Bunu etmək mümkün olmadıqda, qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) sərəncamı ilə əlavə naryad təyin edilir.
27. Həbs edilənlər işləyərkən konvoy nəfərinin vəzifəsidir:
həbs edilənlərin mühafizəsi və müşahidə olunması çətinləşirsə, onların eyni zamanda bir neçə yerdə işləməsinə yol verməmək;
həbs edilənlərin iş və tənəffüs zamanı kənar şəxslərlə danışmamasına, papiros çəkməməsinə və iş yerindən kənara getməməsinə diqqət yetirmək;
iş qurtarandan sonra həbs edilənlərin sərəncamında olduqları şəxslərdən işin yerinə yetirilməsi və keyfiyyəti haqqında arayış almaq;
hauptvaxta qayıtdıqda hauptvaxt rəisinə (hərbi hisə növbətçisinə) həbs edilənlərin özlərini necə aparmaları haqqında məlumat vermək və işin yerinə yetirilməsi haqqında arayışı təqdim etmək.
28. Həbs edilənlər həftədə bir dəfə qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) müəyyən etdiyi vaxtda hamamda çimməlidirlər. Bu günlərdə həbs edilənlər tibbi müayinədən də keçirilirlər.
Müalicə müəssisəsinə göndərilmiş həbs edilənlər sağaldıqdan sonra öz hərbi hissələrinə qayıdırlar, həbs müddətinin qalan hissəsinin çəkilib qurtarması məsələsini həbs elan etmiş şəxs həll edir.
Hauptvaxtda saxlanan həbs edilənlərin üzvləri və başları həmişə səliqə ilə qırxılmış olmalıdır. Onların baş və üzlərinin qırxılması qaydasını qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) müəyyən edir.
29. Həbs edilənlər hauptvaxtda yemək siyahısına onların ərzaq attestatlarına əsasən daxil edilirlər.
Ərzaq payı almağa, yaxud pulsuz yeməyə hüququ olmayan zabitlər və gizirlər (miçmanlar) həbs kağızı əsasında pullu yemək siyahısına daxil edilirlər.
Əgər hauptvaxtda xörək hazırlanmırsa, onun həbs edilənlər üçün gətirilməsi qaydasını qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) müəyyən edir.
Həbs edilənlər xörəyi kameralarda, yaxud hauptvaxt yeməkxanasında yeyirlər. Yeməkxanada xörək ayrı-ayrı vaxtlarda verilir: əsgərlərə (matroslara) ayrılıqda, çavuşlara və eləcə də zabitlərə və gizirlərə (miçmanlara) ayrılıqda.
Təkadamlıq kameralarda saxlananlara xörək kameralarda verilir.
30. Kameraların və ayaqyoluların gündəlik və ümumi (həftədə bir dəfə) təmizlənməsi, eləcə də döşəmələrin yuyulması (sürtülməsi), sobaların qalanması və çıraqların doldurulması qarovul rəisi köməkçisinin nəzarəti altında hauptvaxtda saxlananlar tərəfindən yerinə yetirilir.
Kameraların havası hər gün, həbs edilənlər işləməkdə, yaxud gəzintidə olduqları vaxt dəyişdirilir. Hauptvaxt otaqlarında dezinfeksiya ayda iki dəfədən az olmayaraq, ayaqyolularında isə həftədə bir dəfə keçirilir. Qaranlıq düşəndə kameralar, koridorlar və ayaqyolular işıqlandırılır. Yatmaq vaxtı kameralarda növbətçi işıq olmalıdır. İşıqlandırmaya qarovul rəisinin köməkçisi nəzarət edir.
Qışda kameralarda +18 S-dən az olmayan temperatur olmalıdır.
31. Həbs edilənlərə həbsdə olarkən aşağıdakılar qadağandır: radioya qulaq asmaq, hər hansı oyun oynamaq, musiqi alətlərində çalmaq, mahnı oxumaq, pəncərədən danışmaq, səs salmaq, kameralarda qaydanı pozmaq, kiminləsə görüşmək, kimdənsə verilən şeyi qəbul etmək, məktub göndərmək və almaq.
Həbs edilənlərə qəzetlər, nizamnamələr, hərbi ədəbiyyat oxumağa icazə verilir.
Papiros çəkməyə ancaq zabitlərə və gizirlərə (miçmanlara) bunun üçün ayrılmış xüsusi yerlərdə icazə verilir.
Hər bir hauptvaxtda lazımi miqdarda hərbi ədəbiyyat və nizamnamələr olmalıdır. Hauptvaxt hər gün təzə qəzetlərlə təchiz edilməlidir. Həbs edilənlərə hərbi ədəbiyyatı və qəzetləri qarovul rəisi verir.
Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslərin hauptvaxtda saxlanılması
32. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) hərbi qulluqçular intizam qaydasında həbs edilənlərdən və tutulub saxlananlardan ayrı saxlanılırlar. Bununla belə, məhkum edilmişlər istintaqda olanlardan ayrı, zabit və gizirlər (miçmanlar) əsgər (matros) və çavuşlardan ayrı saxlanılırlar.
33. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) hərbi qulluqçulara yatmazdan qabaq şinel, döşək, üzlü balış verilir; onlara müəyyən edilmiş yerlərdə papiros çəkməyə icazə verilir.
Qalan məsələlərdə cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə, intizam qaydasında həbs edilənlər kimi saxlanılırlar. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslərin hüquqi statusundan asılı olaraq, onların cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları təmin edilir.
Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslərlə görüşə icazəni ancaq işin icrasını aparan şəxs, yaxud orqan verə bilər. Hauptvaxtda saxlanmağa məhkum edilmiş hərbi qulluqçularla görüş qarnizon hərbi komendantının (hərbi hissə hauptvaxtanda isə hərbi hissə komandirinin) yazılı icazəsi ilə verilir.
34. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) hərbi qulluqçuların cəza çəkmə yerlərinə göndərilməsinə qədər saxlanması, mühafizəsi və silahlı müşayiəti qaydasını qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) cinayət prosesini həyata keçirən orqanla razılaşıb müəyyən edir.
35. Hərbi prokurorlar, onların müavinləri və köməkçiləri qanunların yerinə yetirilməsinə nəzarət məqsədi ilə, eləcə də cinayət prosesini həyata keçirən orqanların əməkdaşları xidməti vəsiqələrini göstərməklə qarnizon hauptvaxtına onun rəisi (hərbi hissə növbətçisi) tərəfindən maneəsiz buraxılırlar. Bu barədə qarnizon hauptvaxt rəisi qarnizon hərbi komendantına, hərbi hissə hauptvaxtında isə hərbi hissə növbətçisi hərbi hissə qərargahı rəisinə xəbər verir.
Göstərilən şəxslər müvəqqəti tutulub saxlanmışların kamerasına da elə bu qayda ilə buraxılırlar.

