Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!
    8 Sentyabr 2016-cı il, Sumqayıt şəhər İcra hakimiyyəti və Təhsil şöbəsi tərəfindən təşkil olunan müəllimlərin ənənəvi konfransındakı çıxışımın mətni.

      Hörmətli qonaqlar və hörmətli konfrans iştirakçıları, sizləri salamlayır,yeni tədris ilində işlərinizdə uğurlar arzulayıram. Təhsil şöbə müdirinin məruzəsində qeyd edildiyi kimi təhsil sahəsində uğurlarımız olsa da, qarşıda görüləsi işlərimiz də az deyil.Bu baxımdan  çıxış edərək, mənfur qonşularmız tərəfindən işğala məruz qaldığımz bir dövrdə, gənclərimizin əsl vətəndaş kimi formalaşmasında  çağırışaqədərki hazırlığı  fənninin əhəmiyyətini, təşkilini və bu zaman vacib olan istiqamətləri vurğulamaq istərdim.

      Bildiyiniz kimi hal-hazırda GÇH Fənni, tədris proqramına uyğun olaraq, həftədə 2 saat olmaqla  X və XI siniflərdə tədris olunur. Fənnin tədrisi zamanı gənclərimiz, dövlətimizin müdafiə qüdrəti, Konstitusiya və qanunlardan irəli gələn vəzifələr, Silahlı Qüvvələrin təyinatı, əhəmiyyəti və hərbi nizamnamələrin tələbləri ilə tanış olur, hərbi xidmətin ölkə vətəndaşları üçün şərəfli vəzifə olduğunu dərk edirlər. Gənc əsgər səviyyəsində ilkin bilik və bacarıqlara yiyələnir, müasir kütləvi qırğın silahlarından mühafizə qaydalarını öyrənməklə yanaşı, mülki müdafiənin və tibbi biliklərin əsaslarını mənimsəyirlər.Gənclər, bu bilik və bacarıqlara yiyələnməklə həm fövqəladə vəziyyətlərdə öz sağlamlıqlarını və həyatlarını qoruyub saxlaya bilir, həm də öz əsgəri borclarını yerinə yetirərkən ordu həyatına tez uyğunlaşır, hərbi xidməti şərəflə davam etdirir və uğurla başa vururlar.
       Bu ilin aprel ayında baş vermiş 4 günlük müharibədə, ordumuz  düşmənə ölümcül zərbələr vuraraq qalib gəldi. Vətən uğrunda son nəfəslərinə kimi vuruşaraq şəhidliyə ucalan qəhrəman əsgər və zabitlərimiz oldu. Bu döyüşlər ordumuzun vətən torpağlarını azad etməyə qadir olduğunu sübut etməklə yanaşı, gənclərimizin çağırışaqədərki hazırlığının və hərbi-vətənpərvərlik tərbiyəsinin hər zaman aktual olduğunu bizə bir daha xatırlatdı. Bu gün qarşımızda partalarda oturan  yeniyetmələr, sabah şərəfli vətən keşikçiləridir.
   Gənc nəslin təlim və tərbiyəsində, hərbi-vətənpərvərlik tədbirlərinin, yaşlı nəsil ilə görüşlərin və hərbi-idman oyunlarının da böyük payı vardır.
    Şəhər rəhbərliyinin və təhsil şöbəsinin tövsiyəsi ilə,məktəblərdə təşkil olunan və gənc nəslin mənəvi cəhətdən tərbiyə olunmasında mühüm rol oynayan tədbirlərə,müharibə və əmək veteranları ilə keçirilən görüşləri misal çəkmək olar.
     Hər tədris ili ərzində şəhər və respublika səviyyəsində təşkil olunan “Şahinlər” hərbi-idman oyunları, gənclərimizin layiqli vətəndaş kimi formalaşması ilə bərabər, sağlam həyat tərzi sürməsinə səbəb olur. Vətən sevgisi ilə, fiziki cəhətdən sağlam yetişən gənclik, silahlı qüvvələrimizin əsas sütunlarını təşkil edir.      
   Günümüzün reallıqlarını nəzərə alaraq,GÇH Fənninin heç olmasa həftədə 1 saat olmaqla VIII və IX siniflərdə də tədris olunmasını bir təklif kimi nəzərinizə çatdırmaq istərdim.
    Gənclərimizin əsl vətənpərvər, əqidəli insan ,vətəni öz canından artıq sevən və bu yolda hər cür çətinliklərə hazır olan vətəndaş kimi yetişdirmək istəyiriksə ,ilk növbədə biz müəllimlər, öz peşəkarlığımızı artırmalı və gənc nəslə nümunə olmalıyıq. Bunun üçün isə, yüksək mənəvi və psixoloji hazırlığa, zəngin təcrübə və biliklərə, müasir texnologiyalardan və İKT-dən istifadə bacarıqlarına, humanist və demokratik düşüncə tərzinə malik olmaq lazımdır. Bu keyfiyyətlər bizim həyat tərzimiz olmalıdır, çünki ən gözəl təlim, təlim alana örnək olmaqdır.Bu məqamda Ümummilli liderimiz Heydər Əliyevin müdrik kəlamını qeyd etmək istərdim: -“Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən, indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. “ 
      Düşünürəm ki, günümüzün tələblərinə uyğun olaraq, müasir tədris anlayışını, əvvəlcə öz düşüncəmizdə formalaşdırmalıyıq. Unutmayaq ki,  yetişdirdiyimiz gənc nəsil, bir neçə ildən sonra bizləri əvəz edəcək. Xalqımızın, dövlətimizin rifahı və inkişafı naminə, yetişdirilmiş hər bir vətənpərvər gənc bizim gələcəyimizdir. Bu gələcəyin işıqlı və aydın olması üçün bu gün var qüvvəmizlə çalışmalıyıq ! Bu şərəfli yolda bütün təhsil işçilərinə uğurlar arzulayıram ! Diqqətinizə görə təşəkkür edirəm !