18 OKTYABR - MÜSTƏQİLLİK AKTININ QƏBUL OLUNDUĞU GÜNDÜR !
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək
sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi
bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə
müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı
qazandı.
Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili
çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi.
1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.
İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının
dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı
verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin
sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya
Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri
həsrətində olduğu azadlığına qovuşdu.