Həbs edilənlərin hauptvaxtdan azad edilməsi

36. İntizam qaydasında həbs edilmişlər həbs müddəti qurtardıqdan sonra qarnizon hauptvaxtından hauptvaxt rəisi, hərbi hissə hauptvaxtından isə hərbi hissə növbətçisi tərəfindən azad edilirlər.
Bayram və seçki günlərindən əvvəlki gün intizam qaydasında həbs edilmişlər qarnizon rəisinin (hərbi hissə komandirinin) sərəncamı ilə hauptvaxtdan azad edilirlər.
37. Qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) hərbi qulluqçular qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi), yaxud hauptvaxt rəisi tərəfindən cinayət prosesini həyata keçirən həmin orqanın müvafiq qərarına əsasən, habelə onların saxlanılma müddəti başa çatdıqda, dərhal hauptvaxtdan azad edilirlər. Saxlanılma müddəti başa çatmış şəxslərin azad edilməsi barədə cinayət prosesini həyata keçirən müvafiq orqana məlumat verilir.
Həbs edilənin həbs müddətinin qurtaracağı gündən bir gün qabaq hauptvaxt rəisi qarovul rəisinə həbs edilənin qarnizon hauptvaxtından azad edilməsi haqqında kağız göndərir və həbs edilənin azadedilmə vaxtı və onun dalınca nümayəndə göndərilməsi haqqında bölmə (hərbi hissə) komandirinə xəbər verir.

Qarnizon hauptvaxtından azadedilmə kağızı

Qarovul rəisinə

Həbsdə olan___________________________________________________________________________________
(hərbi rütbəsi,
______________________________________________________________________________________________
adı, atasının adı və soyadı)
_____________________________________________________________________________________azad edin.
(saat, tarix, ay)
Əsas:_________________________________________________________________________________________
(həbs kağızı, qərar, hökm)
______________________________________________________________________________________________
Hauptvaxt rəisi________________________________________________________________________________
(hərbi rütbəsi, imzası)

M.Y.  
«_______»____________________199___il

38. Qarovul rəisi azadetmə kağızını alıb, həbs ediləni azad edir və onu hauptvaxt rəisinin yanına göndərir. Hauptvaxt rəisi hauptvaxtda saxlananlar kitabında və həbs edilənlərin ad siyahısında həbs edilənin azad edilməsi vaxtını qeyd edir. Ona hauptvaxtda saxlananlar kitabında qol çəkdirməklə şəxsi əşyalarını, pulunu, sənədini, eləcə də azadedilmə vaxtı qeyd olunmuş həbs kağızını öz bölmə (hərbi hissə) komandirinə qaytarmaq üçün verir. Şəxsi əşyaların, pulun və sənədlərin qəbulu haqqında əvvəllər həbs edilənə verilmiş qəbz ləğv edilir.
Azadetmə kağızını qarovul rəisi postlar cədvəlinə əlavə edib təhvil verir.
39. Hərbi hissə hauptvaxtından həbs ediləni azad etmək üçün hərbi hissə növbətçisi həbs edilənin həbs müddəti qurtardıqda həbs kağızında azadedilmə haqqında qeyd edib, onu qarovul rəisinə göndərir, həbs edilənin bölmə komandirinə xəbər verir. Qarovul rəisi həbs kağızını alıb həbs ediləni azad edir, həbs kağızını isə postlar cədvəlinə əlavə edib təhvil verir.
40. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxsləri azad edərkən, hauptvaxt rəisi (hərbi hissə növbətçisi) onlara qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) imzası ilə azadedilmənin vaxtı və əsası göstərilən arayış verir.
Hauptvaxt avadanlığı
41. Qarnizon hauptvaxtı iki bölmədən: əsgərlərin (matrosların) və çavuşların saxlandığı ümumi bölmədən, eləcə də zabitlərin və gizirlərin (miçmanların) saxlandığı zabitlər bölməsindən ibarət olur.
Zabitlər üçün bölmə ayrı binada, yaxud ümumi bölmə ilə bir binada, lakin ayrı girişi olmaqla yerləşə bilər.
Hauptvaxtın qarovulla bir binada yerləşdiyi halda həbs edilənlərin qarovul otağından keçməsinə qəti yol verilməməlidir.
42. Hauptvaxtın ümumi bölməsində aşağıdakılar olmalıdır:
intizam qaydasında həbs edilmiş əsgərlər (matroslar) üçün ümumi kameralar;
intizam qaydasında həbs edilmiş çavuşlar üçün ümumi kameralar;
təkadamlıq kameralar;
cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər üçün ümumi və təkadamlıq kameralar;
məhkum edilmiş əsgərlər (matroslar) və çavuşlar üçün ümumi kameralar.
Ümumi kameralarda taxtlar, stollar, skamyalar (kətillər), fəvvarəciyi olan içməli su bakı və tüpürcəkqabları olmalıdır.
43. Hauptvaxtın zabitlər bölməsində aşağıdakılar olmalıdır:
intizam qaydasında həbs edilmiş gizirlər (miçmanlar), kiçik zabitlər və baş zabitlər üçün ayrı ümumi kameralar;
cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər üçün ümumi və təkadamlıq kameralar, məhkum edilmiş zabitlər və habelə gizirlər (miçmanlar) üç ayrı ümumi kameralar.
Kameralarda yarıyumşaq taxtlar, stollar, kətillər, şəxsi əşyalar və tualet ləvazimatı üçün dolabçalar, su qrafini, altlıqlı stəkanlar, paltarasılanlar və tüpürcəkqabı olmalıdır.
44. Qarnizon hauptvaxtının aşağıdakı otaqları da olmalıdır:
cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər barəsində prosessual hərəkətlərin həyata keçirilməsi üçün otaq;
qarovul otağı;
hauptvaxtın ştatda olan heyəti üçün iş otağı;
xörəyi qızdırmaq, yaxud bişirmək üçün mətbəx və onun köməkçi otaqları;
yeməkxana;
həbs edilənlərin şəxsi əşyalarını saxlamaq üçün stellajları (paltarasılanları) olan anbar;
əl-üz yuma otaqları;
daxili ya da bayır ayaqyoluları.
45. Hauptvaxt rəisinin otağında stol, iki-üç stul (kətil), taxt, paltarasılan, həbs edilənlərdən alınmış sənədləri, pul və qiymətli şeyləri saxlamaq üçün dəmir şkaf, yaxud döşəməyə, ya da divara bərkidilmiş dəmir üzlüklü yeşik olmalıdır.
46. Bütün həbs edilənlər kameraları və ümumi istifadə yerlərinin (əlüzyuma, ayaqyolu otaqlarının) pəncərələri dəmir barmaqlıqlı, zərurət olduqda içəridən metal tor çəkilmiş olmalıdır. Kameraların qapılarında nəzarət pəncərəsi qoyulur. Hauptvaxt koridorlarında tualet və ayaqqabı təmizləmək ləvazimatı, eləcə də şinellər və baş geyimlərini saxlamaq üçün qıfıllanan şkaflar olmalıdır. Şkafların açarları qarovul rəisində olmalıdır.
47. Hər bir hauptvaxtın həbs edilənlərin gəzintisi üçün hündürlüyü 2 metrdən az olmayan möhkəm hasarlı həyəti olmalıdır.

