Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!

MƏN KİMƏM !














2-5 aprel 2016-cı il tarixində, düşmən təxribatının qarşısını alarkən şəhid olanların əziz xatirəsinə ithaf olunur.


Mən kiməm.

   Mən kiməm ?!
   Mən böyük bir həlqədəki çoxlu-çoxlu zərrələrdən biriyəm. Bu zərrələr məndən ayrıla bilmədiyinə görə, mən də onlardan ayrıla bilmirəm.  
         Mən, əlində silah vətən keşiyində dayanan, soyuq və qarlı qış gecələrində, isti və bürkülü yay günlərində, yağışlı havada, dumanda, çəndə, ürəyi vətən sevgisilə alışıb yanan, gözünü qırpmadan ölümə gedən, uca məqamlara yüksələn kiçik bir əsgərəm ! Mən şəhid əsgərəm, qazi əsgərəm. Vətən torpağıyam, vətən daşıyam !Düşməni durduran sipər daşıyam !
      Mən zabitəm! Öz ailələrindən mənə əmanət edilmiş əsgərlərimlə, Vətən qalasını qoruyan mənəm. Düşmən qumbarasına sinə açaraq , vətən əmanətini qoruyan mənəm. Mübarizlər yetişdirən, düşmənə layiq olduğu yeri göstərən Fəridəm, Əhmədəm, Ramiləm ! Mən zabitəm !
     Mən həkiməm! Əynində ağ xalat, xalqının  sağlamlığının və gələcəyinin keşiyində duran mənəm.Ağ xalatı kimi təmiz vicdanını, xalqına xidmətlə qoruyan  mənəm !
    Mən fəhləyəm ! Əlləri qabarlı, alını tərli. Halal zəhmətilə ölkəin işıqlı gələcəyini quran mənəm !
    Mən övladam ! Mən nəvəyəm ! Dədələrin, babaların şərəfli davamçısıyam ! Elinə, adətinə, dininə bağlı, gələcəyin atasıyam, babasıyam !
    Mən hakiməm ! Ədalətim işıq saçır, ehtiyacı olanlara !
    Mən vəkiləm ! Mən tacirəm ! Mən bağbanam ! Mən kəndliyəm !
    Mən siyasətçiyəm ! Xalqın, vətənin maraqlarını hər şeydən üstün tutan, mənfur düşmənlərin hiylələrini, məkrli niyyətlərini alt-üst edən mənəm! Məhəmməd Əminlər, Heydərlər, İlhamlar mənəm !
    Mən müəlliməm ! Yüzminlərlə şagirdləri, yüzminlərlə əsgərləri, yüzminlərlə zabitlərin, yüzminlərlə şəhidlərin, yüzminlərlə həkimlərin, fəhlələrin, hakimlərin, vəkillərin, tacirlərin, bağbanların, kəndlilərin müəllimiyəm !
   Mən Azərbaycan adlı  böyük bir Vətənin yüz milyonluq zərrəsindən birisiyəm!!!
   Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam  !!!

Sumqayıt şəhəri , Fars-ingilis dilləri təmayüllü tam orta internat məktəbin  GÇH Rəhbəri, E.o. B.l-nt  Ramazanov Vasif Ağalar oğlu.



         

Gənclərin vətəndaş kimi formalaşmasında çağırışaqədərki  hazırlığ fənninin vəzifələri, problemləri və həll yolları.

“Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. “
 Heydər Əliyev.
