
Ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də bu işə xüsusi diqqətlə yanaşılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, digər sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də çoxsaylı dövlət proqramları qəbul olunub və həyata keçirilir. Dövlət proqramlarında hərbi-vətənpərvərlik tərbiyəsi işinə xüsusi yer ayrılıb.
Bu baxımdan, bizim üzərimizə də, çox böyük məsuliyyət düşür. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin əsas məqsədi böyüməkdə olan gənc nəsli bu işə cəlb etməkdir. Yəni gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi bizim işimizin əsasını təşkil edir. Gənclərin orduya hazırlığı istiqamətində müəyyən işlər aparılır. Sumqayıt şəhər icra hakimiyyətinin rəhbərliyi ilə son illərdə şəhərimizdə bir sıra mütərəqqi ənənələrin təməli qoyulub. Bu tədbirlər ictimaiyyət tərəfindən çox böyük razılıqla qarşılanır.
Bu ənənələrdən biri də məktəblilərin hərbi paradıdır ki, bu paradı artıq üçüncü dəfədir ki, Sumqayıt şəhər Təhsil Şöbəsi ilə birgə yüksək səviyyədə hazırlayıb həyata keçiririk. May ayının 7-də təşkil etdiyimiz hərbi paradda 50 məktəbdən 3 min məktəbli iştirak etdi. Balaca uşaqların kiçik hərbi-texnikalarla keçidi ictimaiyyət tərəfindən çox böyük maraqla qarşılandı. Sumqayıt şəhər Təhsil Şöbəsi və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən hərbi keçidi Sumqayıtın 20 minə yaxın sakini seyr etdi.Sözsüz ki, paradlar gənc nəslin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyət kəsb edir. Gənclərin orduya hazırlığı, onların milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi, qeyd etdiyim kimi, ən vacib məsələdir. Orduya hazırlaşan gənclərin hərbi paradlarda iştirakı, onların arasında vətənpərvərlik mövzusunda geniş söhbətlərin aparılması gənclərimizin vətənin müdafiəçiləri kimi formalaşmasında xüsusi rol oynayır. Sumqayıt məktəblərində də bu iş ön plandadır. Məktəblərdə milli qəhrəmanlarımızın foto-stendi yaradılıb, Qarabağda igidlik göstərən oğullarımız barədə şagirdlərlə söhbətlər aparılır, diskussiyalar təşkil olunur. Sumqayıtlı şagirdlər "Cəsurlar” və "Şahinlər” hərbi-idman oyunlarında iştirak etməklə hərb sənətinin incəliklərinə yiyələnirlər. Onların hər biri sabahın əsgərləri, vətənimizin keşikçiləri olacaqlar. Bu baxımdan şagirdlərimizin hərbi-idman oyunlarında, eləcə də hərbi paradlarda iştirakı onların vətənpərvər ruhda tərbiyəsinə müsbət təsir göstərir. Hesab edirəm ki, məhz bu cür tədbirlər gənc nəslin vətən sevgisini, torpağa bağlılığını artırır, onlarda milli mənlik şüuru formalaşır.