5 saylı əlavə

Qarnizonun hərbi hissələrinin (hərbi təhsil məktəblərinin, müəssisələrin qarnizonda ezamiyyətdə və məzuniyyətdə olan hərbi qulluqçuların uçotu qaydası

1. Ezamiyyət, yaxud məzuniyyət yerinə gəlmiş hər bir hərbi qulluqçu hərbi komendantlıqda (onun olmadığı yerlərdə ən yaxın hərbi komissarlıqda) uçota durmalı, getməzdən qabaq isə uçotdan çıxmalıdır.
Qarnizon hərbi komendantlığı, yaxud hərbi komissarlıq hərbi qulluqçunun olacağı yerdən 10 kilometrdən çox uzaq olduqda, hərbi qulluqçu yerli icra hakimiyyətində uçota dura (uçotdan çıxa) bilər.
Hərbi hissəyə ezam edilmiş hərbi qulluqçular adətən həmin hərbi hissədə uçota dururlar.
Uçota alındıqda, yaxud uçotdan çıxarıldıqda, ezamiyyət vəsiqəsində, yaxud məzuniyyət biletində müvafiq qeyd olunur. Gəlmə haqqında qeyd gəlmə gününün səhərindən gec edilməməlidir. Getmə haqqında qeyd isə getmə günündən əvvəlki gün, yaxud getmə günü edilməlidir.
2. Qarnizona gəlmiş generallar (admirallar), polkovniklər (1-ci dərəcəli kapitanlar) gəlmələri və getmələri haqqında qarnizon hərbi komendantına, yaxud hərbi komissara telefonla, ya da yazılı xəbər verə bilərlər. Onlar gəlmə və getmə tarixlərini qeyd etdirmək üçün ezamiyyət vəsiqələrini, yaxud məzuniyyət biletlərini kuryerlə hərbi komendanta (hərbi komissara) göndərə bilərlər.
Məzuniyyətə gəlmiş generallar (admirallar), zabitlər, gizirlər (miçmanlar) və müddətindən artıq xidmət hərbi qulluqçularına qarnizon hərbi komendantlığına (hərbi komissarlığa) mülki paltarda gəlməyə icazə verilir.
3. Ezamiyyətdə, yaxud məzuniyyətdə olan bütün hərbi qulluqçular məzuniyyət biletini, yaxud ezamiyyət vəsiqəsini həmişə yanında gəzdirməli, rəislərin və böyüklərin tələbi ilə təqdim etməlidirlər. Ünvanını dəyişdirdikdə, ezamiyyət, yaxud məzuniyyətin uzadılmasına icazə aldıqda, xəstəlik ya da başqa səbəbdən vaxtında gedə bilmədikdə, hərbi qulluqçular dərhal bu barədə qarnizon hərbi komendantlığına, hərbi komissarlığa, yaxud yerli icra hakimiyyətinə (uçotda durduqları yerə) xəbər verməlidirlər.
4. Səfərbərlik elan edildikdə, bütün məzuniyyətdə (xəstəliyə görə verilmiş məzuniyyətdən başqa) və ezamiyyətdə olan hərbi qulluqçular tez uçotdan çıxıb, xüsusi sərəncam gözləmədən öz xidmət yerlərinə qayıtmalıdırlar. Əgər hərbi hissə özünün əvvəlki yerində olmazsa, onda hərbi qulluqçu yaxınlıqdakı hərbi komendantlığa, yaxud hərbi komissarlığa gəlməlidir. Xəstəliyinə görə məzuniyyətdə olanlar hərbi komissarlığa gəlib yenidən müayinədən keçməlidirlər; səhhətinə görə gəlməyə imkanı olmayanda, tezliklə bu barədə müalicə edən həkimin arayışını da əlavə etməklə yazılı xəbər verməlidirlər.
5. Ezamiyyətə, yaxud məzuniyyətə gəlmiş hərbi qulluqçuların uçotu üçün qarnizon hərbi komendantlığında (hərbi komissarlıqda) aşağıdakı formada hərbi qulluqçuların uçotu kitabı aparılır.

Ezamiyyət və məzuniyyətdə olan hərbi qulluqçuların uçotu kitabı

Sıra №-si Hərbi rütbəsi Adı, atasının adı və soyadı Hansı hərbi hissədəndir (hərbi hissənin şərti adı) Qarnizona gəlməsinin məqsədi Ezamiyyət vəsiqəsi, yaxud məzuniyyət biletinin nömrəsi və tarixi Məzuniyyət (ezamiyyət) vaxtı yaşayacağı yerin ünvanı Öz hərbi hissəsinə nə vaxt qayıtmalıdır Ləngiməsi haqqında qeyd və nə qədər ləngiyəcək Uçotdan çıxarılması haqqında qeyd
1 2 3 4 5 6 7 8 9 10

«______»_____________________________________
tarix, ay

6. Bütün hərbi hissələrin (müəssisələrin, idarələrin, əlahiddə bölmələrin, komandaların) uçotu qarnizon hərbi komendantı tərəfindən müəyyən edilmiş qayda ilə aparılır.
Hərbi hissələri (bölmələri, komandaları) başqa qarnizona, yaxud onunla qonşu olan məntəqəyə göndərən komandirlər (rəislər) bu qarnizonların rəislərini hərbi hissələrin (bölmələrin) gəlmələri haqqında xəbərdar etməlidirlər.
Hərbi hissənin (bölmənin) komandiri, komandanın rəisi hərbi hissənin (bölmənin, komandanın) göstərilən məntəqəyə gəlib çatmasını qarnizon rəisinə gəldiyi gün məlumat verməli və hərbi hissəni (bölməni, komandanı) qarnizon komendantlığında uçota almalıdır.

