Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı hörmətli cənab Hüseyn Qıvrıqoğlu! Türkiyə Cümhuriyyətindən Azərbaycana qonaq gəlmiş hörmətli generallar, zabitlər, dostlar!
Azərbaycan Ali Hərbi Məktəbinin hörmətli müəllim-professor heyəti!
Azərbaycan Ali Hərbi Məktəbinin ilk məzunları və bütün kursantları!
Hörmətli xanımlar və cənablar!
Bu gün müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verir. Azərbaycanın Ali Hərbi Məktəbi son illər təkmilləşərək, inkişaf edərək, nəhayət, özünün ilk məzunlarını buraxır. Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan ordusu böyük gənc zabit korpusu ilə tamamlanır. Bunlar hamısı son on il içərisində Azərbaycanın müstəqilliyi naminə, dövlətçiliyi naminə, Azərbaycanın qüvvətlənməsi naminə görülən görkəmli işlərdən biridir.
Ordu quruculuğu asan iş deyildir. Müstəqillik əldə etmiş hər bir ölkə, azadlığa çıxmış hər bir xalq öz dövlətinin bütün təsisatlarını yaradır. Məlumdur ki, ötən illərdə müstəqil Azərbaycan bütün bu təsisatları yaradıbdır. Müstəqil dövlət kimi, hüquqi-demokratik dünyəvi dövlət kimi Azərbaycan artıq öz hakimiyyət orqanlarını yaradıb, onlar səmərəli fəaliyyət göstərir və Azərbaycanın müstəqilliyinin inkişaf etməsi üçün, dövlətçiliyinin möhkəmlənməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirirlər.
Bu sırada görülən bütün işlərdən ordu quruculuğu ən çətin, ən mürəkkəb bir sahədir. Əgər nəzərə alsaq ki, Azərbaycan on il bundan öncə dövlət müstəqilliyini əldə edəndə Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq üçün müharibə edirdi və onun mütəşəkkil hərbi hissələri, ordusu yox idi, onda, təsəvvür etmək olar ki, bu illərdə Azərbaycanda ordu quruculuğu sahəsində nə qədər böyük, ağır və çətin yol keçmişik.