   Bu gün dünyada baş verən ictimai-siyasi hadisələri analiz edərkən gəldiyimiz  nəticələr çox düşündürücüdür.  Yaxın şərqdə başlayan və bu gün də davam edən müharibələr, məzhəb qarşıdurmaları  öz ölçüləri ilə insanlığı təhdid edir. Bu hadisələr ilk növbədə bölgə dövlətlərinə mənfi şəkildə  təsir göstərir. Hər gün hadisələrin radiusu genişlənməkdə davam edir. Yaxın şərqdə gedən müharibələr sübut etdi ki, bölgə dövlətlərinin orduları və ümumiyyətlə əhalisi, ilk növbədə mənəvi və psixoloji cəhətdən fövqəladə hallara hazır deyillər.Biz də qlobal dünyanın bir üzvü kimi, bu  reallıqlarla üz-üzəyik.Bu deyilənlərə 20 faiz torpaqlarımızın işğal altında olmasını və mənfur qonşularla müharibə vəziyyətində olmamızı əlavə etsək, qarşımızda duran vəzifələrin vacibliyi məlum olur.Nədir bu vəzifələr və bizi nələr gözləyir?
    Keçən günlərin təcrəbisi göstərir ki, qarşıda görüləsi işlər çoxdur.Bu baxımdan  çıxış edərək, gənclərimizin vətəndaş kimi formalaşmasında  çağırışaqədərki hazırlığ  fənninin əhəmiyyətini, təşkilini və bu zaman  vacib olan istiqamətləri  vurğulamaq istərdim.
   Çağırışaqədərki hazırlıq fənninin tədrisi zamanı gənclər dövlətimizin müdafiə qüdrətini, Konstitusiya və qanunlardan irəli gələn vəzifələri, Silahlı Qüvvələrin təyinatını, əhəmiyyətini və hərbi nizamnamələrin tələblərini, hərbi xidmətin vətəndaşlar üçün şərəfli vəzifə olduğunu öyrənirlər. Əsgərlərin həyat tərzi ilə tanış olur, gənc əsgər səviyyəsində bilik və bacarıqlara yiyələnirlər. Müasir kütləvi qırğın silahlarından mühafizə qaydalarını öyrənməklə yanaşı mülki mühafizənin və tibbi biliklərin əsaslarını mənimsəyirlər.Gənclər bu bilik və bacarıqları mənimsəməklə ətraf mühitə qısa zamanda uyğunlaşır və fövqəladə vəziyyətlərdə öz sağlamlıqlarını və həyatlarını mühafizə etmək imkanlarına malik olurlar.
  Bəs yuxarıda saydımız  vəzifələrə necə nail olmalıyıq ? Bunun üçün ilk növbədə əsas məsuliyyət məktəb rəhbərliyinin və gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin üzərinə düşür.Çünki bu iş yüksək məsuliyyət, yaradıcı yanaşma, yüksək peşakar hazırlıq, öz üzərində çalışma, daim bilik və bacarıqlarını təkmilləşdirməyi tələb edir. Bu günün məktəb rəhbərliyii və çağırışaqədərki hazırlıq rəhbərləri innovativ olmalı, müasir təlim texnologiyalarından, İKT-dən, internet resurslarından geniş istifadə etmək bacarıqlarına yiyələnməlidir. İlk növbədə isə, GÇH Rəhbərləri peşakar olmalıdırlar. Müasir zamanla ayaqlaşa bilmək üçün peşəkarlıq vacıb şərtdir. GÇH Rəhbərlərinin peşəkarlığını bir neçə cəhətdən  müəyyənəşdirmək olar  :
-Mənəvi cəhətdən xalqa, onun keçmişinə və adət-ənənələrinə bağlılıq;
-Psixoloji hazırlıq;
-Təcrübə və bilik;
-Müasir texnologiyalardan və İKT-dən istifadə bacarığı;
-Humanist və demakratik düşüncə tərzi.
   Mənəvi cəhətdən xalqa, onun keçmişinə və adət-ənənələrinə bağlı olan rəhbər - gənc nəsli vətənpərvər, xalqına, tarixinə və adət-ənənələrinə məhəbbət bəsləyən və hər an vətənin müdafiəsinə hazır olan vətəndaş, ümumbəşəri dəyərlərə və bütün dünya xalqlarının  bərabərliyinə, digər demokratik dəyərlərə hörmətlə yanaşan bir şəxsiyyət yetişdirə bilər.