6 saylı əlavə

___________________________________________________________________________________ qarnizonun
(qarnizonun adı)
tutulub saxlanan hərbi qulluqçularının

Uçotu kitabı

Sıra №-si Hərbi rütbəsi Adı, atasının adı və soyadı Hərbi hissənin №-si (müəssisə və idarənin adı), onun poçt ünvanı və tabeliyi Tutulub saxlanma vaxtı, nə üçün tutulub Kimə xəbər verilib, yaxud hansı tədbir görülüb
1 2 3 4 5 6
Qeyd: Tutulub saxlananların uçotu kitabındakı yazılar hər günün axırında hərbi komendantın növbəti köməkçisi (qarovullar növbətçisi) tərəfindən imzalanır.


7 saylı əlavə

Qarnizon hərbi komendantlığının yerləşməsi və avadanlığı

1. Qarnizon hərbi komendantlığının yerləşməsi üçün ayrıca bina, yaxud yer ayrılmalıdır.
Ayrılmış bina, yaxud yerin ümumi sahəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi idarələrinin yerləşdirilməsi üçün müəyyən edilmiş normalara uyğun olmalıdır.
2. Hərbi komendantlığın yerləşdirilməsi üçün ayrılmış binada (yerdə) olan otaqlardan əlavə, aşağıdakı otaqlar da olmalıdır:
qarovullar növbətçisinin və onun köməkçisinin otağı;
patrul nəfərləri otağı;
qarnizona gəlmiş hərbi qulluqçuların qeydiyyatı otağı;
müvəqqəti tutulub saxlanmış əsgər və matroslar üçün ayrıca, çavuşlar, gizir və miçmanlar üçün ayrıca, eləcə də zabitlər üçün ayrıca kameralar;
məişət xidməti otağı.
3. Qarovullar növbətçisinin və onun köməkçisinin otağında aşağıdakılar olmalıdır:
sənədləri saxlamaq üçün dəmir, yaxud dəmir üzlüklü yeşik;
yazı ləvazimatı olan dəftərxana stolu;
üç-dörd stul;
yarıyumşaq taxt;
saat;
bayır termometri;
üst paltarı üçün şkaf, yaxud paltarasılan;
su qrafini və stəkanlar;
qarnizon rəisi, hərbi komendant, qarovullar, şəhərin yanğından mühafizə hissələri, hərbi hissə komandirləri (müəssisə, idarə rəisləri) ilə əlaqə saxlamaq üçün telefon;
şəhər telefonlarının nömrələri olan məlumat kitabı;
növbətçiliyin qəbulu və təhvili kitabı;
qarovul növbətçisi üçün təlimat;
qarnizon qarovullarının postlar tabeli;
qarovulları yoxlamaq hüququ verən vəsiqələrin nümunələri;
nizamnamələr;
şam, yaxud ağneft lampası ehtiyatı.
4. Patrul nəfərləri otağında aşağıdakılar olmalıdır:
stol;
taxt;
patrul nəfərlərinin sayı qədər stul (kətil);
üst paltarı üçün şkaf, yaxud paltarasılan;
altlıq üstündə qoyulan fəvvarəciklə təchiz edilmiş və ağzı qıfılla bağlı içməli su bakı;
qəzetlər və jurnallar;
hərbi xidmətçilərin geyim forması olan plakatlar (şəkillər).
Patrul nəfərlərinin silahlandıqları qarnizonlarda patrul nəfərləri otağında silah saxlamaq üçün piramida və silahı təmizləmək üçün stol da olmalıdır.
5. Müvəqqəti tutulub saxlananlar otağında taxtlar və pəncərələrində dəmir şəbəkələr olmalıdır.
6. Hərbi komendantlığın binasına xidmət edilməsi və onun təsərrüfat təminatı qaydaları qarnizon rəisi tərəfindən müəyyən edilir.

8 saylı əlavə

Qarovulun geyim forması

1. Qarovulun geyim forması şinel (yarımkürk), təmiz və saz paltar dəsti, ayaqqabı, baş geyimi, bel qayışı və maqazinlər (daraqlar) üçün çantadan ibarətdir.
Post geyimi qışda kürk və keçə çəkmələr, yay vaxtı başlıqlı plaş, yaxud plaş-örtük işlədilir. Kürkdən başqa post geyimi hər post üçün iki dəst olmalıdır və bunların bir dəsti qarovul otağında saxlanmalıdır. Bunlardan başqa, qarovul otağında qarovul rəisi, onun köməkçisi və dəyişdiricilərin hər biri üçün brezent plaş, yaxud plaş-örtük olmalıdır.
2. Yayda qarovullar dəyişmə yerinə lülələnib çiyindən asılan şinellərlə (zabitlər, gizir və miçmanlardan başqa), havanın temperaturu +10 S-dən az olanda, eləcə də soyuq külək əsəndə və yağışda şinelləri geymiş gəlirlər.
İsti vaxtlarda qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin) göstərişi ilə qarovullar dəyişmə yerinə şinelsiz gələ bilərlər.
Şineli geymək qaydası dəyişmədə qarovullar növbətçisi tərəfindən, dəyişmədən sonra öz təyinat yerinə gedərkən və xidmət vaxtı isə qarovul rəisi tərəfindən dəyişdirilə bilər.
3. Yayda soyuq küləkdə və yağış vaxtı növbələr postlara şinellərini geymiş göndərilir. Havanın kölgədə temperaturu +15 S-dən çox olduqda növbələrə şinellərini qarovul otağında paltarasılanda qoymağa icazə verilir.
4. Post kürkü ancaq dəyişilmə vaxtı postda çıxardılır və geyilir.
5. Yağışlı havada növbələr postlara plaşlarda (plaş örtüklərdə) göndərilir.
Saatdarlar plaşı (plaş-örtüyü) postda lazım gəldikdə çıxardırlar (geyirlər).
Keçə çəkmələr qarovul otağında geyilir. Kürk və keçə çəkmələrini bayıra havanın temperaturu —5o S-dən və aşağı olduqda və soyuq külək əsdikdə geyməyə icazə verilir.
6. Kürk şinelin üstündən, plaş (plaş-örtük) şinelin, yaxud kitelin üstündən geyilir. Çıxarılmış kürk və plaşlar (plaş örtüklər) göbələkvari post örtüyü, yaxud budkada (müşahidə qülləsində) asılır.
7. Qızdırılan daxili postların saatdarları temperatur +18 S-dən aşağı olmadığı bütün hallarda şinelsiz olmalıdırlar. Postda olduqları vaxt şinel paltarasılanda, yaxud şkafda asılır.
8. Plaşlar (plaş-örtüklər) və keçə çəkmələr postlardan qayıdan kimi çıxarılır və qurudulur.

