Ermənistanın 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ, eləcə də ona bitişik 7 rayonun ərazisi işğal olundu. 1988-1994-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində 20 mindən artıq azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Müharibə nəticəsində 1 milyondan artıq soydaşımız öz torpaqlarından qovulmuş və qaçqın vəziyyətinə düşmüş, Azərbaycan irimiqyaslı humanitar fəlakət təhlükəsi ilə üzləşmişdi. Onların arasında uşaqlar da var idi. İnsanlar uzun illər çadırlarda yaşadı, həyatın bütün ağrı-acısını öz çiyinlərində daşıdı.
1994-cü ildən başlayaraq əvvəlcə ölkə Prezidenti Heydər Əliyev sülh danışıqları aparmışdır. 2003-cü ildən Prezident İlham Əliyev danışıqları davam etdirir. Azərbaycan dövləti müharibə istəmir, uşaqların sülh şəraitində yaşamağını arzulayır. Ancaq hər bir vətəndaş hər zaman öz Vətənini qorumağa, onun uğrunda döyüşməyə hazır olmalıdır. Bunun üçün uşaqlar yaxşı oxumalı və vətənpərvər ruhda tərbiyə olunmalıdır.