Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram.
İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr
tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət
müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması
barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9
oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası
Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə
Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk
demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordu ləğv edildi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli ordunun yaradılması haqqında qərar qəbul etdi.
Tarixi
Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda
Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu
sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.
1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə
qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək,
daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik
olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.
Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli
sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun
1-də isə Hərb Nazirliyi təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edilmişdi.
Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib.
Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə
birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi.
Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları olmuşdu.
Müasir dövr
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi
sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın
qarşısında duran əsas iş Qarabağ
uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da
çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı
problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki
məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu
quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya
doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya
çağırış işi yoluna qoyuldu. 1992-ci il oktyabrın 9-da Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin
hakimiyyəti zamanında Bakıda keçirilən hərbi parad orduya olan inam və
marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım
oldu. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü
ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi
prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu,
ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən,
Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix
rəsmi dövlət bayramı kimi qeyd edilir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu
Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından
ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı
təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində
Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən
sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı
Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.