9 saylı əlavə
______________________________________________________________________________________________
(hərbi hissə, müəssisə)
_________________№-li Qarovulun döyüş patronları ehtiyatının

Uçotu kitabı

Patronların daxilolma və sərfolma tarixi Döyüş patronlarının sayı Patronların götürülməsi və alınması sənədinin adı və nömrəsi Patronların vəziyyətinin yoxlanması
avtomatlar və karabinlər üçün tapançalar üçün yoxlamanın tarixi, patronların sayı və vəziyyəti haqqında yoxlayıcının qeydləri aşkar edilmiş çatışmazlıqların ləğv edilməsi haqqında
______________tarixdə vardır
____________________
götürülüb Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi)______________________
                                                                                                                            (hərbi rütbəsi, imzası)
______________tarixdə qalıb
____________________
əlavə edilib Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi)______________________
(hərbi rütbəsi, imzası)
______________tarixdə vardır Qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi)______________________
(hərbi rütbəsi, imzası)
Qeydlər: 1. Patron ehtiyatının uçotu kitabını qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) aparır.
  2. Patronların götürülməsi haqqında qarnizon hərbi komendantının (hərbi hissə qərargahı rəisinin), döyüş sursatının aid olduğu hərbi hissənin raket artilleriya xidməti rəisinin, qarovullar (hərbi hissə) növbətçisinin və qarovul rəisinin imzası ilə akt tərtib olunur. Döyüş patronları ehtiyatı normaya qədər doldurulur, qutu yenidən möhürlənir və saxlanmaq üçün qarovul rəisinə təhvil verilir.
  3. Kitabın vərəqləri nömrələnir, qaytanla tikilir, möhürlənir və qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi) tərəfindən imzalanır.
  4. Qumbara və onların partladıcılarının uçotu da təqribən bu forma ilə aparılır. Uyğun sütunlarda lazımi adlar yazılır.





10 saylı əlavə
Obyektlərin hasarlanması və postların avadanlığı

1. Mühafizə olunan obyektlərin yerləşdiyi ərazi daş, taxta, məftil və s. ilə hasarlanmalıdır.
Mühüm əhəmiyyətli obyektlərin (partlayıcı maddə, sursat, silah və s. anbarlarının) daxili və xarici hasarları olmalıdır. Daxili və xarici hasarlar arasındakı məsafə yerli şəraitdən asılı olaraq 10 m və daha çox ola bilər. Hasarın hündürlüyü 2 metrdən az, məftil hasarın məftillərinin arası 15 sm-dən çox olmamalıdır.
Mühafizə olunan obyektin ətrafını yaxşı müşahidə etmək üçün hasarların arasında (xarici hasarın yanında) rabitə, siqnalizasiya vasitələri və projektoru olan müşahidə qülləsi tikilə bilər.
Hasarı olmayan mühafizə olunan obyektlərin ətrafında gecə və gündüz yaxşı görünən və yazısı olan göstəricilər qoyulur, məsələn, «Keçmək qadağandır (keçid bağlıdır)». Gediş yolu oxla göstərilir.
2. Hərbi hissədən kənarda yerləşən mühafizə olunan obyektin ətrafında, zərurət olduqda, yerli hakimiyyət orqanları ilə razılaşıb kənar adamlar üçün qadağan sahəsi müəyyənləşdirmək olar. Qadağan sahəsində hüdudları yaxşı görünən və «Qadağan sahəsi keçmək qadağandır (keçid bağlıdır)» yazılmış göstəricilərlə işarə edilməlidir. Qadağan sahəsi qoyulması haqqında qarnizon rəisi (hərbi hissə komandiri, mühafizə olunan obyektin rəisi) ətraf yaşayış məntəqələrinin sakinlərini vaxtında xəbərdar etməlidir. Qadağan sahəsinin hüdudlarına ümumi işlək yollar, yaşayış və xidmət tikililəri, əkin sahələri və s. daxil edilməməlidir.
3. Postun ərazisində yerli şəraitdən asılı olaraq saatdar üçün mümkün qədər böyük görmə və atəşətutma sahəsi (50 m-dən az olmayan) təmin edilməlidir, bunun üçün postun ətrafındakı sahə kollardan təmizlənməli, ağaclar seyrəkləşdirilməli və 2,5 m hündürlüyünə kimi budanmalı, ot biçilməli, artıq şeylər yığılmalı, kənar şəxslərin yaxınlaşması qadağan edilmiş məsafə saatdarın gecə, gündüz və pis görmə şəraitində yaxşı görə biləcəyi işarələrlə qeyd edilməlidir.
Saatdarların öz xidmətini maneəsiz, postun sahəsini dolanaraq, yaxud yerindən müşahidə etməklə yerinə yetirməsi üçün şərait yaradılmalıdır.
Ərazisində bir neçə post olan obyektlərdə hər bir postun hüdudu göstəricilərlə işarə olunur.
4. Mühüm əhəmiyyətli obyektlərin və hərbi şəhərcikdən kənarda olan qarovul otaqlarının mühafizəsi üçün bayır postlarının yaxınlıqlarında səngərlər qazırlar ki, onlardan postun (qarovul binasının) girəcək yolları atəşə tutula bilsin və mümkün qədər qonşu postlarla atəş əlaqəsi təmin edilsin.
5. Postun və mühafizə olunan obyektin ətrafı gecə vaxtı işıqlandırılmalıdır. İşıqlandırma elə hazırlanmalıdır ki, saatdar postda durarkən, yaxud hərəkət edərkən həmişə kölgədə olsun.
6. Post ikitərəfli rabitəsi olan siqnalizasiya ilə təmin olunmalıdır ki, saatdar dərhal (ən azı iki nöqtədən) qarovul rəisini, onun köməkçisini, yaxud dəyişdiricini çağıra bilsin.
7. Daxili postlar, xüsusilə Döyüş Bayrağı yanındakı post 0,7 — 1m hündürlükdə çərçivəli arakəsmə ilə ayrılmalı və işıqlandırılmalıdır.


Müşahidə qülləsi


Göbələkvari post örtüyü


Post budkası
a — öndən görünüşü; b — yandan və v — arxadan görünüşü.
8. Hər bir bayır postunda (zərurət olduqda içəri postlarda da) mühafizə olunan anbarlar, saxlanclar və s.-nin bilavasitə yaxınlığında yanğınsöndürmə vasitələri: odsöndürən, qum yeşikləri, su çəlləkləri, vedrə və alətlər (bel, balta, ling və s.) olmalıdır.
9. Bayır postunda post paltarını saxlamaq üçün paltarasılanları olan göbələkvari post örtüyü, yaxud budka, içəri postlarda isə şinel üçün şkaf, yaxud paltarasılan olmalıdır.
Göbələkvari post örtüyü, yaxud post budkası ya mühafizə olunan obyektin, ya da ətraf yerin rənginə uyğun boyanmalıdır.