Psixoloji cəhətdən hazır olan rəhbər – gəncləri sülh şəraitində mürəkkəb və çətin hərbi xidmətə hazırlayacaq, müharibə zamanı isə döyüş tapşırıqlarının uğurla yerinə yetirən,sosial-psixoloji və intellektual keyfiyyətlərə malik, ilk növbədə isə cəsur, düşmənlə mübarizədə qətiyyətli, qələbə naminə iradəli və təmkinli, mürəkkəb şəraitdə düzgün qərar qəbul edəcək əsgər hazırlayacaqdır. Bununla yanaşı, müharibənin yaratdığı fəlakətlərin mahiyyətini, millətindən, dinindən, ölkəsinin siyasi statusundan asılı olmayaraq, insanların mehriban sülh şəraitində yaşamasının üstünlüyünü gənclərə anladacaqdır.
Təcrübəli  və bilikli rəhbər – gəncləri Silahlı Qüvvələrin tarixi, dövlətin müdafiə hüquqlarının əsasları, vətəndaşın vəzifə və hüquqları, hərbi xidmətin spesifikası, texnika və silahların əsas nümunələri və müasir döyüşün ibtidai anlayışları ilə tanış edir.Həmçinin şagirdlərin fiziki, sıra hazırlıqlarını, topoqrafiya, insanın sülh və müharibə şəraitində həyat və fəaliyyətinin mühafizəsi üsullarını, fövqəladə hadisələr zamanı zərərçəkənlərə ilk tibbi  yardımın göstərilməsi bacarıqlarını öyrədir.
Müasir texnologiyalar və İKT-dən istifadə bacarığı olan rəhbər  -  müasir gənclərlə çox rahat dialoq qura bilir.Əsrimiz internet əsri olduğu üçün, günümüzdə bu vacib istiqamətlərdən biridir desək yanılmarıq.Bu gün internet vasitəsilə gəncləri dünya orduları ilə,onların malik olduğu silahlar ilə tanış  etmək çox asanlaşıb. Dərslərin qurulmasında artıq elektron lövhələrdən, proyektorlardan və kompyuterlərdən geniş istifadə olunur. Müasir gənclər bu yeniliklərlə artıq tanışdırlar və bu da sevindirici haldır. Rəhbərin işi onlara düzgün istiqamət verməkdir.
 Humanist və demakratik düşüncə tərzi olan rəhbər – günümüzün tələblərinə uyğun, azadfikirli və müasir dünyaya inteqrasiya edə biləcək şəxsiyyət tərbiyə edə bilər.Bunun üçün rəhbər, şagirdləri ilə daha çox dost kimi rəftar etməlidir. Çünki təhsildə, şagird - müəllim anlayışı artıq öz mənasını bir qədər dəyişmişdır. Müasir dövrdə təhsilverənlər və təhsilalanlar vardır. Təhsilverənlər təhsilalanlara artıq obyekt kimi yox, subyekt kimi yanaşmalıdır. Onlar arasındakı münasibətlər qarşılıqlı hörmət və inam əsasında formalaşır. Əslində, bu müsbət keyfiyyətlər bizim xalq üçün yeni deyildir. Əsrlər boyu böyüklərimiz kiçikləri sevmiş, hər zaman onlara qayğı ilə yanaşmış,kiçiklərimiz isə böyüklərimizə hörmət etmiş və bunu özlərinə borc bilmişlər. Xalqımızın qədim yazılı abidəsi olan “Dədə Qorqud” dastanını, ibrətamiz məsəlləri ilə, yuxarıda dediklərimizə əyani sübutdur.
