Sumqayıtda “ŞAHİN” hərbi-idman oyununun şəhər birinciliyinə yekun vurulub.
Sumqayıtda yerləşən N saylı hərbi hissədə “Şahin” respublika hərbi-idman oyununun şəhər birinciliyinin final mərhələsi keçirilib. Tədbir Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb. Yarışın məqsədi böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.
AZƏRTAC xəbər verir ki, hərbi–idman oyununun şəhər birinciliyinin final mərhələsində 12 ümumtəhsil məktəbi, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və fars-ingilis dilləri təmayüllü orta internat məktəbinin VIII və X siniflərinin şagirdlərindən ibarət komandalar iştirak edib.
Əvvəlcə yarış iştirakçılarının şəhərin Bayraq Meydanından Heydər Əliyev prospekti və Sülh küçəsi boyunca ümummilli lider Heydər Əliyevin şəhərdəki abidəsinə qədər hərbi mahnıların sədaları altında təntənəli keçidi olub.
Sonra məktəblilərin yarışı keçirilib.
Yarışın nəticələrinə əsasən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası I yerə, 9 nömrəli tam orta məktəbin komandası II yerə, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Birinci yeri tutan komanda aprelin 20-də Xaçmaz şəhərində keçiriləcək zona birinciliyində Sumqayıtı təmsil edəcək.
MƏKTƏBİMİZİN ŞAHİNLƏRİ.