11 saylı əlavə
Qarovul otağının avadanlığı

1. Qarovul otağı aşağıdakılardan ibarətdir:
qarovul heyəti üçün ümumi otaq;
qarovul rəisinin və onun köməkçisinin qarovul heyəti üçün ümumi otaqla şüşələnmiş qapı ilə birləşdirilmiş otağı;
istirahət edən növbənin qarovul heyəti üçün ümumi otaqla qapı ilə birləşdirilmiş otağı.
Bunlardan başqa, qarovul otağında xörəyi qızdırmaq üçün avadanlığı olan yemək otağı, əl-üz yuma, papirosçəkmə, silah və ayaqqabı təmizləmə, paltar qurutma yerləri, ayaqyolu, yanacaq saxlamaq üçün anbar da olmalıdır.
Azsaylı heyəti olan qarovullarda qarovul otağında yemək otağı olmaya bilər. Belə halda qab-qacaq saxlamaq və xörək qızdırmaq üçün yer olmalıdır.
2. Qarovulun şəxsi heyəti üçün ümumi otaqda aşağıdakılar olmalıdır:
portretlər;
hərbi andın mətni olan plakat;
postlar tabeli;
nizamnamələr;
qəzet və jurnallar;
qarovul xidmətini əyani əks etdirən plakat, yaxud şəkillər, eləcə də saatdarlar, dəyişdiricilər və qarovul rəislərinin qarovul xidməti vaxtı göstərdikləri qəhrəmanlıqları əks etdirən şəkillər;
radioverilişlərə qulaq asmaq üçün qulaqlıqlar (onların sayını hərbi komendant, yaxud hərbi hissə komandiri müəyyən edir);
şahmat və dama;
saat;
dəyişdiricilərin sayı qədər fənər;
içəri və bayır termometrləri;
dərman qutusu və fərdi paketlər;
qarovul heyətinin şəxsi və tualet əşyalarını saxlamaq üçün şkaf;
silah üçün piramida;
oyaq növbə nəfərləri üçün stol və stullar (kətillər);
qarovulun bütün heyətinin üst paltarlarını və post paltarlarının ikinci dəstini asmaq üçün paltarasılan;
zibilqabı və tüpürcəkqabı.
Qarovul binasının yerləşməsindən asılı olaraq şkaf və paltarasılanı başqa otaqda (dəhlizdə) qoymağa icazə verilir.
3. Qarovul rəisinin otağında aşağıdakılar olmalıdır:
qarovul rəisinin qəbul etdiyi sənədlərin siyahısı;
qarovul otağında olan avadanlıq, inventar və əmlakın siyahısı;
postların yerləşmə sxemi, postlar tabeli;
qarovul rəisi üçün təlimat;
buraxılış vərəqəsini imzalamağa hüququ olan şəxslərin sayı qədər onların imzası olan buraxılış vərəqələrinin nümunələri;
qarovulu yoxlamaq hüququ haqqında birdəfəlik vəsiqənin nümunəsi;
dəyişdiricilərin sayı qədər xüsusi qutulara yığılmış möhürlərin üzlərinin (plombların izlərinin) nümunələri;
saxlancları (anbarları, parkları) açmağa hüququ olan, yaxud dayanacaqdakı maşınları (təyyarələri, topları ya da başqa texnikanı) qarovuldan qəbul etməyə icazə verilə bilən şəxslərin siyahısı (adətən siyahıda şəxslərin hərbi rütbələri və vəzifələri, şəxsi vəsiqələrinin (pasportlarının) nömrəsi, hansı obyekti açmağa (bağlamağa) icazə verildiyi, obyektin hansı möhürlə möhürləndiyi, obyekti açma (bağlama) vaxtı göstərilir);
həbs edilənlərin kameralarının açarları;
nizamnamələr;
telefon, qarovullar (hərbi hissə) növbətçisi və postlarla əlaqə saxlamaq üçün siqnalizasiya vasitələri;
dəmir, yaxud dəmir üzlüklü yeşiklərdə saxlanan döyüş sursatı ehtiyatı və onların qıfıl və açarları;
yazı ləvazimatı dəsti;
su qrafini və stəkanlar;
bağlanan yeşikləri olan stol və iki stul;
paltarasılan;
tüpürcəkqabı;
akkumlyator fənəri;
yarıyumşaq taxt.
4. Postlar tabeli, postların yerləşmə sxemi, buraxılış vərəqələri və birdəfəlik vəsiqə nümunələri, eləcə də portret, plakat və şəkillər çərçivədə olmalıdır.
5. Qarovulun istirahət edən növbəsi üçün otaqda qarovul nəfərlərinin bir növbəsinin qarovulun qalan heyəti ilə birlikdə dincəlməsi üçün baş tərəfi örtüklü yarıyumşaq taxtlar olmalıdır.
6. Yemək otağında aşağıdakılar olmalıdır:
stollar və qarovul heyətinin üçdə ikisinin sayı qədər stul (kətil);
qab-qacaq və ərzaq üçün şkaf;
xörəyi gətirmək və yemək üçün qarovulun bütün heyəti sayında qab-qacaq və çəngəl-bıçaq;
ağzı qıfılla bağlı və fəvvarəciyi olan altlıq üstünə qoyulmuş su qabı, ya da su kəmərində düzəldilmiş fəvvarəcik;
xörək qızdırmaq üçün qaz, yaxud elektrik plitəsi;
su qaynatmaq üçün çaydan, yaxud qaynadıcı;
qabları yumaq üçün tas.
7. Papirosçəkmə, silah və ayaqqabı təmizləmə yerlərində silah təmizləmək üçün stol, əsgilər üçün dəmir qutu, skamya, su tökülmüş tüpürcək qabı, ayaqqabı təmizləmək üçün ləvazimat olmalıdır.
8. Hər bir otaqda orada olan əmlak və inventarın siyahısı asılır.
9. Qarovul otağı otaqların sayı qədər elektrik (ağ neft) çıraqları, eləcə də yanğınsöndürmə vasitələri: yanğınsöndürən, qum yeşiyi, su çəlləyi, vedrələr və inventarla (bel, balta, ling və dəstəli qırmaqla) təmin edilməlidir.
Qarovul otağı hərbi şəhərcikdən kənarda yerləşəndə onun pəncərələri içəridən bağlanan taxta pəncərə qapıları ilə təchiz olunmalıdır.
10. Ayaqqabıları palçıqdan təmizləmək üçün qarovul otağının girəcəyində metaldan, yaxud taxtadan qurğu — metal çərçivə, yaxud dəmir qövs düzəldilir; qarovul otağının yanında zibil qutusu qoyulur.
11. Qarovul otağının anbarında yanacaq, lampa, ağ neft ehtiyatı, eləcə də şotka, süpürgə, balta, bel, əsgi, giriş və pilləkənlərə səpmək üçün ağac kəpəyi və qum saxlanılır.
12. Qarovul otağının önündə qarovulu düzmək üçün meydança, silahları doldurmaq və boşaltmaq üçün güllətutanı olan və gecə vaxtı yaxşı işıqlandırılan yer hazırlanır.