   Müasir dövrdə, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisində müşahidə etdiyimiz və qarşılaşdığımız çətinlikləri aşağdakı kimi qruplaşdırmaq olar :
- Fənnin tədrisi  X-XI siniflərdə aparıldığı üçün, bir qədər diqqətdən kənar qalır. Səbəbini şagirdlərin ali məktəblərə hazırlaşması kimi göstərmək olar. VIII-IX siniflərdə keçilməsi daha məqsədəuyğun ola bilər;
- Gənc nəsil ilə yaşlı nəsil arasındakı təzadlar. Bu təzadların səbəbləri ilk növbədə, gənclərin yeniliklərə açıq, yaşlıların isə qapalı olması; yaşlıların hər zaman özlərini haqlı, gənclərin isə yaş dövrünə uyğun olaraq özlərini ağıllı sayması; bir sözlə yaşlı nəsil ilə gənc nəsil arasında mənəvi bağlılığın zəifləməsi kimi də göstərmək olar. Bu bağlılığı möhkəmləndirmək üçün , davamlı olaraq yaşlı nəsil ilə,əmək və müharibə veteranları ilə görüşlər keçirmək müsbət nəticələr verər;
-  İnformasiya bolluğu. Yaşlı nəsil informasiya bolluğu nəticəsində gənc nəsilə nümunə ola bilmir və öz avtoritetini itirir. Geri qalmamaq və öz nüfuzunu qorumaq üçün,daim öyrənmək və məlumat toplamaq lazımdır;
- Yaşlı nəsil keçmiş sisteminin təfəkkürü ilə, gənc nəsil isə müasir-müstəqillik  təfəkkürü ilə yaşayır. Dünya durduqca bu problem var olacaq.Onun həlli isə rəhbərliyin düşüncə tərzindən asılıdır. Yeniliklərə açıq olan rəhbərlik bu problemi rahat şəkildə həll edəcəkdir;
- Nəhayət köhnə sistemin tərk edilməsilə birlikdə, onun müsbət keyfiyyətlərinin unudulmasıdır ki, keçid dövründə boşluq yaradır.Bu boşluğu doldurmaq üçün keçmiş təcrübələrdən də yararlanmaq lazımdır.
  GÇH Rəhbərləri, ümumiyyətlə təhsil verənlər, bu problemlərlə tanış olmalı və hər zaman öz üzərilərində çalışmalıdırlar. Gənclərimizin əsl vətəndaş, əqidəli insan , vətənini sevən və bu yolda hər cür mərhumiyyətlərə hazır olan vətəndaş kimi yetişdirmək istəyiriksə , ilk növbədə biz özümüz bu keyfiyyətlərə malik olmalıyıq. Bu keyfiyyətlər bizim həyat tərzimiz olmalıdır, çünki ən gözəl təlim, təlim alana örnək olmaqdır.
  Düşünürəm ki, hər bir GÇH Rəhbəri müasir tədris anlayışını günümüzün tələblərinə uyğun olaraq, əvvəlcə öz düşüncəsində formalaşdırılmalıdır. Unutmayaq ki,  yetişdirdiyimiz gənc nəsil, bir neçə ildən sonra bizləri əvəz edəcək. Xalqımızın və dövlətimizin rifahı və inkişafı naminə, yetiçdirilmiş hər bir əqidəli gənc bizim gələcəyimizdir. Bu gələcəyin işıqlı olması isə bu gün, məhz  bu gün bizim fəaliyyətimizdən asılıdır.



Müasir dövrdə Gənclərin çağırışaqədərki hazırlığı fənninin əhəmiyyəti və hədəfləri.
“Güclü dövlətin güclü ordusu olmalıdır.”
Azərbaycan Respublikasının Ali Baş Komandanı
İlham Əliyev.
Müasir dövrdə Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninin aktuallığı günü-gündən artır. Bunu sübut etməyə ehtiyac da yoxdur. Çünki torpaqlarımızın işğal altında olması, artıq bu fənnin tədrisini zəruri edir.
GÇH fənnindən danışarkən ,ilk öncə hədəfləri, yəni qarşıya qoyulan tələbləri gözdən keçirmək lazımdır. Nəzərinizə çatdırmaq istərdim ki, GÇH fənni Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 saylı qərarı ilə təsdiq olunmuş “Gənclərin çağırışaqədərki hazırlığı” Əsasnaməsi ilə tənzimlənir və tədris olunur. Bu əsasnamənin I bəndinə əsasən “Gənclərin çağırışaqədərki hazırlığı” Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Təhsil haqqında və Azərbaycan Respublikasında “Hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ hüquq aktlarına əsasən həyata keçirilir.