12 saylı əlavə
Saxlancları açmaq üçün buraxılış vərəqəsinin Forması
Hərbi hissənin
(müəssisənin)
ştampı Birdəfəlik

___________№-li buraxılış vərəqəsi
_____________№-li qarovul rəisinə
_____________________________________________________________________________
(hərbi rütbəsi, adı, atasının adı, soyadı)
_________________________saat_______dan________saat________kimi
(filan tarixdə)
_______________________________________________________________________________
(mühafizə olunan obyektin adı)
açmağa
___________________buraxılsın
bağlamağa
Qarnizon hərbi komendantı
(hərbi hissə qərargahı rəisi)
  _________________________________
(hərbi rütbəsi, imzası)
Hərbi hissənin
(müəssisənin)
gerbli möhürü  

Qeyd: Əgər buraxılış vərəqəsi daimidirsə, onda «Birdəfəlik» yerinə «Daimi» yazılır və onun etibarlılıq müddəti göstərilir. Tarix yerində isə saxlancın (anbarın, parkın) açılmasına icazə verilən həftənin günləri (yaxud hər gün) göstərilir.

13 saylı əlavə
Qarovul itləri ilə mühafizə

Ümumi müddəalar

1. Qarovul itlərindən obyektlərin mühafizəsini əsasən gecə və pis görmə şəraitində (yağış, duman və s.) gücləndirmək üçün istifadə edilir.
2. Qarovulların dəyişməsinə ancaq qarovul rəisinin xidmət itləri üzrə köməkçisi gəlir.
3. Qarovul itinin postda olma müddəti sutkada 12 saatdan çox olmamalıdır. Temperatur —20o S və aşağı olduqda itin postda olma müddəti 6 saata qədər azaldılır, bu barədə qarovul rəisi qarovul itləri növbəsi jurnalında və postlar cədvəlində qeyd edir.
4. Obyektin mühafizəsini gücləndirmək üçün iti çıxarmaqdan ötrü xüsusi hazırlanmış yer sahəsinə qarovul itinin postu deyilir.
5. Qarovul itləri postlarının sayını mühafizə olunan obyektin rəisi müəyyən edir.
Qarovul iti postları ən qorxulu yollarda xarici hasarlardan (postlardan) 80 metrə qədər irəlidə elə qoyulur ki, itdən irəlini atəşə tutmaq mümkün olsun.
6. Qarovul rəisinin qarovul itləri üzrə köməkçisi itləri postlara qarovul rəisinin göstərişi ilə qoyur. O, itləri postlara qoyanda qarovul rəisinin köməkçisi, yaxud müvafiq dəyişdirici onu müşayiət edir. Hər bir it təlimçisi mütləq buruntaqda və ikidən çox olmayan it aparır.
Post avadanlığını yoxlayıb sazlığına əmin olduqdan sonra it təlimçisi zənciri itin döş halqasına sancır, onun buruntağını və xalta qayışını açır.
7. İtləri postlara qoyub qurtardıqdan sonra qarovul rəisinin qarovul itləri üzrə köməkçisi qarovul rəisinə bu barədə məlumat verir.
8. Saatdardan siqnal alanda, yaxud itin hürməsini eşidəndə, qarovul rəisi qarovul itləri üzrə köməkçisini və o postun it təlimçisini dərhal posta vəziyyəti aydınlaşdırmağa göndərir.
9. Hava işıqlaşanda, yaxud görmə şəraiti yaxşılaşandan (yağışdan, dumandan, qardan) sonra qarovul rəisinin qarovul itləri üzrə köməkçisi qarovul rəisi köməkçisinin, yaxud postların müvafiq dəyişdiricisinin müşayiəti ilə posta gedir və öz itlərini postlardan götürüb it damına aparır. İtlərin postlardan götürülməsi, yaxud dəyişilməsi barədə qarovul rəisi qarovul itləri üzrə köməkçisinə göstəriş verir.
10. Qarovul itlərinin təlimi və saxlanması qaydaları, eləcə də qarovul itləri postlarının hazırlanması, qarovul itlərinin postlarda işinin yoxlanması qaydaları xüsusi təlimatlarla müəyyən edilir.
Qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisinin vəzifələri
11. Qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisi baş it təlimçilərindən təyin edilir. O, itlərin postlara vaxtında qoyulması və qarovul heyətinin tərkibinə daxil olan qarovul iti təlimçilərinin xidməti üçün cavabdehdir. Qarovulun tərkibinə daxil olan it təlimçiləri ona tabedirlər.
12. Qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisinin vəzifəsidir:
qarovul itləri postlarının yerlərini dəqiq bilmək və itlərin postlara qoyulmasına rəhbərlik etmək;
qarovul itlərinin təlimçilərini itlərlə postlara yola salanda təlimçilərin öz vəzifələrini bilib-bilmədiklərini və itlərin ləvazimatının sazlığını yoxlamaq;
itlər postlarda olduğu vaxt bir dəfədən az olmayaraq onları yoxlamaq;
qarovul itlərinin növbə jurnalını aparmaq.
Qarovul itləri təlimçisinin vəzifələri
13. Qarovul itləri təlimçisi qarovul itləri postlarının saz saxlanmasına cavabdehdir. O qarovul rəisinə və onun qarovul itləri xidməti üzrə köməkçisinə tabedir.
14. Qarovul itləri təlimçisinin vəzifəsidir:
qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisinin icazəsi olmadan öz bölməsindən heç yerə getməmək;
qarovul itləri postlarının yerlərini və onlarda xidmət şəraitini bilmək;
öz növbəsinin qarovul itlərini tanımaq və onların özlərini postda necə aparmasını bilmək;
qarovul rəisinin qarovul itləri xidməti üzrə köməkçisinin əmri ilə itlərin postlarda davranışını, eləcə də postların vəziyyətini yoxlamaq;
postlarda aşkar edilmiş nasazlıqların (trosun, zəncirin qırılması, itin dolaşması) dərhal aradan qaldırılması üçün ölçü götürmək.

14 saylı əlavə
(postlar cədvəlinin 1-ci səhifəsi)
__________№-li____________________________qarovulunun
(qarnizon, daxili)
__________________________________________________________________________
(il, ay, gün)
__________________________________________________________________________
Postlar cədvəli
Bu səhifədə qeyd edilir:
1. Qarovul binasına, mühafizə obyektlərinə buraxılışlar haqqında qeydlər, qarovul rəisinin və saxlancların açılmasına icazə verilmiş şəxslərin imzaları.
2. Köhnə və təzə qarovul rəislərinin qarovulun dəyişməsi barədə imzaları və aşkar edilmiş çatışmazlıqlar haqqında qeydlər.
Qeyd: Postlar cədvəlində hər şey mürəkkəblə, ləkəsiz və düzəlişsiz yazılmalıdır.
(postlar cədvəlinin 2-ci və 3-cü səhifələri)
________________________________________________________________________№-li qarovulun
(hərbi hissənin şərti adı, bölmə)
Postlar cədvəli
Qarovul rəisi____________________________________________________________________
(hərbi rütbəsi, adı, atasının adı, soyadı)
Qarovul rəisinin köməkçisi________________________________________________________
(hərbi rütbəsi, adı, atasının adı, soyadı)

Postların nömrələri Dəyişdiricilərin nömrələri, hərbi rütbələri, soyadları, inisialları Saatdarların hərbi rütbələri, soyadları, inisialları
1-ci növbə 2-ci növbə 3-cü növbə

Çıxarıcılar______________________________________________________________________
Qarovul nəfərlərinin postlara qoyulması vaxtı:
üçnövbəlilər____________________________________________________________________
ikinövbəlilər____________________________________________________________________
Bölük (batareya) komandiri_______________________________________________________
(hərbi rütbəsi, imzası)

QEYDLƏR: 1. Saatdarlar hər saatdan bir dəyişilirlərsə, dəyişmə vaxtını və onları hansı dəyişdiricinin dəyişdiyini göstərməli.
  2. Növbələrin heyətində hər hansı dəyişiklik olsa, bu barədə müvafiq sütunda qeydlər edilməlidir.
  3. Əgər qarovulun tərkibində konvoy nəfərləri təyin edilibsə, onların soyadları saatdarlardan sonra yazılır.
  4. Qarovulun qarovul itləri postları olsa, ikinci sütunda dəyişdiricilərdən sonra it təlimçilərinin soyadları yazılır.
  5. Qarovulun sərəncamına nəqliyyat vasitəsi ayrılıbsa, maşınların markası, nömrəsi, sürücülərin hərbi rütbəsi, soyadı və inisialları çıxarıcılardan qabaq yazılır.
(postlar cədvəlinin 4-cü səhifəsi)
Bu səhifədə qeyd edilir:
1. Qarovulun yoxlanmasının nəticələri.
2. Saxlanclar bağlananda (açılanda) saatdarların qoyulması (götürülməsi) vaxtı.
3. Qarovulda baş vermiş hadisələr.
4. Həbs edilmişlərə görüş verilməsi.
5. Qarovul itlərinin postlara çıxarılması və götürülməsi.
6. Mühafizə olunan obyektlərin hasarlarında aşkar edilmiş nasazlıqlar və onların aradan qaldırılması vaxtı.

15 saylı əlavə

Postda saatdarın silahının vəziyyəti

Saatdarın avtomatının ayaqüstə atmaq üçün hazır vəziyyəti.

Saatdarın avtomatının ayaqüstə qayışdan istifadə etməklə atmaq üçün hazır vəziyyəti.

Saatdarın karabininin ayaqüstə atmaq üçün vəziyyəti.

Saatdarın silahının geyilmiş plaş-örtüklə vəziyyəti.

Qeydlər: 1. Yeriyərkən saatdar silahını şəkillərdə göstərildiyi kimi tutur.
  2. Saatdara növbə ilə sağ, ya sol qolunu aşağı salmağa icazə verilir; karabini olan saatdar sağ əli ilə karabini tətik dəstəsinin qabağından tutmaqla saxlayır.
  3. Silah «qayışda», «döşdə» və «ayaqda» vəziyyətlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra nizamnaməsində göstərildiyi kimi saxlanılır.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 16 iyun 2007-ci il tarixli 387-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 754)
2. 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078)
3. 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709)
4. 22 oktyabr 2010-cu il tarixli 1111-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2010-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1056)
5. 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)




SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



________________________________________
[1]  22 oktyabr 2010-cu il tarixli 1111-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2010-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1056) ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 18-ci maddəsinin iyirmi dördüncü abzasında “, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət işi qaldıraraq təhqiqat aparmaq” sözləri çıxarılmışdır.

[2] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 39-cu maddənin ikinci hissəsinin on səkkizinci abzasında “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.


[3] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə 39-cu maddənin ikinci hissəsinin iyirminci abzasında “yaralanmasına və ölməsinə” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almasına və ya həlak olmasına (ölməsinə)”sözləri ilə əvəz edilmişdir.


[4] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 40-cı maddənin üçüncü hissəsinin on üçüncü abzasında “ixtisasartırma” sözü “əlavə təhsil” sözləri ilə əvəz   edilmişdir.

[5] 19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078) ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 41-ci maddəsinin ikinci hissəsinin doqquzuncu abzasından “və pensiya təminatı” sözləri çıxarılmışdır.

[6] 16 iyun 2007-ci il tarixli 387-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 754) ilə 94-cü maddəsinin birinci abzasının birinci cümləsində “ən ciddi hərbi sirr kimi” sözləri “məxfi” sözü ilə əvəz edilmişdir.

[7] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə 158-ci maddədə “(ağır yaralandıqda) və ya həlak olduqda” sözləri “, ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda və ya həlak olduqda (öldükdə)” sözləri ilə əvəz edilmişdir.

[8] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə 166-cı maddədə “(ağır yaralandıqda) və ya həlak olduqda” sözləri “, ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda və ya həlak olduqda (öldükdə)” sözləri ilə əvəz edilmişdir.

[9] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə 168-ci maddənin ikinci hissəsində “həlak olduqda” sözlərindən sonra mötərizədə “öldükdə” sözü əlavə edilmişdir.

[10] 4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709) ilə 178-ci maddədə “(yaralandıqda)” sözü “, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda” sözləri ilə əvəz edilmişdir.

[11] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 319-cu maddənin ikinci hissəsində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.