Gənclərin çağırışaqədərki hazırlığı, adından da göründüyü kimi gənclərin silahlı qüvvələrdə xidmətə qədərki hazırlığının tərkib hissəsidir.
Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənir.
Baxmayaraq ki, orduya ancaq oğlanlar çağrılır, dünyada gedən proseslər qızların da hərbi işləri öyrənməsini zəruri edir. İlk növbədə təbii ki, torpaqlarımızın 20 faizinin işğal altında olması, terror təhlikəsinin günü-gündən artması, nəhayət elm və texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində baş verən təbii və texnogen fəlakətlər, bizi belə düşünməyə vadar edir.
Müasir dünyada ayaqda qala bilmək üçün elmin inkişafı vacibdir.Lakin tarixi araşdırmalar göstərir ki, dünyadakı rəqabətə davam gətirmək üçün, daha
doğrusu bu rəqabətdə qalib çıxmaq üçün ilk növbədə milli mənlik hissi çox güclü olmalıdır. Milli mənlik, bilik və bacarıqlarla birlikdə, rəqabətə davamlı insanın formalaşması üçün lazım olan vacib keyfiyyətlərdir. Yaradılmış ən güclü silahları idarə edən insandır.Deməli ən güclü silah insandır-milli köklərinə bağlı,yüksək texnologiyalara yiyələnmiş insan. Milli mənlik hissinin aşılanması ana bətnində başlayır, ailədə davam etdirilir, məktəbdə gücləndirilir.Bir şagird, istər qız, istər oğlan riyaziyyatçı, fizik, kimyaçı və s. olmaya bilər, lakin vətənpərvər olmağa borcludur. Nəzərə alsaq ki, hər bir şagird gələcəyin potensial valideynidir, o zaman məsələnin ciddiliyi aydınlaşır.
Bəs nəyə görə bu mənada GÇH fənni aktualdır? Ona görə ki, GÇH fənni yuxarıda adı çəkilən bütün arqumentləri özündə cəmləyir. GÇH fənninin proqramına nəzər salsaq görərik ki,tədris olunan mövzular həqiqətən də qeyd olunan nüansları işıqlandırır.
1. Dövləti müdafiənin əsasları bölməsi, “ G. Ç. H fənninin əhəmiyyəti məqsədi
və vəzifələri” ; “Hərb tariximiz, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi” ; Azərbaycan Silahlı Qüvvələrinin strukturu, qoşun növləri və başqa silahlı birləşmələr” ; “Dövlət və Hərbi atributlarımız. Hərbi mərasimlər . Döyüşlərdə və xidmətdə fərqlənməyə görə təltiflər, orden və medallar” mövzularından ibarət olub, yeniyetmələrin vətənpərvər ruhda tərbiyəsi, onların Silahlı Qüvvələrdə xidmətə hazırlanması, fənnin tətbiq dairəsi, fənnin tədrisini zəruri edən amillər, etnik, dini, ərazi iddiası zəminində baş verə biləcək münaqişələr, təbii, texnogen və müharibə xarakterli fəlakətlər zamanı hərəkət, tibbi bilik və bacarıqlar, fənnin təlim istiqamətləri, ordu sıralarında xidmət, fənnin tədrisini tənzimləyən rəhbəredici dövlət sənədləri şagirdlərin diqqətinə çatdırır və eləcə də ordu quruculuğunu, siyasi və hərb tariximizi əhatə edən digər vacib faktları işıqlandırır.
2.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələri bölməsi, şagirdlərə hərbi qulluqçuların ümumi vəzifələri, hərbi rütbələr, fərqlənmə nişanları, qarşılıqlı tabeçilik, əmr və sərəncamların verilməsi və yerinə yetirilməsi, hərbi salamvermə, hərbi nəzakət və davranış qaydalarının öyrədilməsini nəzərdə tutur.
3.Sıra hazırlığı bolməsi , şagirdlərə sıra təliminin xüsusiyyətlərinə əsasən
sıra və onun elementləri, açıq və hərəkət sırası, müxtəlif üsullarla sıranın idarə
olunması, əsgərin düzülüşdən qabaq və sırada vəzifələri,sıra duruşu və
komandaların yerinə yetirilməsi, yerində dönmələr, hərəkət və hərəkətdə
dönmələr, yerində əsgəri salamvermə, hərəkətdə hərbi salamvermə,
baş geyimsiz hərbi salamvermə, sıradan çıxma və sıraya qayıtma, rəisə
yaxınlaşma və uzaqlaşma öyrədilir.
4.Taktiki hazırlıq bölməsində silahların məhvetmə imkanlarını və düşmənin hərəkət xarakterini nəzərə alaraq, relyefə uyğun hücum və müdafiə taktikasının praktik, əyani vəsaitlər və müharibələrdən fraqmentlər nümayiş etdirməklə izah edilir, mövzuların tədrisi zamanı yeni təlim metod və üsullarından istifadə etməklə izahlı şəkildə şərhi verilir, elementlərlə göstərilir, əvvəlcə tək-tək, sonra isə manqalar və yaxud tağım şəklində elementlərlə yerinə yetirilir.
5.Silahlar və atəş hazırlığı bölməsinin tədrisi zamanı, Kalaşnikov avtomatı ilə yanaşı, patronlar haqqında da biliklərin verilməsi nəzərdə tutulmuşdur. Atəş tapşırığının yerinə yetirməsi ilə bağlı şagirdlərdə vərdişlərin formalaşdırılması bu fənnin tədrisi qarşısında duran ən mühüm tələblərdən biridir.
6.Hərbi topoqrafiya bölməsində, mövzular nəzəri müstəvidən əməli müstəviyə yönəldilmişdir, yəni ərazidə tədrisi nəzərdə tutulmuşdur.
7.Təhlükəsizlik və fövqaladə hallarda insanların mühafizəsi bolməsində, Mülki Müdafiənin sülh və müharibə dövründə əhalinin təhlükəsizliyini təmin edən dövlət stukturu kimi təşkili və fəaliyyəti, müharibə mənşəli fövqaladə hallar (nüvə silahının, kimyəvi silahın, bioloji və bakteriolji silahın tətbiqi), texnogen xarakterli fövqaladə hallar, təbii xarakterli fövqaladə hallar və terrorizmin fövqəladə hallardan biri kimi tədrisi nəzərdə tutulmuşdur. Sosial-siyası fəlakət olan terror haqqında şagirdləri düzgün və faktlarla məlumatlandırmaq, onun həqiqi mahiyyətini açıqlamaq günün ən zəruri tələblərindən biridir.
8.Tibbi biliklərin əsasları bölməsində, xəsarət almış və ya qəfil xəstələnmiş insana həkimin gəlməsinə və yxud evakuasiyaya qədər, vaxtında və sadə üsullarla məqsədyönlü ilk tibbi yardım göstərmə, yoluxucu və infeksion xəstəliklər, yaranma səbəbləri, növləri, ilkin əlamətləri və xəstəliklərə qarşı qabaqlayıcı, profilaktik tədbirlərlə yanaşı, müasir dövrdə gənclərin həyat tərzini nəzərə alaraq sağlam həyat tərzi, zərərli vərdişlər və onların insan orqanizmi üçün yarada biləcəyi təhlükələr haqqında da məlumatların verilməsi məqsədəuyğun hesab edilmişdir.
Uzun illər orduda xidmət etmiş bir zabit kimi, deyə bilərəm ki, GÇH fənnini normal mənimsəmiş gənclər, hərbi xidmətə daha asan uyğunlaşır və nümunəvi xidməti ilə digər hərbi qulluqçulardan seçilir.
Yuxarıda göstərilənlərdən bu nəticəyə gəlmək olur ki, GÇH fənnin tədrisini zəruridir və günümüzün əsas tələblərindən biridir.